Ramin Cahangirzadə
Şeirlər
Xəritə
səni sildim bütün xəritələrimdən
nədənsə Araz silinmədi
və bir cüt qara balıq
can verdi onda
.
Mənə bir stəkan Bakı süzün
Təbrizin küçələri Ərdəbilin başına dırmaşır
Ərdəbilin ürəyinə dəyir
Zəncanın qara səsi
Urmunun şoru çıxıb
Həmədanın aşına duz səpən yoxdur
Qəzvinin başından çıxmaz Tehran
Tehran başına çəkər bütün şəhərləri
Kefli –kefli dolanar özündə
Mənə bir stəkan Baki süzün
Xəyalım Xəzərin dalğası olsun
Xəzər dəniz deyil
Xəzər sevdiyim qızın saçlarıdır
Balıqlar məndən qabaq tutublar onu
Daha mənə Baki süzməyin Lütfən!
Mənə bir az it arağı süzün
İt olub balıqlara hürmək istəyirəm
Balıqlar pıçıldaşırlar:
- Boş verin! “İt hürər karvan keçər”
.
Buna da bax: Keşkə görüşsəydik bir gecə qapı tinində
Mən türk soylu sehirbazam
Bu gecə hamınızı ovsunlamaq istəyirəm
əllərinizi qaldırın
buludlardan bir sıxım götürün
baxın nə gözəl olur
pənbə buludlar
mənə bulud verin
yağmaq istəyirəm qışın acığına
lap elə bu şaxt sızaqda
sizin üçün bitirmək istəyirəm
al laləli baxçalar
bu sehirli sehife da
mən türk soylu sehirbazam
anam buludlara dən tökəndə
dualarını əsirgəmədi məndən
əsirgəmərəm dualarımı türk soydaşlarımdan
atmaram bu daşı başımdan
bir az yaxına gəlin
mən türk soylu sehirbazam
şeirlərimlə ovsunlamaq istəyirəm sizi
cəhənnəm olsun bizi sevməyən qarğalar
cəhənnəm olsun sətirlərimizə qonan bayquşlar
yaşasın qarışqalarımız
bir az yaxına gəlin
mən türk soylu sehirbazam
.
Buna da bax: Ruqəyya Kəbiri: 'Qaranlığımdan baş qaldırmış Hipatiya'
.
Bir az STOP
Haqqınız var
ətiniz tökülsün
radikalların gözü çer olur
nöqtələr sətirlərin qabağını alanda
əriyir gözümdə bəbəklərim
yayılmasın canıma iztirab
özümə xain çıxmayım deyə
xəyanət etdim
məni parantezin arasına salanda
itmək istəyirdim gözündən
gözün məndən itdi
bir az STOP
o dönümdə
səni dönəcəyəm
heyrətlə baxma!
Maraqlıdır bu həyat
Heç nə adına oxşamır
Bəlkə də xəyanət
ən gözəl sevgidir
və “xain” ən gözəl addır
sevənlər üçün
.
Buz adamı
Düz şəhərin ortasında
donub buz adamına çevrildim
buzun içindən baxdım
heç kim məni əritməyə çalışmadı
birinə dedim məni ərit
-qışda buz adamını əritməzlər- dedi.
-heç olmasa şalını at boynuma üşüyürəm- dedim
susdu, mat-mat qalıb dondu
buz adamına çevrildi
dünən gecə buz adamı olmamışdan qabaq
"Joze Saramago" nu yenidən oxudum oxudum
bir şəhər kor olmuşdu
qorxurdum romana çevrilsin şəhərimiz
bu qün şəhərin ortasından başlandı donmaq
hər kim mənə baxırdı, donurdu
buz adamı olurdu
artıq sonuncu fəsildəyəm
İtlər yalayırlar buz adamlarını
hamımız şirəbuz oluruq
sabah bu şəhər İtlərin əlinə düçəcək
.
Buna da bax: 'Borçalı ədəbiyyatında insan iştirak eləmir, dağ var, gül var, bülbül var'
.
Hər nə içimə tökülür
Mahnıların qabağını alan yox
Beynimə düşür sakit səhralar
Ağac qabığından olan körpünün
üstündən keçir gözlərim
o tayda Dəniz dalğalanmadan
Dəniz Quldurlarının gəmisi üzür
Saçı pırpızaqlı uşaq
Divar dibində əyləşib
Başmaqları üşüyür
Sol tərəfdə Akvaryumdakı balıqlar
Sarı, qırmızı, qara
Çınqıl-çınqıl daşlar
Balıq qulaqlarına
Bir söz demək istəyirəm
Susuram, hər nə səslənir
Hər yerdən
-hoy oğlan, nəyin var tök çölə
Heç nəyi tökə bilmirəm
Hər nə içimdə qalır
İçimdə bir deprem baş verir
Hər nə içimə tökülür
Bütün dünyanın ağrılarını çəkirəm
Kimsə deyir:
- nə çəkirsiz Ağa!
- heç nə! Bir istəkan çay verin lütfən!
.
Sevgi ağ köynəyin üstünə çilənən qan olur
Bu gecə qaranlıq ağlayacam
günəşin acığına
gözlərimi buludlarla silən deyiləm
uzatmasın məxmər buludlarını
əlləri çürümüş göylər
bakirə ulduzlar
nəyi gözləyirlər
ağ qanadlı atlara minən şahzadələr
günəşin uydurmalarına aldanıb
qondarma su pərilərinə ürək bağlayıblar
ən gözəl sevgılılər
qaranlığın içində yaşayırlar
ən gözəl aşiqlər
qatillər ola bilər
qapqara qaranlıqda
qıpqırmızı qana vurulurlar
sevginin rəngi qıpqırımızı olur
qatillər sevirlər qanı
bıçaq çəkirlər
bıçaq vururlar
sevgi çilənir ağ köynəklərinə
sevgi ağ köynəyin üstünə
çilənən qan olur
sevgi bıçaqdan ölən
can olur