Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 14:02

Sivil Toplum: Nazirlər Kabinetinin qərarı heç nəyi dəyişmir


Karikatura.

Nazirlər Kabinetinin (NK) «Qrant müqavilələrinin qeydə alınması qaydaları»na etdiyi dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmır. Ölkə Konstitusiyasına görə, NK-nin qərarları qanunlardan və fərmanlardan aşağı hüquqi qüvvəyə malikdir. Ona görə Nazirlər Kabinetinin qərarlarının QHT və qrant məsələləri ilə bağlı qanunlara daxil edilmiş məhdudlaşdırıcı normaları dəyişmək və ya yüngülləşdirmək gücündə olduğunu iddia etmək absurddur.

Vətəndaş cəmiyyəti fəallarının bir araya gəldiyi Sivil Toplum Platformasının yaydığı açıqlamada belə deyilir.

Birlik NK-nin sözügedən qərarının QHT sahəsindəki problemləri çözməsi barədə ictimai rəyə ötürülən bilgilərin tamamilə yanlış olduğunu vurğulayır.

«2013-cü ilin dekabrından başlayan və QHT-lərin normal fəaliyyət göstərməsini, qrant və ya ianələr cəlb etməsini məhdudlaşdıran heç bir norma NK-nın son qərarı ilə ortadan qalxmayıb», - açıqlamada vurğulanır.

PROBLEMLƏR OLDUĞU KİMİ QALIR...

Açıqlamada 2013-cü ildən bu yana yaradılan problemlərdən bəhs edilir. Bu problemlərin aradan qaldırılması istiqamətində hər hansı addım atılmadığı bildirilir.

Sənədə görə, qrant və ianələrin qeydiyyatı, buna görə bildiriş verilməsi şərti, banklarda əməliyyat aparmaq üçün bildiriş tələbi, donorların hüquqi şəxs olaraq qeydiyyatı, donorların qrant vermək hüququ əldə etmək üçün ayrıca qeydiyyatı, donorların hər bir qrant elanı üçün ayrıca qeydiyyatdan keçməsi kimi şərtlər dəyişməmiş qalır.

Ən başlıcası, donorların qrant vermələri üçün Maliyyə Nazirliyindən «məqsədəmüvafiq» rəyi alması tələbi də qüvvədədir.

Sənəd müəllifləri hökuməti QHT-lərlə bağlı qanunvericilikdə ciddi, real islahatlar aparmağa çağırır.

Sivil Toplum Platforması vətəndaş cəmiyyəti fəallarının, tanınmış hüquqçu və jurnalistlərin bir araya gəldiyi birlikdir.

Bir çox yerli qurumlar və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda qeyri-hökumət təşkilatlarının normal fəaliyyət göstərə bilməsindən ötrü qrant qanunvericiliyinin dəyişməli olduğunu bildirir. Bu çağırışları beynəlxalq qurumlar da dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG