Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:34

Nə çox kişi var, nə çox başağrısı?


Məsumə Əhədova
Məsumə Əhədova

Məsumə Əhədova

Yeni şeirlər

Mən xəstə adamam

Mən xəstə adamam-

etmədiyim pisliklər qədər yaxşı,

dadmadığım günahlar qədər məsum-

Məni gözündə böyütmə, ümid bağlama.

İçimdəki zülmət dayanıb keşikdə

an gözləyir özünü göstərməyə.

Mən xəstə adamam-

Bağışlasan da, susqunluğuma

ifşa edir məni soyuq əllərim.

Düşmür kölgəm yerə, əksim güzgüyə

Mən öz yoxluğuma dəlil olmuşam,

doğrunu, canlını yamsılayıram.

Sənə nə bir ünvan, nə bir nişan, nə bir yol,

Mənə isə özümü sürmək var oradan-ora

Qapılmış olsam da, tilsiminə.

Basdırılmış ehtiyaclar çıxır üzə

Azıram yaydan qalma təbəssümünlə

zehnimin günəşə həsrət otaqlarında.

Nə edə bilərdi ki,

insanlarda gördüyü

hissləri yamsılayan

xəstə bir adam

cismini oda verib

aydınlatmaqdan başqa

öz zülmətini?

Nə edə bilərdi ki,

atəşi günəş bilib

özü gələn şikarı

tumarlamaqdan başqa?

Başdan sonu görməkdəndir

birinci incitmək həvəsim,

süfrəni doymadan tərk etməyim.

Unutmaram mən

min səfadan sonra gələn

bir cəfanın ağızda qalan dadını.

Nə edə bilərdim ki?

Mən, xəstə adam.

Buna da bax: Qadın yazarlar gender problemindən danışır [Sorğu]

Birisigün

Bu gün dərc olunmadım,
sabah da çətin.
Bəlkə birisigün səbəb taparıq qeyd etməyə
çaxır içərik,
zeytun yeyərik.
Hətta sərməst ikən vurularsan sən də mənə.

Bir müddət unudaram məğlubiyyətimi
və ən böyük uğurum bilərəm səni.
Dərc də olmaz vecimə,
işsizliyim, mənəvi böhranlarım…
Nə yağış isladar, nə günəş yandırar,
nə də ölkə xəbərləri pozar əhvalımı.
Yerişim, baxışım dəyişər
Sevilən insan kimi,
sevməyə qadir kimi
xüsusi hiss edərəm.


Sonra keçər sərməstliyin
ayılarsan,
ayrılarsan birtərəfli.
Mənimsə əyilər qəddim,
keçməz sərxoşluq sonrası susuzluğum.

Dərc də olunmamışamsa,
işsizliyim düşər yadıma, uğursuzluğum.
Nə təbib məlhəm edər,
nə bir dost ovundurar.
Səni bəhanə edib ağlayaram günümə.
Dərc olunmamışam,
sabah da çətin.
Birisigünə saxlamayaq
Məncə, qucaqlaşmalıyıq
Şairəm sənə.

* * *

Buna da bax: Seksist və homofob danışanlar kimlərdir?

.

Bu gün (Məni son sevdiyin yer)


Yenə yerindəsən – uzağımda,
mən isə
İslam Səfərli küçəsində
ətrafımda rəqs edən insanlar
üzümdə süst ifadə
Məni son sevdiyin yerdəyəm.
Çoxmu vecsiz görünürəm kənardan
özümə hökm oxuyarkən içimdə?
(Xəyalpərəsti gilyotinə!)


Yenə yerindəsən,
mən isə
səni sevdiyim küçələrdə-
Keçib Fəvvarələrdən
qarışıram Nizamidə kütləyə.
Nə çox kişi var, nə çox başağrısı?
nə çox cütlük – neçəsi ayrılacaq?
nə çox hüzn var, nə çox hekayə,
nə az səbəb var tutunmağa,
nə çox mən var
hər döngədə yükünü atıb qaçan öz yuvasına?


Yenə yerindəsən,
mən isə
səni son sevdiyim yerə çatıram.
Xatırlamaq lənətimdir
Mən unutsam,
bu küçənin,
bu masanın,
bu fincanın öz yaddaşı var.
Sən də bir mən saxla xatirində
əbədiyyən gözləyən
Nəsiminin yanında,
dağıntılar arasında bir Natəvan.

Yenə yerindəsən,
mən isə
səni son sevdiyim yerdə.
Bilirdim,
quraq torpaqlara toxum əkdiyimi
meyvəsini gözləmirdim.
Sevirdim-
İcazə verdiyin qədər
artığını atırdım.

* * *

İmkansız şeir

On hekayə yazaram,

heç birində yollarımız kəsişməz-

Pişiyini sevmərəm,

“qonşu” deməzsən mənə,

qohum ola bilmərik.

Dünyalar bir dəfə toqquşur,

həmişəlik ayrılır

və eyni əsrdə yaşamaq bizi doğma eləmir.

Sevmək imkansızdır,

artıq şeirdə də.

* * *

Buna da bax: Daha bir qabda yan-yana durmayacaq diş fırçalarımız...

İndim

İndi xatırlamaq –
soyuq qış axşamı
şərfsiz, papaqsız
sevmədiyin işdən evə tələsmək kimi
hazırlıqsız düşürsən keçmişin içinə.

Və gözləmək indi
qaranlıq qəhvəxananın insansız guşəsində
gəlməyəcəyindən əmin,
təsadüflərə küskün
yer ayırmaq yanında yoxluğuna,
qısa adını təkrarlamaq boş masalara
Soyuq qəhvəni bəhanə edib
həyatla qalan bağları qırmaq.

Sevmək isə
uşaqlığın bayram gecələrindən,
ilk gənclik həyəcanından
qalma qırıntılarla
bəxt gətirsə, qonaq qarşılamaq,
yola salmaq kimi xoş bir məşğuliyyət,
ya da yayda soyuqlayıb
ölə bilməmək kimi müşkül məsələ.
Hər qalxdığımda düşürəm öz içimə.

Buna da bax: Ürəyimi uzadıram, əlimdən düşür..

Heç nə bəs etmirsə

Yediyindən pay ayır pişiklərə,
yığ başına göyərçinləri
Qaytar şəhəri əsl sahiblərinə
Heç vaxt yalqızlamazsan.

Bunlar da bəs etməsə,
ən basırıq avtobusda,
metro qatarında qarış insanlara.
Qoşul skamyalarda sevişən cütlüklərə,
gözləyənlərə, ağlayanlara, gülənlərə.

Heç bunlar da bəs etmirsə,
sevmirsənsə öz-özünə danışmağı,
susqun qalmağı,
bəs etmirsə, kölgən, güzgüdə əksin,
At özünü
səni heç anlamayan, tanımayan
adamların qucağına,
saxlasınlar səni.

Gör həyat necə mənalanır
yeni hədəflər, ən böyük arzular,
“Mən belə düşünürəm ki,
olsun, alım, istəyirəmlərlə”.
Təklik insanın təbii halıdır.
Gec-tez, yenə də
bəs etməyəcək heç nə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG