Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

Daha bir qabda yan-yana durmayacaq diş fırçalarımız...


Məsumə Əhədova

Məsumə Əhədova

-

Məsumə Əhədova

Payızın son gözəl günlərini yaşayırıq

Payızın son gözəl günlərini yaşayırıq
hələ havalar tam soyumayıb,
hələ sevirik bir-birimizi.

Ovub tökdüyümüz çörək qırıntılarına gələn quşlar
səndən, məndən daha yaxşı bilirlər
nə istədiklərini-
bir tikə çörək,
bir damcı su,
bir az səma.
Xoşbəxtlik heç vaxt bu qədər asan olmamışdı,
bizmi çətinləşdiririk hər şeyi?

Səxavətimiz quşların hamısını doyurmağa çatmayacaq;
Torbamızdakı çörəyin miqdarı qədər yaxşı insanlarıq,
quşların bizi gördüyü qədərik.

İqlim dəyişikliyi payızı hər il bir az daha azaldır,
hər gün bir az daha yox oluruq biz.
Önümüzdə ancaq üşümək,
islanmaq
və aclıqdan ölən quşlar var sanki.
Xoşbəxt bir sonluqdan
gözəl bir başlanğıc qədər uzağıq.

Payızın son gözəl günlərini yaşayırıq;
Şəhərin o biri ucunda yağış yağır,
biz burada islanmırıq.
Yanımızdan insanlar keçir,
tanımırıq.
İnsanlar doğulur və ölür -
biz bu ikisi arasında həyata tutunmuşuq.
Hələ mənim ad günümə,
sənin ölümünə var…

Deyəsən, son gözəl payızı,
son gözəl sevgini yaşayırıq biz.

Diş fırçaları

Birdən diş fırçalarımız ağlıma gəldi
mənimki qırmızı, narıncı, sarı -
isti günəş rəngləri,
Səninki həmişə göy.
İkisinin də başı sərt və səhv istifadədən haçalanıb,
içinə diş məcununun ağır qoxusu hopub.
Ən geci üç aya dəyişmək lazımdır deyirlər,
heç bir ay da dayanmırlar əslində.

***
Kariyes,
ağız qoxusu,
diş əti qanaması,
isti və soyuqdan göynəyən,
qəhvə, çay və siqaretdən saralmış dişlər,
diş həkiminin qəbulunda sonsuz növbələr…
Bütün bunları unutduran
nikotin və kofein tamlı öpüşlərdir bizə qalan.

***
Gündə iki dəfə,
ən azı üç dəqiqə,
qırmızıdan ağa-
ətdən dişə-
daha incə və tələsmədən fırçalamalıyıq deyirlər,
amma bu da kifayət etmir əslində.

***
Diş sapından istifadə etməsən,
bir də səni öpməyəcəyəmi
demişdim axırıncı dəfə.
Yeri gəlmişkən,
Çeynədiyin meyvəli və nanəli saqqızların dadına da nifrət edirəm,
Əgər bu ayrılmaq üçün yetərli səbəbdirsə…
Uşaqlıqda ən böyük qorxum idi diş həkimləri.
İndi bütün kəlbətinlə çəkilmiş dişlərimin ağrısını toplasam,
bir sən ağrısı etmir.
Sadəcə bil deyə deyirəm, səbəbsiz filan.

***
Birdən diş fırçalarımız ağlıma gəldi.
Bir qabda yan-yana durmayacaqlar.
Düşündükcə kədərlənirəm eləcə
gündə iki dəfə,
ən azı üç dəqiqə.
Bu da kifayət etmir əslində.

Günün bütün mövzuları

XS
SM
MD
LG