Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:12
-

Məsumə Əhədova


Sevginin əlləri

Səni keçmiş zamanda düşünmək kədərlidir, dost,
Әllərimi uzatsam, buludu,
göydə uçan təyyarəni,
qarşıdakı binanı
tutacaq kimi…
Әllərimi uzadıram,
üzünü ala bilmirəm ovuclarıma.
Bilirəm ki, sevginin əlləri olmur, dost,
olsaydı əgər, buraxmazdı hər halda,
amma ayaqları var və gedir.
Uzaqlaşdıqca kiçilir surətin-
əllərimi uzatsam, tutacaq kimi,
ciblərimi səninlə dolduracaq,
bir güldanın içində saxlayacaq kimi.
Uzaqlaşdıqca balacalaşıram yerimdə.
Ürəyimi uzadıram, əlimdən düşür.
Səni keçmiş zamanda sevmək çətindir, dost,
səni sevmək çətindir…


İnsan bəzən

İnsan bəzən
Don üstünə don geyinir,
maska üstündən maska taxır
… ki, sevilsin,
… ki, qəbul edilsin.
Kiməsə, nəyəsə aid ola bilmək üçün özlüyündən çıxıb
Hamı kimi olmağı seçir insan.

***

İnsan bəzən gecənin bir yarısında
qan-tər içində oyanıb aynaya baxır,
Özünü görə bilmir.
İnsan bəzən
belə ölür.


Güzgüdən özünə gülümsəyən adam

Güzgüdən özünə gülümsəyən adam,
gülüşün
qış günəşi tək
əsl günəş deyil,
tam gülüş deyil.
Bir az sınıq və yarımçıq
özün kimi-
səbəbsiz, uzaq dünyaya.
Saralmış, əyri dişlərinə
yaraşdırmayanlar olur gülüşünü,
Bilirsən həyatın gözəl şeylər vəd etmədiyini sənə,
fəlakətin yaxınlaşan ayaq səslərini duyursan.
Yenə də gülürsən cəlladının üzünə.
On il sonra görüşümə gələrsən,
bir divar, masa və ya çanta güzgüsündə
üzündə uşaq təbəssümünlə.
O vaxta kimi azalma,
səmimiyyətini,
ürəyinin döyüntüsünü,
gülüşünü,
özünü qoru.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG