Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39
​-

Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Məsumə Əhədova


Əllərin

Bir uşağın başını oxşayır əllərin.

Ona sevgini, dostluğu, mərhəməti, ayaqqabı bağlarını bağlamağı öyrədir.

Hər şeyin yaxşı olacağına və onun xüsusi biri olduğuna inandırır.

İsti, rahat bir yer, ağappaq kağız və rəngli boyalar verir xoşbəxtliyin şəklini çəkməsi üçün.

Və sonra "indi gələcəyəm" deyib qaranlığın ortasında qoyub qaçır əllərin.

Qaranlıqda rənglər hamısı bir, qaranlıq kordur; uşaq - rəng koru.

İki pəncərə, bir qapılı, bacasından tüstü çıxan, yanında qoca ağac ucalan bir ev çəkir rəng koru uşaq.

Qaranlıqdan qorxmur, çünki gələcəyini bilir.

"Anam, atam, bacım və mən,

Hər şey yaxşı olacaq, mən xüsusi biriyəm"- deyə ona öyrətdiklərindən bəstələdiyi nəğməni mırıldanır.

Qaranlığı yarıb içi dolu hədiyyələrlə gələcək əllərini xəyal edir.

İşıq olub gəlirsən.

Palçıq rəngli səmaya, alovdan ağaca, qapqara evə, saralmış ailəyə, rənglərin adamın üstünə qışqırdığı şəklə baxırsan.

"Sənə rəngləri verdim, amma sən bacarmadın.

İndi yaşa çəkdiyin şəkildəki həyatı!

Yaşa!"- deyə yumruq olub göynəyir yanaqlarında, bir uşağı ağladır, əzbər pozur əllərin.

Hıçqıraraq əllərindən qaçır, onu hər şeyin elə də pis olmadığına, xüsusi olmasa da, fərqli olduğuna inandırım deyə mənə sığınır.

Məndə, əllərimdə işıq axtarır.

Başını tumarlayıb ümid vermirəm, daha çox ağlayır.

Gözünün yaşını, burnunun seliyini ovcuma silir.

Ovcumda böyüyür o uşaq, böyüyür, mən olur.

Əllərim ağrıyır,

Əllərin ağrıdır.


Addımlar

Hər dəfə deyirəm, corab geyinib yatacağam, amma unuduram. Həmişə də yatağa girəndən sonra suyu, qazı, elektrik alətlərini yoxlamaq istəyim oyanır. Döşəmə soyuqdur. Barmaq uclarında bütün evi yoxlayıram. Səhər pijamamı qatlayanda arasına bir cüt corab da qoyacağam. Mütləq...

***

Gecə yağış çisələyib, havada torpaq qoxusu var. Ayaqqabılarımı əlimə alıb otun üstündə gəzir, dabanlarımda sərinlik hiss edirəm. Könlümdən üzüm üstdə ota uzanmaq, bir ağacı qucaqlamaq, təbiətlə birləşmək keçir...

***

Yer qurumuş yarpaqlarla örtülüb. Addım atdıqca ayağımın altında yarpaqların necə əzildiyini hiss edir, xışıltı səsini eşidirəm. Bir az dəcəllik edirəm - yarpaqların çox olduğu yerlərdən keçməyə çalışıram. Ayağımı qaldırmadan sürüyərək, düz yarpaqların üstünə qoyaraq gəzirəm. Ad günümə sayılı günlər qalıb.

***

Hava soyuqdur, burnumu hiss etmirəm. Təmizlənmiş yoldansa, qarın içiylə gəzsəm, yıxılmayacağıma inanıram. Hər addımda ayaqlarım qarda batır, xoşuma gəlir. Sanki yer yumşaqdır, hər an yıxıla bilərəm.

***

Yağış təzə kəsilib, yerdə balaca gölməçələr əmələ gəlib. Ayaqlarımın altına baxmadan tez-tez, addımlarımı bərk ataraq gəzirəm. On dəqiqəyə evdə olacağam, nə ayaqqabılarımın, nə də şalvarımın çirklənməsindən qorxuram. Bilirəm ki, əvvəl-axır bir gölməçəyə addım atacağam və bu fikir məni sevindirir. Evə təmiz qayıtmaq istəmirəm.

***

Günəş başıma vurur, qumda ayaqyalın gəzib balıqqulağı yığıram. Yaxşı ki, dəniz var, qarpız var, ailəm var... İnsanın içini sərinləşdirirlər. Dabanlarım yanır.


Anam mənə uçmağı öyrətmədi

Anam mənə uçmağı öyrətmədi, nə də qanad oldu arzularıma.
Mən böyüdüm, uçmaq ağrım da mənimlə böyüdü; qanadlarım qısa gəldi bədənimə.

Nə yerdə gəzməyi bacardım, nə də göyə baş qaldırıb uçmağı.
İlişib qaldım yerlə göy arasında, ilişib qaldım anamın qanadları arasında.

Oxuduğum kədərli nəğmələri kimsələr dinləmədi. Çörək də atmadılar mənə.
Anamdan başqa heç kim məni sevmədi.

Anam məni özünə saxladı. Bəlkə də çox sevdiyindən uçmağı öyrətmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG