Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:06

Örpəyini aç, küləyə ver saçını... xərçəngdən qabaq


Masumə Əhədova
Masumə Əhədova

-

Məsumə Əhədova

Heçlik həvəsi

Ən diri olduğum anlardır bu sətirlər,
varlığımın dəlili.
İndi mən öləcəyəm
hər şeyi məhv edib getmək həvəsimdən geriyə
gövdəmdən ayrılan əza kimi
bu sətirlər qalacaq-
məndən azad, mənə dustaq.

İndi mən öləcəyəm
çatmadan, heç yaxınlaşmadan.
Öləcəyəm iyirmilik qorxularımla.
Özümü yox etmək həvəsimdən geriyə
bir mən qalacaq xatirində
hələ on yeddisində,
sənə dustaq, məndən azad.

Rəhman və Rəhim

Gəl bağışlayım səni,
öyrədim əfv etməyi
Əsmayi-hüsna içində
Rəhman və Rəhiməm bu gecə.

Gözlərində qövmlərin keçidini seyr edirəm
içimdə yarpaq titrəmir
Bağışlamaq istəyirəm
simanda bütün bəşəri
izin ver, bağışlayım səni.

Bütün həqiqətlər sönük,
tövbələr və dualar itirib ünvanını
Әfv olunmaq istəsəm,
kim bağışlayacaq məni?

Ən uzun gecə

Babama

Ən uzun gecəmi yaşayıram, yuxum qaçıb.
Dedilər ölmüsən, inanmadım
Ağlasaydım, yorulub yatardım,
bacarmıram, gözlərim yanır.
Boğazımda düyün olmusan.
Etmədiyim hər şey üçün peşmanam.

Yan otaqda qızın
son qayğısız gecəsini yaşayır
öyrənincə uzanacaq gecələri,
indi bilsə, nə dəyişəcək ki?!
Sabah hamımızın yerinə ağlayacaq o,
onun da yerinə yuxusuz qalım.
Paylaşdıqca azalmır itki.

***
Ən uzun gündüzümü yaşayıram,
hamı gedib, tək qalmışam,
ağlayıram.

Haiku cəhdləri

Örpəyini aç,
küləyə ver saçını
xərçəngdən qabaq.

****

Kir bağlamışdın,
əllərini yuyurdun
deşik vedrədə.

hzinsane.net

XS
SM
MD
LG