Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Qadın yazarlar gender problemindən danışır [Sorğu]


Ukraynada gender bərabərsizliyi əleyhinə sərgidən bir rəsim

Ukraynada gender bərabərsizliyi əleyhinə sərgidən bir rəsim

-

"Bu məsələdə kişilər daha çox əziyyət çəkir. Evə pul yox, hər gün kitab,qəzet gətirən kişilərin mənəvi-psixoloji basqı, istehzalı atmacalar və s.ilə qarşılaşması halı çoxlarına tanışdır…"

Tənqidçi İradə Musayeva

"İndiki patriarxal Azərbaycan camaatı qadını ilk növbədə yaradıcılıqdan qoparılmış dişilik funksiyalarına görə dəyərləndirir, „ərə gedib“ „arvad olması“na görə, doğub-törəmə qabiliyyətinə görə və s".​

Yazar Alov İnanna

"Bir sevgi şeirinin altında kişi imzası varsa, şeir həddindən artıq romantik olsa belə, bu oxucuları, ədəbiyyatçıları narahat etməz; bunu bir kişi yazıb. Amma eyni şeiri bir qadın yazırsa, o, "qadın" - yəni qadın sözünün qarşılığı kimi qəbul edilən sentimental, romantik, zəif və s.-olmaqla ittiham edilir".

Şairə Məsumə Əhədova

"Öncəliklə kişi evləndiyi qadının statusunun fərqində deyil, bu şəxsin yaradıcılıq fəalliyyətini davam etməli olduğunu anlamayaraq ona adi ev qadını donu biçir. Problem də ondadır ki, Azərbaycanda ev qadını üçün seçilmiş vəzifələr həddindən artıq ağırdır".​

Yazıçı Zümrüd Yağmur

Azərbaycan cəmiyyətində müxtəlif sahələrdə aşkar kişi hökmarnlığından tez-tez danışılır, bəs görəsən ədəbi mühitdə necə qadın yazarlar özlərini azlıqda hiss edirmi? Bu haqda Oxu Zalı qadın yazarlarımızdan soruşdu.

Tənqidçi İradə Musayeva:

Tənqidçi İradə Musayeva

Tənqidçi İradə Musayeva

Quruluş (sovet sistemi) dağılandan sonra ki xaos yarandı, bu zaman bəzi adamlara elə gəldi ki, qadınlar çox “irəli” getdi, bəziləri də düşündü ki, kişilər “hökm”ran oldu. Amma, əslində heç kim heç kimin qarşısında deyildi. Hətta gender təbliğatı da ölkədə yeni ideya kimi təbliğ olunmağa başladı. Yəni ictimai inkişafda kişi-qadın münasibətləri müsbət mənada birliyə cəlb olunmadı, bilərəkdən, süni və məqsədli şəkildə qarşılaşdırıldı. Halbuki onları üz-üzə yox, yan-yana gətirmək lazım idi. Kapitalizmin eybəcər “qarşılaşdırma” və “rəqabət” xəstəliyi nəinki cəmiyyətə, hətta ailələrə də sirayət etdi. Bizim bu ağır vəziyyətimizdə ki, müharibə edirik, soyuq və səssiz hərbi toqquşmalar zamanında gündə şəhid veririk, bu zamanda bizə güclü, özünəinamlı kişilər, oğullar lazım idi. “Gender”i gətirib arvadı ərin, bacını qardaşın üzünə dirəşdirdik. Bununla bağlı kitablar yazıldı, təbliğatlar aparıldı. Ərindən, atasından, qardaşından qaçanlara “Sığınacaq”lar tikildi və s. Halbuki biz bu qadınları nə qədər bağrımıza basıb kişilərdən gizlətsək də, qorusaq da onların bizdən daha çox məhz həmin kişilərin doğmalığına ehtiyacı var. Deməli, kişilər sosial tədqiqata, maarifləndirməyə, psixoloji analizlərə cəlb olunmalıdır. Hər ağır situasiyanın bir “niyə”- si var. Həmin “niyə” qayğısı ilə yanaşanda kişi də qadın da bir-birini anlayacaq bir duruma gətirilə bilir.

Bizim heç bir qanunumuzda kişini qadından ayıran maddə yoxdur. .. Qaldı, qadının ailə qurduqdan sonra ədəbiyyatdan, yazıdan uzaqlaşmaq məsələsinə, bununla da razılaşmıram. Yazı, oxu elə bir mədəni-psixoloji vəziyyət tələb edir ki, onun üçün şəraiti insan içində, daxilində tənzimləyir, yaradır. Bu bir bizim başımızda görünməyib. Dünyada hətta nobelçi qadınların həyatını oxuyanda görürük ki, olmazın əziyyətlərini çəkiblər… Amma, əlbəttə yaradıcı adama ailədə diqqət, qayğı və kömək olsa bu olur artıq intellektual ailə mənzərəsi…Bu məsələdə kişilər daha çox əziyyət çəkir. Evə pul yox, hər gün kitab,qəzet gətirən kişilərin mənəvi-psixoloji basqı, istehzalı atmacalar və s.ilə qarşılaşması halı çoxlarına tanışdır…

Yazar Alov İNANNA:

Doğrusu konkret olaraq gözümün qabağına ailə qurduqdan sonra ədəbiyyatdan uzaqlaşan bir xanım yazıçımız gəlmədi. Amma bu hal prinsipcə mümkündür.

Yazar Alov İnanna

Yazar Alov İnanna

İnsanlığın ilk dövrlərində qadındakı dişiliyə tapınılıb, ilk sənət nümunələri həmin dişiliyi vəsf edib. Qadın özü bu vəsfin obyekti olmaqla yanaşı, subyekti idi də. Qadındakı dişilik ilahi məzmunda qavranılırdı; təkcə insanın deyil, Ayın, Günəşin, ulduzların, bütövlükdə dünyanın ana rəhmindən doğulduğuna inanılırdı. Sonralar islam terminologiyası ilə desək, „rəhmanirr rəhim“ – yaradan, şəfqətli ana rəhmi – kişiləşdi, yaradıcılıq ancaq kişilərə yaraşdırıldı, dişilik-yaradıcılıq identikliyindən kişilik-yaradıcılıq identikliyinə keçildi. Vaxtilə qadındakı səcdə edilən dişilik əksildildi, alçaldıcı həzz və nəsil artırma obyektinə çevrildi. Qadının ilahi, müqəddəs sayıldığı o uzaq günlərin izləri sənətdə qaldı ancaq. Sənətin obyekt kimi vəsf etdiyi, özünə ilham pərisi etdiyi qadın ilə reallıqdakı qadın arasında uçurum yarandı.

İndiki patriarxal Azərbaycan camaatı qadını ilk növbədə yaradıcılıqdan qoparılmış dişilik funksiyalarına görə dəyərləndirir, „ərə gedib“ „arvad olması“na görə, doğub-törəmə qabiliyyətinə görə və s. Öz həyatını həmin dəyərlərə görə qurmağa sürüklənən qadınlar təkcə ədəbiyyatdan deyil, başqa yaradıcılıq sahələrindən də uzaqlaşmağa məcbur olurlar.

Şairə Məsuma Əhədova:

Patriarxal cəmiyyətdə yaşayırıq və kişi hökmranlığı özünü sadəcə siyasi, iqtisadi həyatda yox, həmçinin ədəbiyyatda da göstərir.

Masuma Ahadova

Masuma Ahadova

Qadın yazıçılara qarşı qərəz var. Kişi simalı ədəbiyyatda qadınların ciddi ədəbiyyat yarada biləcəklərini düşünmürlər. Halbuki "qadın ədəbiyyatı" deyə ciddi qəbul edilməyən, sentimental, yüngül roman və şeirləri çox vaxt elə kişi yazıçılar yazır, bu yolla təqdir və pul qazanırlar.

Məsələn, bir sevgi şeirinin altında kişi imzası varsa, şeir həddindən artıq romantik olsa belə, bu oxucuları, ədəbiyyatçıları narahat etməz; bunu bir kişi yazıb. Amma eyni şeiri bir qadın yazırsa, o, "qadın" - yəni qadın sözünün qarşılığı kimi qəbul edilən sentimental, romantik, zəif və s.-olmaqla ittiham edilir.
Birinci əsərə yox, altındakı imzaya baxırlar. Yazarın cinsinə görə eyni əsərə iki fərqli münasibət gələ bilər. Bu qərəz sadəcə bizdə deyil. İngiltərədə bir qadın yazıçı (Catherine Nichols) öz adı ilə nəşriyyatlara əsərini göndərəndə rədd cavabı alır, eyni əsəri kişi imzası ilə göndərdikdə isə nəşriyyatlar onu ciddi qəbul edir və yaradıcılığı ilə maraqlanırlar.

Yazıçı Zümrüd Yağmur:

Yazıçı Zümrüd Yağmur

Yazıçı Zümrüd Yağmur

Təbii ki, Azərbaycan cəmiyyətində bir kişi hökmranlığı mövcuddur və bunun da səbəbi əslində, qadınlarımızın hökmran kişi yetişdirməsidir. Ədəbi mühitdə də eynilə, qadının özü- özünü kişi ilə eyni səviyyədə görə bilmir. Qadınlarımız özünü belə öyəndə“kişi kimi” sözünü işlədirsə, demək ki, qadınlarımız hələ də özünə layiq olduğu dəyəri verəndə də mütləq kişi ilə müqayisə edir.
Qadının niyə ədəbiyyatdan çəkildiyinə gəlincə... Öncəliklə kişi evləndiyi qadının statusunun fərqində deyil, bu şəxsin yaradıcılıq fəalliyyətini davam etməli olduğunu anlamayaraq ona adi ev qadını donu biçir. Problem də ondadır ki, Azərbaycanda ev qadını üçün seçilmiş vəzifələr həddindən artıq ağırdır. Qadın evdə ən azı kişinin çöldə işlədiyi qədər işləyir, əlavə bir və ya bir neçə uşağa baxıb, ailənin mənəvi məsələlərinin də məsuliyyətini öz çiyinlərinə götürür. Ərinin üzünə gülmək zorunda qalır və hələ zəhmətlərinin qarşılığında hörmət də görmür. Yaradıcılıq işi ağır, ardıcıl bir işdir, əgər qadın bütün günü qulluqçu rolundadırsa, o özün yazar kimi hiss edə bilmirsə, düşüncələrini istədiyi vaxt yazıya çevirə bilmirsə, hiss etdikləri yazıya çevrilmədən içində ölürsə, onun böyük əsər yazması çətindir.
Bütün bu çətinliklərə qadınlar da tab gətirə bilmir və çox hallarda yaradıçılıqdan çəkilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG