Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:38

İpoteka Fondu vəsait ödənişini dayandırıb


►Ekspert deyir ki, Fond ipoteka istiqrazlarını yerləşdirə bilmədiyindən banklara verməyə pul tapmır

Bu ilin ilk yarısında cəmi 22 adi ipoteka verilib, güzəştli ipotekanı isə 96 nəfər alıb.

İpoteka Fondunun 2016-cı ilin ilk birinci yarısını əhatələyən statistikasında göstərilir ki, mart-iyun ayında cəmi 4 nəfər adi ipoteka krediti ala bilib.

Bunun səbəbini öyrənməkdən ötrü bir neçə bankla əlaqə saxladıq. “Dəmir bank”, “Azər-Türk Bank”, “Bank of Baku”, “Turan Bank”-ın müştəri xidmətlərindən bildirdilər ki, onlar ipoteka kreditini müvəqqəti dayandırıblar. Səbəbini İpoteka Fondunun onlara vəsait köçürməməsi ilə izah etdilər.

Vəsaitin yaxın vaxtlarda köçürülüb-köçürülməyəcəyini bilmirlər, ona görə də vaxtaşırı əlaqə saxlamağımızı tövsiyə etdilər. Bəzi banklardan isə onlarda bütün kredit əməliyyatının dayandığını söylədilər.

İpoteka Fondu dövlət büdcəsindən ayrılan vəsaiti banklara niyə transfer etməyib?

Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, “təşkilatda struktur dəyişiklikləri ilə bağlı texniki-təşkilati işlər gedir”, suallarımızı proses bitəndən sonra cavablandıracaqlar.

Buna da bax: Beynəlxalq Bank ipoteka kreditlərini bahalaşdırıb

“İstiqrazlara verilən depozit faizləri cəlbedici deyil”

İqtisadçı Vüqar Bayramov ipoteka bazarında yaranmış durğunluğu Fondun ipoteka istiqrazlarını yerləşdirə bilməməsiylə izah edir:

“Fond sonuncu dəfə ipoteka istiqrazlarını 2015-ci ilin dekabrında yerləşdirib. İstiqrazlar adi ipoteka kreditlərindən ötrü əsas maliyyə mənbəyi kimi çıxış edir, istiqrazlar yerləşdirilmədiyindən fond da adi ipoteka kreditlərinin verilməsinə pul tapa bilməyib”.

Vüqar Bayramov deyir ki, istiqrazların əsas alıcıları banklar və investorlar olur. Ancaq o, hesab edir ki, ipoteka kağızlarına verilən depozit faizi aşağı olduğundan maliyyə bazarında cəlbedici görünmür:

“Amma Fond ipoteka istiqrazlarına 3 faiz depozit təklif edir, bu da cəlbedici faiz deyil, depozit faizini artırsa, o zaman da adi ipoteka kreditində faiz dərəcəsini artırmalıdır. Bu isə vətəndaşların adi ipotekaya əlçatımlığını azaldacaq. Ona görə də İpoteka Fondu alternativ mənbələr axtarıb tapmalıdır”.

Vwqar Bayramov
Vwqar Bayramov

İqtisadçı hesab edir ki, Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsinə imkan vermir: “İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq, təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik, kreditləşmə bərpa edilməyib”.

Yenə də ən yüksək maaş alanlara yaşıl işıq

Fondun açıqladığı rəqəmlərə görə, ipoteka krediti mexanizminin işə düşdüyü 10 ildən bəri borcalanların çoxu aya 900-1100 manatdan yuxarı əmək haqqı alanlardır: 67 faiz. 500 manata qədər maaş alanların yalnız 4 faizi ipoteka kreditindən yararlana bilib. İpotekadan yararlananların 21 faizi bank və sığorta sektorunda çalışanlar, 22 faizi hərbçilərdir. Bu kreditdən 1,7 faiz səhiyyə, 2,5 faiz təhsil işçiləri yararlanıb.

Buna da bax: İqtisadçı: İpoteka kreditlərində maksimum hədd 100 min manat ola bilər

İpoteka Fondunun açıqladığı rəqəmlərdən o da görünür ki, bu yaxınlarda müflis elan edilən “Zamin Bank” daha çox ipoteka krediti verib. Vüqar Bayramov bu nüansa diqqət çəkir:

“İndiyədək Fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən Zamin Bank bu sektorda artıq olmasa da, ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 18 minə yaxın ipoteka kreditinin 13 mindən çoxu Bakının payına düşüb”.

10 ildə bir ipoteka

Hesabatdan bəlli olur ki, Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonları 10 ildə cəmi bir dəfə ipoteka krediti ala biliblər. Vüqar Bayramov hesab edir ki, bu, ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilməməsindən xəbər verir. Onun sözlərinə görə, sosial ipotekanın bazardan çıxması mənzil bazarının passivliyinə səbəb olur və ekspert əlavə edir ki, problem tezliklə yoluna qoyulmalı və ən azı əvvəlki borcalanlar dinamikası bərpa edilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG