Keçid linkləri

Təcili xəbərlər
2022, 30 İyun, Cümə axşamı, Bakı vaxtı 21:05

Azərbaycan xəbərləri

500 min sənədsiz ev var?

İllüstrasiya

►Rövşən Ağayev: Buraya həm qanuni, həm də qanunsuz tikilən evlər daxildir

“Azərbaycanda şəhər yerlərində 300, kəndlərdə isə azı 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var”.

İqtisadçı ekspert Rövşən Ağayev belə deyir.

R.Ağayev öz “facebook” səhifəsində Azərbaycandakı mənzillərin sayı ilə bağlı statistikanı açıqlayıb.

“Rəsmi statistikaya görə, ölkədə 1.9 milyon mənzil var. Bunun 1.1 milyon vahidi şəhər yerlərinin, 800 mini isə kənd məskənlərinin payına düşür. Rəsmi statistikada yalnız uçota alınan mənzillər qeyd edilir”.

İqtisadçı rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayır.

“Bunu (sənədli və sənədsiz) dəqiqləşdirmək üçün ən yaxşı mənbə elektrik enerjisi ilə təmin olunmuş mənzillərin sayıdır. Çünki içməli su və təbii qazdan fərqli olaraq, bütün mənzillər elektriklə təmin ediliblər” - deyən ekspert bildirir ki, hazırda Azərbaycanda elektrik enerjisi verilən mənzillərin sayı 2.4 milyondur.

“Bu o deməkdir ki, ölkədəki mənzillərin təxminən 500 mini (21 faizi) rəsmi qeydiyyatda deyil. Bu sıraya həm qanuni sənədlər əsasında (ən azından mənzil tikintisi hüququ verən torpaq sahəsi mövcuddur) tikilən, amma mülkiyyət sənədi almayan mənzillər, həm də qanunsuz tikililər daxildir”.

Ekspert 2.4 milyon mənzilin təxminən 1.4 milyonunun şəhərlərin, 1 milyonunun isə kəndlərin payına düşdüyünü bildirir.

“Bu fakt onu göstərir ki, şəhər yerlərində 300 min, kəndlərdə isə 200 min vahid mənzilin sənədləşdirilməsinə ehtiyac var”, R.Ağayev bildirir.

Qanunsuz evlərin, digər tikililərin sayı barədə dəqiq rəsmi bilgi verilmir.

Prezident İlham Əliyev öz çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub.

“Qanunsuz tikililər Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq ”, ölkə başçısı bunu ötən il keçirilən müşavirələrdən birində demişdi.

Prezident ötən ilin əvvəlində sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı fərman da verib.

Bütün xəbərləri izləyin

Azərbaycan 'Azadlıq' qəzetinə görə təzminat ödəyəcək

Qənimət Zahid

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyunun 30-da "Azadlıq" qəzeti və "Qənimət Zayidov Azərbaycana qarşı" iş üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağalıyevin məlumatına görə, AİHM ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə olunduğuna qərar verib: "Pozuntunun tanınmasının ərizəçiyə dəymiş mənəvi zərəri kompensasiya etdiyi qənaətinə gələn məhkəmənin qərarına görə, hökumət hüquqi məsrəflər ilə bağlı ərizəçilərin vəkilinə 1 min 500 avro ödəyəcək".

Bu işdə ərizəçilər "Azadlıq" qəzeti və həmin qəzetin redaktoru Qənimət Zayidov (Zahid) idi.

Hüquqşünas bildirir ki, şikayət "Prezident köməkçisinin korrupsiya aparatı" sərlövhəli məqaləyə görə ərizəçilərə qarşı qaldırılmış mülki məhkəmə iddiaları ilə bağlı idi. Sözügedən məqalədə Azərbaycanın keçmiş prezidentinin keçmiş köməkçilərindən Tariyel Ağayevdən, onun qohumlarından bəhs edilir.

T.Ağayev məqalədəki məlumatların yalan olduğunu, onun nüfuzunu zədələdiyini bildirərək qəzeti və qəzetin baş redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin yayılmış məlumatların doğruluğunu sübut edə bilməməsi əsası ilə iddiaçının xeyrinə qərar vermişdi – dəymiş mənəvi ziyana görə qəzet 40 min, qəzetin baş redaktoru isə 25 min manat cərimələnmişdi. Yuxarı məhkəmələr ərizəçilərin həmin qərardan şikayətlərini rədd etmişdi.

Qərara qarşı tərəfin və Azərbaycan Məhkəmə-Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Qənimət Zahid hazırda mühacirətdədir. O, 2007-ci ildə həbs edilib. Xuliqanlıq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilən redaktor 2010-cu ildə əfv sərəncamı ilə azadlığa çıxmışdı.

"Azadlıq" qəzetinin isə nəşri dayanıb. Üstəlik, qəzetin saytına da girişə Azərbaycandan məhdudiyyət qoyulub. Bu qərar saytın həqiqətdən uzaq məlumatlar yayması ilə izah edilib. Qəzetin rəhbərliyi isə bunu qəbul etməyərək verilən qərarı siyasi basqı kimi dəyərləndirib.

Azərbaycan əsgəri vəfat edib

Əsgər

Dünən, iyunun 29-da Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən əsgər Fazil Məmmədli vəfat edib.

Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən də təsdiq ediblər.

"Əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır", - deyə bildirilib.

Rəsmi açıqlamaya, hələlik, əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Əliyev Aşqabadda Putinlə görüşüb

Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısı. 29 iyun 2022

İyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüş Xəzər Sammiti çərçivəsində gerçəkləşib.

Əlaqələrin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya prezidenti razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğulayıb. Deyib ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5.5 faiz təşkil edib.

V.Putinin sözlərinə görə, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb.

Azərbaycan prezidenti də iki ölkə arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. İ.Əliyev bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını deyib.

Azərbaycan Prezidenti İ.Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər etmişdi. Onun səfəri artıq başa çatıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr (9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü
Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü

İran prezidenti Azərbaycana gələcək

Azərbaycan prezidentinin İrana, İran prezidentinin isə Azərbaycana səfər etmək planları var.

AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi deyib. "İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər", - o vurğulayıb.

Azərbaycan prezidenti də deyib ki, bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var: "Xüsusilə nəqliyyat, energetika və digər sahələrdə".

Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının VI zirvə toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfər edib. Həmin səfər çərçivəsində o, bir sıra görüşlər də keçirib.

Xəzərin suyu geri qayıdacaqmı? EKSPLEYNER
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

update

Azərbaycan-Türkiyə-Qazaxıstan nazirlərinin görüşü keçirilib

Görüş

İyunun 27-də Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb. C.Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.

Sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.

Növbəti üçtərəfli görüş Qazaxıstanda olacaq

Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin üçtərəfli görüşü Bakı Bəyannaməsinin imzalanması ilə başa çatıb.

Müzakirələrin əsas mövzusu üçtərəfli və regional əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi vasitəsilə Şərq-Qərb orta dəhlizinin potensialının inkişaf etdirilməsi olub.

Növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək.

Bundan öncə nəqliyyat qurumları üçtərəfli işçi qrup formalaşdıracaqlar.

İctimai fəala 30 sutka verilib

Elçin İbrahimli

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisin üzvü, ictimai fəal Elçin İbrahimlinin saxlanıb 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın rayon təşkilatın sədri Faiq Cəfərzadə məlumat verib. Onun sözlərinə görə, ötən həftə, iyunun 23-də gecə saatlarında polislər gəlib Elçin İbrahimlini evindən aparıblar: "İyunun 24-də səhər məhkəmə olub. Onu 30 sutka həbs ediblər. Elçin İbrahimli sosial şəbəkələrdə aktiv idi. Onu siyasi və ictimai fəaliyyətinə görə həbs ediblər. Hazırda rayon polis təcridxanasında yatır. O, şəkər xəstəsidir".

DİN-in açıqlaması...

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bunları bildirdilər: "Elçin İbrahimli ilə bağlı polis şöbəsinə vətəndaşların müraciətləri olub. Elçin İbrahimli dəfələrlə polis şöbəsinə dəvət olunsa da, gəlməyib. Polisin tələblərinə tabe olmadığına görə barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib".

Nazirlikdən bildirildiyinə görə, o, İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb.

Dövlət Departamentinin sözçüsü Əli Əliyev barədə suala cavab verib 

Əli Əliyev

İynun 23-də VİP-in sədri Əli Əliyevin həbs müddəti daha 6 ay uzadılıb

“Biz Azərbaycan Konstitusiyası ilə təmin edilən əsas azadlıqlardan istifadə etmək hüququnu, habelə hökumətin beynəlxalq öhdəliklərini tam dəstəkləyirik”

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü iyunun 24-də sorğuya cavab olaraq bildirib.

Agentliyin müxbiri ondan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı son hökmə münasibət bildirməsini xahiş edib.

Dövlət Departamentinin sözçüsü deyib:

“Biz hakimiyyəti siyasi partiyaların, müstəqil medianın, qeyri hökumət təşkilatlarının, dini qurumların və vəkillərin sərbəst fəaliyyət göstərməsinə imkan verməklə insan hüquqlarının həyata keçirilməsi üçün əlverişli mühit yaratmağa çağırırıq”.

İynun 23-də VİP-in sədri Əli Əliyevin həbs müddəti daha 6 ay uzadılıb. Yasamal rayon Məhkəməsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun iddiası əsasında onun haqqında yeni hökm çıxarılıb.

Hökmə əsasən, partiya sədri cinayət məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və ona 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bu da ona kəsilmiş 6 aylıq əvvəlki cəza ilə birləşdirilib. Beləliklə, Əliyevin üzərində qəti olaraq 1 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Bu cəzanın əvvəli isə VİP sədrinin həbs olunduğu gündən – 13 yanvar 2022-ci ildən hesablanır.

Xatırlatma

Əli Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə 5 ay azadlıqdan məhrum edilmişdi. O, DSX polkovnikinə böhtan atmaqda suçlanıb.

Cəfərov noyabrın 30-da qəzaya uğramış helikopterdən sağ çıxdığı deyilən iki hərbçidən biridir. Apreldə ikinci hərbçi Ramin Cəbrayılovun da eyni məzmunlu iddiası əsasında partiya sədrinin cəzası artırılıb və 6 ay olmuşdu.

Lakin Əliyev özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs olunacağı barədə əvvəlcədən xəbərdar edilmişdi.

Qeyd edilən həmin helikopter qəzasında 14 şəxs həlak olmuşdu.

23 nəfər xəstəxanalara yerləşdirilib

Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində  bir neçə avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib

İyunun 23-də axşam saatlarında Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində bir neçə avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan”a verilən məlumata görə, qeydə alınan hadisə nəticəsində yaralanan 23 nəfər müxtəlif növ bədən xəsarətləri ilə onların tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

Bildirildiyinə görə, yaralananlardan 17-si (2-i uşaq) Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan beşinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta-ağırdır.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qalan 6 nəfərdən ikisinin isə vəziyyətinin ağır, digərlərinin vəziyyətlərinin də orta-ağır qiymətləndirildiyi deyilir.

Rəsmi açıqlamaya görə, hazırda yaralılara zəruri tibbi yardım göstərilir.

Qəzanın səbəbi, hələlik, açıqlanmayıb. Yaralananlar və onların yaxınları ilə danışmaq mümkün olmayıb.

Taleh Bağırovun aclığı dayandırdığı deyilir

Taleh Bağırov

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə aclıq aksiyası keçirdiyi deyilən sədri Taleh Bağırovun onu dayandırdığı bildirilir.

Bu barədə MBH-dən məlumat verilib. Açıqlamaya görə, T.Bağırov bu gün, iyunun 23-də yaxınlarına zəng vuraraq bu barədə bildirib.

"Aclıq aksiyasının dayandırılmasının səbəbi kimi çoxsaylı çağırışlar, həbsxanalarda onun aksiyasına qoşulan şəxslərin səhhətlərində yaranan problemlər və onların ailələrinin narahatçılığı göstərilib", - MHB-dən qeyd ediblər.

Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Vəkil Taleh Bağırovla görüşüb

Vəkil Fəxrəddin Mehdiyev bu gün, iyunun 20-də Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovla görüşüb. Vəkilin sözlərinə görə, T.Bağırov aclıq aksiyasını davam edir: "Davam etməkdə də israrlıdır".

F.Mehdiyev qeyd edib ki, T.Bağırovun səhhətində problem var: "Aclığın 18-ci günüdür və artıq onun nəticəsi özünü göstərir. Taleh Bağırov arıqlayıb, sifəti ağarıb, səsi zəifləyib. Həmçinin, qızdırması düşmür".

Vəkil bildirib ki, T.Bağırov həkim nəzarəti altındadır.

Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Taleh Bağırova dəstək aksiyası
Taleh Bağırova dəstək aksiyası

Taleh Bağırova dəstək aksiyası olub

İyunun 17-də Ədliyyə Nazirliyinin qarşısında Müsəlman Birliyi Hərəkatının həbsdə aclıq aksiyası keçirdiyi bildirilən sədri Taleh Bağırova təkadamlıq dəstək aksiyası keçirilib.

Fariz Əliyev kimi özünü təqdim edən bir şəxs əlində plakat tutaraq "Fikrət Məmmədov (ədliyyə naziri) çıx, cavab ver. İnsanın həyatı ilə oynamayın" şüarı səsləndirib.

O bildirib ki, T.Bağırov artıq 14 gündür aclıq edir. "Ədliyyə Nazirliyi susqundur. Mən Fikrət Məmmədova etiraz edirəm. Bu mənim konstitusion hüququmdur", - o vurğulayıb.

F.Əliyev özü də artıq iki gündür aclıq aksiyası keçirdiyini qeyd edib.

Ədliyyə Nazirliyinin əməkdaşları onu qəbul şöbəsinə dəvət etsələr də, o bundan imtina edib.

F.Əliyevi aksiya yerindən uzaqlaşmaq istəyərkən polis əməkdaşları saxlayıb. Sonradan onun sərbəst buraxıldığı açıqlanıb.

Taleh Bağırovun aclıq aksiyasını davam etdirdiyi bildirilir

İyunun 13-də Müsəlman Birliyi Hərəkatının həbsdə 10 gündür aclıq aksiyası keçirdiyi bildirilən rəhbəri Taleh Bağırov ailəsinə zəng vurub.

Bu barədə onun həyat yoldaşı Leyla Bağırova keçirdikləri mətbuat konfransında məlumat verib. Onun vurğulamasına görə, dünən, iyunun 12-də həyat yoldaşı ilə görüşmək istəyib: "Buna icazə verilmədi. Bu gün, iyunun 13-də zəng vurdu, bildirdi ki, iki gündür qızdırması var, gözləri qaralır. Həkim deyib ki, bu, təhlükəli haldır…".

Hüquq müdafiəçisi Rüfət Səfərov isə İnsan Hüquqları üzrə Müvəkkilə-Ombudsmana müraciət edib ki, məsələni nəzarətə götürsünlər: "Heç olmasa, sabah Qobustan Qapalı Həbsxanasına getsinlər, vəziyyətlə maraqlansınlar".

Mətbuat konfransında vurğulanıb ki, T.Bağırovun aksiyasına həbsxanada başqa qoşulanlar da var.

Bu deyilənlərə, hələlik, Ombudsman Aparatı və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Taleh Bağırovun aclıq aksiyası keçirdiyi bildirilir

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun iyunun 3-dən aclıq aksiyasına başladığı deyilir. Onun həyat yoldaşı Leyla İsmayılzadənin verdiyi məlumata görə, əri iyunun 3-də aclıq aksiyasına başlaması ilə bağlı Qobustan Qapalı Həbsxanasının rəhbərliyini rəsmi qaydada məlumatlandırıb.

L.İsmayılzadə iyunun 5-də həyat yoldaşı ilə telefonla danışıb: "O, səhhətində hələ problem olmadığını bildirdi".

Verilən məlumatlara görə, T.Bağırovun aclıq aksiyası inanclı insanların son günlər saxlanması zamanı işgəncə və təhqirlərlə üzləşməsi şikayətləri ilə bağlıdır. Amma bu deyilənləri, hələlik, Penitensiar Xidmətlə dəqiqləşdirmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi isə son günlər Müsəlman Birliyi Hərəkatının saxlanıb sərbəst buraxılan üzvlərinin işgəncə və təhqirlərlə üzləşməsi ilə bağlı şikayətlərini təkzib edib.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Razi Abbasov barəsində hökm oxunub. O, narkotik maddə saxlamaqda ittiham edilərək 6 il azadlıqdan məhrum edilib. Bu zaman polis prosesi izləmək üçün gələn, məhkəmənin qarşısında toplaşan şəxsləri oradan uzaqlaşdırıb. Beş nəfər saxlanılıb, Müsəlman Birliyi Hərəkatının üç üzvü - İmran Məmmədli, Elgiz Məmmədov Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək 1 aylıq inzibati həbsə məhkum edilib, digər iki fəal saxlanıldıqdan bir neçə saat sonra sərbəst buraxılıb.

Onlardan biri - Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb əvvəlcə 22-ci polis bölməsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib. Hərəkatın digər fəalı Süleyman Ələkbərov da buna bənzər bəyanat verib. Daxili İşlər Nazirliyi isə öz növbəsində bu bəyanatları əsassız və yalan adlandırıb.

Xatırlatma

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha bir çox şəxs saxlanılıb. Onlara qətl və bir çox başqa cinayətlərlə bağlı ittihamlar verilib. T.Bağırov 20 il həbs cəzası alıb. O və tərəfdarları məhkəmədə bütün ittihamları yalanlayaraq polisləri də onların güllələmədiklərini vurğulayıblar.

Aclıq aksiyasına qoşulanların olduğu deyilir

İyunun 3-də Qobustan Qapalı Həbsxanasında aclığa başladığı deyilən Taleh Bağırovun aksiyasına həbsdən qoşulanların olduğu da bildirilir. Bunların Müsəlman Birliyi Hərəkatının üzvləri Abbas Hüseynov, Cabbar Cabbarov, həmçinin jurnalist Polad Aslanov olduğu deyilir.

Bu barədə həmin məhbusların yaxınları məlumat yayıblar. Amma bu məlumata, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

A.Hüseynov və C.Cabbarov da Nardaran hadisələri ilə bağlı mühakimə ediliblər. A.Hüseynov 20, C.Cabbarov 19 il həbs cəzası alıb.

2019-cu ildə tutulan P.Aslanov isə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - dövlətə xəyanətdə təqsirli bilinərək 16 il həbs cəzası alıb.

Onların heç biri həbsini düzgün saymır.

Beyləqanda pambıq tarlasında kütləvi zəhərlənmə şübhəsi var

12 qəpiyə pambıq yığan qadınlar: 'Yaşayış deyil'
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Beyləqan rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə baş verdiyi bildirilir. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, pambıq becərməklə məşğul olan təqribən 15 nəfər zəhərlənmə simptomları ilə rayon xəstəxanasına aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə "Turan"a bildirilib ki, Beyləqanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir: "Həmin şəxslər hazırda stasionar nəzarətdədir. Gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Bundan 4-5 il əvvəl də Azərbaycanın bir sıra rayonlarında (Saatlı, Tərtər, İmişli və s.) pambıq tarlalarında bir çox kütləvi zəhərlənmə halı baş vermişdi. Həmin hadisələrlə bağlı 10-a yaxın müəyyən vəzifəli şəxs mühakimə edilmişdi. Onlar Cinayət Məcəlləsinin 222.1-ci (təhlükəsizlik qaydalarını insanların həyat və sağlamlığı üçün real təhlükə yaradan həddə pozma) maddəsi üzrə ittiham olundular. Bəzi şəxslərə müxtəlif cəzalar verildi. Onlar xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi ilə əlaqədar texniki təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılırdılar. Həmin vaxt həbs edilənlərdən bəzilərinin yaxınları bildirmişdilər ki, bu məsələlərlə bağlı əsas təqsirkar şəxslər məsuliyyətdən kənarda saxlanılır, elə də təqsiri olmayanlar cəzalandırılır.

Goranboyda Ağcakənd qəsəbəsindən sel keçib

Bugün, iyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub

Bugün, iyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub.

Yerli sakinlərin bildirməsinə görə, ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib. Orada selin bir sıra tikililəri dağıtdığı, yaşayış binalarına ziyan vurduğu bildirilir.

İlkin məlumatlara görə, insanlar xəsarət almayıb, ev heyvanları tələf olub, bir sıra yardımçı tikililər dağılıb. “Yollar yuyulub, elektrik dirəkləri sökülüb”, sakinlər qeyd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Gömrük generalının həbs edildiyi deyilir

İllüstrativ foto

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Səbail Rayon Məhkəməsindən məlumat verilib.

Məlumata görə, istintaq orqanın onunla bağlı vəsatəti təmin edilib.

Xəbərə görə, Ehtiram Xəlilovun nədə ittiham olunduğu ilə bağlı isə məhkəmədən heç nə deməyiblər.

Onun həbs edilməsi ilə bağlı məlumatı APA agentliyi də yayıb.

Həmin məlumatda isə onun rüşvət və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edildiyi bildirilir.

Amma bütün bu məlumatlara, hələlik, Ehtiram Xəlilovun vəkili və ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Buzovnada Xəzər sahilində hasarlar sökülür

Fatmayi qəsəbəsindəki hasarlar

Şikayətlərə görə, dəniz sahili sahilkənarı villa və restoran sahiblərinin ortaq istifadəsi üçün  hasarlanmışdı

Bu gün, iyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıdan 36 km məsafədə yerləşən Buzovna qəsəbəsindəki çimərlikdə vətəndaşların dənizə çıxışını məhdudlaşdıran hasarları sökməyə başlayıb.

Şikayətlərə görə, dəniz sahili sahilkənarı villa və restoran sahiblərinin ortaq istifadəsi üçün hasarlanmışdı.

Hasarların söküntüsü və sahilin təmizlənməsi yerli sakinlərin “Xəzərin Buzovna hissəsinin qanunsuz hasarlardan azad edilməsi” üzrə kampaniyaya başlamasından sonra başlayıb.

Bu ilin mayında Buzovnadan olan fəallar Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə əhalinin dənizə çıxışını bağlayan bir neçə hasarın sökülməsinə nail olub.

Fəal Seyfulla Azər bildirib ki, ərazisi qumlu sahilə, qayalıq massivə çıxan heç bir torpaq sahibi şəhərsalma və arxitektura haqqında qanuna riayət etmir.

Onun xatırlamasına görə, qanunvericiliyə əsasən, dənizin 20-50 metrlik zolağı özəlləşdirilə və ictimai istifadə üçün bağlana bilməz.

İyunun 12-də ictimai fəallar da bu məsələlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət etmişdilər.

Hələlik, baş verənlərə hasarlanmanı aparan qurum və şəxslərdən isə münasibət almaq mümkün olmayıb.

Azərbaycan və Özbəkistan tərəfdaşlıgı gücləndirir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri. 2019

İyunun 21-də Azərbaycan və Özbəkistan arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzalanıb.

AZƏRTAC-ın məlumatına görə, sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Daşkənddə həmçinin, Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında da saziş imzalanıb.

Bu sənədi isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

Bundan başqa, iki ölkə arasında məşğulluq, nəqliyyat, sənaye mülkiyyətinin mühafizəsi, qanunsuz miqrasiyaya və başqa sahələrlə bağlı da əmkdaşlıq sazişləri qəbul edilib.

Azərbaycan prezidenti Özbəkistana gedib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə gerçəkləşən bu səfər iki gün davam etməlidir.

"İki dövlət lideri qarşılıqlı ticarət həcminin artırılmasına, biznes və regionlar səviyyəsində əməkdaşlığın gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat-tranzit sahəsində imkanlardan səmərəli istifadəyə… xüsusi diqqət yetirəcəklər", - Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatda bildirilir.

Danışıqların yekunlarına görə sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiyalar, turizm sahəsində əməkdaşlığa dair ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.

Karantin uzadılıb, toylara dair tələb ləğv edilir

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb, toylara dair tələb ləğv edilir.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb, toylara dair tələb ləğv edilir.

Nazirlər Kabineti bugün, iyunun 20-də “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti bu il sentyabrın 1-i saat 06:00-dək uzadılıb.

Bəzi mədudiyyətlə götürülür

2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir.

Bu müddət ərzində yoluxma sayından asılı olaraq bəzən rejim sərtləşdirilsə də, yenidən yumşalmalar olub.

Amma ölkənin qonşuları ilə quru yolla gediş-gəlişə hələ də icazə verilmir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6,3 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə kimi 800 minə yaxın insanın bu visusa yoluxduğunun aşkarlandığı, onlardan 9 min 700-dən çox şəxsin vəfat etdiyi bildirilib.

Büdcədə neftin qiyməti 70 faiz artırılır

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır.

Hazırda qüvvədə olan büdcə haqqında qanunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur. Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir.

Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb. Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 mlrd. 198 mln. manat, xərclər 32 mlrd. 304 mln. manat müəyyən edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.

Hazırda Azərbaycan neftinin bir bareli 120 dollardan yüksəkdir.

Azərbaycan Kəlbəcər istiqamətində atəş açıldığını, Ermənistan da bir hərbçisinin həlak olduğunu bildirir

Azərbaycan, Müdafiə Nazirliyinin binası, arxiv foto

Ermənistan Müdafiə nazirliyi təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib

Azərbaycanın Müdafiə Naziriyi gün ərzində atəşkəs pozuntusu ilə bağlı ikinci dəfə xəbər yayıb.

Nazirlik bildirir ki, bu dəfə Ermənistan silahlı qüvvələri eyni istiqamətdən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan atəşə tutub.
***

Müdafiə Nazirliyi (MN) Kəlbəcər istiqamətində Azərbaycan mövqelərinin intensiv atəşə tutulduğunu bildirir.

Nazirlitin iyunun 19-da yaydığı məlumatda deyilir: "İyunun 18-i axşam saatlarında və 19-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər (Vardenis) rayonunun Zərkənd (Kut) və Yuxarı Şorca (Verin Şorca) yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım, Barmaqbinə və Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini iri çaplı atıcı silahlardan intensiv atəşə tutub" Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda Azərbaycan ordusunun "adekvat cavab tədbirləri" gördüyü vurğulanır.

Ermənistan bir hərbçisinin həlak olduğunu bildirir

Ermənistan Müdafiə Nazirliyi atəşkəs pozuntusunu təsdiqləyib. AzadlıqRadiosunun erməni xidməti ölkənin Müdafiə Nazirliyinə istinadla Azərbaycan-Ermənistan sərhədində bir hərbçinin həlak olduğunu təsdiqləyib. Xəbərdə deyilir ki, nazirlik təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ceyhun Bayramov Lavrovla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov (sağda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Arxiv fotosu)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə,  onlar ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bugün, iyunun 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

XİN-in açıqlamasına görə, bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar:

“Telefon danışığı zamanı, müzakirələrin Rusiya Xarici İşlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.”

Gələn həftə, iyunun 23-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənir.

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Niyaməddin Əhmədova həbsdə işgəncə verildiyi deyilir

Niyaməddin Əhmədov Bakıda etiraz aksiyasında

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova saxlandığı cəzaçəkmə müəssisəsində təzyiq olunduğu bildirilir.

AXCP-dən deyilib ki, saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsinin (CÇM) əməkdaşları N.Əhmədovu döyərək ona işgəncə veriblər: "Onun saçını qırxıb bir gecə cərimə kamerasında saxladıqdan sonra iyunun 16-da "barak"a qaytarıblar".

Partiyadan qeyd olunub ki, N.Əhmədova növbəti dəfə töhmət verilib və Qobustandakı Qapalı Həbsxanaya göndərilməklə hədələnib.

AXCP hesab edir ki, N.Əhmədov heç bir qanunsuz əmələ yol verməyib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, Azərbaycandakı həbsxanalarda məhbuslarla qanun çərçivəsində davranılır.

Xatırlatma

N.Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza bitən gün isə Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. Ötən il məhkəmədə ona 13 il həbs verilib.

İttihamda iddia edilir ki, Almaniyada siyasi mühacir olan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına sərt çıxışlar səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. N.Əhmədov və Q.Məmmədov iddiaları yalanlayıb.

AXCP də bəyan edib ki, Əhmədovun həbsinin səbəbi 2019-cu ildə Milli Şuranın şəhər rəhbərliyi ilə razılaşdırılmayan və sosial, siyasi tələblərlə keçirilən etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.

Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

'Siyasi məhbuslara azadlıq' tələbi ilə aksiya olub

BMT-nin Bakı ofisinin qarşısında aksiya

İyunun 17-də Azərbaycanda bir sıra hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı bəzi şəxslərin yaxınları Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

xeberman.com saytının həbsdə olan rəhbəri, dövlətə xəyanətdə ittiham edilərək 16 il həbs cəzası alan Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, onların məqsədi Azərbaycandakı beynəlxalq qurumlara ölkədə 100 civarında siyasi məhbusun olduğunu çatdırmaqdır: "Onlar siyasi, jurnalist fəaliyyətinə görə şərlənərək həbsxanadadırlar".

Bu il Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra başqasına xəsarət yetirməkdə günahlandırılaraq həbs olunan Samir Aşurovun həyat yoldaşı da onun şərləndiyini qeyd edib: "Mənim həyat yoldaşım siyasi baxışlarına görə həbs edilib. Onun sağlamlığında problemlər var - şəkər xəstəsidir, ürəyi xəstədir, o, qapalı şəraitdə qala bilməz. Mən Samirin və digər siyasi məhbusların azadlığını tələb edirəm".

Ötən il Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra narkotikdə günahlandırılaraq həbs olunan Pünhan Kərimlinin atası isə bildirib ki, oğluna işgəncələr verilib: "Oğlum günahsızdır, amma hazırda həbsdədir. Almaniyadan deport olunanlardan oğlumdan başqa beş nəfər də həbsdədir. Onlar da günahsızdır. Biz onların azad olunmasını tələb edirik".

Aksiya insidentsiz başa çatıb.

Bu aksiyaya Azərbaycanın rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən saxlandıqdan sonra P.Kərimliyə işgəncə verilməsi ilə bağlı deyilənlər təkzib edilib.

Əliyev Maduro ilə görüşüb

N.Maduro və İ.Əliyev. Bakı. 2016

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Bakıda səfərdə olan Venesuela lideri Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə N.Maduronun regional səfər çərçivəsində Azərbaycana da gəlməsi iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib. N.Maduro son illər Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluq bildirib.

Xəbərə görə, söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi vurğulanıb. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.

N.Maduro Azərbaycandan öncə Türkiyədə olub.

Son illər ABŞ da daxil, Qərb ölkələri demokratiya və insan hüquqları ilə bağlı N.Maduronu Venesuela prezidenti kimi tanımadıqlarını açıqlayıblar. Bu ölkəyə qarşı bir sıra sanksiyalar tətbiq edilib.

Cəbrayılda minadan xəsarət alanlar var

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

İyunun 17-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ruhin Vəliyevin işğaldan azad edilmiş ərazidə piyada əleyhinə minaya düşdüyü bildirilir. 31-yaşlı həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Cəbrayıl rayon Prokurorluğundan məlumat verilib. Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda araşdırma aparılır.

Bəzi yerli saytların məlumatına görə isə, həmin mina partlayışı nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların da ANAMA əməkdaşları olduğu bildirilir. Həmin şəxslərin xəsarətlərinin isə yüngül olduğu deyilir. Bu məlumatı da ANAMA-dan təsdiqləyiblər.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra indiyə qədər işğaldan azad edilən ərazilərdə 200-dən çox şəxs minaya düşüb. Onların 30-dan çoxunun həlak olduğu bildirilir.

Həmin bəyanatın imzalanmasından sonra Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan da Prezident İ.Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi. Buna cavab olaraq Ermənistan Baş naziri N.Paşinyan da deyib ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

‘Bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır’

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid

Dövlət katibinin köməkçisi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə,  bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır

“Azərbaycanda demokratiyanı, müstəqilliyi dəstəkləyən ölkələr arasında Amerika Birləşmiş Ştatları ən önəmlisidir”

Bunu iyunun 16-da Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O, səfərinin ilk günü, iyunun 15-də prezident İlham Əliyevlə görüşdüyünü xatırladaraq bildirib ki, prezident Bayden administrasiyası inteqrasiya və sülh üçün region ölkələri ilə işləməyə sadiqdir.

Onun sözlərinə görə, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.

Dövlət katibinin köməkçisi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə, bugün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

O, uzun illər münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunaraq vurğulayıb ki, bu iki ölkə arasında sülhə nail olmaq üçün müxtəlif elementlər var:

"Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir. Mən ümid edirəm ki, hər iki ölkə bu məsələlərdə proqresə nail ola biləcək”.

İyunun 15-dən Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bir sıra görüşlər keşirib.

Görüşlər…

O, rəsmilərdən prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşərək Azərbaycanla Ermənistan arasında sülh danşıqları, enerji və bir sıra başqa məsələləri müzakirə edib.

ABŞ dövlət katibinin köməkçisi Karen Donfried habelə, vətəndaş cəmiyyətinin təmsilçilərindən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının rəhbəri Anar Məmmədli, “German Marshall” Fondunun ölkə üzrə məsləhətçisi Mehriban Rəhimli və hüquqşünas Şəhla Hümbətova ilə də görüşüb.

Bu görüşdə isə iştirakçıların bildirməsinə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti, qanunun aliliyi, vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiyaların fəaliyyət imkanları və müstəqil medianın durumu ilə bağlı məsələlər nəzərdən keçirilib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycandan Gürcüstana, oradan da Ermənistana getməlidir.

Hərbi prokurorun istefası tələb edildi

Hərbi Prokurorluğun qarşısında etiraz

İyunun 16-da "Tərtər işi" ilə bağlı həbs olunan şəxslərin yaxınları və başqa fəallar Bakıda Hərbi Prokurorluğun inzibati binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar bu işin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.

Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan bir çox hərbçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar. Onlar öz yaxınlarının azadlığa buraxılmasını tələb ediblər. "Altı aydır yenilənmiş istintaq gedir. Mənim oğlum günahsızdır, niyə hələ də həbsdədir?", - aksiya iştirakçılarının biri qeyd edib.

Etirazçılar həmçinin, Hərbi prokuror Xanlar Vəliyevin istefasını tələb ediblər. Onlar bunun yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğunu söyləyiblər.

Aksiyada vurğulanıb ki, "Tərtər işi"nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas İlham Aslanoğlunun (Təhməzov) iyunun 9-da Yevlax rayon Məhkəməsinin hökmü ilə təhqirdə günahlandırılaraq 6 ay azadlıqdan məhrum edilməsi də yaxşı hal deyil. Onlar qeyd ediblər ki, bununla həmin hüquqşünas ikinci dəfədir həbs olunur.

Aksiya iştirakçıları sonra da tələblərinin əks olunduğu bəyanat oxuyublar. Aksiya zamanı heç bir insident yaşanmayıb.

Hələlik, aksiyada səslənən çıxışlara Hərbi prokuror Xanlar Vəliyev, başqa aidiyyəti rəsmi şəxs və qurumlardan münasibət almaq mümkün olmayıb.

2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdi ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verildiyi vurğulanırdı. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul edib

Görüş

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Prezident Əliyevlə görüşü zamanı Donfrid Azərbaycan və ABŞ arasında son 30 il ərzində iqtisadiyyat, energetika, təhlükəsizlik və digər sahələrdə aparılan tərəfdaşlığı müzakirə edib: "Dövlət katibinin köməkçisi Donfrid Azərbaycana Ukraynaya (Rusiyanin təcavüzünə məruz qalıb) göstərdiyi dəstəyə, o cümlədən humanitar ianələr, təcili yardım maşınları üçün yanacaq və dəstək bəyanatlarına görə təşəkkür edib".

Habelə bildirildiyinə görə, Donfrid bölgədə sülhə doğru müsbət mühitin formalaşdığını qeyd edərək Avropa İttifaqı vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqları ABŞ-ın dəstəklədiyini vurğulayıb.

Avropa Birliyi Qarabağ üçün nələr edə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Xatırlatma

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmüşdü. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.

Son aylar bu formatda düz üç görüş keçirilib, tərəflər arasında sülh sazişi ilə bağlı məsələlər müzakirə edilib.

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr ( 9 noyabr) razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana gəlib

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu gün, iyunun 15-də Azərbaycana gəlib. Onun iyunun 19-dək Azərbaycan, Gürcüstana və Ermənistanda səfərdə olacağı gözlənir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, K.Donfrid Bakıda olarkən (iyunun 15-də və 16-da) Prezident İlham Əliyev, digər hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfirliyin açıqlamasına görə, o, Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair diplomatik səylərə ABŞ-ın dəstəyini bildirəcək: "Avropanın enerji təhlükəsizliyinə dəstəyini, transmilli təhlükələrə qarşı mübarizəni, fundamental azadlıqların dəstəklənməsi, ikitərəfli ticarətin və investisiyaların təşviqi sahəsindəki tərəfdaşlığı vurğulayacaq".

İyunun 17-də Dövlət katibinin köməkçisi K.Donfrid Tbilisiyə gedəcək, Prezident Salome Zurabişvilinin təşkil etdiyi Tbilisi Beynəlxalq Qadın Konfransında nitq söyləyəcək.

K.Donfrid həmçinin, Tbilisidə Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək: "Kremlin Ukraynaya qarşı əsassız müharibəsini, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə ABŞ-ın davamlı dəstəyini müzakirə edəcək".

Dövlət katibinin köməkçisi daha sonra iyunun 18-də Ermənistanın paytaxtı Yerevana səyahət edəcək, Baş nazir Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək: "Dövlət katibinin köməkçisi ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı sülhə doğru diplomatik səylərə dəstəyini ifadə edəcək".

Kara Makdonald Baş Prokurorluq rəsmiləri ilə də görüşüb

Kara Makdonald

ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycan səfərində rəsmi şəxslərlə də görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bəhs edilir.

Həmin məlumata görə, K.Makdonald bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq sahəsində çalışan ekspertlər, müstəqil media, siyasi partiyaların nümayəndələri və Baş Prokurorluğun rəsmiləri ilə görüşüb: "Keçirdiyi görüşlərdə o, Azərbaycan cəmiyyətində mövcud olan çağırışlar, imkanlar barədə daha ətraflı məlumat əldə edərək qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmətin gücləndirilməsinə dəstək verdiyini vurğulayıb".

ABŞ rəsmisi vəkillərlə də görüşüb

İyunun 14-də ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald bir neçə vəkillə də görüşüb. Həmin şəxslər bir sıra jurnalistlərin, fəalların və müxalifətçilərin də müdafiəsində iştirak etmiş vəkillər olub.

Bu barədə vəkillərdən Elçin Sadıqov məlumat yayıb. O qeyd edib ki, görüşdə ölkədə insan hüquqlarının vəziyyətini müzakirə ediblər.

ABŞ rəsmisi Aytən Məmmədova ilə görüşüb

İyunun 14-də Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald görüşlərinə davam edib. Onunla "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Ayna-Zerkalo" nəşrinin redaktoru Elçin Şıxlinski bıçaqla hədələnən jurnalist Aytən Məmmədova da görüşüb. M.Əliyevin AzadlıqRadiosuna deməsinə görə, görüşdə Azərbaycanda jurnalistika və söz azadlığının vəziyyəti müzakirə olunub.

Aytən Məmmədova ona hücumlu bağlı istintaqdan narahatdır
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

+++

İyunun 14-də Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun da K.Makdonaldla görüşü gerçəkləşib. T.Yaqublu bildirib ki, görüşdə ölkədə demokratiya və insan haqlarının durumu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb: "Düşünürəm ki, çox əhəmiyyətli və vacib tədbir oldu".

+++

ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini Kara Makdonald Azərbaycanda görüşlərinə davam edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi də məlumat yayıb.

Həmin məlumata görə, o, səfir Litzenberqer və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən fəallar, hüquqşünaslar, jurnalistlər, həmçinin siyasi partiya nümayəndələri ilə görüşüb:

“Xanım Makdonald ABŞ-ın bu gün ifadə, toplaşma, birləşmək azadlıqları da daxil olmaqla əsas hüquq və azadlıqlara hörmətin gücləndirilməsi, habelə demokratik proseslərin inkişafı üçün görülən səylərin dəstəklənməsində azərbaycanlıların yanında olmasını qeyd edib”.

***

Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini​ Kara Makdonald görüşlərə başlayıb.

İyunun 13-də o, ictimai fəal Bəxtiyar Hacıyevlə də görüşüb.

Fəal görüşdən sonra vurğulayıb ki, “kifayət qədər açıq, səmimi və ətraflı danışdıq".

O, qeyd edib ki, görüşdə ölkədə ayrı-ayrı fərdlərə və qruplara qarşı baş vermiş insan hüquqları problemləri ilə bağlı məlumat verib:

"Həm gələcəkdə baş verə biləcək risklərlə, həm də ABŞ Administrasiyasının keçmişdə etdiyi səhvlər və indi atdığı doğru addımlarla bağlı səmimi fikir mübadiləmiz oldu. Xanım Makdonald ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı".

+++

ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisinin müavini​ Kara Makdonald Azərbaycana gəlib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirliyin məlumatında qeyd edilir ki, o, 13-15 iyun tarixində Azərbaycanda olacaq: "Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya, insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək".

Davamı

XS
SM
MD
LG