Keçid linkləri

2024, 17 İyul, çərşənbə, Bakı vaxtı 19:43

Dünya xəbərləri

“Barselona”-“Arsenal”,"Bavariya"-"Yuventus"

UEFA logo
UEFA logo

Martın 16-da futbol üzrə Avropa Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

“Barselona” doğma meydanda İngiltərənin “Arsenal” klubunu qəbul edir.

Qeyd edək ki, “Barselona” səfərdə keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gəlib və 1/4 finala çox yaxındır.

Digər oyunda isəİtaliyanın “Yyuventus” klubu səfərdə “Bavariya” ilə qarşılaşır.

İtaliyada keçirilən ilk görüşdə hesab 2:2 olub.

16 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45."Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə)

İlk oyun - 2:0

23:45."Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya)

İlk oyun - 2:2

8-9 mart

"Real" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

(İlk oyun 2:0)

"Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:0

(İlk oyun 3:2)

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 1:2

(İlk oyun 1:2)

"Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 1:2

(İlk oyun - 0:1)

Bütün xəbərləri izləyin

Rusiya xarici səbəblərdən ölənlərin sayını ümumi statistikadan çıxarır

Komsomolsk-na-Amurda qəbiristanlıqlarından birində Ukraynada ölən "Rosqvardiya" əməkdaşlarının məzarları.
Komsomolsk-na-Amurda qəbiristanlıqlarından birində Ukraynada ölən "Rosqvardiya" əməkdaşlarının məzarları.

Rusiyanın Dövlət Statistika Xidməti xarici səbəblərdən ölənlərin sayını ümumi hesabatdan çıxarıb. Məlumatı "Meduza" demoqrafik məsələlər üzrə ekspert Aleksey Raşkaya istinadla yayıb.

Rusiya adətən xəstəlikdən ölənlərin sayını qətl və intihar kimi xarici faktorlardan ölənlərin statistikasından ayırıb. Bu zaman ekspertlər Ukraynanın işğalı zamanı öldürülən rusiyalıların sayını hesablaya bilərdilər. Kreml müharibədə ölənlərin statistikasını açıqlamır.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) ötən ay deyirdi ki, müharibənin getdiyi 29 ayda azı 350 min rusiyalı ya öldürülüb, ya da yaralanıb.

Media müharibədə ölənləri necə hesablayır

Xəbər agentlikləri başsağlığıları, miras sənədləri, sosial media postları əsasında azı 58 min rusiyalı hərbçinin ölümünü təsdiqləyiblər.

"Meduza", "Mediazona" və BBC-nin rus xidməti bu statistikanı hesablayanda xarici səbəblərdən ölü sayına da istinad edib. "Meduza" yazır ki, "2022-ci ildə qadın ölümlərinin sayı azalıb, kişi ölümləri artıb. Dinc dövrdə isə qadın və kişi ölüm trendləri fərqlənmirdi. Uyğun olaraq, irimiqyaslı müdaxilə başlayandan xarici səbəblərdən ölənlərin sayı Rusiya ordusunun təxmini itkisini hesablamaq imkanı yaradıb".

Digər tərəfdən, medianın miras işləri üzrə dövlət reyestrinin məlumatları əsasında araşdırmaları da müharibədə ölənlərin sayını hesablamağa imkan verir. Bu yanaşmadan baxanda Ukrayna ilə müharibədə 120 minə yaxın rusiyalı hərbçinin öldüyünü demək olar.

Üç media orqanının birgə araşdırması isə yalnız açıq mənbələr əsasında aparılır. Onlar bu il iyulun 5-dək Ukraynada 58 min 207 rusiyalı hərbçinin öldüyünü hesablayıblar.

Qəzzanın atəşə tutulması nəticəsində onlarla adam həlak olub

Qəzza zolağının mərkəzindəki Deyr Əl-Balahda İsrailin hücumu zamanı vurulan ev.
Qəzza zolağının mərkəzindəki Deyr Əl-Balahda İsrailin hücumu zamanı vurulan ev.

İyulun 16-da Qəzza sektorunda İsrail hərbçiləri ilə fələstinli ekstremistlər arasında döyüşlər davam edib. Qəzzada HƏMAS-ın nəzarətində olan tibb xidmətlərinin məlumatına görə, sektorun cənub və mərkəz hissələrində azı 57 nəfər İsrail bombardmanının qurbanı olub. Məlumatı "Reuters" yayıb.

AP isə bir zərbənin minlərlə köçkünün yerləşdiyi "təhlükəsiz zona"ya endirildiyini yazır.

Dinc sakinləri ölümü haqda məlumatlar araşdırılır

ABŞ, Böyük Britaniya və Aİ-nin terrorçu saydığı HƏMAS İsrailin ərəb vasitəçilər və Vaşinqtonun atəşkəs əldə olunması uğrunda səylərini pozmaq üçün Qəzzaya zərbələri gücləndirdiyini deyir. İsrail isə bildirir ki, Qəzzanı cihadçılardan təmizləməyə çalışır.

İsrailin maydan mövqe tutduğu Rəfah şəhərində isə beş fələstinli mülki evə hava zərbəsinin qurbanı olub. Bu haqda fələstinli həkimlər məlumat veriblər. Rəfah yaxınlığındakı Xan-Yunisdə iki uşaq və onların valideynləri öldürülüb.

İyulun 17-də axşam İsrailin avtobusa hava zərbəsindən azı 17 fələstinlinin öldürüldüyü, 26-sının yaralandığı bildirilir. Bu barədə yenə də Qəzzanın cənubunda HƏMAS-ın nəzarətində olan tibbi mənbələr məlumat verib.

Ölü sayını müstəqil təsdiqlətmək mümkün olmayıb.

İsrail dinc sakinlərin ölümünə dair məlumatların araşdırıldığını bildirib.

"Təhlükəsiz zona"

AP yazır ki, Aralıq dənizi sahili boyunca 60 kv.km-lik ərazidə yerləşən "təhlükəsiz zona", demək olar, hər gün vurulur. İsrail quru hücumlarından qaçan fələstinlilərə həmin zonaya sığınmağı tövsiyə edir. İsrail bildirir ki, yeraltı tunel şəbəkələri üzə çıxarılandan sonra dinc sakinlər arasında gizlənən HƏMAS yaraqlılarını təqib edir.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq bunların neçəsinin döyüşçü, neçəsinin dinc sakin olduğu deyilmir.

Müharibə sahilyanı Fələstin ərazisində humanitar fəlakətə səbəb olub, 2.3 milyon əhali, əsasən, didərgin düşüb, irimiqyaslı aclıq başlanıb.

Əfqanıstanda leysan, tufan 40 nəfərin həyatına son qoyub

Əfqanlar güclü yağışlardan sonra dağıntı yerini araşdırırlar.
Əfqanlar güclü yağışlardan sonra dağıntı yerini araşdırırlar.

Əfqanıstanın şərqi Nanqarhar əyalətində leysan yağışlar və tufan 35 nəfərin ölümünə, azı 230 nəfərin yaralanmasına səbəb olub. Məlumatı iyulun 15-də Talibanın başçılıq etdiyi hökumətin yerli administrasiyası açıqlayıb. İyulun 15-də səhər isə şərqi Kunar əyalətində leysan yağış və daşqınlarda beş nəfər həlak olub.

Nanqarharda qurbanların sayının artacağı gözlənilir.

Rəsmilər onu da bildiriblər ki, maliyyə itkiləri, telekommunikasiyada fasilələr gözləniləndi.

Taliban hökumətinin Meteorologiya Departamenti 12 vilayətdə leysan yağışlar proqnozlaşdırıb.

Smolenskdəki maral heykəli 'düşmən abidəsi' sayılıb

"Maral"
"Maral"

Rusiyanın Smolensk şəhərindəki ekspert qrupu şəhər parklarının birindəki maral heykəlini qorunan abidə kimi tanımaqdan imtina edib. Səbəb isə sözügedən heykəlin 20-ci əsrdə "düşmən" sayılan ölkə - Almaniyada hazırlanmasıdır.

Qrupun başçısı Vitali Kazepinin imzaladığı qərarda deyilir ki, "Rusiyanın tarixi abidələrindən bəzilərini dağıtmış düşmən ölkədə hazırlanmış abidəni qorumaq digər abidələrə qarşı ədalətsizlik olardı". Qərarda abidənin "ov qəniməti" olduğu da vurğulanır.

"Maral" heykəlini 1910-cu ildə almaniyalı heykəltəraş Riçard Frize (Richard Friese) hazırlayıb, İkinci Dünya müharibəsinin sonunda Smolenskə gətirilib.

Kazepin şuranın iclasında onu da deyib ki, Almaniyada hazırlanmış heykəl hansısa tarixi hadisə ilə bağlı deyil, ona görə də Rusiya incəsənət nümunəsi sayılmır. Yerli medianın yazdığına görə, onun opponentləri bu heykəlin 1945-ci ildən sonrakı tarixi ilə bağlı arxiv materiallarını əsas gətiriblər, onun yerli abidə kimi mühafizə olunduğunu deyiblər. Ancaq yenə də şura "Maral"ın abidə statusunu tanımayıb.

Frize maral abidəsini alman imperatoru II Vilhelmin sifarişi ilə hazırlayıb. İmperator rəssamdan onun 1909-cu ildə Şərqi Prussiyada öldürdüyü ov qəniməti maralın tunc abidəsini yaratmasını istəyib.

1910-cu ildən bu heykəl imperatorun indiki Kalininqrad vilayəti ərazisində, Rominten meşəsindəki iqamətgahında qalıb. İkinci Dünya müharibəsindən sonra Smolenskə aparılıb, şəhər əhalisi və turistlərin sevimli məkanı Blonye parkında qoyulub.

Putini Kremldən 'qovmaq' istəyən şamanı ruhi xəstəxanadan buraxmırlar

Şaman Aleksandr Qabışev (Arxiv fotosu)
Şaman Aleksandr Qabışev (Arxiv fotosu)

Rusiyada Primorsk diyarının məhkəməsi yakutiyalı şaman Aleksandr Qabışevin vəkillərinin vəsatətini rədd edib.

Bu barədə məlumatı özünün teleqram kanalında vəkil Aleksey Pryanişnikov verib.

Şamanın müdafiəsi Ussuriysk rayon məhkəməsinin Qabışevin ümumi rejimli ruhi xəstəxanaya köçürülməsinə dair vəsatəti rədd etməsindən şikayət vermişdi.

Vəkil bildirib ki, bu qərardan Ali Məhkəməyədək bütün instansiyalara şikayət verəcək.

Pryanişnikov əlavə edib ki, Qabışevin xəstəliyinə dair həkim-psixiatrların növbəti komissiyası oktyabrın əvvəllərində keçiriləcək.

Bundan əvvəl

Şaman Aleksandr Qabışev 2019-ci ildə “Putinin Kremldən qovulması” ayininin icrası üçün Yakutskdan Moskvaya yürüşə başlamışdı.

Yol boyunca ona çox sayda tərəfdarları qoşulmuşdular. Bundan bir neçə həftə sonra polislər şamanı Buryatiya və İrkutsk vilayətlərinin sərhədində saxlamışdılar.

Daha sonra Qabışev ruhi-nevroloji dispanserə yerləşdirilmiş, eyni zamanda ona qarşı ekstremizmə çağırış maddəsi ilə cinayət işi açılmışdı.

2021-ci ilin oktyabrında Yakutsk şəhər məhkəməsi Qabışevi xüsusi rejimli Novosibirsk ruhi xəstəxanasına məcburi müalicəyə göndərmişdi.

Şamanı hakimiyyət orqanlarına qarşı zorakılıqda və ekstremistlikdə ittiham edirdilər.

2022-ci ilin aprelində Qabışevi Novosibirsk ruhi xəstəxanasından Ussuriyskdəki xəstəxanaya köçürmüşdülər.

Sibir və Uzaq Şərqin sakinləri Qabışevin müdafiəsi üçün çoxsaylı piket və başqa aksiyalar keçiriblər.

Memorial insan haqları müdafiəsi fondu 2021-ci ildə Qabışevi siyasi məhbus siyahısına daxil edib.

Hazırda vəkilləri şamanın ümumi tipli psixiatrik xəstəxanaya köçürülməsinə çalışırlar.

Mayın 16-da Ussuriysk məhkəməsi məhz bu barədə vəsatəti rədd edib.

Rusiya Ukraynanın şərqində daha bir kəndi tutduğunu bildirir

Son günlər keçmiş mədən şəhəri Toretsk intensiv bombardmanlara məruz qalıb.
Son günlər keçmiş mədən şəhəri Toretsk intensiv bombardmanlara məruz qalıb.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın cənub-şərqində kiçik bir kəndi tutduğunu bəyan edib. Bu, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı çətinliklə, mərhələli şəkildə irəlilədiyini göstərir.

Ukrayna rəsmiləri Rusiyanın iyulun 14-də səsləndirdiyi bu iddianı dərhal şərh etməyiblər. Urojaynoye Donetsk vilayətinin qərbində Mokrıye Yalı çayı boyunca yerləşən məntəqələrdən biridir.

Hazırda Ukrayna qüvvələri təxminən 1200 km-lik cəbhə xətti boyunca Rusiya hərbçilərinə müqavimət göstərir.

Çasov Yarda ağır döyüşlər gedir

Hazırda Donetskdən şimalda yerləşən Toretsk keçmiş kömürçü şəhərində və şimaldakı Çasov Yarda ağır döyüşlərin getdiyi bildirilir.

Rusiyanın davamlı həmlələri qarşısında Ukrayna qüvvələri Donetsk vilayətindəki Çasov Yarın şərqindən çıxmalı olublar.

Rusiya mayın əvvəlində Xarkov vilayətinə hücuma başlayanda Ukrayna müdafiə xəttini sabitləşdirmək üçün bir çox təcrübəli birliklərini yenidən qruplaşdırmalı oldu. Bu isə bölüklərin tərkibini zəiflətdi, Rusiyanın yarmaq istədiyi cəbhə xəttində bəzi boşluqlara yol açdı.

Bu arada qızmar yay hər iki tərəfin qüvvələrinə təsirini göstərir. Ukraynanın bir çox şəhərlərində isə elektrik təchizatında mütəmadi fasilələr həyatı daha da çətinləşdirir.

Rusiya raketləri elektrik şəbəkəsinə böyük ziyan vurub, qışadək şəbəkənin tamam çökə biləcəyi sarıdan narahatlıq var.

Kremlin qəzəbi

Bu arada Kreml ABŞ-nin 2026-cı ildən Almaniyaya "Tomahawk" qanadlı raketləri daxil olmaqla uzaq mənzilli silahlar yerləşdirmək planlarına qəzəbli reaksiya verib. Bu, 20 ildən sonra ABŞ qanadlı raketlərinin Almaniyaya qayıdışı deməkdir.

Ağ ev bu qərarını ötən həftə Vaşinqtonda NATO sammitində açıqlayıb.

"Bizim bu raketlərin qarşısını almaq qabiliyyətimiz var, amma potensial qurbanlar bu ölkələrin paytaxtları olacaq", -- Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət televiziyasına deyib.

Rusiya və ABŞ-nin müdafiə nazirləri iyulun 12-də telefonla danışıblar, onlar mümkün eskalasiya riskini azaltmağa səy göstərdiklərini deyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 14-də deyib ki, Vaşinqtonda NATO sammitində dünya liderləri ilə görüşlərdən sonra ölkəyə əlavə hərbi yardım göndərilir.

"Birləşmiş Ştatlara səfərimdən sonra yeni "Patriot" sistemləri və onlarla digər havadan müdafiə sistemlərini təmin etdik. Ukrayna "Patriot"larının gücü və sayını artırmaqdan ötrü yorulmadan çalışırıq", -- o, X platformasında yazıb.

Türkiyə parlamentinə küçə itləri ilə bağlı qanun layihəsi təqdim olunub

Türkiyədə heyvan haqları müdafiəşilərinin aksiyası
Türkiyədə heyvan haqları müdafiəşilərinin aksiyası

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə milyonlarla sahibsiz itlər barədə tədbirləri ehtiva edən qanun layihəsi təqdim edib.

Reuters agentliyi yazır ki, heyvan haqları müdafiəçiləri təklif edilən qanun layihəsindən narahatdırlar.

Onların fikrincə ölkədə olan milyonlara sahibsiz itləri sığınacaqlara salmaqdansa, onların kütləvi qısırlaşdırılması daha münasib həll olardı.

AKP-nin təklif etdiyi layihədə deyilir ki, bələdiyyələr sahiblsiz itləri küçələrdən yığışdırmalı və onlar yeni sahibləri tapılanadək orada saxlanmalıdırlar.

Layihədə qeyd olunur ki, aqressiv və sağalmaz xəstəlikləri olan itlər məhv edilməlidir.

AKP parlament fraksiyasının sədri Abdullah Güler deyib:

"Küçələr itlərin yaşaması üçün məkan deyildir, amma onların daha ixtisaslaşdırılmış sığınacaqlarda yaşamaq haqqı var”.

Reuters xatırladır ki, bu qanun layihəsinin ilkin variantı bir ay əvvəl mətbuata sızmış və müxalifət də daxil ictimaiyyət tərəfindən mənfi qarşılanmışdı.

Həmin layihədə bütün sahibsiz itlərin bir ay ərzində tutulması və məhv edilməsi təklif olunurdu.

4 milyonadək it

Xəbərdə deyilir ki, Türkiyədə 4 milyonadək küçə itinin yaşadığı təxmin edilir. Qanun layihəsində qeyd olunur ki, son 20 ildə 2.5 milyon it bələdiyyələr tərəfindən qısırlaşdırılıb.

Türkiyədə hazırda qüvvədə olan qanuna görə bələdiyyələr küçə itlərini qısırlaşdırmalı və vaksinləməli, daha sonra isə onları tutulduqları yerə buraxmalıdırlar.

Qanun layihəsində deyilir ki, Türkiyədə hazırda 322 heyvan sığınacağı var və bunlar 105 min it üçün nəzərdə tutulub.

Qanun layihəsi habelə bələdiyyələri illlik büdcələrinin azı 0.3 faizini heyvanların reabilitasiyasına və yeni sığınacaqların tikilməsinə təhkim edir.

Qanun layihəsində bələdiyyələrə yeni sığınacaqların tikilməsi və köhnələrinin təmir edilməsi üçün 2028-ci ilədək vaxt verir.

Qazaxıstanda 'Putin' və 'işğalçılar' sözlərinə görə iş alan qadının hökmü qüvvədə saxlandı

Kalime Japarova iyulun 12-də məhkəmədə
Kalime Japarova iyulun 12-də məhkəmədə

Qazaxıstanda Çimkənd məhkəməsinin cinayət işləri üzrə kollegiyası 63 yaşlı Kalime Japarova barəsində hökmü qüvvədə saxlayıb.

AzadlıqRadiosunun Qazax xidməti yazır ki, Japarova millətlərarası ixtilafı qızışdırmaqda ittiham olunaraq məhkum edilib.

Kollegiya hesab etdiyini bildirib ki, müttəhimin təqsiri tamamilə sübuta yetirilib. Məhkəmə Japarovanın apellyasiya şikayətini təmin etməyib.

Japarova isə bildirib ki, kollegiyanın qərarı ilə razı deyil və kassasiya instansiyasına müraciət edəcək.

Rus xalqına yox, Putinə

Qadın israr edir ki, məhkəmə-tibb ekspertizası onun milli ədavəti qızışdıran sözlər işlətmədiyini göstərib.

Pensiyaçı Japarova istintaqın davam etdiyi 7 ay ərzində həbsdə qalıb. O məhkəmədən tam bəraət istəmişdi.

Japarova məhkəmə dinləməsi zamanı izah edib ki, onun dedikləri bütünlükdə rus xalqına deyil, “Ukrayna dövlətinə qarşı işğalçı müharibə aparan qrupa”, özəlliklə prezident Putinə ünvanlamışdı.

İstintaq materiallarında deyilir ki, Japarova ictimai nəqliyyatda Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyərkən “Ukraynaya eşq oldun!” şüarı ilə yanaşı, həm də “rus faşistlərinə və işğalçılarına ölüm” sözlərini işlədib.

Məhkəmə isə qərara gəlib ki, Japarovanın dediklərində milli əlamətə görə düşmənçiliyin qızışdırılması maddəsinin tərkibi var.

“Siyasi məhbus siyahısı”

Mayın 24-də Çimkənd şəhərinin cinayət işləri üzrə məhkəməsi pensiyaçını təqsirli bilmiş və onun azadlığının iki il müddətinə məhdudlaşdırılması barədə hökm vermişdi.

Bu, Qazaxıstan Cinayət Məcəlləsinin 174.1 maddəsində nəzərdə tutulan minimum müddətdir.

Müstəntiqlər Japarova barəsində ittihamı eyni maddənin 1-ci hissəsinə keçirərək cəzanı bir qədər yüngülləşdiriblər. Həmin maddənin 2-ci hissəsində 5 ildən 10 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Aprel ayında Qazaxıstan insan haqları müdafiəçiləri Japarovanı və daha bir neçə nəfəri özlərinin tərtib etdikləri “siyasi məhbus siyahısına” daxil ediblər.

İnsan haqları müdafiəçilərinin sözlərinə görə Japarova Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə tənqidlərini dəfələrlə dilə gətirib.

2020-ci ildə polislər onun evinə gələrək Japarova ilə söhbət aparmışdılar. Pensiyaçıya Rusiya və Ukrayna münasibətləri barədə fikir söyləməkdən çəkinmək tövsiyə olunmuşdu.

Avstriyadan Rusiyaya deportasiya olunmalı dağıstanlının intihar etdiyi xəbər verilir

Vyanada polis patrulu (Arxiv fotosu)
Vyanada polis patrulu (Arxiv fotosu)

Avstriya mediasının xəbərlərinə görə Vyanadakı deportasiya mərkəzində saxlanan Dağıstan doğumlu şəxs özünü asıb.

Xəbər verilir ki, Rusiyada onun barəsində terrorçuluq maddəsi ilə cinayət təhqiqatı aparılırdı.

Həmin şəxs habelə “Vilayət Xorasan” islamçı qruplaşması ilə əlaqədə şübhəli bilinirdi.

Avstriyanın Kronen Zeitung qəzeti yazır ki, sözü gedən şəxs Rusiyaya deportasiyasından bir neçə saat əvvəl intihar edib.

Media intihar edənin kimliyini açıqlamır.

İstintaqın versiyası

İstintaqın versiyasına görə o bir tacik-türk ər-arvad cütlüyü və daha bir əslən tacikistanlı ilə Yeni il və Milad bayramları ərəfəsində Almaniyadakı Köln məbədinə və Vyanadakı müqəddəs Stefan kilsəsinə hücum hazırlayırmış.

Müstəntiqlər dağıstanlını “Vilayət Xorasan” qruplaşmasının üzvü hesab edirlər.

İslam Dövləti ekstremist təşkilatının əfqan qolu sayılan bu qruplaşma mart ayında Moskvadakı Crocus City Hall konsert kompleksinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Lakin sübutların azlığına görə şübhəliyə qarşı ittiham irəli sürmək mümkün olmamışdı.

Məhz bu səbəbdən mayın sonlarında ilkin istintaq yekunlaşdıqdan sonra fiqurantlar deportasiya mərkəzinə gətirilmişdilər.

Hüquq-mühafizə orqanlarının rəsmi sənədlərində bu şübhəlilərin “xüsusilə təhlükəli şəxslər” olduğu bildirilir.

Deportasiya olunanlar

Şübhəlilərdən biri artıq Tacikisitana deportasiya olunub. Sözü gedən qrupdakı yeganə qadın Türkiyə hakimiyyət orqanlarına təslim edilib. Onun tacik əri Türkiyədən siyasi sığınacaq istəyib. Onun bu istəyi rədd edilərsə, o da Tacikistana ekstradisiya olunacaq.

AzadlıqRadiosu yazır ki, ötən yanvarda Vyanadakı deportasiya həbsxanasının qarşısında çeçenistanlıların mitinqi olmuşdu.

Bu mitinqdə Avstriya həbsxanalarında olan qaçqınların hüquqlarının pozulmasına etiraz bildirilirdi.

Noyabr ayında Almaniyanın Brandenburq federal ərazisində 16 yaşlı əslən çeçenistanlı həbs olunmuşdu.

Polisin versiyasına görə o Milad bazarında terror aktına hazırlaşırdı.

Onun əlbiri sayılan başqa bir 15 yaşlı yeniyetmə isə Şimali Reyn Vestfaliyada həbs edilmişdi.

Ərdoğan deyir ki, Türkiyə NATO-nun İsraillə əməkdaşlıq səylərini dəstəkləmir

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 12-də deyib ki, NATO-nun İsrail administrasiyası ilə tərəfdaşlığı davam etdirməsi mümkün deyil.

"Fələstində hərtərəfli, davamlı sülh bərqərar olmayanadək Türkiyə NATO daxilində İsraillə əməkdaşlıq səylərini dəstəkləməyəcək", - Ərdoğan NATO sammitində mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirməyə yönəlik diplomatik səylərini də davam etdirir.

Suriya ilə əlaqələr, F-16 satışı

Ərdoğan onu da deyib ki, xarici işlər naziri Hakan Fidana Suriya ilə əlaqələrin bərpasına başlamaqdan ötrü Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırıb. Türkiyə prezidenti ötən bazar günü- iyulun 7-də demişdi ki, Ankara iki qonşunun əlaqələrinin bərpası üçün mümkün danışıqlardan ötrü Əsədə "istənilən vaxt" dəvətnamə göndərəcək.

Türkiyəyə F-16 satışına gəlincə, Ərdoğan deyib: "(ABŞ prezidenti Co) Bayden ilə danışdım. O dedi ki, bu problemi üç-dörd həftəyə həll edəcək".

Martda ABŞ Senatı Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışını dayandırmaq təklifini rədd edib. Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16-ların satışına icazə vermişdi.

YPG məsələsi

Ərdoğan terrorçuluğa qarşı mübarizədə NATO müttəfiqlərindən həmrəylik gözlədiyini sözlərinə əlavə edib. O, müttəfiqlərdən bəzilərinin Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriyadakı qanadı - PYD/YPG ilə münasibətini qəbul edə bilmədiklərini vurğulayıb.

Türkiyə YPG-ni PKK-ya bağlı terror təşkilatı sayır. Onun Qərb müttəfiqləri PKK-nı terrorçu siyahısına salsalar da, YPG–ya qarşı bu addımı atmayıblar.

Ərdoğan onu da deyib ki, Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) sadəcə müşahidəçi deyil, daimi üzv olmaqdır.

ŞƏT 2001-ci ildə Rusiya, Çin, Orta Asiya ölkələri tərəfindən Qərb alyanslarına qarşı təhlükəsizlik, siyasi və iqtisadi ittifaq kimi yaradılıb.

Latviyada kremlpərəst fəal 3 il azadlıqdan məhrum edilib

Riqadakı Rusiya səfirliyinin qarşısında avtobus
Riqadakı Rusiya səfirliyinin qarşısında avtobus

Latviyada məhkəmə kremlpərəst fəal Yelena Kreyleni 3 il azadlıqdan məhrum edib. O, Rusiyanın Ukraynada hərbi cinayətlərini açıq şəkildə əsaslandırmaqda təqsirli bilinib. Məlumatı Latviyanın "Jauns" və "Delfi" agentlikləri yayıb.

"Kreyle Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri, o cümlədən soyqırımı, bəşəriyyətə, dünyaya qarşı cinayətlərini, eləcə də SSRİ-nin Latviyada törətdiyi hərbi cinayətləri açıq şəkildə əsaslandırmaqda ittiham olunur", -- "Delfi" yazır.

İttihamnamədə deyilir ki, Kreyle 2023-cü il martın 7-dən iyunun 15-dək Rusiyaya dəstəyini açıq ifadə edib – evinin pəncərəsindən Rusiyanın əldəqayırma bayraqlarını asıb, onlardan birində "Putin mənim dostumdur" sözləri yazılıb.

Qadın pəncərələrə Rusiyanın bayrağında əks olunmuş üç rəngdə lentlər yapışdırıb. Qırmızı rəngli plakatda Rusiyanın gerbi, "Rusiya DİN" yazılıb. Dörd qadının göründüyü plakatda isə qadınlardan biri qırmızı rəngli paltarda, SSRİ-nin simvolları sayılan oraq-çəkiclə əks olunub. Arxa fonda Rusiyanın bayrağı yer alıb.

Bundan başqa Kreyle mütəmadi olaraq müxtəlif ictimai tədbirlərdə görünüb, Rusiyanın Ukraynaya təcavüzünə dəstəyini müxtəlif əşyalar və aksesuarlarla bildirib, - Delfi qeyd edir.

Kreyle özünü təqsirli bilmir.

"Jauns" yazır ki 2023-cü ilin payızında Riqa şəhər Məhkəməsi Kreyleni Rusiyanın hərbi cinayətlərini əsaslandırmaqda təqsirli bilərək 1 il şərti cəza kəsib. Ancaq prokurorluq bu hökmdən şikayət verib, cəzanın ağırlıq dərəcəsi ilə razılaşmayıb.

İranda qadın məhbuslar əmək fəalına ölüm cəzasını pisləyirlər

Şərifə Məhəmmədi
Şərifə Məhəmmədi

İranda bir qrup qadın məhbus mümkün edam dalğası barədə xəbərdarlıq edib. Onlar bu yaxınlarda əmək fəalı Şərifə Məhəmmədiyə kəsilmiş ölüm cəzasını "utancverici və biabırçı" adlandırıblar.

16 qadın məhbusun imzaladığı məktubda deyilir ki, ötənhəftəki prezident seçkisindən öncə hakimiyyət edamların sürətini "seçki şousu" öncəsi maksimum həddə yavaşıdıb.

"Ancaq indi edam hökmlərinin çıxarılması və icrası sürətlənəcək, qurbanların ailələri daha çox repressiyaya məruz qalacaq", - məktubda deyilir və Məhəmmədiyə qarşı cəzanın ləğvi tələb olunur.

Bu ayın əvvəlində şimali Rəşt şəhərindəki İnqilab Məhkəməsi Məhəmmədini dövlətə qarşı silahlı qiyamda təqsirli bilib. Onun həmkarlar təşkilatına üzvlüyü dəlil kimi göstərilib.

Qadın həmçinin qadağan olunmuş "Komala" kürd separatçı partiyasına üzvlükdə ittiham olunur. Ailəsi isə ittihamı rədd edir.

"Hakimiyyət ədalət arenasından səsi indi daha gur çıxan qadınların etiraz və tələb səsini boğmaq istəyir", - məktubda vurğulanır.

İşgəncə iddiaları

Məhəmmədinin bibisi Vida Məhəmmədi AzadlıqRadiosunun fars xidməti – "Radio Farda"ya deyib ki, onun qardaşı qızı həbs olunandan sonra, dekabrın 5-də işgəncəyə məruz qalıb, bir neçə ayı cərimə kamerasında keçirib.

V.Məhəmmədi Ş.Məhəmmədinin ölkə içində, yaxud xaricində hər hansı siyasi təşkilata bağlılığı olmadığını sözlərinə əlavə edib.

2022-ci ildə İranda kürd əsilli Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Onun ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

Aylarla çəkən etirazlarda azı 500 etirazçının öldürüldüyü bildirilir.

Yerli və beynəlxalq insan haqları fəalları Tehranı kütləvi nümayişlərdən sonra etirazçıları və digərlərini qorxutmaq üçün ölüm cəzasından istifadədə ittiham edir.

Qırğızıstan prezidentinin qardaşı qızının sevgilisi həbs olunub

Lazzat Nurkojoyeva
Lazzat Nurkojoyeva

Qırğızıstan prezidenti Sadır Japarovun qardaşı qızının sevgilisi barəsində qanunsuz narkotik maddələr istehsalı maddəsi ilə həbs-qətimkan tədbiri seçilib.

Bişkekdəki Birinci May rayon Məhkəməsinin iyulun 10-da bildirdiyinə görə, Aftandil Sabırbekovun avqustun 3-dək həbsdə saxlanması barədə üç gün öncə qərar verilib.

Sabırbekov Japarovun qardaşı Davlatbekin qızı Lazzat Nurkojoyevanın sevgilisidir.

Ötən ay Sabırbekovun Nurkojoyevaya dəbdəbəli mərasimdə evlilik təklif etdiyini göstərən video internetdə yayılandan və kəskin ictimai qınağa səbəb olandan sonra Japarov qardaşı qızına görə üzr istəmişdi.

Sabırbekovun Nurkojoyevaya evlilik təklif etdiyi mərasimdə diqqətçəkən məqam onun Fövqəladə Hallar Nazirliyindən (FHN) kirayə götürdüyü ağ rəngli vertolyot olub.

Sabırbekovun narkobizneslə əlaqələrinə görə həbs olunması xəbəri iyulun 9-da yayılıb.

Prezidentin mətbuat katibi Askat Alaqozov iyulun 10-da bu deyilənlər təsdiqləyərək bildirib ki, "Aftandil Sabırbekov qanundankənar fəaliyyətini gizlətməkdən ötrü onu hakimiyyətdən qoruyacaq adamlar tapmağa cəhd göstərib".

Prezidentin kiçik qardaşının qızı olan L.Nurkojoyeva 2020-ci ildə ölkədə gözəllik müsabiqəsinin qalibi olub.

A.Sabırbekovun qohumları və vəkilləri isə son baş verənləri şərh etmirlər.

Moskvada pinəçiyə 14 il həbs cəzası. Ukraynaya görə...

Həbs. Foto arxiv
Həbs. Foto arxiv

İyulun 9-da Moskvada İkinci Qərb Dairəsi Hərbi məhkəməsi 32 yaşlı pinəçi Nikolay Kolinə 14 il həbs cəzası kəsib. Səbəb onun işğalçı Rusiya qüvvələrinə qarşı Ukrayna tərəfdə döyüşən Rusiya Könüllülər Korpusuna (RDK) 10 min rubl göndərməsidir.

2023-cü ilin aprelində həbs edilən Kolin terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinib.

Məhkəmə ona 300 min rubl məbləğində cərimə də kəsib.

Kolinin vəkili məhkəmənin qərarını "humanist" sayıb, belə ki ittihamda 21 il azadlıqdan məhrumetmə və 500 min rubl cərimə nəzərdə tutulurdu.

O, həbs olunanadək pinəçi işləyib, siyasətlə, tarixi rekonstruksiya, irland rəqsləri və qılıncoynatma ilə maraqlanıb.

Kolinin özünü təqsirli bilib-bilmədiyi bəlli deyil.

Noyabrda Moskva məhkəməsi RDK-nin komandiri Denis Kapustini vətənə xəyanət ittihamıyla ömürlük həbsə məhkum edib.

RDK son aylar Belqorod vilayətində Rusiya hərbi obyektlərinə bir neçə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Rusiya Baş Prokurorluğunun 2022-ci ilin fevralında verdiyi qərara görə, fəaliyyəti Rusiya Federasiyasının təhlükəsizliyinə yönəlmiş xarici ölkə, yaxud təşkilata maliyyə yardımı göstərmək vətənə xəyanət sayıla bilər.

Aİ Gürcüstanın inteqrasiya prosesini dayandırıb

Tbilisidə divara çəkilmiş Aİ və Gürcüstan bayraqları
Tbilisidə divara çəkilmiş Aİ və Gürcüstan bayraqları

Avropa İttifaqı (Aİ) Gürcüstanın inteqrasiya prosesini dayandırıb. Bu haqda iyulun 9-da Tbilisidə Aİ-nin genişləndirilməsi üzrə beynəlxalq konfransda birliyin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın indiki hakimiyyətinin niyyəti Aİ liderlərinə aydın deyil. O, "Xarici təsirin şəffaflığı haqqında" qanunu irəliləyişlər fonunda geriyə addım adlandırıb.

"Eləcə də antiqərb, antiavropa ritorikası Aİ-yə qoşulmaq üçün elan edilmiş məqsədə uyğun gəlmir", -- Qerçinski əlavə edib. O, inteqrasiyanın dayandırılmasını "kədərli və ürəkparçalayan" adlandırıb.

30 milyon avro da ayrılmayacaq

Səfirin sözlərinə görə, Aİ Gürcüstanın müdafiəsinə ayrılan 30 milyon avronu artıq dondurub və bu, "yalnız ilk addımdır". Qerçinski ümidini bildirib ki, Gürcüstanın Aİ-yə üzv olması üzərində iş bu ilin oktyabrına gözlənən parlament seçkilərindən sonra bərpa olunacaq.

Gürcüstana 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu verilib. Bundan bir neçə ay sonra hakim "Gürcü arzusu" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentin müzakirəsinə çıxarıb. Tənqidçilər bu qanunu Rusiyanın "xarici agent" qanununun analoqu sayırlar. Müxalifət qanun layihəsinə qarşı çıxıb, ölkədə bir neçə ay kütləvi etirazlar keçirilib. Prezident Salome Zurabişvili qanun layihəsinə veto qoyub.

Aİ ölkələri və ABŞ Gürcüstan hakimiyyətini qanun layihəsini qəbul etməməyə çağırıblar. Sənədin qəbulundan sonra Aİ-nin bəzi üzvləri Gürcüstan vətəndaşları üçün vizasız rejimin ləğvini təklif ediblər. ABŞ isə Gürcüstanda "demokratiyanın sarsıdılması" üçün məsuliyyət daşıyanlara sanksiyalar tətbiq edib.

Ukraynanın dron hücumlarından sonra Rusiya cənubda uçuş qadağaları tətbiq edir

Rusiyanın Rostov vilayətində dron hücumundan sonra neft anbarında yanğın
Rusiyanın Rostov vilayətində dron hücumundan sonra neft anbarında yanğın

Rusiya iyulun 9-na keçən gecə 30-dan çox Ukrayna dronunu tutduğunu bildirir. Yerli rəsmilər itkilər, binalara ziyan barədə məlumat verirlər.

Kiyev Rusiyanın iddialarını şərh etməyib.

Ötən gün Rusiya Ukraynada 37 nəfərin ölümü ilə nəticələnmiş kütləvi raket hücumu gerçəkləşdirib. Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski buna cavab veriləcəyini bəyan edib.

38 dron tutulub

Rusiya Müdafiə Nazirliyinin iyulun 9-da yaydığı məlumatda deyilir ki, beş vilayətdə ümumilikdə 38 dron tutulub. Onlardan 21-i Rostova, yeddisi Kurska, beşi Həştərxana, üçü Belqoroda, ikisi Voronejə atılıb.

Yerli media cənubdakı Həştərxan və Volqoqrad vilayətlərindəki aeroportların dron hücumlarından sonra uçuşları məhdudlaşdırdığını yazır.

İyulun 9-na keçən gecə Ukraynanın Rusiyanın Belqorod vilayətini atəşə tutması nəticəsində dörd nəfər həlak olub, 20 nəfər yaralanıb. Bunu region qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, hücum elektrik təchizatında fasiləyə səbəb olub, 60 binaya və 160 mənzilə ziyan dəyib.

Volqoqradda neft anbarı və elektrik yarımstansiyası düşən dron qalıqlarından alışıb. Bu məlumatı isə region qubernatoru Andrey Boçarov verib.

Rusiyanın raket hücumu

İyulun 8-də Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub, 21-i paytaxt Kiyevdə olmaqla, azı 37 nəfər öldürülüb. Hücumda bir xəstəxana da ziyan görüb, azı iki işçisi həlak olub.

Qərb, BMT-nin humanitar koordinatoru Rusiyanın hücumunu pisləyiblər. BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın raket hücumunu müzakirə etməkdən ötrü iyulun 9-da iclas keçirəcək.

Moskva adətən yaşayış məskənləri, məktəblər, xəstəxanalar və digər mülki obyektləri hədəfə almadığını deyir.

Rusiyanın Müdafiə Nazirliyi Kiyev yaxınlığına hücumların Ukrayna hərbi sənaye obyektləri və Ukrayna hava qüvvələri bazalarını hədəfə aldığını, hücumun hədəflərinə çatıldığını bildirib.

AzadlıqRadiosu ağır döyüşlər gedən ərazilərdə baş verənlərlə bağlı tərəflərin dediklərini müstəqil təsdiqlətmək imkanına malik deyil.

8 iyul

Ukraynaya raket zərbələrində azı 41 nəfər ölüb. BMT iclasa toplanır

BMT Təhlükəsizlik Şurası iyunun 9-da Rusiyanın Kiyevdəki "Oxmatdet" Uşaq Xəstəxanasına raket zərbəsi ilə bağlı iclas keçirəcək.

Rusiya iyulun 8-də Ukraynanın bir neçə şəhərini şiddətli raket atəşinə tutub və nəticədə ölkə boyunca azı 41 nəfər həlak olub, daha 141 nəfər yaralanıb.

Ölü sayı ən çox Kiyev və Krivoy Roq şəhərlərində qeydə alınıb.

Kiyevdə ən böyük uşaq xəstəxanasının binalarından biri və yaşayış binasının bloku dağılıb.

Sözügedən binada ölənlərdən üçü uşaqlardır.

Raketləri yenə də Xəzər üzərindən atıblar

Xəbər verilir ki, Rusiya strateji bombardmançı təyyarələri raketləri Xəzər dənizi akvatoriyasından atıblar. Rusiya hərbçiləri eyni zamanda ballistik raketlərlə atəş açıblar.

Bütün Ukrayna boyunca həyəcan vəziyyəti elan edilib.

Ukrayna hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna şəhərlərinə 38 müxtəlif tipli raket atıb və onlardan 30-nu vurmaq mümkün olub.

Uşaq xəstəxanasından başqa Kiyevin digər rayonlarında da dağıntılar var. "Lukyanovskaya" metrostansiyasının yaxınlığında biznes mərkəzi yanıb. Şevçenko rayonunda isə yaşayış binasının bir bloku tamamilə dağılıb.

Ukrayna təcili xidmətlərinin məlumatına görə, Rusiya tərəfindən təkrar raket zərbələri nəticəsində Kiyevin Dneprovsk rayonunda tibb mərkəzi qismən dağılıb. Bu zərbələr nəticəsində, azı, dörd nəfər həlak olub.

Krivoy Roqda 10 nəfər həlak olub

Xəbər verilir ki, Dneprdə, Krapivnitskdə və Krivioy Roqda partlayışlar baş verib.

Krivioy Roq şəhərində raket zərbələri nəticəsində 10 nəfərin həlak olduğu xəbər verilir.

Şəhərdə iyulun 9-u matəm günü elan edilib. Donetsk vilayəti administrasiyasının məlumatına görə, Pokrovsk şəhərində üç nəfər həlak olub.

"Uşaqların məqsədli hədəflənməsi"

Ukrayna hökumətinin rəsmiləri Rusiyanı raket zərbələri zamanı "məqsədli şəkildə" uşaqları hədəfləməkdə ittiham edirlər.

Onlar Rusiya təcavüzü ilə mübarizə üçün Ukraynaya daha çox hərbi yardımlar verilməsinə çağırırlar.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, onun qüvvələri Ukraynanın hərbi sənaye obyektlərinə və hərbi hava bazalarına zərbələr endiriblər, bütün hədəflər vurulub.

Ekspertlər Rusiyanın versiyasına inanmırlar

Rusiyanın dövlət TASS xəbər agentliyi bundan əvvəl bildirmişdi ki, partlayışlar Kiyevdə "Artyom" müdafiə zavodu və "Julyanı" aerodromu rayonunda baş verib.

Rusiya hərbiyyəsi bildirir ki, onun qüvvələri mülki obyektlərə zərbələr endirməyiblər və dağıntılar Ukrayna hava hücumundan müdafiə sisteminin raketləri vurmasına görə baş verib.

Rusiyanın hərbi bloqerləri iddia edirlər ki, Ukrayna tərəfi NASAMS hava hücumundan müdafiə raketlərindən istifadə edib.

Ukrayna təhlükəsizlik xidməti isə israr edir ki, uşaq xəstəxanasına Rusiyanın X-101 raketi ilə zərbə endirilib və Kiyevin buna dair sübutları var.

Sosial şəbəkələrdə habelə raketin Kiyevə düşmə anını görüntüləyən videolar yayılıb. Bu videoları Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak dərc edib.

"Agentstvo" saytı yazır ki, ekspertlər Rusiya Müdafiə Nazirliyinin versiyasına şübhə ilə yanaşırlar. Onlar vurğulayırlar ki, söhbət hava hücumundan müdafiənin atdığı zenit raketindən yox, Rusiya tərəfindən atılan qanadlı raketdən gedir.

Qərb Ukraynaya raket zərbələrini qətiyyətlə pisləyib. ABŞ-ın Kiyevdəki səfiri hücumu "qəddar təcavüz" və "insan həyatına tam laqeydlik" adlandırıb.

Bayramov: 'İranla daha fəal münasibətlər gözlənilir'

İran - Məsud Pezeşkian
İran - Məsud Pezeşkian

İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində bildirib.

"İranda yeni prezident seçildi və Azərbaycan prezidenti onu təbrik etdi. Biz əvvəllər Azərbaycan və İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır: "İran bizim böyük qonşumuzdur. Ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur. Gələcəyə baxış proqramımız var. İnanırıq ki, münasibətlər daha da inkişaf edəcək".

+++

İyulun 5-də İranda baş tutan prezident seçkilərinin ikinci turunun qalibi Məsud Pezeşkian olub.

Prezident seçkilərinin ikinci turunda mötədil islahatçı Məsud Pezeşkian və ultramühafizəkar sərt xətt tərəfdarı Səid Cəlili mübarizə aparıb.

İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Pezeşkian 53.7 faiz, Cəlili isə 44.3 faiz səs toplayıb.

Pezeşkian qələbədən sonra dövlət televiziyasında ilk çıxışında "Biz hamıya dostluq əlini uzadacağıq. Biz hamımız bu ölkənin insanlarıyıq. Biz hamımızdan ölkənin tərəqqisi üçün istifadə etməliyik" deyib.

69 yaşlı Pezeşkian ixtisasca həkim, ürək cərrah cərrahıdır, İranın keçmiş səhiyyə naziridir. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı idi. 2016-cı ildə İran parlamentində "Türk bölgələri" fraksiyası yaradıb.

2022-ci ildə hicab qaydalarını pozmaqda suçlanaraq saxlanan Məhsa Əminin ölümünə görə İran hökumətini, məscidləri tənqid etmişdi.

Pezeşkian daxili və xarici problemləri həll edə biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

***

İyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir.

İyunun 28-də birinci turun qalibləri ultra-mühafizəkar Səid Cəlili və islahatçı deputat, etnik azərbaycanlı Məsud Pezeşkian olublar.

Birinci tura seçicilərin cəmi 40 faizi gedib ki, bu rekord aşağı göstərici ölkənin dini isteblişmentinin narahatlığına səbəb olub.

Ali dini lider Əli Xamenei iyulun 3-də etiraf edib ki, seçici fəallığı gözlənilən kimi olmayıb, ancaq o, seçici marağının olmamasının İran rəhbərliyinin qeyri-populyarlığını göstərdiyini danıb, səsverməni "çox vacib" adlandırıb.

"İslamı və islam respublikasını, ölkənin inkişafını sevənlər bunu seçkidə iştirakla göstərməlidirlər", - 85 yaşlı Xamenei söyləyib.

Boykot çağırışları

Rejimin sərt tənqidçiləri ikinci turun boykotuna çağırsalar da, bu çağırışların nə qədər geniş yayıldığı, iranlıların onlara əhəmiyyət verib-vermədiyi bəlli deyil.

İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar.

Bu seçki Xameneinin yaşı baxımından əhəmiyyətlidir. Seçkinin qalibinin növbəti ali dini liderin seçimində potensial rolu ola bilər.

Rəsmi nəticələrə görə, Pezeşkian birinci turda səslərin 42.5, Cəlili isə 38.6 faizini yığıb.

Digər iki namizəd -- parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi 14 faizdən çox səs yığa bilməyib.

Tənqidçilər və dissidentlər əvvəlki seçkilər dəyişikliyə səbəb olmadığı üçün bu səsverməni boykot etməyə çağırırlar.

2020-ci ildən bəri İranda seçkilərdə seçici fəallığı azalıb. Bunu səbəbləri sırasında azadlıqların olmaması, ABŞ və digər sanksiyaların iqtisadiyyata mənfi təsiri göstərilir.

Rəisinin ölümündən sonra

İnsan haqları qrupları iddia edirlər ki, ultramühafizəkar prezident İbrahim Rəisi mayda Azərbaycandan qayıdarkən helikopter qəzasından öləndən sonra sosial mediadakı tənqidi səslərə təzyiqlər güclənib.

Qərbin qatı tənqidçisi olan Rəisi Xameneinin mümkün varisi sayılırdı.

update

Orban Çində Si ilə görüşüb

Viktor Orban və Si Cinpin
Viktor Orban və Si Cinpin

Macarıstanın baş naziri Viktor Orban iyulun 8-də Pekində Çin lideri Si Cinpinlə görüşüb.

Bəyanatlar

Orban Çinə elan olunmayan səfərini müdafiə edib: "Çin Rusiya-Ukrayna müharibəsində sülhün şərtlərinin yaradılmasında əsas qüvvədir. Buna görə də Pekinə prezident Si ilə görüşə gəldim, onun Budapeştə rəsmi səfərindən cəmi iki ay keçir".

Pekindəki görüşdən bir gün sonra Orban da daxil olmaqla NATO liderləri Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammitə yığışacaqlar. Rusiyanın Ukraynaya qarşı işğalına Qərbin reaksiyası sammitin gündəliyində duran əsas məsələdir.

Si isə Orbanla görüşdən sonra Ukrayna müharibəsi barədə deyib ki, "beynəlxalq ictimaiyyət tərəflərin birbaşa dialoqu və danışıqları bərpa etməsindən ötrü şərtləri formalaşdırmalı və yardım göstərməlidir".

Çin lideri indiyədək münaqişəni pisləsə də, diplomatik baxımdan Putini dəstəkləyib. 2022-ci ilin fevralında Ukraynadakı müharibə başlamazdan öncə Si Putinlə "limitsiz" tərəfdaşlıq yaradıb.

+++

Macarıstan iyulun 1-də Avropa İttifaqına (Aİ) sədrliyə başlayandan Orban, özünün dediyi kimi, sülhyaratma missiyası çərçivəsində artıq üçüncü ölkəyə səfər edir. O, X platformasında aeroportdan fotonun yer aldığı postunda yazıb: "Sülhyaratma missiyası 3.0".

Orban ötən həftə Kiyevə və Moskvaya gedib, Ukrayna və Rusiya arasında sülh axtarışında olduğunu iddia edib. İyulun 6-da İsveçrənin "Die Weltwoche" saytına müsahibəsində deyib ki, növbəti həftə Ukraynada müharibənin dayandırılması məsələsi üzrə yeni "gözlənilməz" görüşləri olacaq, o, iyulun 8-i səhərə "sürpriz" vəd edib.

Viktor Orban və Volodimir Zelenski
Viktor Orban və Volodimir Zelenski

Orbanın danışıqları

İyulun 2-də Kiyevə gedən Orban prezident Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqları naminə atəşkəsi dayandırmağa razılaşmağa çağırıb. Zelenski isə daha sonra "Bloomberg"ə müsahibəsində deyib ki, atəşkəs, ondan sonra nə gələcəyi barədə aydın plan olmasa, münaqişənin bitməsi deyil, dondurulması demək olacaq.

Zelenski müsahibəsində onu da qeyd edib ki, müharibənin bitməsi həm Kiyev, həm də bütün dünya üçün ədalətlidir, ABŞ və Çin fikir ayrılıqlarını kənara qoyaraq Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməlidirlər.

İyulun 5-də Kremldə Orban ilə görüşən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi haqda həmişəki tezislərini, danışıqların başlamasından ötrü tələblərini təkrarlayıb. O, Rusiyanın qanunsuz ilhaqını elan etdiyi ərazilərindən Ukrayna qoşunlarının çıxarılmasını da tələb edir.

Aİ rəhbərliyinin yanaşması

Moskvada danışıqları bitirən Orban deyib ki, Kiyev və Moskvanın sülh tənzimlənməsinə yanaşmasında böyük fərq görür.

Kiyevdə və Aİ-nin bir çox ölkələrində Orbanın bəyanatlarına və hərəkətlərinə skeptik yanaşır, onu birbaşa rusiyapərəst mövqedə olmasa da, Ukraynanın maraqlarını güzəştə getməkdə hazır olmaqda ittiham edirlər.

Aİ rəhbərliyi, o cümlədən birliyin bir sıra ölkələrinin liderləri Orbanın Moskva səfərindən sonra bəyan ediblər ki, Macarıstan baş nazirinin Aİ adından Putinlə danışıqlar aparmaq mandatı yoxdur.

Ukrayna hakimiyyəti bütün ölkələri "Ukrayna barədə Ukraynasız heç bir razılaşmaya getməmək" prinsipinə əməl etməyə çağırır.

update

Fransada seçki sürprizi: sol qüvvələr önə çıxır

İnsanlar Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun qismən nəticələrindən sonra Respublika meydanına toplaşırlar.
İnsanlar Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun qismən nəticələrindən sonra Respublika meydanına toplaşırlar.

İyulun 7-də Fransada parlament seçkilərinin ikinci turu keçirilib. Sol qüvvələr alyansı gözlənilmədən ifrat sağçılardan önə çıxıb. Bu isə Merin Lö Penin "Milli birlik" (RN) partiyasının hökuməti idarə etməyini önləyir.

Rəy sorğuları RN-in seçkini asanlıqla udacağını göstərirdi. Ancaq sol və mərkəzçi alyanslar əməkdaşlığa gedərək RN-ə qarşı cəbhə yarada biliblər.

İfrat solçu, Sosialistlər və Yaşıllardan ibarət solçu "Yeni xalq cəbhəsi" alyansının 577 yerdən 172-215-ni qazanacağı gözlənilir.

Prezident Emmanuel Makronun mərkəzçi alyansı isə 150-180 yerlə ikinci olacağı görünür.

RN 115-155 yer qazana bilər.

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsi təqdim edəcəyini bildirib. Makron baş naziri özü təyin edə bilər. Ancaq Yelisey sarayından deyilib ki, prezident parlamentin yekun formalaşmasını gözləyəcək.

+++

İkinci turda seçicilərin 66.6 faizi iştirak edib.

Rəqib partiya təmsilçiləri ikinci turdan öncə seçiciləri solçu namizədlərə səs verməyə çağırırdı. Məqsəd ifrat sağçıların qalib gəlməsinə mane olmaq idi.

"Le Monde" qəzetinin dərc etdiyi nəticələrə görə, "Yeni xalq cəbhəsi" 182, prezident-yönümlü "Respublika uğrunda Birlikdə" koalisiyası 168 mandat qazanıb. Solçular inandırıcı nəticələr göstərə bilmədikləri dairələrdə bu koalisiyanın namizədlərinə səs verməyə çağırırdılar.

İfrat sağçı "Milli birlik" 143, "Respublikaçılar" 45 yer əldə edib. Digər birliklər isə ümumilikdə 39 mandat qazanıblar.

Bununla da heç bir siyasi qüvvə parlamentdə çoxluğu ala bilməyib. Fransa Milli Assambleyasında 577 deputat var, çoxluqdan ötrü 289 yer qazanılmalıdır.

Fransanın ultra - sağçı "Milli birlik" partiyasının seçkiqabağı plakatları
Fransanın ultra - sağçı "Milli birlik" partiyasının seçkiqabağı plakatları

"Hələ son deyil"

AzadlıqRadiosunun Avropa müxbiri Rikard Yozvyak yazır ki, adətən sağ-mərkəzçi və solçu qüvvələr bir-biri ilə rəqabət aparanda RN çiçəklənirdi. Bu dəfə isə ifrat sağçılar bu didişmədən məhrum qaldılar.

Ekzit-pol nəticələri Avropada çoxlarının dərindən nəfəs almasına səbəb olsa da, bu, hələ son deyil. Makronun qanadları azından öz ölkəsində "kəsildi", - müəllif qeyd edir.

Belə bir parçalanmış parlamentdə funksional hökumət formalaşdırmaq asan olmayacaq. Belə ki, solçu alyans və Makronun mərkəzçi qüvvələri heç də eyni dildə danışmırlar, hələ aylansdakı bəzi partiyalar bir qırağa dursun.

Görünür, koalisiya yaradılsa da, zəif, xaotik olacaq. Bir il ərzində bu iş alınmasa, yeni seçkilər istisna edilmir.

"Lö Penin kənarda daha əlverişli məqamı gözləyəcəyi də istisna deyil. Həm parlament seçkilərində, həm də daha böyük priz hələ qabaqdadır: 2027-ci ildə yeni prezident seçkisi gözlənilir", -- Yozvyak yazır.

Fransa xüsusi təyinatlıları növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra nümayişçilərlə toqquşmalar zamanı yanan velosipedlərin yanında dayanıblar.
Fransa xüsusi təyinatlıları növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrindən sonra nümayişçilərlə toqquşmalar zamanı yanan velosipedlərin yanında dayanıblar.

Küçələrdə izdiham, iğtişaşlar

İlkin nəticələr yayılandan sonra Fransa şəhərləri izdiham bürüyüb.

Parisdə Respublika meydanına minlərlə insan yığışıb. Əvvəlcə dinc keçən aksiyada sonradan qarışıqlıq düşüb, zibil qabları, velosipedlər yandırılıb, avtobus dayanacaqlarının şüşələri sındırılıb. Nant şəhərində aksiyalar zamanı iğtişaşlar yaranıb, polis gözyaşardıcı qazdan istifadə etməli olub. Xəbəri BBC-nin rus xidməti yayıb.

Bu ilin iyununda Avropa Parlamentinə seçkilərdə Fransada ifrat sağçıların qələbəsindən sonra ölkədə növbədənkənar parlament seçkiləri təyin olunub.

01.07.2024

Fransa seçkilərində ifrat sağçılar birinci turun qalibidir

İyunun 30-da Fransada parlament seçkilərinin birinci turunun qalibi Marin Lö Penin "Milli birlik" (RN) partiyası olub.

Səsvermə yüksək seçici iştirakçılığı ilə keçirilib, RN-in solçu və mərkəzçi rəqiblərini geridə qoyaraq səslərin 34 faizə qədərini yığdığı bildirilir. Məlumatı "Reuters" "Ipsos", "Ifop", "OpinionWay" və "Elabe" təşkilatlarının ekzit-pollarına əsasən yayıb.

Prezident Emmanuel Makronun "Birlikdə" alyansı 20.5 faiz səs yığıb.

Tələsik yaradılmış sol qanad koalisiyası – "Yeni xalq cəbhəsi"nin 29 faizə yaxın səs yığdığı görünür.

Fransada çoxlarının qəbul etmədiyi RN indi hakimiyyətə heç vaxt olmadığı qədər yaxın görünür. Lö Pen son vaxtlar irqçilik və antisemitizmlə tanınan partiyasının imicini təmizləməyə çalışıb. Makronun dövründə yaşam xərclərinin, immiqrasiya sarıdan narahatlığın yüksəlməsi seçicilərin qəzəbini artırıb deyə, bu taktika səmərəli olub.

Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir. İlk turda qalib gəlmək üçün 50 faizdən çox səs toplamaq lazımdır. Əks halda, dairə üzrə səslərin azı 12.5 faizini qazanan şəxslər ikinci tura keçirlər.

Makron seçiciləri "aşkar respublikaçı və demokratik" namizədlər ətrafında birləşməyə çağırıb. Onun son bəyanatlarına əsasən demək olar ki, RN və ifrat solçu "Əyilməz Fransa" partiyasının namizədləri bu sırada deyillər.

Ərdoğan TDT liderlərinin  Şuşa toplantısında iştirak etməyəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı liderlərinin zirvə toplantısında iştirak etməyəcək.

Buna səbəb Ərdoğanın iyulun 6-da Almaniyaya səfər etməsidir.

Türkiyə prezidenti həmin gün futbol üzrə Avropa Çempionatının dörddə bir final mərhələsində Türkiyə-Niderland oyununu izləyəcək. Ona görə də zirvə toplantısında Türkiyəni bu ölkənin vitse-prezidenti təmsil edəcək.

President.az saytının məlumatına görə, bu haqda prezident İlham Əliyevlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında iyulun 5-də keçirilən görüşdə danışılıb.

UEFA Türkiyə futbolçusunun növbəti iki oyunda iştirakını qadağan etdi

Merih Demiral
Merih Demiral

Avropanın futbol təşkilatı - UEFA iyulun 2-də Avstriya və Türkiyə yığmaları arasında keçirilən matçda baş vermiş insidentlə bağlı qərar verib.

Qərarda deyilir ki, Türkiyə yığmasının oyunçusu Merih Demiral təşkilatın ümumi davranış qaydalarını pozub: Futbolçu idman tədbirindən qeyri-idman təbiətli ifadə üçün istifadə edib və bununla da futbol idmanına hörmətsizlik nümayiş etdirib.

Təşkilatın Apellyasiya şurası Demiralı UEFA çərçivəsində keçirilən dalbadal iki oyunda iştirakdan məhrum edib.

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Demiral Avstriyanın qapısına qol vurduqdan sonra hər iki əli ilə "boz qurd" kimi tanınan jest edib.

Avstriyada təşkilatın simvolikasından istifadə qadağandır.

Qəzzada atəşkəs və girovlarla bağlı danışıqlar bərpa oluna bilər

İsrail zərbəsindən sonra Rafahda tüstü qalxır
İsrail zərbəsindən sonra Rafahda tüstü qalxır

İsrailin "Mossad" kəşfiyyat xidmətinin başçısı David Barnea Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların bərpasından ötrü Qətərə gedir. Bunu danışıqlardan agah mənbə "Reuters"ə deyib.

Məlumata görə, Barnea Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşəcək. Məqsəd İsrailin ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS silah qruplaşması ilə danışıqlarını təşkil etməkdir.

Razılaşmaya "heç vaxt olmadığı kimi" yaxın

Bu arada Livanın "Hizbullah" qruplaşmasının lideri Seyid Həsən Nəsrullah ilə HƏMAS-ın liderlərindən Xəlil əl-Həyyanın Qəzza zolağında son baş verənləri və atəşkəs danışıqlarını müzakirə etdiyi bildirilir. Xəbəri Hizbullah yayıb.

Ötən ilin oktyabrında İsrail-HƏMAS müharibəsi başlanandan Livan-İsrail sərhədində "Hizbullah" ilə İsrail arasında paralel münaqişə gedir. Bu isə münaqişənin daha da genişlənəcəyi sarıdan qorxuları gücləndirir.

ABŞ administrasiyasının aparıcı rəsmisi isə iyulun 4-də bildirib ki, HƏMAS İsraillə potensial girov razılaşması ilə bağlı mövqeyində əhəmiyyətli dəyişiklik edib. Rəsmi ümidini bildirib ki, bu, daimi atəşkəsə doğru bir paktla nəticələnəcək.

Elə İsrailin müdafiə naziri Yoav Qalant da ölkəsinin girovların azadlığa buraxılması üçün razılaşmaya "heç vaxt olmadığı" kimi yaxın olduğunu deyib. Nazir girovların qohumları ilə qeyri-rəsmi görüşdə danışıb.

Bayden Netanyahu ilə danışıb

Ağ evin prezident Co Bayden ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon söhbəti barədə məlumatı da danışıqlarda proqres olduğunu dolayısı ilə təsdiqləyir. Məlumatda deyilir ki, liderlər HƏMAS-dan bu yaxınlarda alınmış təklifləri müzakirə ediblər.

Bundan öncə HƏMAS bildirmişdi ki, təşkilatın rəhbəri İsmayıl Haniyə misirli və qətərli vasitəçilərlə danışıqların yeni raundunu keçirib. Danışıqlar prosesinə Türkiyənin də qoşulduğu xəbər verilirdi. Bəzi məlumatlara görə, HƏMAS İsrailin ona qarşı müharibəni dayandırması tələbindən əl çəkib. Hazırda HƏMAS yalnız "daimi" atəşkəs istəyir. Netanyahunun isə müharibənin bəyan edilmiş hədəflərinin hamısına, o cümlədən HƏMAS-ın məhvinə nail olmaq tələbindən əl çəkmədiyi bildirilir.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 35 min nəfərin həlak olduğu xəbər verilir.

Peskov Ərdoğanın Ukrayna münaqişəsində mümkün vasitəçi olmadığını deyib

Dmitri Peskov
Dmitri Peskov

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitindən əvvəl jurnalistlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində mümkün vasitəçiliyi barədə suallarına cavab verərkən “bunun mümkün olmadığını” deyib:

“Rəcəb Ərdoğan Ukrayna üzrə danışıqlarında mümkün vasitəçi hesab olunmur”.

Bununla belə Peskov əlavə edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Astanadakı görüşləri zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

TASS xəbər agentliyi bildirir ki, Ərdoğan-Putin danışıqları 1 saatadək çəkib.

Peskovun sözlərinə görə onlar iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkiyənin bundan əvvəlki vasitəçilik səyləri

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi 2022-ci ilin 24 fevralında başlayıb.

Türkiyə bu müdaxiləni pisləsə də, başlanğıcda Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı.

Amma bir sıra Türkiyə bankları ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinərək Rusiya bankları ilə əməkdaşlığı dayandırıblar.

Türkiyə prezidenti müdaxilənin ilk günündən öz vasitəçiliyini təklif edib və bundan sonra İstanbul razılaşması deyilən sənədin layihəsi hazırlanıb. Lakin Ukrayna bu sənədi imzalamaqdan boyun qaçırıb.

Ukrayna taxılının Ukrayna limanlarından ixracı Türkiyə və BMT-nin vasitəçiliyi ilə baş tutub.

Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb. Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.

Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tuturdu.

Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub. Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.

Lakin 2023-cü ilin iyulunda Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradan bu sazişdən çıxıb. Bunu öz ərzaq və gübrə ixracının ciddi maneələrlə üzləşməsi ilə əsaslandırıb.

Astanada ŞƏT sammiti başlanıb. Belarus yeni üzvdür

Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının sammiti
Astanada ŞƏT-ə üzv dövlətlərin başçılarının sammiti

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Belarusun təşkilata üzv qəbul edilməsi ilə başlanıb.

"Belarus təşkilata tamhüquqlu üzvlük yolunda gərəkən prosedurları yerinə yetirib", - Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammiti açarkən deyib.

Bununla da Belarus ŞƏT-in 10-cu üzvünə çevrilib. Qurumun digər üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistandır.

Sammitdə 16 ölkənin yüksək çinli təmsilçisi, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, müxtəlif beynəlxalq təşkilatların başçıları iştirak edir.

Sammit çərçivəsində ilk dəfə olaraq "Ədalətli sülh, razılaşma və inkişaf uğrunda dünya birliyi barədə" ŞƏT+ formatında görüş olmalıdır. ​Azərbaycan prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün "Müstəqillik" Sarayına gəlib.

ŞƏT 2001-ci ildə üzvləri arasında iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılıb.

Belarus siyasətçisi amnistiya aktı ilə azadlığa buraxılıb

Rıqor Kastusyov
Rıqor Kastusyov

Belarus Xalq Cəbhəsinin lideri, uzunmüddətli həbs cəzası çəkən Rıqor Kastusyov amnistiya aktı ilə azadlığa çıxıb. Ölkənin avtoritar lideri Aleksandr Lukaşenko amnistiyanı Belarusun nasist Almaniyasından azad olunmasının 80-ci ildönümü münasibətilə imzalayıb.

Kastusyovun Polşada yaşayan kürəkəni Dmitri Antonçik AzadlıqRadiosuna deyib ki, 67 yaşlı siyasətçi iyulun 3-də azad edilib.

2010-cu ildə prezidentliyə namizəd olmuş Kastusyov 2022-ci ilin sentyabrında hakimiyyəti ələ keçirməyi planlaşdırmaqda təqsirli bilinərək 10 il həbsə məhkum edilib. İstintaqa qədərki həbsi də nəzərə alanda o, həbsdə 3 ildən çox qalıb.

Həbsxanada siyasətçiyə xərçəng diaqnozu qoyulub.

Amnistiya 8 minə yaxın məhkumu əhatələyir, amma...

"Vyasna" (Bahar) insan haqları qrupu iyulun 3-də bildirib ki, ümumilikdə ikisi qadın olmaqla dörd siyasi məhbus elə həmin gün açıqlanmış amnistiya qanunu ilə azadlığa çıxıb. Qurum digər buraxılanların adlarını gizlilik səbəbi ilə açıqlamayıb.

Lukaşenko qanunu iyulun 2-də imzalayıb. Rəsmi açıqlamaya görə, amnistiya 7 min 850 məhkumu əhatə edəcək, onlardan 2 min 90 nəfəri buraxılacaq, 800 nəfərin şərti cəzasının qalan hissəsi bağışlanacaq, 40 nəfər barəsində inzibati həbslər ləğv olunacaq. 260 nəfərin həbsi şərti cəza ilə əvəzlənəcək, 4 min 550 məhkumun cəzası isə bir il azaldılacaq.

Lukaşenko iyulun 2-də deyib ki, 2020-ci ildə onun qalib elan olunduğu prezident seçkisinin nəticələrinə kütləvi etiraz aksiyalarına görə həbs edilmiş şəxslərin bəziləri buraxıla bilər. O, ağır xəstələrin, əsasən, xərçəng olanların daha tez buraxılacağını vurğulayıb.

1 min 400 siyasi məhbus

İnsan haqları qrupları iyulun 3-dək Belarusda 1 min 409 siyasi məhbusun olduğunu deyirlər. Ancaq siyasi motivli ittihamlarla məhkum edilənlər real sayının daha çox olduğu bildirilir.

"Vyasna"nın məlumatına görə, mayın 1-dək Belarusda azı 254 siyasi məhbusun ciddi tibb problemləri, yaxud əlliliyi olub.

Amnistiya aktı "ekstremist və terrorçu" fəaliyyətlə məşğul olanlara şamil edilməyəcək. 2020-ci il etirazlarından sonra Belarus hakimiyyəti 4 mindən çox şəxsin adını ekstremistlərin reyestrinə salıb.

69 yaşlı Lukaşenko 1994-cü ildən hakimiyyətdədir. 2020-ci ilin avqust seçkisindən sonra hakimiyyətini daha da möhkəmləndirib, azı 35 min nəfər saxlanılıb. Bir çox müxalifətçilər ölkədən qaçıblar.

Qərb seçkinin nəticələrini tanımır, Lukaşenkonu ölkənin legitim lideri saymır.

Bir çox ölkələr Belarusda narazıların sıxışdırılmasına cavab olaraq Lukaşenko rejiminə sanksiyalar tətbiq ediblər.

Davamı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG