Heydərovlar biznesə nəzarəti verdilər
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Böyük Britaniyadakı biznesləri üzərində nəzarəti itiriblər. «Dumanlı Albion»dakı UEI şirkətlər qrupu 1987-ci ildə Cersi adasında qurulmuş «JTC Group» şirkətlər qrupunun idarəetməsinə keçib.
Söhbət «United Enterprises International Ltd» (UEI), eləcə də törəmələri olan «UEI Real Estate Ltd», «UEI Property (UK) Ltd», «UEI Restaurants Ltd», «Cafe Baku Ltd» və «Azerbaijan Juices Ltd» şirkətlərindən gedir. Rəsmi açıqlamalara görə, onların səhm və idarəçiliyi «JTC (Guernsey) Ltd» şirkətinə keçib.
AzadlıqRadiosunun Tale və Nicat Heydərovların bu qəfil qərarı vermə səbəblərini öyrənmək cəhdləri uğursuz bitib; UEI şirkəti Bakı ofisinin telefonu cavab vermir, London ofisinin elektron poçtu isə qəbul edilən məktublara məhdudiyyət qoyub.
BANKLARDAN BAŞQA DOLLARI HARADA ALMAQ OLAR?
Bir neçə gündür ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Mərkəzi Bankdan AzadlıqRadiosuna bununla bağlı bildirilib ki, hazırda valyuta mübadilə əməliyyatları bankların baş ofislərində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.
Məlumatda deyilir ki, valyutadəyişmə məntəqələri yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə fəaliyyətlərini davam etdirirlər.
«Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti»
«Yeni Müsavat»ın məqaləsi belə adlanır.
«Gürcüstanın ən ağır günlərində Azərbaycan həmişə onun yanında olub. Mənim yadıma gəlir, 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə rəhmətlik Heydər Əliyevin tapşırığı ilə gedib Shevardnadze ilə görüşdüm. Azərbaycan həmişə onlara kömək olub, pis günlərində yanında olub. Amma onlar indi fərqli mövqedən çıxış edirlər».
Milli Məclisin deputatı Vahid Əhmədov «Yeni Müsavat»a açıqlamasında bunları bildirib.
Şagirdi döyən müəllimi qovdular
Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar müəllim İdris Hüseynovu işdən azad edib.
Nazirliyin məlumatında deyilir ki, müəllim «Təhsil haqqında» Qanunun və «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib. Onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.
Nazirliyin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma apardığını, o başa çatdıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəyi deyilir.