Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:45

Heydərovlar Britaniyadakı bizneslərini əldən verdilər


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

-

Fövqəladə hallarnaziri Kəmaləddin Heydərovun oğulları Böyük Britaniyadakı biznesləri üzərində nəzarəti itiriblər. «Dumanlı Albion»dakı UEI şirkətlər qrupu 1987-ci ildə Cersi adasında qurulmuş «JTC Group» şirkətlər qrupunun idarəetməsinə keçib.

Söhbət «United Enterprises International Ltd» (UEI), eləcə də törəmələri olan «UEI Real Estate Ltd», «UEI Property (UK) Ltd», «UEI Restaurants Ltd», «Cafe Baku Ltd» və «Azerbaijan Juices Ltd» şirkətlərindən gedir. Rəsmi açıqlamalara görə, onların səhm və idarəçiliyi «JTC (Guernsey) Ltd» şirkətinə keçib.

AzadlıqRadiosunun Tale və Nicat Heydərovların bu qəfil qərarı vermə səbəblərini öyrənmək cəhdləri uğursuz bitib; UEI şirkəti Bakı ofisinin telefonu cavab vermir, London ofisinin elektron poçtu isə qəbul edilən məktublara məhdudiyyət qoyub.

Heydərovların Britaniya şirkətlərinin reyestrinə təqdim etdikləri sonuncu məlumata görə, qardaşların birbaşa nəzarətində yalnız bir şirkət («UEI Restaurants Global Food Ltd») var. 2013-cü ilin avqustunda qurulan həmin şirkətin bir il sonra sərmayəsinin 949 min 152 funt-sterlinq olduğu bildirilir.

Hazırda UEI şirkətlər qrupuna rəhbərlik edən Stephen Bougourd da Heydərovlara məxsus şirkətlərin idarəçiliyi barədə AzadlıqRadiosunun məktubuna cavab verməyib.

Şirkətin saytından (http://www.jtcgroup.com) görünür ki, JTC dünyanın bir çox ölkəsində varlı korporativ müştərilərə və imkanlı ailələrə əmlak və aktivlərin yönəldilməsinə dair geniş spektrli xidmətlər göstərir. İdarəçilik səmərəsini artırmaq üçün şirkət pay bölgüsünə qatılmağa da üstünlük verir. Hazırda şirkətin idarəsi altında 47 milyard avro dəyərində aktivlər var.

Nicat və Tale Heydərovların Londonda öz bizneslərini onların bu şəhərdəki təhsil illərinə təsadüf edir. İlkin kapitalın tələbə təqaüdündən qaynaqlanması ağlabatan deyil, üstəlik Britaniya paytaxtında təhsil də ucuz başa gəlmir.

Tale Heydərov
Tale Heydərov

OĞUL HEYDƏROVLARIN BİZNESİ: ŞİRƏDƏN KÜRÜYƏ QƏDƏR...

Qardaşların Britaniyada ilk biznes təcrübəsi 2008-ci ilin sentyabrında qurulan «United Enterprises International Ltd» şirkəti (UEI) oldu. Növbəti il onlar bir neçə şirkətin («UEI Caspian Caviar Ltd», «Eurazsoc Ltd» (daha sonra adı dəyişdirilərək, «UEI Cay Ltd» oldu), «Azerbaijan Carpets Ltd» və başqaları) əsasını qoydular. Lakin bu şirkətlərin fəaliyyəti 2013-cü ildə, üstəlik, eyni gündə müəmmalı şəkildə dayandırıldı. Şirkətin saytında deyilir ki, məqsəd Azərbaycan məhsullarını beynəlxalq səviyyədə təşviq etmək idi.

Azərbaycanın Britaniya ilə ticarət əlaqələrinə dair gömrük hesabatlarında bu ölkəyə qeyri-neft məhsullarının ixracı barədə məlumat yoxdur.

UEI bundan başqa kənd təsərrüfatı, tikinti, ərzaq və xalq istehlakı malları istehsalı, enerji, maliyyə xidmətləri, əmlak, turizm portfelini idarə edir. «Gilan Holding» Şirkətlər Qrupu UEI-ni öz tərəfdaşları sırasında təqdim edir.

Vergilər Nazirliyinin məlumatına görə, «United Enterprises International Ltd» şirkətinin 2009-cu ilin aprelindən fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə Tale Heydərov başçılıq edir.

Azərbaycanda UEI-ya birbaşa bağlı digər şirkətlər («UEI Transport», «UEI Trucks», «Auto UEI Azerbaijan», «UEI Claim and Valuation» və s.) də var. Onların əksəriyyətinə, eləcə də «United Enterprises Azərbaycan» şirkətinə «Gilan Holding» MMC-nin direktoru Cəmil Muradov rəhbərlik edir. Maliyyə Nazirliyi «United Enterprises Azərbaycan» MMC-ni holdinq şirkətləri sırasına aid etməklə maliyyə hesabatını açıqlamalı olduğunu bildirir. Lakin şirkət hesabatını açıqlamadığından dövriyyəsi məlum deyil. Qəribədir ki, 2009-cu ildə, yəni hələ kommersiya şirkətlərinin təsisçilərinin adları ictimaiyyət üçün açıq olduğu dövrdə də (yanvar 2008 – iyun 2012) bu şirkətin sahiblərinin adları gizli saxlanıb.

London
London

XEYRİNİ GÖRMƏDİLƏR...

Böyük yatırımlara baxmayaraq, Heydərovların Britaniyada qurduğu biznes xeyir gətirməyib.

Maliyyə hesabatlarına görə, Azərbaycanda və Almaniyada təmsil olunan «United Enterprises International Ltd» şirkətinin ilk dövrdə (2009-cu il martın 31-dək) zərəri 128.4 min funt-sterlinq olub. Üç il əvvəl şirkətin bank hesabında 2 milyon 180 min funt-sterlinq pul vardı. Ən son açıqlanmış məlumata görə (2014-cü il), onun verəcəkləri alacağını 350 min funt üstələyirdi. 2014-cü ilin dekabrın 31-nə şirkətin alacağı 3.5 milyon funt-sterlinqdən çox idi.

«Azerbaijan Juices Ltd» 2014-cü ili – 756 min 389 funt, «Café Baku Ltd» – 57 min 756 funt, «UEI Restaurants Ltd» isə 7 milyon 86 min 546 funt zərərlə başa vurub. Şirkətlərin ötən il üçün maliyyə nəticələri hələ açıqlanmayıb. Çox güman, Britaniyadakı biznesin dövr edilməsinə səbəblərdən biri də mənfi maliyyə göstəriciləri olub.

Hazırda Heydərovların Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada, Almaniya və Türkiyədə, Baltikyanı və başqa ölkələrdə çoxsaylı şirkətləri var. Yerli mətbuatın yazdığına görə, onların təkcə Azərbaycandakı «biznes imperiyası»na 200-dək şirkət və müəssisə daxildir.

Həmçinin bax- AzadlıqRadiosunun Youtube kanalında izləyin

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG