Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

«Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti»


İlham Əliyev Gürcüstanda mənzillərə qazın verilməsi mərasimində - 2008
İlham Əliyev Gürcüstanda mənzillərə qazın verilməsi mərasimində - 2008

-

«Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti» – «Yeni Müsavat»ın məqaləsi belə adlanır.

«Gürcüstanın ən ağır günlərində Azərbaycan həmişə onun yanında olub. Mənim yadıma gəlir, 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə rəhmətlik Heydər Əliyevin tapşırığı ilə gedib Shevardnadze ilə görüşdüm. Azərbaycan həmişə onlara kömək olub, pis günlərində yanında olub. Amma onlar indi fərqli mövqedən çıxış edirlər».

Milli Məclisin deputatı Vahid Əhmədov «Yeni Müsavat»a açıqlamasında bunları bildirib.

Qəzet Gürcüstanın Rusiyanın «Qazprom» şirkəti ilə qazın idxalına dair gizli danışıqlar apardığını xatırladır.

Deputat isə deyir ki, gürcülər üçün real variant Azərbaycan qazından istifadə etməkdir: «Gürcüstan tərəfi deyir ki, guya Azərbaycan qaz vermir. Elə bir şey yoxdur. Azərbaycanın kifayət qədər ehtiyatı var və Gürcüstana istənilən qədər qaz verə bilər. İndi bunlar bizim arxamızdan gedib Rusiya ilə danışıqlar aparmağa başlayıb, ruslar da deyir, biz sizə ucuz qaz verəcəyik, məncə, bunlar hamısı ucuz siyasi manevrlərdir. Ola bilər, Azərbaycan qazının qiymətini müəyyən qədər aşağı salmaq istəyirlər ki, sərfəli şərtlərə nazil olsunlar. Yəni bu, bir siyasi oyundur».

Bununla belə, V.Əhmədov Bakı ilə Tbilisi arasında ciddi problemin yaranacağını gözləmir.

Deputat bir ehtimalını da bölüşüb: «Ola bilsin, Gürcüstan da Rusiyanın hansısa oyununda iştirak edir. Görək cənab Rövnəq Abdullayevin Tiflisdə apardığı danışıqların nəticəsi nə olacaq».

Əli Kərimli
Əli Kərimli

ƏLİ KƏRİMLİ HÖKUMƏTƏ SƏSLƏNDİ

Media bölgələrdəki etiraz aksiyalarına da yer ayırıb. Məsələn, «Azadlıq» yazır:

«Əli Kərimli hökumətə səsləndi – «Xalqa qarşı təxribatları dayandırın!»»

AXCP sədri Əli Kərimli rayonlarda sosial tələblərlə etiraz aksiyalarına qalxan sakinlərə qarşı Daxili qoşunlardan və polis qüvvələrindən istifadə olunmasını pisləyib.

«Siyəzəndə, Füzulidə, Lənkəranda, Ağcabədidə devalvasiyaya, unun bahalaşmasına, işsizliyə dinc etiraz edən, dolana bilməyən, sadə, zəhmətkeş insanların qarşısına polislə, Daxili Qoşunla, Çevik Polis Alayı ilə çıxmaq lazım deyil. Nə edib o insanlar? İnsanlar yüksək mədəniyyətlə dərdlərini dilə gətirdikləri, heç bir zorakılığa əl atmadıqları halda niyə onlara qarşı zor tətbiq edirsiniz? Dinc etirazları niyə zorakılıq müstəvisinə çəkirsiniz? İndi əvvəlki vaxtlar deyil. Xalq çox narazıdır və həqiqətən dolana bilmir. Bu kimi səhvlər ağır nəticə verə bilər. Xalqa qarşı təxribatları dayandırın! Xalqın tələblərini eşidin və nəzərə alın!», – deyə AXCP lideri Facebook səhifəsində yazıb.

Bahar Muradova
Bahar Muradova

BAHALAŞMA TƏKCƏ AZƏRBAYCANIN PROBLEMİ DEYİL

Milli Məclisin vitse-spikeri Bahar Muradova da aksiyalara münasibət bildirib. O, modern.az-a deyib: «Bu, dünyadakı proseslərin Azərbaycana təsirinin nəticəsidir»

İcra qurumlarının narazı sakinlərlə görüşdüklərini qeyd edən Bahar Muradova deyib: «Narahatlıq doğuran məqam qalmayıb, məsələlər yoluna qoyulub, insanlar evlərinə dağılışıb. Hesab edirəm ki, problem həllini tapıb».

B.Muradovanın sözlərinə görə, vətəndaşlar yaranmış vəziyyəti müəyyən anlayışla qarşılamağa çalışmalıdırlar:

«Bahalaşma təkcə Azərbaycanın problemi deyil. Dünyada gedən proseslərin Azərbaycana təsirindən doğan nəticədir. Azərbaycan hökuməti, cənab Prezident hər zaman olduğu kimi, indi də xalqın marağında olan məsələlərə çox yüksək şəkildə diqqət göstərir. Ölkə başçısı Nazirlər Kabinetinin iclasındakı çıxışında da açıq, kəskin və qətiyyətli münasibətini bildirdi, müvafiq qurumlar qarşısında ciddi tələblər qoydu. O cümlədən ictimai nəzarətin gücləndirilməsi, onların effektli mexanizmlərinin tapılması ilə bağlı ciddi tapşırıqlar verdi. Hər kəs bunda öz nəticəsini çıxarmalı və aidiyyəti qurumlar fəaliyyət göstərməklə yanaşı, dövlətin ictimai stabilliyinin qorunmasında məsuliyyətli olmalıdır. Hər kəs bu işə vətəndaş məsuliyyəti ilə yanaşmalıdır».

İlham Əliyev
İlham Əliyev

ƏLİYEVİN ABŞ-A SƏFƏRİ YENİ BAŞLANĞICLAR VƏD EDİR

ANSPress.com yazır ki, ABŞ prezidenti Barack Obama-nın İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsi iki ölkə arasında yeni başlanğıc vəd edir:

«Amerikalı siyasi şərhçilər də hesab edirlər ki, səfər nəticəsində ABŞ-Azərbaycan arasında son vaxtlar müşahidə olunan soyuqluq aradan qalxacaq və iki ölkə arasında əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanla ABŞ-ın bir çox məsələlərlə maraqları üst-üstə düşür».

Qarabağ Fondunun rəhbəri Diana Altman ANS-ə deyib ki, Vaşinqton Azərbaycanın geosiyasi əhəmiyyətini tanıyır: «Amerikanın təhlükəsizliyi üçün, xüsusi ilə silahların yayılmaması mövzusunda Azərbaycan çox əhəmiyyətlidir. Amerikada çox adamlar ümid edir ki, Azərbaycan prezidentinin yazdakı səfəri əlaqələri yaxşılaşdıracaq. İki ölkəni bir-birinə daha yaxın edəcək və bu əlaqələr əslində olduğundan daha yaxşı olacaq. Xüsusilə bu narahat zamanda».

İlham Əliyev Naxçıvan Sement Zavodunun açılışında.
İlham Əliyev Naxçıvan Sement Zavodunun açılışında.

MÜHÜM İŞLƏR...

Rəsmi «Azərbaycan» qəzeti yazır: «Azərbaycan ümumdünya iqtisadi böhranının fəsadlarını minimuma endirmək üçün mühüm işlər görür».

«İqtisadiyyatın ixrac qabiliyyətinin artırılması, keyfiyyətli kənd təsərrüfatı məhsullarının ixracı sahəsində ənənəvi bazarlarda mövqeyin gücləndirilməsi, yeni bazarların müəyyənləşdirilməsi azalan neft gəlirlərinin bir qismini bərpa etməyə imkan verəcək. Yeni bazarların axtarışı, Qazaxıstanda tikintisi başa çatmaq üzrə olan loqistik mərkəzin bu yaxınlarda istifadəyə verilməsi ölkənin kənd təsərrüfatı məhsullarının xaricə çıxışını asanlaşdıracaq. Biznes mühitinin yaxşılaşdırılması, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması bütünlükdə sahibkarlığın inkişafına yeni təkan rolunu oynamalıdır», - məqalədə deyilir.

Qəzet daha sonra yazır ki, dövlət idarəçiliyi islahatlardan keçməlidir: «İdarəetmə sistemində struktur islahatlarının aparılması, daha çevik və operativ idarəetmə mexanizminin işlənməsi və tətbiqi dövlətin qarşıya qoyduğu vacib məsələlərdəndir. Dövlət şirkətlərinin idarəetmə prinsiplərinin təkmilləşdirilməsinə, korporativ idarəetmə prinsiplərinin tətbiqinə, onların fəaliyyətində şəffaflığın tam təmin edilməsinə xüsusi önəm veriləcək».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG