"Bu mitinqlər xalqın mitinqləridir"
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hüquq-mühafizə orqanlarının bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda dediklərinə münasibət bildirərkən AzadlıqRadiosuna deyib ki, rəsmi açıqlamadakı fikirlərin əsası yoxdur:
«Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özü tərəfindən həyata keçirilən etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir».
Türkiydə yenə partlayış
Türkiyənin cənub-şərqindəki Çinarlı şəhərində polis bölməsinə edilmiş hücumda azı 6 nəfər ölüb, 39 nəfər yaralanıb.
Onlardan 2-si partlayış nəticəsində, 4-ü isə ətrafdakı binanın uçması nəticəsində ölüb.
Rəsmi mənbələrin məlumatına görə, partlayış yanvarın 13-ü gecə saatlarında törədilib.
Əsasən kürdlərin yaşadığı bu şəhər Diyarbakır əyalətindədir.
Hadisə yerindən verilən reportajlarda hücum edənlərin polis məntəqəsini qumbaraatan və avtomat silahlardan atəşə tutduqları görünür.
Saat 6-dan növbəyə yazılırlar
“AzərTürkbank” hazırda yeganə bankdır ki, əhaliyə dollar və avro satır. Turanın məlumatında belə deyilir.
Yanvarın 14-də yüzlərlə adam valyuta (500 dollardan çox olmayaraq) alışı üçün növbəyə düzülib.
Bankın saytındakı elana görə, dollar alışı 1 dollara görə 1. 60, satış isə 1. 6320 manatdır. 1 avro 1.6850-a alınır, 1.7780-a satılır.
“Biz saat 6:00-da bura gəlmişik və növbəyə yazılmışıq. Bankın əməkdaşı şəxsiyyət vəsiqələrimizin surətini çıxararaq bizə nömrə verib”, - növbədə dayanan vətəndaşlardan biri Turan-a deyib.
Polis vətəndaşları əhatəyə alaraq içəri bir neçə nəfəri buraxır.
2,5 mln.-dan çox əhalisi olan paytaxtda xarici valyutanın satışının niyə ancaq bir bankda reallaşdırılması haqda rəsmi açıqlama yoxdur.
Bu arada dəmiryolu vağzalında “qara bazar”da canlanma var. Dollar 1.62 manata alınır, 1.85 – 1.90 manata satılır.
Lotereyada 1 milyard 584 milyon dollar uddular
ABŞ-da 3 nəfər Powerball lotereyasında 1 milyard 584 milyon 400 min dollar udublar. Hərəyə 528 milyon dollar düşür.
Qaliblər bu pulun 40 faizini dövlətə vergi kimi verməlidirlər. Bundan başqa ştat vergiləri də var.