Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:15

Baxılası 15 İran filmi


Kamran Su
Kamran Su

-

Gənclər arasında İran filmləri populyarlaşır

Kamran SU

(bloq yazısı)

İran kinomatoqrafiyasına giriş

1930-cu illərdən bugünə qədər İran kinomatoqrafiyası bir çox məhrumiyyətlərdən keçib.

Bura rejimlərin təzyiqi, senzuralar, maddi çatışmazlıqlar və hətta ayrı-ayrı sənətkarların ölkədən sürgün edilməsi də daxildir.

Bugün də İran kinosunun fəaliyyəti haqqında azacıq fərqlə eyni şeyləri demək olar, amma o gündən bu günə dəyişən, - bu illər ərzində yaşadığı məhrumiyyətlərə baxmayaraq, İranda böyük kino sənətkarlarının yetişməsidir.

İranda kinonun bir sənət sahəsi kimi inkişafı isə bütün dünyada kinonun geniş vüsət aldığı günlərə, 1904-cü ildə Tehranda ilk kino-teatr salonunun yarandığı günə dayanır. O illərdə İran caamatının da kinoya böyük marağı yaranmışdı, amma İran öz milli kinosunun inkişafı üçün daha yarım əsr gözləməli oldu.

1925-ci ildə İranda kino məktəbinin açılması ilə bu ölkədə kino sahəsi surətlə böyüməyə başladı. O gündən başlayaraq, yavaş-yavaş kino İran mədəniyyətinin beynəlxalq təmsilçinə çevrildi. Və ən nəhayətində, İran kinosu ecazkar, xaotik, duyğusal bir nüfuza yiyələndi. İtalyan neorealizmindən təsirlənən iranlı rejissorlar isə bir-birinin ardınca dünya kino tarixinə yazılacaq əsərlər yaratmağa başladılar.

Qısaca deyim ki, bizdə kinonun tarixi İrandan daha qədimdir. Əgər kino İranda 1900-cü illərdən başlamışdısa, Azərbaycanda ilk kino 1895-ci ildə yaranıb.

Kinomuz bugün bəyənmədiyimiz SSRİ dövründə uzun inkişaf yolu keçib. İlk filmlər, I Dövlət kinofabriki (“Azərbaycan Foto-Kino İdarəsi” (AFKİ) indiki C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının adlarından biridir), Moskvada təhsil alıb gələn rejissorlarımız, aktyorlarımız və digər kino işçiləri, bir-birinin ardınca çəkilən filmlər (hətta əvvəl Sovet propoqandasına xidmət etsə belə. Bir şeyi qeyd edim ki, kino uzun müddət bütün dünyada müxtəlif ölkələrin, rejimlərin propaqandasına xidmət edib, Hollivudsa bugün də edir) və s.

Sovetlər dağıldıqdan sonra isə kinomuz nəinki inkişaf etdi, belə demək mümkünsə, nəinki addım-addım, fərsəx-fərsəx geri getməyə başladı və bugünkü acınacaqlı vəziyyətə gəlib çatdı.

Mövzudan çox uzaqlaşmaq istəmirəm. İndi sizə təqdim olunacaq siyahıda dünyanın məşhur festivallarında yer almış İran istesalı olan filmlər var.

Siyahını özüm tərtib etmişəm amma siz bir neçə filmə baxıb İran rejissorları haqqında müəyyən təsəvvürlərə malik olduqdan sonra öz siyahınızı yarada bilərsiniz.

Qeyd: Əgər siz filmə zövq almaq üçün baxırsınızsa, bu 14 filmdən bir neçəsini seçib baxa bilərsiniz. Yox əgər niyyətiniz pisdirsə, kinoman olmaq və yaxud kino sahəsində çalışmaq istəyirsinizsə, onda bu siyahı sizin üçün giriş ola bilər və bunları izlədikdən sonra adları siyahıda olmayan daha 60-70 İran filmini daha tapıb izləməlisiniz.

1. İnək (1969) Rejissor: Daryuş Mehrcui

Əvvala onu demək lazımdır ki, Daryuş Mehrcui “İran Yeni Dalğasının” banisi sayılır və “İran Yeni Dalğası” məhz bu filmlə başlayır.

Hadisələr İran kəndlərindən birində cərayan edir. Kənddə vəziyyət o qədər ağırdır ki cəmi bir nəfərin inəyi var. Filmin qəhramanı Həsənin kənddəki sosial statusunu müəyyən edən əsas amil də onun kənddəki yeganə inəyin sahibi olmasıdır.

Bir gün inək ölür və kənd sakinləri bu xəbəri Həsəndən gizlətməyə qərar verirlər, ona deyirlər ki, inək qaçıb. Elə hər şey də bundan başlayır, ağlını itirməyə başlayan Həsən dəli kimi öz inəyini axtarır.

Bundan başqa, rejissor bir xeyli ağır mövzulara toxunub. Gizli qatda şah hakimiyyətini tənqid edib. Fərdin facisəini gösterməyə çalışıb və bir növ hamının hər şeyi bildiyini amma gizlətdiyini göstərib.

2. Velosepedçi (1987) Rejissor: Mohsen Makhmalbaf

Bu filmə Mohsen Makhmalbafın avtobioqrafik filmi də demək olar. Filmin mövzusu İranda neftçıxarma sahəsində işləyən, əfqan qaçqın Nasimin arvadının qəflətən xəstələnməsi və gündəlik xərclərini güclə qarşılayan Nasimin xəstəxana xərclərini tapa bilmək üçün axtarışa çıxmasıdır.

Bir neçə cəhddən sonra Nəsimin istədiyi məbləği tapa bilməsi üçün şans yaranır, bu şans isə gəncliyində velosiped çempionu olan Nəsimə çox ağır başa gələ bilər. Çünki şərtlər həddindən artıq qeyri-insanidir.

“Velosepedçi” tamaşaçılara təxminən insan ruhunun cəmiyyətdə üzləşdiyi şanssızlıqlar və məhrumiyyətlər qarşısında zəfər qazanması kimi bir mesaj verir.

3. İri plan (1990) Rejissor: Abbas Kiyarostami

Kiyarostami bu filmi çəkən vaxtı başqa bir film üzərində işləyirmiş, lakin bir gün qəzetdə maraqlı bir yazı oxuyub və üzərində işlədiyi filmi yarımçıq qoyaraq bu filmi çəkməyə başlayıb.

Əli Səbzian adında bir kinosevər avtobusda gedərkən öz sevdiyi rejissor Mohsen Makhmalbafın yazdığı bir kitabı oxuyur və avtobusda onun yanında əyləşmiş bir qadın Əlinin əlindəki kitabı görüb ona Mohsen Makmalbaf haqqında müxtəlif suallar verir. Çünki qadın da Əli kimi Mohsen Makhmalbaf pərəstişkarıdır.

Suallara səbrlə cavab verən Əli birdən qayıdıb deyir ki, bəs Mohsen Makhmalbaf elə onun özüdür. Əlinin üzdən Makhmalbafa oxşaması bu yalanın ortaya çıxmasına və qadının buna inanmasına rəvac verir.

Əli bu yalanın hesabına yavaş-yavaş İranın ən varlı ailələrinin birindən olan bu qadının ailəsi ilə yaxınlaşmağı bacarır. Onun niyyəti bu ailənin imkanları hesabına öz filmini çəkməkdir, amma tezliklə yalan ortaya çıxır və Əli məhkəməyə cəlb olunur.

Filmin son kadrlarında biz Mohsen Makhmalbafın özünü də ekranda görə bilərik. Qısası, geydirmə Harri Potterlərə baxmaqdansa, oturub bu filmə baxmaq məsləhətdir.

4. Ağ şar (1995) Rejissor: Cəfər Pənahi

Filmdə yeddi yaşlı bir qızın anasının akvarium almaq üçün verdiyi pulu itirməsindən və pulu tapmaq üçün etdiyi cəhdlərdən danışılır.

5. Cənnətin uşaqları (1997) Rejissor: Məcid Məcidi

Cəmi 180.000 ABŞ dollarına çəkilən bu filmdə yoxsul bir ailənin uşaqları olan Əli və Zəhra adlı bacı-qardaşın hekayəsindən danışılır. Düşünürəm ki, bu film haqqında uzun-uzadı danışmaq lazım deyil, ssenariyə gəldikdə isə təkcə bir detalı demək lazımdır, məncə. Hər gün məktəbə gedən bu uşaqların cəmi bir cüt ayaqqabısı var. Bu ayaqqabını da onların hər ikisi geyinmək məcburiyyətindədir. Unutmayın ki, ayaqqabı cəmi bir cütdür və uşaqların da birinin adı Əli digərinin adı isə Zəhradır. Tənqidçilərin fikirincə, film bir çox xüsusiyyətləri ilə Vittorio De Sica'nın “Ladri di Biciclette” (Veloseped oğruları) filmini xatırladır.

6. Ayneh (1997) Rejissor: Cəfər Pənahi

Cəfər Pənahinin bu filmində anasının gecikdiyi üçün məktəbdən evə qədər olan yolu tək gəlməyə məcbur olan kiçik Minanın şəhərlə bir neçə dəqiqəlik mübarizəsindən danışılır. Bütün hadisələr cəmi 90 dəqiqə ərzində baş verir. Bu filmdə də biz eynilə Khane-ye Doust Kodjast? (Dostumun evi hardadır) (rej: A. Kiyarostami) filmində olduğu kimi kiçik bir uşağın gözü ilə İran həqiqətlərinin işıqlandırılmasını görürük.

Cəfər Pənahi bu filmi yeni bir üslubda işləyib. Bu üslub Abbas Kiyarostaminin yaratdığı sənədli kino ilə bədii kinonun qarışığından yaranan üslubdur. Film mütləq izlənməsi lazım olan filmlər kateqoriyasına daxildir.
7. Gilad dadı (1997) Rejissor: Abbas Kiyarostami

Abbas Kiyarostaminin "Qızıl Palma" mükafatı qazanmış bu filmi Tehranın ucqar yerlərində avtomobili ilə gəzərək, intihar etdikdən sonra məzarına torpaq atacaq birini axtaran insandan bəhs edir.
8. Sərxoş atlar zamanı (2000) Rejissor: Bahman Qubadi

Filmin mövzusu İran-İraq-Türkiyə sərhəddində yaşayan bir kürd ailənin gündəlik yaşayışını əhatə edir. Valideynlərinin ölümündən sonra başsız qalan uşaqlardan ikisi özləri kimi uşaqlara qoşulub sərhəddə qaçaqmalçılıq etməklə pul qazanır.

Ailədəki uşaqlardan biri Madi xəstədir və böyük qardaş Ayoub məcburdur ki, gündəlik xərclərdən əlavə, Madinin əməliyyat olunması üçün pul toplasın. Film bütünlüklə reallığa əsaslanır, yəni rejissor heç bir aktyordan istifadə etməyib və hadisələr real məkanlarda cərəyan edir.

9. Gözəl Şəhər (2004) Rejissor: Əsgər Fərhadi

Əkbər 18 yaşına yeni girib və 16 yaşında törətdiyi bir cinayətə görə iki ilə yaxındır ki, ölüm hökmünə layiq görülüb. Amma məhkəmə onu edam etmək üçün 18 yaşının tamam olmasını gözləmək məcburiyyətindədir. Əkbərin həbsxanada dostlaşdığı Ala cəzanı yatıb çıxdıqdan sonra Əkbərin edam olunmaması üçün əlindən gələni əsirgəmir və Əkbərə edam cəzası kəsmiş hakimin niyyətini dəyişdirmək üçün çalışır.

10. Tısbağalar da uça bilir (2004) Rejissor: Bəhman Qubadi

Siyahıdakı digər filmlərlə müqayisədə bu film çox məşhurdur və yəqin çoxlarınız baxmısınız. Ona görə də film haqqında çox şey yazmağı lazım bilmirəm.

11. Çərşənbə tonqalı (2006) Rejissor: Əsgər Fərhadi

Ərinin ona xəyanət etməsindən şübhələnən bir qadın, xadiməlik etdiyi evdə ər-arvad arasında nə edəcəyini bilməyən xidmətçi və hadisələrin necə cərayan edəcəyini əvvəlcədən müəyyən etmək mümkün olmayan bir film.

12. Sərçələrin mahnısı (2008) Rejissor: Məcid Məcidi

Baş rolda Rıza Nacinin oynadığı bu filmdəki hadisələr dəvəquşu fermasında işləyən bir adamın dəvəquşuların birinin qaçdığına görə işdən çıxarılması ilə başlayır.

Qızına eşitmə cihazı ala bilmək üçün Tehran küçələrində dolaşan işsiz Kərimin bütün həyatı getdikcə dəyişməyə başlayır. Film Berlin festivalında “Gümüş ayı” mükafatına layiq görülüb.

13. Elli haqqında (2009) Rejissor: Əsgər Fərhadi

İlk baxışda əyləncəli bir səyahət və məişət filmi kimi görünən bu film gənc bir qızın yoxa çıxması ilə sanki başqa bir janra çevrilir. Az sonra anlayırsan ki, film böyük bir yalandan ibarətdir. Yalan məhfumunun insanlara təsirindən və bu təsir əsnasında kameranın tərəfsiz olması filmi çox-çox fərqli edən nəsnələrdəndir. Əslində bu film haqqında çox şey yazmaq olar, amma sadəcə izləmək lazımdır.

14. Ayrılıq (2011) Rejissor: Əsgər Fərhadi

Bu filmindən qabaq Asgar Farhadi "Elli haqqında" filmini daha bəşəri bir mövzuda işləmişdi. Amma "Ayrılıq"la rejissor sırf İran mədəniyyətini, İran insanının kimliyini açıb göstərdi və film dünyanın demək olar ki, bütün nüfuzlu festivallarında mükafatlar aldı. Bunlara Kann'ın əsas mükafatı və Oskar da daxildir.

Film arvadının israrlarına baxmayaraq? İranı tərk edib getmək istəməyən bir atanın öz qızına qarşı dürüstlüyündən bəhs edir. Filmdə baş qəhramanlarla yanaşı, digər obrazların da oyununa geniş yer verilib. Tək kəlmə ilə bu film haqqında ‘möhtəşəm’ demək olar.

15. Keçmiş (2013) Rejissor Əsgər Fərhadi

Əsgər Fərhadinin “Oskar” mükafatı aldıqdan sonra çəkdiyi film. Həmçinin bu, rejissorun hələlik sonuncu filmidir, düzdür, bildiyimə görə, rejissor hazırda iki müxtəlif film üzərində işləyir, amma nəzərə alsaq ki, bu, hələlik rejissorun çəkdiyi son filmdir və Fərhadi filmi adını bütün dünyaya tanıtdıdıqdan sonra çəkib, o zaman mütləq baxmaq lazımdır.

İrandakı ərindən ayrılaraq Fransaya gələn bir qadın, onun Fransada yeni sevgilisi və üstündən bir müddət sonra hansısa sənədlərə görə Fransaya gələn keçmiş əri. Film bir çox Avropa və Amerika festivallarında mükafatlar alıb.

XS
SM
MD
LG