Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:03

İranın böyük «yapon» rejissoru


Aygün Aslanlı
Aygün Aslanlı

-

İran “yeni dalğası”nın yaradıcılarından biri, rejissor Abbas Kiarostami özü yapon olmasa da, filmlərində bu dörd məfhumun dördü də var.

Onun filmləri həyat haqqında, sadə həqiqətlər haqqındadı. Onların qeyri-adiliyi, gözəlliyi də bundadı...

Aygün Aslanlı

SABİ, VABİ, SİBUY VƏ YUGEN

(İran kinosu haqda 3-cü yazı)

Məşhur rus jurnalisti və şərqşünası Vsevolod Ovchinnikov “Sakura budağı” adlı kitabında yaponların mentalitetini, dünyagörüşünü, təbiətlə münasibətlərini açıqlamağa çalışarkən “sabi”, “vabi”, “sibuy” və “yugen” məfhumlarından istifadə eləyir.

Sabi – qeyri-mükəmməlliyin, gözəllik və təbiiliyin vəhdətidi. Yaponlara görə, təbii olmayan heç nə gözəl ola bilməz.

Vabi- incəsənətlə gündəlik həyat arasında körpüdü, qəlizliyin, vulqarlığın, göz deşən parlaq rənglərin azlığı, hətta olmaması deməkdi, sadəliyin gözəlliyidi. Yaponlar insanı əhatə eləyən hər şeydə gözəllik tapmağı bacarırlar.

Sibuy - sabi ilə vabinin qarışığı, ibtidai, ilkin qeyri-mükəmməliklə təmkinliliyin, təbii olanın gözəlliyi ilə sadə olanın gözəlliyinin birləşməsidi.

Yugen - incəsənətin sirri- görünməyənləri görməkdən, sözlə deyilməyənləri eşitməkdən zövq almaqdı.

Abbas Kiarostami
Abbas Kiarostami

İran “yeni dalğası”nın yaradıcılarından biri, rejissor Abbas Kiarostami özü yapon olmasa da, filmlərində bu dörd məfhumun dördü də var. Bu nöqtədən baxanda rejissorun sonuncu “Elə bil kimsə aşiq olub” filmini Yaponiyada, yapon aktyorları ilə çəkməyi və onlara ithaf eləməyi də qanunauyğunluq olur.

Kiarostaminin filmləri həyat haqqında, sadə həqiqətlər haqqındadı. Onların qeyri-adiliyi, gözəlliyi də bundadı. Razılaşın ki, iki dünya müharibəsi görmüş, hər dəqiqə üçüncünü gözləyən, atom bombası qorxusunun, daimi informasiya axınının təzyiqi altında yaşayan müasir insanı qorxutmaq asandı, amma sadə şeylərə baxmağa, üstəlik və bir də təəccübləndirməyə və sevdirməyə məcbur eləmək çətin. İranlı rejissor çətini bacarıb.

Rejissor, ssenarist, fotoqraf Abbas Kiarostami 1940-ci ildə Tehranda doğulub. Tehran Universitetinin İncəsənət fakültəsində rəsm və qrafik dizayner bölməsində oxuyub. Təhsil haqqını ödəyə bilmək üçün yol polisi işləyib. Kinoda fəaliyyətə də rəssam kimi başlayıb - Daryuş Mehrcuyinin, Məsud Kimyayinin və o dövrün digər rejissorlarının filmlərində. “Çörək və küçə” adlı ilk filmini (1970) Məhəmməd Rza şahın arvadı Fərəh Dibanın himayə elədiyi “Uşaqların İntellektual İnkişafı” mərkəzinin sifarişi ilə çəkib, bir müddət sonra isə mərkəzin nəzdində yaradılmış kino bölməsinə rəhbər təyin olunub. İslam İnqilabına qədər bir neçə film çəksə də, yaradıcılığının qızıl dövrü İnqilabdan sonrakı illərə düşür. Kiarostami Kannın “Qızıl Palması”nı İrana ilk dəfə gətirən rejissordu (“Gilas dadı” 1997).

Fransa/Italiya/Iran – "Təsdiqlənmiş surət" filmindən kadr, rejissor Abbas Kiarostami (Iran), rollarda Juliette Binoche və Jean-Claude Carriere
Fransa/Italiya/Iran – "Təsdiqlənmiş surət" filmindən kadr, rejissor Abbas Kiarostami (Iran), rollarda Juliette Binoche və Jean-Claude Carriere

Klassik şərq poeziyasından, nağılçılığından bəhrələnmiş Kiarostaminin hər filmi insanlığa və həyata həsr olunmuş şeirdi, pritçadı.

“Dostumun evi hardadı?” (1987) filmi yanlışlıqla sinif yoldaşının dəftərini götürmüş və onu sahibinə qaytarmağa çalışan balaca Əhmədin fədakarlığından...

“İri plan” (1990) başqasının həyatını yaşamaq istəyən və buna

Abbas Kiarostami "Təsdiqlənmiş surət" filminin (2010) çəkilişində
Abbas Kiarostami "Təsdiqlənmiş surət" filminin (2010) çəkilişində

görə cəzalandırılan insandan...

“Zeytun bağlarında” (1994) zəlzələdən çıxmış Koker kəndinin sakinləri -yoxsul, savadsız bənna Hüseynin varlı ailənin qızı, valideynlərini təbii fəlakət zamanı itirmiş Tahirəyə sevgisindən...

“Gilas dadı” (1997) kimsəsiz bir yerdə intihar eləmək istəyən ağayi

"Təsdiqlənmiş surət" filmindəki roluna görə Juliette Binoche Cannes Festivalında "Ən yaxşı aktrisa" mükafatını alıb, 2010
"Təsdiqlənmiş surət" filmindəki roluna görə Juliette Binoche Cannes Festivalında "Ən yaxşı aktrisa" mükafatını alıb, 2010

Badiinin öləndən sonra qurd-quşa yem olmaqdan qorxduğu üçün üstünü torpaqlayacaq birini tapmaq cəhdlərindən danışır.

“Şirin” (2008) isə rus kinotənqidçilərindən birinin dediyi kimi gözəl qadınlarla saat yarımlıq meditasiyadı.

A.Kiarostami L.F.Triyer, A.Tarkovski kimi eqoist rejissor deyil. Tamaşaçını öz komplekslərinin qurbanına çevirmir, vizual, dramaturji fəndlərin labirintində azdırmır, onu manipulyasiya eləmir. Əksinə o, tamaşaçısına hörmətlə yanaşır. Onu illüziyalar aləmində batıb qalmağa, kino və reallığın sərhədini itirməyə qoymur.

“Gilas dadı” filminin finalında qəhrəmanın taleyinə görə narahat qalan tamaşaçı növbəti kadrda kamera və kinoçəkənləri görür.

“İri plan”da isə bu sərhəd reallığın xeyrinə şəffaflaşdırılır. Personajlar real insanlardı və özlərini oynayırlar. Həsən Səbziani avtobusda təsadüfən tanış olduğu yaşlı xanıma özünü Möhsün Mahmalbaf kimi təqdim eləyir. Daha sonra onun evinə gedir, oğulları, həyat yoldaşı ilə tanış olur. Qonağın fırıldaqçı olduğundan şübhələnən ev sahibi polis çağırır. Həbsxanaya gəlib Səbziani ilə tanış olan Abbas Kiarostami onun niyə özünü Möhsün Mahmalbaf kimi təqdim elədiyini birbaşa məhkəmə zalında, hakimin, ittihamçıların iştirakı ilə araşdırır və həm də prosesi lentə alır. (Ardı "Elə bil kimsə aşiq olub" filminin treylerindən aşağıda)

Burda kino hadisənin özəyindədi, əsas qəhrəmanlardan biridi. Film isə iki epizodu çıxmaq şərti ilə əvvəldən sona qədər sənədli film manerasında çəkilib, Mahmalbafla Səbzianinin görüşdüyü səhnədə gizli kameradan istifadə, səslərin gah kəsilib-gah eşidilməsi isə reallıq effektini ikiqat artırır.

Abbas Kiarostaminin bütün filmlərində (hər halda mən baxdığım yeddi filmində) yol, hərəkət eləyən maşının içində söhbətləşən sərnişinlər var. Hətta “On” (2002) filmində əhvalat əvvəldən axıra qədər yol gedən maşının içində cərəyan eləyir. Yol və hərəkət eləyən maşın epizodu Kiarostaminin imzasıdı. Rejissor özü bu barədə “maşının içi qapalı məkandı, orda personajlar həm birlikdədilər, həm də ayrı. Onlar biri-birilərinə baxmaya, göz-gözə gəlməyə bilərlər, ancaq həmişə bir yerdə olurlar. Eyni vaxtda həm nəsə baş verir, həm də heç nə olmur, çox gözəl kinematoqrafik situasiyadı” deyir.

Abbas Kiarostami (solda) Estoril Film Festivalında, Portuqaliya, 2010
Abbas Kiarostami (solda) Estoril Film Festivalında, Portuqaliya, 2010

Maşın, sərnişinlərinin balaca dünyasıdı. Adətən, rejissor, bu epizodlarda subyektiv kameradan istifadə eləyir. Tamaşaçı hər şeyi maşının içindəki personajın, ya da personajların gözü ilə (həm də öz gözü ilə) görür, yolu onunla birlikdə gedir.

Abbas Kiarostami bizə sənin, mənim, özünün yaşadığı həyatın bir anını göstərir. Bəzək-düzəksiz, olduğu kimi, amma kinsiz, qərəzsiz, sevgi ilə. “Neorealizmlə” “Yeni Dalğanın” sintezində. Bu həyatda yoxsulluq da var, işsizlik də, başqa həyatlara həsəd də, fədakarlıq da, məhəbbət də, itki də.

“Gilas dadı”nda yaşlı kişi Badiinin təklifinə xəstə uşağına müalicə etdirə bilmək üçün razılıq verir.

“İri plan”da Səbzai hər gecə evinə əliboş getməkdən yorulduğu üçün müvəqqəti də olsa, Mahmalbaf olmaq istəyir. Çünki “rejissora hamı hörmət eləyir, rejissor uşağına dərman ala bilməyəcək qədər çarəsiz deyil”.

“Dostumun evi hardadı?” filmində cəmiyyətin köhnəlmiş dəyərləri sorğulanır, balaca Əhmədin fədakarlığı fonunda böyüklərin laqeyd, soyuq dünyası çox cılız qalır.

“Zeytun bağlarında” kəndə kino çəkməyə gəlmiş yaşlı rejissora Hüseynin sevgi əhvalatı daha maraqlı gəlir, finalda çəkiliş heyətindən ayrılıb onu izləyir, Tahirəyə dediklərini eşitməyə çalışır.

Abbas Kiarostami
Abbas Kiarostami

“Surəti təsdiqlənmişdir” filmində sənətdə orijinalın, yoxsa surətinin daha qiymətli olduğu barədə mübahisə eləyən qəhrəmanlar bir məqamdan sonra özləri həyatın surətində - onlara təklif olunan illüziyada yaşamağa başlayırlar və o, orijinaldan daha dəyərli olur.

Amma həyat heç nəyə baxmayaraq, həmişə qalibdi. Ya da yox, qalib deyil. Əslində onda nə qalib var, nə də məğlub. Sadəcə... Həyat belədi...

Elə buna görə də Kiarostaminin filmlərində final həmişə açıqdı. Hüseyn Tahirənin ardınca gedir, sonra geri qayıdır, sonra yenə gedir və beləcə kamera uzaqlaşır. Ağayi Badii yuxu dərmanları içib qəbirə uzanır, sonra səhər açılır və orda kino çəkildiyini, Badiinin də kimdənsə siqaret aldığını görürük, “Elə bil, kimsə aşiq olub” filmində yaşlı Vatanabe Takaşi pəncərəyə dəyən daşla eyni anda yerə yıxılır, amma öldümü-qaldımı, məlum deyil. Ona görə ki həyat belədi. Cavabsız suallar çoxdu. Həyat tapmacadı.

A.Kiarostami bu tapmacanı çözməyi də, filmi tamamlamağı da tamaşaçının ixtiyarına buraxır və növbəti filmi üçün hazırlıqlara başlayır. Əvvəlki filmlərindən tamam fərqli və onlarla eyni. Bir-birinə bənzəməyən, amma sanki gəlmiş-keçmiş hər insanda təkrarlanan həyat kimi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG