- “Uşaqlarımı dəfn etmək və onların yanında oturmaq istəyirəm ölənə qədər” Aylan Kurdinin atası CNN-ə deyib.
Dənizin Türkiyə sahillərinə çıxardığı 3 yaşlı ölü uşağın fotoları Qərb cəmiyyətlərində gedən müzakirəni kəskinləşdirib. “Biz bütün qaçqınları qəbul etməliyik” deyənlər və bunu mümkünsüz hesab edənlər arasındakı müzakirəni.
Leiden Universitetinin Praktik fəlsəfə üzrə professoru, siyasət filosofu Glen Nevey Oxu Zalının bu mövzuda suallarını cavablandırır.
O, siyasət filosoflarının Realist məktəbinin tanınmış nümayəndəsidir. Həm də jurnalistdir. Britaniya mətbuatında hakim siyasi və mədəni dünyagörüşə qarşı müxalif yazılar yazır, gündəlik məsələlərə münasibət bildirən bloqu var.
Peter Zinger məsuliyyəti nədir?
- Mətbuatda Aylan Kurdinin fotosunun Britaniya cəmiyyətində qaçqınlara münasibəti dəyişdirdiyi yazılır. Dəyişən nədir?
- Sualınıza cavab olaraq iki petisiyaı göstərmək istəyirəm. Bu petisiyalardan birincisi hökuməti sığınacaq axtaran qaçqınları qəbul etməyə və onlara maliyyə ayırmağa çağırır, onu bilirsinizmi son bir-iki gündə neçə nəfər imzalayıb?
300 000 nəfər. Dəqiqədə 300 nəfər haradasa. Petisiyada deyilir: "Biz imkan verməməliyik ki, öz həyatlarıyla risk edərək o dəhşətli münaqişədən qaçıb bizə sığınmaq istəyən insanlar təhlükəli və qeyri-insani şəraitdə qalsınlar. Biz kömək etməliyik."
Bunun əksinə, immiqrantlara maliyyə ayrılmasının dayandırılmasını tələb edən petisiyanın 18 min imzası var.
İnsanlar cəsarətləniblər, amma niyə kədərin bizi cürətləndirməsini gözləyirik.
- Bəziləri deyirlər ki, “Biz qaçqınları qəbul etməliyik” cavabı bu faciəyə verilən sadəlövh reaksiyadır. Nə qədər qaçqın qəbul etməliyik, onlar harada yaşayacaqlar, kim onlara pul verəcək, üstümüzə daha böyük miqrasiya axını olacaq, bizim cəmiyyət risk altına düşəcək - bu kimi çətin suallar ortaya çıxır.
- O suallara cavab verməyə heç ehtiyac da yoxdur. Çünki Zinger mənəvi prinsipinə görə sən suda boğulan adamı xilas etməkdən qabaq “Yox, paltarım yaş olar, mənə soyuq olar” düşünərək yayına bilməzsən.
Peter Zinger "Famine, Affluence and Morality" (1972) kitabında deyir: “Əgər mən bir gölməçənin yanından keçəndə orda bir uşağın batdığını görürəmsə, işə qarışmalıyam və o uşağı kənara çıxarmalıyam.
Bu zaman mən paltarlarımın çirklənəcəyini gözə alacağam, amma paltarlarımın çirklənməsi mənə əhəmiyyətsiz görünəcək, axı uşağın batması daha pisdir.
Mənəvi cəhətdən heç bir fərqi yoxdur ki, o uşaq məndən iki metr aralıda yaşayan qonşumun uşağıdır, ya adını bilmədiyim, on min kilometr aralıda yaşayan Benqal uşağıdır. Bu prinsip bir nəfərə də aiddir, onun vəziyyətində olan milyonlarla insana da aiddir.
Aclıqdan, evsizlikdən, tibbi qayğı yoxluğundan iztirab çəkmək pisdir. Əgər pis bir şeyin baş verməsinin qarşısını almaq bizim əlimizdədirsə, bu, heç nəylə müqayisə edilə bilməz, mənəvi cəhətdən onu etməyə borcluyuq."
Buna Zinger prinsipi deyilir. Mənəviyyatlı insan bu məntiqlə düşünməlidir. Əksini düşünmək koqnitiv dissonansdır.
Bu, bir. İkincisi, biz dünyada 9-cu zəngin ölkəyik. Təyyarəylə keçəndə görürsən ki, ərazilərimizin çoxu boşdur. Bələdiyyələr istəsələr, bunu həll edə bilərlər.
Biz danışanda insan hüquqlarından danışırıq, amma hərəkət etməyə gələndə vətəndaş hüquqlarıyla hərəkət edirik. Bütün insanlara eyni cür davrana bilmirik, öz vətəndaşlarımız kimi davrana bilmirik.
Mətbuatda "miqrant krizisi” sözüylə bağlı krizis var. Bu, miqrant krizisi deyil, insanlıq faciəsidir. İndi 3 yaşlı uşaq Aylan Kurdinin ailəsinin faciəsindən adlar çəkərək danışanlar bir yox, min adam qayıqda batanda başlığı belə yazırlar:
"Miqrantla dolu qayıq suda batıb, "Bir ayda 100 yeniyetmə miqrant uşaq bələdiyyəyə təhvil verilib". Stalin demişkən, bir ölü qaçqın uşaq qaçqındır, yüz sağ-salamat qaçqın uşaq statistikadır.
- Cəmiyyətinizdəki başqa fəlsəfə, ədəbiyyat, sənət adamlarının bu məsələyə yanaşması necədir?
- Biz böyük sənətkarları özümüzü daha yaxşı hiss etmək üçün oxumuruq, ümumiyyətlə, hiss etmək üçün oxuyuruq. Bu gün də xoşbəxtlikdən, belələri çoxdur.
Amma "Aylan Kurdi yaxşı geyinib, yaxşı yemiş uşaqdır, fotosunda aca oxşamır, sadəcə onun valideynləri acgözlükdən Avropada yaşamaq eşqinə düşüblər" yazan yazıçılar da var.