Keçid linkləri

2026, 01 Mart, bazar, Bakı vaxtı 01:12

Zelenski: Ukraynaya ABŞ-nin dəstəyi lazımdır, Putinə inam yoxdur

Volodimir Zelenski
Volodimir Zelenski

ABŞ-ın dəstəyi olmadan Ukrayna Rusiyaya qarşı müharibədə tab gətirə bilməz. Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində deyib. O, Rusiya prezidenti Vladimir Putinə etibar etmədiyini sözlərinə əlavə edib.

"Amerikanın dəstəyi olmadan qalib gələ bilərikmi? Xeyr", – Zelenski dekabrın 29-da efirə gedən müsahibəsində deyib. Müsahibə ötən bazar günü – dekabrın 28-də Floridada ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra yazılıb.

"Putinə etibar etmirəm, o, Ukraynanın uğurunu istəmir", – deyən Zelenski Trampla görüşünün məhsuldar olduğunu əlavə edib.

Zelenski onu da vurğulayıb ki, müharibənin dayandırılması ilə bağlı danışıqlarda ən çətin məsələ ərazilərlə bağlıdır, Ukrayna ilə Rusiyanın mövqeləri ciddi fərqlənir. Donbasla bağlı kompromis variant kimi Zelenski orada azad iqtisadi zonanın yaradılmasını göstərib: "Ona görə də məncə, kompromis təklif etmişik. Əgər azad iqtisadi zona yaradırıqsa və Ukrayna müəyyən sayda kilometr geri çəkilirsə, Rusiya da müəyyən qədər geri çəkilir".

Zelenski bildirib ki, Ukrayna Rusiya ilə müharibəni nizamlamaq üçün öz ərazilərindən imtina edə bilməz, bu, ölkə qanunlarına, cəmiyyətin mövqeyinə, yerlərdəki real vəziyyətə ziddir. Referendum ehtimalına gəlincə, Zelenski belə bir addımın müsbət nəticə verməyəcəyini, Ukrayna cəmiyyətinin onu dəstəkləməyəcəyini əlavə edib.

Ukrayna prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar tərəflərin mövqelərini anlayır və kompromis həll yolları tapmağa çalışır.

Tramp-Zelenski danışıqlarından sonra tərəflərin müharibənin sülh yolu ilə nizamlanması məqsədinə "çox yaxın" olduqları açıqlanıb. Zelenski sülh planının 20 bəndinin 90 faizinin razılaşdırıldığını deyib. Ukrayna prezidenti sülh planının referenduma çıxarıla biləcəyini də istisna etməmişdi, buna səbəb kimi ərazilərlə bağlı "çox çətin" məsələni göstərmişdi.

Donald Tusk
Donald Tusk

Donald Tusk: Ukraynada sülh bir neçə həftəyə əldə oluna bilər

Ukraynada sülh bir neçə həftə ərzində əldə oluna bilər. Bunu Polşanın baş naziri Donald Tusk dekabrın 30-da Avropanın digər liderləri, Kanada və NATO ilə danışıqlardan sonra deyib.

Bir gün öncə Kreml Kiyevi Rusiya prezidentinin iqamətgahına hücumda suçlayıb, danışıqlardakı mövqeyinə yenidən baxacağını bildirib. Kiyev ittihamın əsassız olduğunu, münaqişəni uzatmaq məqsədi daşıdığını deyib.

"Sülh üfüqdədir. Bu müharibənin kifayət qədər tez bitə biləcəyinə ümid verən hadisələr baş verib. Amma bu, yenə də ümiddir, 100 faiz dəqiq deyil", – Tusk hökumətin iclasında söyləyib.

O, "sülh üfüqdədir" deyəndə qarşıdakı ayları və ya illəri yox, məhz yaxın həftələri nəzərdə tutduğunu əlavə edib: "Yanvarda hamımız bir araya gəlməliyik, Ukraynanın, dünyanın bu hissəsinin gələcəyi ilə bağlı qərarlar verməliyik".

Rusiyanın Ukraynada təcavüzkar müharibəsi dörd ilə yaxındır davam edir. Moskva Donetsk vilayətində ələ keçirə bilmədiyi yerlərdən Kiyevin qoşunlarını çıxarmasını tələb edir. Kiyev isə döyüşlərin hazırkı cəbhə xətti boyunca dayandırılmasını istəyir. Vaşinqton Ukrayna qoşunları geri çəkərsə, azad iqtisadi zona yaradılmasını təklif edib.


XS
SM
MD
LG