Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 09:16

Kitabın redaktəsilə başlayır çətin iş


- "Yazıçılar fikirlərini danışmaq istədikləri hekayədən çox uşaqların nə cür hekayələr oxumaq istədikləri haqda öz təsəvvürlərinə cəmləşdirirlər."

Yazmaq sənəti

Uşaq kitablarının yazıçıları və redaktorlarına verilən The Branford Boase mükafatının qalibi olmuş tanınmış nəşriyyatların təcrübəli kitab redaktorları yeni uşaq yazıçılarına məsləhət verirlər.

Yazıçıların ən çox yol verdikləri səhvlər nələrdir və onlardan necə yayınmaq olar?

Kitab redaktoru Charlie Sheppard:

“Bir çox debüt uşaq romanları çox uzun olur, kompüterdə yazılması onları daha da uzun edir.

Bilmirəm “Harry Potter” effektidir, ya nə, uşaq hekayələri getdikcə uzun gəlir və mən lazımsız xırdalıqları, təkrarları kəsib hadisələrin, hekayənin öz yolunu saxlamağa getdikcə daha çox vaxt sərf edirəm.

Əgər uşaq kitabı 60 min sözdürsə, əksər hallarda o, gərəksiz yerə həddən artıq uzundur.

Yeni yazıçıların uşaq kitablarının ən zəif yeri motivasiyadır – əsərdə bir qəhrəmanı (xarakteri) bu və ya digər cür davranmağa, hərəkət etməyə nə vadar edir?

Yazıçı süjet problemini həll etmək üçünmü o qəhrəmanın o cür davranmasına ehtiyac hiss edib? - amma belə olmamalıdır. Xarakterlərin motivasiyası aydın, səmimi olmalı və hekayəyə hörülməlidir. Süjet xarakterlərdən irəli gəlməlidir.

Yeni yazıçıların redaktəyə göndərilən kitablarının zəif nöqtələrindən biri sonluqdur. Kitablarının sonluğunu yaxşı işləməlidirlər.

Görürsən, möhtəşəm, orijinal ideyaları var, möhtəşəm yazıçı səsləri var, baş qəhrəman əladır, - elə bu səbəbdən kitabları nəşrə qəbul olunub, amma hər şeyi bir-birinə bağlayan qənaətbəxş bir sonluq haqda düşünmürlər. Hekayənin sonluğunu açıq qoymaq çözüm deyil.

Bir çox yeni yazıçılar düşünürlər ki, kitablarının nəşrə qəbul olunması ən çətin mərhələdir. Amma elə deyil. Bu, yalnız başlanğıcdır. Kitabın redaktəsilə başlayır çətin iş.

İkinci kitabı yazmaq adətən birinci kitabı yazmaqdan çətin olur. Birinci kitabını yazanlar bunu bilməlidirlər...

Kitab redaktoru Jane Griffiths:

Oxucular haqda çox düşünüb, hekayən haqda yetərincə düşünməmək.

Bu, xüsusən uşaq kitablarına aiddir. Yazıçılar fikirlərini danışmaq istədikləri hekayədən çox uşaqların nə cür hekayələr oxumaq istədikləri haqda öz təsəvvürlərinə cəmləşdirirlər.

Əlbəttə, oxucunu nəzərdə tutmalısan, amma bu haqda həddən artıq düşünmək olmaz, çünki önəmli olan sənin yazıçı səsisnin özünəməxsusluğu və həqiqiliyi, süjetin oxucunu səhifələri çevirməyə vadar etmək gücüdür.

Göstərməmək, demək

Bir çox redaktorlar təsdiq edə bilərlər ki, bu, yazıçıların ən zəif yeridir. Yaxşı yazı oxuculara nə baş verdiyini, qəhrəmanların özlərini necə hiss etdiklərini demək deyil, bunların əvəzinə sən insanların hiss edə, görə, qoxlaya biləcəkləri təxəyyül səhnələri çəkməlisən. Romanı insanları üçün canlandıran məhz budur.

Kitab redaktoru Kirsty Stansfield:

Yeni yazıçılar adətən öz yazılarına inamsız yanaşırlar. Nəşr olunduqca onlara özünəinam gəlir. Nəşriyyata ilk qaralama çox uzun gəlir. Orada çoxlu təkrarlar olur. Çünki yazıçı özünü daim sorğu-suala tutur: “Görəsən, bu aydındır? Oxucuya düzgün çatdıra bilirəm?”

Bu isə köhnə klişeyə aparıb çıxarır: nələrisə xarakterlər və süjet vasitəsilə göstərməkdənsə, həmin şeyləri oxucuya deməyə başlayırlar.

Az – çoxdur, deyiblər. Nəyinsə aydın olması üçün onun üzərində yüngülvari işləmək daha yaxşıdır, qoy daha bir cümlə tələb olunsun. 60 min söz riskindən qaçmaq vacibdir...

Kitab redaktoru Ben Horslen:

Təcrübəsiz yazıçılar bəzən bazarda uğur qazanmaqda olan kitablar kimi kitab yazmaq istəyilə əziyyətə salırlar özlərini.

Bir trend, yaxud janr uğur qazanan vaxt nəşriyyatlar o cür kitablar nəşr edirlər. Yazıçı öz yeni kitabını yazana qədər çox ola bilsin ki, nəşriyyatın siyahısı dolacaqdır, ya da o trend ötüb keçmiş olacaq.

O biri tərəfdən, belə bir məsləhət məşhurdur ki, yazmaq istədiyin hekayəni yazmalısan. Bu, doğrudur, amma buna bir balaca duz əlavə etməyə ehtiyac var:

Ucqar Arktik qurşaqda qayıqçılıq haqda 20 min misralıq epik poema yazmaq eşqilə alışıb-yanırsansa, bil ki, onu ədəbiyyat agentləri və redaktorlar sənin qədər həvəslə qarşılamaya bilərlər.

Orta xətt tut. Bazarı bil, amma onun köləsi olma. Ürəkdən yaz, amma öz həvəs və ehtirasının universal olduğunu zənn etmə.

Bir çox uğurlu kitablar tanış hekayələri yeni yollarla, gözlənilməz bir perspektivdən nəql edirlər, odur ki, özünü kitaba gətir, amma kitabı tamam özün haqda yazma (avtoqbioqrafiyanı yazırsansa, o ayrı məsələ).

Denise Johnstone-Burt (naşir) və Annalie Grainger (redaktor)

Redaktor olmağın ən yaxşı tərəflərindən biri yazıçıların debüt kitabları üzərində işləməkdir.

Amma bu sahədə çox işlədikcə eyni, eyni səhvlərə rast gəlirsən. Tez-tez rast gəldiyimiz səhvlərdən bəziləri bunlardır:

Həddindən artığını yazmaq (Overwriting). Redaktə etməkdən çəkinmə. Birinci qaralamanı tamamlayan kimi nə əldə etdiyinə bax. Haranı kəsə bilərsən? Hər fəsil, hər abzas, hər cümlə xarakterlərin inkişafına və hekayənin irəli getməsinə qulluq edir? Yox deyirsənsə, kəs.

Hekayətin məğzinə lazım olduğu qədər tez çatmamaq. Bizə tez-tez elə mətnlər göndərirlər ki, hekayət birinci fəsildən başlamaqdansa, dördüncü, beşinci, bəzən hətta səkkizinci-doqquzuncu fəsildən başlanır.

Giriş haqda bir dəfə yox, iki dəfə düşün, çünki birinci fəsil maraqlarını çəkməsə, oxucular çətin ki, o səkkizincə fəslə gedib çıxsınlar.

Əlbəttə, hekayəni qurmalısan, amma bil ki, yaxşı, güclü açılış səhnəsi oxucuları ilgək kimi tutacaq və sənin ardınca aparacaq.

Yazmalı olduğunu düşündüyün hekayəni yazma, yazmaq istədiyin hekayəni yaz. Xoşbəxtlikdən uşaq kitablarımız çoxdur. Nə qədər istəyirsənsə, oxu. Onları oxumaq sənə auditoriyanı, bazardakı digər kitabları daha yaxşı anlamağa kömək edəcək.

Populyar janrda yazmağa gəlincə, bizə son vaxtlar çoxlu bərbad romanlar gəlir, “Aclıq oyunları”, “Divergent” kitablarının təsirilə yazılır onlar. Əlbəttə, ktabını necə uşaqların oxuyacağını bilmək vacibdir, amma ona uyğunlaşmaq fikrindən çox da yapışıma.

Nəşriyyatlar yeni və orijinal hekayələr və səslər istəyirlər. Yazmalı olduğunu düşündüyün hekayəni yazma, yazmaq istədiyin hekayəni yaz.

Süjetə çoxlu tel vurmaq. Hər şeyi kitabın içinə atmaq çəkici görünə bilər. Amma bu, oxucu üçün artıq yük ola bilər. Danışmaq istədiyin hekayəni bilərək kitab üzərində işlə. Hər şeyin aydın və fokusda olduğuna əmin ol.

XS
SM
MD
LG