Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:26

Hekayə yazmaq hər istədiyinizi oxucuya oxutmaq deyil


Robert Braithwaite, "Martineau Kit'in yazı dərsi" (1852)
Robert Braithwaite, "Martineau Kit'in yazı dərsi" (1852)

- "İstər roman, istərsə də hekayə yazın, yazılarınızda real həyatın mükəmməl bir təqlidini hədəf götürməlisiniz."

"Mümkün qədər fərqli, həyat dolu, maraqlı, cəlbedici cümləylə başlamalısınız. Müasir hekayəçilikdə giriş yazmaq da bir sənətdir."

"Uzun cümlə qurmaq usta yazıçı olmaq demək deyil. Həmçinin çox qısa cümlə qurmaq da yazıçının guya uşaq dili üslubu yaratması deyil."

Gənc yazıçılara məsləhətlər

"Yazmaq sənəti" rubrikasında bu dəfə türkiyəli Mehmet Uzun'un daha çox giriş xarakterli məqaləsini təqdim edirik.

Hekayənin tərkib hissələri


Nəsr əsərini beş əsas tərkib hissəsi olur. Xarakter, zaman, məkan, olay hörgüsü və üslub.


Xarakter

Hekayələşdirməklə nəql edilən əsərlərin ən vacib hissəsi xarakterdir. İstər klassik, istərsə də postmodern hekayə yazın, xarakter olmadan olmaz.

Amma bu, xarakterin mütləq insan olması demək deyil. Hekayənizin xarakteri pişik və ya yel dəyirmanı da ola bilər. Xarakteri xarakter edən şey onun aid olduğu sinif deyil, şəxsiyyəti, duyğu və düşüncələridir.

Xarakteri xarakter edən xüsusiyyətlər həm də onun zəif tərəfləri, arzu, hiss və ehtirasları, qorxularıdır.

Biz əslində bütün hekayə boyunca bir xarakterin yuxarıda dediyimiz zəif tərəfləri, arzuları, ehtirasları, hirs və qorxuları fonunda yaşadığı dəyişikliyə, çevrilməyə şahid oluruq.

Bir hekayədə xarakter yaradanda diqqət edilməsi gərək olan ən vacib məsələ inandırıcılıqdır.

Xarakterimiz pişik də olsa, onu elə inandırıcı bir şəkildə təqdim etməliyik ki, oxucu onun danışa biləcəyinə inansın.

Xarakteri inandırıcı etməyin ən asan və vacib iki yolu var. Birinci yol, xarakterin işi-gücü, geyimi, başqalarıyla münasibətləri, istəkləri, zəiflikləri, ayaqqabı nömrəsi, sevdiyi yeməklər, saçını darama tərzi kimi detallar aydın olmalıdır.

Bu kimi xırdalıqları verəndə oxucunu xarakterin sonrakı davranışlarına daha yaxşı hazırlamış olursunuz.

Ayrıca bir xarakteri oxucunun təsəvvüründə canlandırmağın da ən asan yolu budur. Başqa sözlə, oxucunun təsəvvüründə xarakteri sözlərlə rəsm etməlisiniz.

Mümkünsə, səsinin qalınlığı, incəliyi, bədəninin qoxusuna qədər canlı bir xarakter yaratmalısınız.

Xarakteri inandırıcı edən başqa bir vasitə dialoqdur. Xarakterin daxili aləmini oxucuya çatdırmağın ən cəlbedici yolu dialoq yazmaqdır.

Xarakterin dondurma istədiyini oxucuya bir yazıçı kimi, öz dilinizdən deməkdənsə, qoyun o, bunu öz dilindən desin. Xarakterin oxucuyla danışmasına icazə verin.

Oxucu xarakterin yaşadığına yalnız bu yolla inana bilər. Dialoq mövzusunun bir həssas nöqtəsi xarakterin seçdiyi sözlər, üslubu və şivəsidir.

Hər xarakterin öz sosial sinfinə aid dili işlədin. Unutmayın, küçə uşağı söyüş söyə bilər, şahzadə isə yox.

Məkan

Məkan da əslində hekayənin bir xarakteridir. Məkan və xarakter, bir azdan bəhs edəcəyimiz zaman da daxil olmaqla, ahəng içində olmalıdır.

Bəzi yazıçılar mövcud olmayan məkanlar yaratmağı nə qədər çox sevsələr də, yeni yazarlara bu, məsləhət görülmür.

Oxucunun təsəvvüründə istədiyiniz canlılığı və gerçəkliyi yaratmaq üçün zatən var olan məkandan istifadə etməkdə heç bir qəbahət yoxdur.

Əksinə, məkan nə qədər güclü, dayanıqlı olsa, xarakterləri də içinə o qədər möhkəm alar.

Məkan yaradanda daxili və xarici məkan seçmək lazımdır. Qurğumuza görə, birdən çox daxili, birdən çox xarici məkana ehtiyacımız ola bilər.

Daxili məkan deyəndə ev, ofis kimi az adamın girə biləcəyi yerlər, xarici məkan deyəndə isə xarakterin çox adamlarla rastlaşa biləcəyi açıq bağ, park, kafe kimi yerlər nəzərdə tutulur.

Bəzənsə yalnız bir məkandan istifadə edə bilərik. Məkanımızı qurğumuz və xarakterlərimiz təyin edə biləcəyi kimi, xarakterləri də qurğu və məkan təyin edə bilər.

Əski və klassik əsərlərdə uzun məkan təsvirlərinə rast gəlinsə də, bu gün ədəbiyyatda uzun təsvirlər xoş qarşılanmır. Dostoyevski dövründə məsələn, təyyarənin nə olduğunu bilən oxucu az idi. Təyyarədən yazan yazıçının onu təsvir etməsinə ehtiyac ola bilərdi.

Bu gün yazıçının məkan təsviri, məsələn, bu təyyarənin, yaxud evin başqa bildiyimiz təyyarələrən, evlərdən fərqinin nə olduğunu demək olmalıdır.

Unutmaq olmaz ki, hekayə yazmaq oxucuyla əlaqə qurmaqdır, hər istədiyinizi oxucuya oxutmaq deyil.

Yaxşı yazıçı beş duyğudan faydalanmalıdır. Məsələn, bir kənd evində yanan odun sobasının istiliyi, yeni dəmlənmiş çayın qoxusu və keçi pendirinin dadından bəhs edən yazıçı oxucunu özünə və əsərinə daha çox cəlb edə bilər.

Zaman

Nəsr əsərinin üç zamanı olur.

1) Hadisələrin baş verdiyi zaman

2) Hadisələrin oxunduğu zaman

3) Psixoloji zaman.

Yaxşı yazıçı bu fərqli zamanların fərqində ola bilən və hadisələrin baş verdiyi zamandan yaxşı istifadə edə bilən yazıçıdır.

Bundan başqa, hadisələrin olduğu zamanı da bölmək, iki və ya daha artıq zaman dilimində baş verən hadisələr yaratmaq mümkündür.

Burada bir mötərizə açaraq, demək istərdik ki, hekayə romandan fərqli olaraq, daha sərhədli bir yerdir.

Hekayədə hadisələrin olduğu zamanı iki və ya daha çox dilimə bölmək yazının keyfiyyətini (xüsusən, yeni başlayan yazıçılar üçün) sala bilər.

Romanda isə əksinə, yazıçının çoxlu yeri və oxucunun da çoxlu vaxtı olur. Bu səbəbdən, birdən çox zaman dilimindən istifadə etmək roman üçün gözlənilən bir vəziyyətdir.

Zamanı işləməyin çoxlu texnikaları var. “Flashback” və “flashforward” ən əsas texnikalardır. Kəsmə texnikası, n-montaj texnikası və sair kimi texnikalar da mövcuddur.

Hekayəni inandırıcı edən şey və yazıçının ustalığının ən vacib simvollarından biri zamandan necə istifadə edilməsidir.

Olay hörgüsü

Olay hörgüsü konflikt və ya çevrilmədir. Olay hörgüləri səbəb-nəticə çərçivəsində inkişaf edən hadisələr sırasına verilən addır.

Bir xarakterin kənddən şəhərə köç etməsi, şəhər mədəniyyətinə alışa bilmədiyi üçün bəzi psixoloji vəziyyətlər yaşaması, nəticədə əxlaqi dəyərlərinin dəyişməsi olay hörgüsünə bir misaldır.

Yazıçılıq atelyelərində yeni başlayan yazarlara hekayə qəhrəmanlarının yaşayacaqları bütün hadisələri özləri üçün əvvəlcə bir-bir sıralamaları məsləhət görülür.

Bu sıra yazıçının yazanda məlum bir çərçivədə qalmasını təmin edir. Əks təqdirdə, sistemsiz iş çox uzanacaq.

Plansız qurğu da mümkündür. Plansız qurğularda əvvəlcə xarakter yaradılır. Yazıçı bu xarakteri çox yaxşı tanıdığına əmin olandan sonra onu qurğu dünyasına atır.

Bundan sonra nəyin necə davam edəcəyindən nə yazıçının, nə də xarakterin xəbəri olur. Hər şey yazılma anından asılı qalır.

Plansız yazmaq yaradıcı yazıçılıq atelyelərinin məsləhət gördüyü bir metod deyil.

Plansız yazmaq çoxlu yazmaq və pozmaq tələb edəcək. Birqələmə yazılmış əsər oxucunun arzu etdiyi kimi alınmaya da bilər.

Məkan özü də bir xarakter olduğu kimi, zaman da bir xarakterdir. Yazıçı çox bəsit bir olay hörgüsünü müxtəlif zamanla oynamaq texnikalarından istifadə etməklə oxucunu təəccübləndirəcək şəkildə nəql edə bilər.

Zamanlarla oynama varsa, əslində son olan şey hekayənin başlanğıcı kimi verilə bilər. Amma əgər yalnız bir zaman dilimindən istifadə olunubsa, olay hörgüsünün sonu hekayənin də sonu olmalıdır.

Ümumi məsləhətlər

Yuxarıda hekayənin dörd əsas hissəsinə qısaca toxunduq.

Yazmaq – müstəqil bir sənətdir. Bir neçə səhifəlik məqalə oxumaq əlbəttə, bir yazıçı yetişdirmək üçün yetərli deyil.

Hekayə qısa və dinamik bir janrdır. Oxunanda necə sürətli başlayıb sürətli bitirsə, yazanda da eləcə, sürət düşməməlidir.

Hekayə yazmağı bir qaçış kimi də təsəvvür edə bilərsiniz. Roman isə uzun və sakit bir qaçışdır. Bu o demək deyil ki, romanda sürət olmur.

Əksinə, bəzi yerlərdə sürətlənməli, bəzi yerlərdə yavaşıtmalısınız ki, oxucu özünü canlı bir dünyada hiss edə bilsin.

İstər roman, istərsə də, hekayə yazın, yazılarınızda real həyatın mükəmməl bir təqlidini hədəf götürməlisiniz.

Hekayənin ürəyi giriş cümləsidir. Nə qədər canalıcı, dinamik bir cümləylə başlasanız, həm yazıçı kimi siz yazmaqdan, həm də oxucu oxumaqdan zövq alacaq.

Mümkün qədər fərqli, həyat dolu, maraqlı, cəlbedici cümləylə başlamalısınız. Müasir hekayəçilikdə giriş yazmaq da bir sənətdir.

Unutmayın ki, siz həm xəyali bir dünyanın yaradıcısı, həm də üslub mühəndisisiniz.

Gənc təcrübəsiz yazıçıların ən çox etdiyi səhvlərdən biri uzun cümlələr qurmaqdır. Uzun cümlələr təhkiyənin xarablığına dəvətnamədir.

Uzun cümlə qurmaq usta yazıçı olmaq demək deyil. Həmçinin çox qısa cümlə qurmaq da yazıçının guya uşaq dili üslubu yaratması deyil.

Yeni yazarların bir başqa səhvi də ictimai vəzifəsini lazımınca yerinə yetirən yazıçı roluna girməklə oxucunu bezidrməsidir.

Yazıçı, əlbəttə, sosial mesaj verməlidir. Yazıçını sənətkar edən şey həm də ictimai mövzularla məşğul olmasıdır. Amma unutmaq olmaz ki, yazıçı heç kəsə öyüd-nəsihət verəcək qədər eqoist olmamalıdır.

Oxucuya mesaj yerinə nəsihət vermək həvəskar olmaqdan da betər, - itələyici bir şeydir.

XS
SM
MD
LG