Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 09:12

İlgək at. Gənc yazarlara məsləhətlər


- "Atasıyla problemi olan balaca oğlanın konflikti qəhrəmanı şirlə üzbəüz qalan hekayənin konfliktindən daha güclü, təsirli ola bilər."

"Naşı yazıçıların ən çox işlətdiyi giriş - güclü ilgək (çəkici birinci cümlə) və onun ardınca uzun-uzadı bu hekayənin keçmişini (fleşbek) verməkdir."

Gənc yazarlara məsləhətlər

"Yazmaq sənəti" rubrikasında bu həftə Mary Rosenblum-ın "İdeyadan süjetə" məqaləsini təqdim edirik. Əvvəlki məqaləni burada oxumaq olar.

İdeyadan süjetə

Deməli, roman yazmaq üçün maraqlı ideyan var. Təyyarə partlayır, sərnişinlər Amazon çayında qış kurortuna düşürlər, orda paralel dünyaya aparan sehrli darvaza var. Yaxşı ideyadır, həmin dünyanı, oradakı maraqlı adamları xəyalında canlandırırsan… sənə gərək olanı tapmısan.

Bəs indi nə etməli? İdeyadan romana doğru necə getməli? İdeya sənin ürəyini fəth etsə də, hələ çox mücərrəddir. Oturub birinci səhifəni yazmağa başlayasan, yoxsa başdan sona doğru necə gedəcəyin haqda düşünəsən?

Nə edəcəyin haqda ümumi fikrinin olması başlanğıcı daha güclü edə bilər. Bu yerdə özünə bir neçə sual verə bilərsən: Yazmaq istədiyin romanda Böyük Problem nədir? Bu, kimin hekayəsidir? Və biz hara gedirik?

Böyük Problem nədir?

Hər bir hekayə konfliktdən doğur. Ədəbi meynstrim romanda konflikt - sakit, daxili konflikt ola bilər, qətl mistik trillerində konflikt - güclü xarici konflikt ola bilər. Yəni konflikt sənin romanının döyünən ürəyidir. Birdən çox konflikti olan romanlar da çoxdur... mərkəzi konflikt və ona kiçik konfliktlər artıran alt-süjetlər. Başlamazdan əvvəl romanı başdan sonra doğru aparacaq əsas konflikti düşünüb tap.

Bəlkə bu, daxili konfliktdir? Cavan oğlan atasının zülmü altında yaşadığı evdən qaçmaq istəyir? Açılması gərək olan bir cinayətdir? Paralel dünyada baş çıxarıb sağ qalmaq istəyən adamdır?

Təyyarə qəzası hekayəsində Böyük Problem sərnişinlərin xilas olunana qədər, yaxud özləri yolu tapıb aradan çıxana qədərki hekayəsidir. Qış kurortunda sakinlər canlarını aralarında gəzən qatildən qurtarmalıdırlar. Yaxud mistik darvaza hekayəmizdə xarakter evə getməyin yolunu tapmalıdır.

Bu, kimin hekayəsidir?

Problemi bilməklə romanının təbiətini bilirsən, əgər konflikti müəyyən etmisənsə, roman boyu onu həll edəcəksən.

İndi xarakterlər haqqında düşünmək vaxtıdır. Çoxlu xarakterin olsa da, sən adətən birinin, ya ikisinin baş qəhrəmanların olduğunu hiss edirsən. Oxucuların özlərini o xarakterlərin yerinə qoyacaq, xarakterlər hadisələri irəli aparacaqlar.

Bu hekayədən kimin qazanacağını, kimin itirəcəyini düşün... Amazon hekayəmizdə bir neçə sağ qalmış sərnişinimiz var. Onları gözlərinin qarşısına gətir və özünə sual ver: bu qrupun xilasından ən çox kim qazanacaq?

Onların arasında özünü bədbəxt sayan, işini itirmiş, üstəlik də, çirkin bir kişi var, bəlkə Amazonda bu vəziyyətə düşmək ona sərf edəcək? Bu vəziyyətdə o, düşündüyündən dəfələrlə güclü olduğunu kəşf edə bilər, cəngavər kimi qrupu toplayıb bütün problemləri həll edə bilər...

Hekayə hara gedir?

Yox, sonluğu indidən yazmalı deyilsən. Köməkçi süjetlərin inkişaf etdikcə, ortaya yeni konfliktlər çıxa və sonluğun dəyişə bilər. Amma ümumən necə sonlanacağını indidən düşün. Bu, sənə dramatik uçuşdan enmə yerini göstərəcək, ümumi yol xəritəsi vermiş olacaq. Həmin sonluq həmişə dəyişə bilər. Amma bir növ məqsədin qabacaqdan bilinməsi sənə hekayənin formasını göstərəcək.

Bu suallara (Böyük Problem nədir? Bu, kimin hekayəsidir? Hekayə hara gedir?) cavab vermək romanın vacib nöqtələrini tapmaq deməkdir.

Güclü və zəif konflikt

Konflikt - hekayənin özü deməkdir. Baş qəhrəmanın bir problemi var. O, bunu aşmağa çalışmalı, sonda ya məğlub olmalı, ya qalib olmalıdır. Bəs bu konflikti güclü edən nədir?

Konfliktin kökü ya xarakterin özündə, ya da ondan kənarda olmalıdır. Məsələn, bir qadın gecə yarısı kimsəsiz qarajda aqressiv, yad bir adamla qarşılaşıbsa, bu konflikt xarici konfliktdir. Situasiya kənar hadisədən doğub.

Amma əgər qəhrəmanımız böyük qardaşına paxıllıq edirsə, öz paxıllığından qurtulmaq üçün içkiyə qurşanıb və bu da onun ailəsini dağıdıbsa, onun problemi onun hisslərindədir. Bu konflikt xarakterin içində baş verir. O, xarici düşmənlə yox, öz daxili hisslərilə ziddiyyətli münasibətdədir. Bu, daxili konfliktdir.

Konfliktlər cürbəcür “ölçü”lərdə olur. Şirlə, düşmən ordusuyla üz-üzə gəlmək kimi böyük, yaxud atasıyla sözü çəp gələn balaca oğlanın konflikti kimi kiçik, intim konfliktlər. Konfliktin gücünü onun ölçüsü təyin etmir. Atasıyla problemi olan balaca oğlanın konflikti qəhrəmanı şirlə üzbəüz qalan hekayənin konfliktindən daha güclü, təsirli ola bilər.

Əgər nə baş verdiyi oxucunu narahat edirsə, sənin konfliktin kifayət qədər güclü konfliktdir. Əgər oxucunun vecinə deyilsə, deməli, konfliktin zəifdir.

Əgər sənin konfliktin xarakterin işə düzəlib-düzəlməyəcəyidirsə, bu, oxucunu maraqlandırmaya bilər. Biz o qadını tanımırıq, onun katibə işinə düzəlib düzələ bilməyəcəyi nə vecimizə?! Necə də darıxdırıcı.

Şirin adama hücum eləməyi diqqətimizi cəlb etmək, bizi həyəcanlandırmaq üçün daha güclü konflikt sayıla bilər. Hər iki halda biz konfliktə yaxşı tanımadığımız xarakterlərin gözülə baxırıq.

Xarakterlər konflikti böyüdə bilər

Amma indi gəlin iş tapmaq haqqında “kiçik” konfliktimizi və şir hücumu haqda “böyük” konfliktimizi bir də nəzərdən keçirək.

Əgər biz iş axtaran qadını çox güclü xarakter kimi təqdim etsək, necə olar? O, həyatın keşməkeşlərindən hər dəfə qalib çıxıb. Ona simpatiyamız var. Amma onun gücü, ehtiyatları tükənir. Əgər bu işdən yox cavabı olsa, təslim olacaq, çayın kənarına gedəcək, oğlunun gələcəyini sığorta şirkətinə tapşırıb özünü sulara qərq edəcək.

Müəllif real xarakter yaradır burda, onun mübarizəsi bizi təsirləndirir. Deməli, indi işə düzəlmək məsələsi bizi daha çox maraqlandırır!

İşə düzəlməsə, öləcək. O, bu işə layiqdir. Onda biz oturduğumuz yerdə gərginləşirik, bu konflikt şirlə döyüşən adamın konflikti qədər həyəcanlı olmağa başlayır.

Yadda saxla, real, üçölçülü xarakter yaratmaq hekayəmizə bir neçə cür kömək edir. Əgər sənin yazmaq istədiyin konflikt hekayən üçün çox zəif görünürsə, o konflikti oxucunu narahat edən problemə çevirmək haqqında düşün. Bəlkə xarakterlərini daha da real edəsən ki, onun problemi bizim üçün də vacib olsun. Ona yönələn risk bizim üçün də əhəmiyyət kəsb etsin.

Güclü başlanğıc. İlgək at.

Məşhur yazıçı, ya yazmağa yeni başlayan gəncsən, bunun heç fərqi yoxdur, - Girişdə sənə ilgək lazımdır. Heç kitab dükanında müştəriləri müşahidə eləmisən?

Onlar maraqlı üzü olan kitabı götürür, açıb birinci cümləni oxuyurlar. Sonra ya onu yerinə qoyur, ya da kassaya yaxınlaşırlar. Jurnallarda da eyni şey baş verir. Əksər redaktorlar belə qərar verirlər. Redaktorlar oxumağa başlayırlar, dayansalar, imtina gəlir ardınca. Əgər sona qədər oxuya bilsələr, nəşrə qəbul edirlər. Hər şey kitabın başlanğıcından asılıdır.

Yaxşı hekayə suallar və cavablar zənciridir, bu zəncir bir daşın dağaşağı dığırlandığı kimi aparır oxucunu. Birinci cümlə həmin daşa vurulan ilk təkandır.

Bir çox naşı yazıçılar hekayələrinə “arxa hekayə” ilə başlayırlar. Biz haradayıq, bu adamlar kimdir, zaman nə zamandır...

Bunların hamısı vacib məlumatlardır. Amma bununla biz qəhrəman haqda sadəcə çox şey öyrənirik. Bu qədər. Maraq isə oyatmır. Heç nə bizə “Bu hekayəni oxu” demir. İndi bu misala baxaq:

"Mildred qızılgüllərini suvaranda Balaca Semin qan içində qaçdığını gördü."

Ah.. qan? Balaca Sem kimdir? Və biz oxumağa davam edirik...

Oxucunu buradakı kimi birbaşa hekayənin içinə salırıqsa, arxa hekayəni necə təqdim etməli? Çıxış yolu budur: arxa-hekayəni mozaika kimi hissə-hissə verməlisən.

Naşı yazıçıların ən çox işlətdiyi giriş - güclü ilgək (çəkici birinci cümlə) və onun ardınca uzun-uzadı bu hekayənin keçmişini (fleşbek) verməkdir. Bizə gəl-gəl deyən maraqlı bir şeylə başlayırıq kitaba və sonra keçmişə, xarakteri formalaşdıran hadisələrlə tanış olmağa göndərilirik.

Yaxud da uzun, daxili monoloq başlayır. Onda biz qəhrəman haqda hər şeyi öyrənirik. Təhlükə elə bundadır.

Oxucular sənin açılış səhnəni oxuduqca kitabın dünyasını qururlar. Əgər sən onları hekayənin keçmişinə (fleşbek) göndərsən, onlar keçmişin hadisələrini əsas xəttdən daha çox sevə bilərlər, sonra həmin xətt kəsiləndə əsas xəttə qayıtmaq maraqsızlaşa bilər. Yaxud da əksinə, uzun fleşbek onları darıxdıra bilər. Oxucular ilk maraqlı açılış cümlənə görə özlərini aldadılmış hiss edə bilərlər.

Ən yaxı çıxış yolu güclü ilgək atmaqla başlamaq, sonra qəhrəmanı harasa göndərmək və onun arxasınca danışmaqdır. Arxa hekayəni indiki hadisələrin ətrafına hör. Qoy oxucular bu mozaik tapmacanı özləri yığsınlar.

Kitabı oxumağa başlamış oxucuları getməyə qoyma. Onda onlar sənin olacaqlar.

Oxu zalı

XS
SM
MD
LG