Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Yazmaq sənəti. Güclü xarakter yaratmaq...


-

"Ola bilsin, hekayəndə və ya romanında o qorxudan istifadə etməyəcəksən, amma istifadə etməsən belə, xarakterinin qorxularını bilməlisən."

"Biz hər gün özümüz kimi hərəkət edirik, özümüz kimi olmayanda dostlarımız tez narahat olurlar, görəsən bizə nə olub."

"Əvvəlcə biz xarakter haqda heç nə bilmirik; kimdir, nə xoşlayır, nədən qorxur. Biz bunlardan qəhrəmanın süjetə necə reaksiya verməsi əsasında xəbər tutmalıyıq"

Gənc yazarlara məsləhətlər

"Yazmaq sənəti" rubrikasında bu həftə Mary Rosenblum-ın nəsr əsərində inandırıcı, real xarakterlər (qəhrəmanlar) yaratmaq üçün məsləhətlərini təqdim edirik.

Güclü xarakter yaratmaq

Yazmaq sənəti haqda bütün yazılarda güclü xarakterlər yaratmaq məsələsi müzakirə edilir. Xarakterlər yaratmaq güclü Hekayənin, Romanın açarıdır. Bəs bu konkret olaraq nə deməkdir?

“Yaxşı” və ya “güclü” xarakterləri necə yaratmaq olar? Haradan başlamalı? Hansı təsvirlərlə? Arxa hekayə (back-story)? Hadisələr?

Bəli, yuxarıdakıların hamısının köməyilə. Mahiyyətcə, güclü xarakter əsl xarakterdir.

Məsələn, Nancy Drew-nun “The Hardy Boys” əsərini oxuyanda hiss etməzsən ki, bunlar canlı, qanlı insanlardır. Oradakı xarakterlər yalnız kağız üzərində mövcuddur, onların macəraları sadəcə kitabı oxuyan anda əyləncə olur sənin üçün, o xarakterlər səni gecə boyu oyaq saxlamırlar.

Kitabı kənara qoyandan sonra xarakterləri heç bir dəfə yadına salmadan işinin gücünün dalınca gedirsən və o xarakterlər bir də sənin yadına növbəti dəfə kitabı götürəndə düşür.

Əsl real xarakterlər oxucuları əlinə almalıdır. Onlar dost olurlar və kitab tamamlanandan uzun müddət sonra da kitabın adını eşitsən, o qəhrəmanlar dərhal sənin yadına keçmiş dostların kimi düşürlər.

Əsl xaraktelər real insanlardır. Onların reallığı macəralarını da aşır. Ola bilsin, süjet yadında qalmır illər sonra, amma xarakterlər qalır!

Velcro xüsusiyyətlər

(Velcro - yapışqan kimi parçadır, Azərbaycanda ona "cırt-cırt" da deyirlər)

Velcro
Velcro

Xarakterlərin əsl xarakterlər olmasını istəyirsənsə, onlar real görünməlidirlər.

Oxucu bu insanlardakı tanış davranışları və ya münasibətləri, seçimləri tanıyır, oxucuya tanış gəlir.

Dostlarınızı gözlərinizin qarşısına gətirin. Onların gör neçəsi eynilə sizin öz şəxsi xüsusiyyətlərinizə bənzəyən cəhətlərə malikdir?

Dostunuz da, siz də idmanı xoşlayırsız. Şirniyyatı sevirsiz. Kitab oxumağı sevirsiz, ev işləri görməyi yox, ova getməyi sevirsiz, adamlarla vaxt keçirməyi yox. Böyük və kiçik bənzərliklərin siyahısını çox uzatmaq olar.

Siz tanış olmayan insanlarla rastlaşanda, birlikdə vaxt keçirəndə, oturub duranda həmin adamın necə yeridyini, danışdığını qiymətləndirməyə başlayısınız. Hər dəfə bir bənzərlik tapırsınız...

O da şirniyyat xoşlayır, mən də - beyniniz avtomatik nəticə çıxarır. Bunları bildikcə, oxşarlıqların sayı artdıqca o insana yaxınlıq və istilik duyursunuz. Deməli, biz oxşarıq. Gəlin bunlara “Velcro xüsusiyyətlər” deyək.

Məhz bu xüsusiyyətlər sənin xarakterlərini oxucular üçün “yapışıqlı” edir. Oxucu və xarakter dostlaşır və eyni bir hekayəni bölüşür.

Bəs bu Velcro xüsusiyyətləri xarakterə necə düzəsən? Bunu etmək üçün əvvəla yazdığın xarakterləri yaxşı tanımalısan, onları bir-birindən fərqləndirən, onların hər birini unikal edən kiçik ekssentrik cəhətlərə qədər yaxşı tanımalısan ki, sonra onları göstərə biləsən.

Baş qəhrəman süjetin ehtiyaclarına cavab verməlidir. Qəhrəman süjetə reaksiya vermirsə, o xarakter simasız bir zombidir. Əvvəlcə biz xarakter haqda heç nə bilmirik; kimdir, nə xoşlayır, nədən qorxur. Biz bunlardan qəhrəmanın süjetə necə reaksiya verməsi əsasında xəbər tutmalıyıq.

Aysberq arxa-hekayə

Arxa-hekayə hər şeydir. Xarakterin haqda çox şey bildikcə, onun Velcro xüsusiyyətlərini də hər dəfə hərəkəti yubatmadan səhnəyə oturtmaq asan olur, asanlaşır.

Baş qəhrəmanının adını, yaşını, fiziki görünüşünü bilmək yetməz!

Onun uşaqlığı necəydi? Bu adamı həyatda nə cəlb edir, nə irəli aparır? Uğur qazanmaq eşqidirmi onu yaşadan? Ya məğlubiyyət qorxusumu? Ya bəlkə hansısa çevrəyə aid olmaq istəyi?

Nə xoşlayır; dondurma, şokolad, fransız pendiri, təzə meyvə? Nəyi xoşlamır? Pişikdən, ilandan, ya mız-mız uşaqlardan zəhləsi gedir?

Baş qəhrəman nə qarşısında qorxu keçirir? Bizim hər birimizin ən azı bir böyük qorxumuz var. Kimisi üçün bu, hörümçəkdir, kimisi üçün ilan, kimisi üçün od, kimisi üçün siçovul...

Ağılla reaksiya vermədən nə isə qorxudur bizi. Nədir o qorxu? Ola bilslin ki hekayəndə və ya romanında o qorxudan istifadə etməyəcəksən, amma istifadə etməsən belə, xarakterinin qorxularını bilməlisən.

Baş qəhrəmanının tarixçəsini yaz... Uşaq vaxtı hansı oyunları xoşlayırdı, evdə həyatı necəydi, valideynləri, məktəbi, həyatında hansı faciələr olmuşdu, ilk sevgisi kim idi.

Düşünə biləcəyin bütün hər şeyi əvvəlcə özün üçün yaz. Biz keçmiş təcrübəmizin nəticəsi olduğumuz kimi xarakterlərimiz də keçmiş təcrübələrinin nəticələridir.

Xarakteri yazmazdan əvvəl onun keçmişi haqda nə qədər çox biliriksə, xarakter də bir o qədər ardıcıl hərəkətlər edəcək. Ardıcıllıq reallığn açarıdır.

Biz hər gün özümüz kimi hərəkət edirik, özümüz kimi olmayanda dostlarımız tez narahat olurlar, görəsən bizə nə olub.

Xarakterlərin bir səhnədə qurd, o birində quzu kimi hərəkət edirlərsə, oxucular sadəcə olaraq, bunların real şəxslər olduğuna inanmayacaq. Axı onlar belə ziddiyyətli adamlar görməyiblər həyatda.

Amma əgər oxucuna xarakterin niyə bəzi səhnələrdə qurd, bəzilərində isə quzulaşdığı haqda yetərli bilgi verirsənsə, o başqa məsələ. Onda oxucu o xarakterin real olduğuna inanacaq.

Ucu seçmək

Aysberqin yalnız kiçik hissəsi, - ucu suyun üzərində olduğu kimi sənin də xarakterlərinin kiçik bir arxa-hekayəsi hekayənin üzündə olacaq.

Xarakterinin arxa hekayəsinə görə sən həmin xarakterin davranışını izah edən hadisələr daxil edə bilərsən. Xarakter ardıcıl olaraq bir neçə səhnədə göründüyünə və hərəkətdə olduğuna görə, həmin kiçik Velcro xüsusiyyətləri artıra bilrəsən.

Velcro xüsusiyyətlər oxucuya imkan verəcək ki, onu özlərinə yaxın və doğma hiss etsinlər. Xarakterin küçədə gəzəndə sən onu bir arıq küçə pişiyini yedirtmək üçün dayandıra bilərsən. Bu zaman onun xarakterinin bir cizgisi ortaya çıxacaq; daha onun necə mərhəmətli olduğunu birbaşa deməklə yox.

O, parkda beysbol oynayan on yaşlı uşaqların əlindən qaçmış topu götürüb həmin uşaqlara ata bilər. Marketdə dolu yetişmiş armudları seçə bilər. İtinə uşaq kimi qulluq edə bilər.

Bu kiçik xarakter detalları - məhz bunlar həmin xarakteri oxucuya “yapışdırır”, “o da mənim kimidir” gerçəkliyi yaradır.

Böyük + Kiçik = Real

Xarakter yaratmaq çoxlu detalların qarışdırılması işidir. Xarakterin keçmişindən olan səbəblər onun bugünkü davranışını izah edir. Kiçik detallarsa, məsələn, onun nə xoşlayıb-xoşlamadığı xarakteri – insana çevirir və insan-oxucuya doğmalaşdırır.

Bu detalları bir-birinin ardınca düzsən, onda hekayənin irəliləməsinə mane ola bilərsən. Uzun-uzadı xarakterin uşaqlığı kimi böyül və şirniyyat xoşlaması kimi kiçik detalları təsvir etmək hekayənin – süjetin özünə tormoz vura bilər.

Əvəzində belə etmək olar: birinci səhnədə hekayənin içində bir detal kimi onun iti olduğunu öyrənirik, ikinci səhnədə it ölür, üçüncü səhnədə məlum olur ki, iti anasının sevgilisi öldürüb və hekayə klimaksa yaxınlaşdıqca baş verən hadisələr qəhrəmanın yaddaşında itinin öldürülməsi hadisəsinin olmasıyla izah olunur oxucuya.

Eyni zamanda biz onun qarpız xoşladığını öyrənirik. Uşaqlara top atmağına görə tez-tez qəbullara gecikir. Qadınların yanında utancaq olur. Tərəvəzi sevmir, xüsusən bir növ tərəvəzi.

Kifayət qədər Velcro xüsusiyyətlər artırsan, hər oxucu ən azı bir xüsusiyyəti özünə yaxın bilcək. Süjetə birbaşa nəql etməklə yox ("o, qarpız xoşlayırdı" yox), dolayısıyla hörülən bu detalların heç də hamısı xarakterin klimaksdakı davranışını izah etmək üçün deyil.

Bu detallar yalnız o qəhrəmanı doğma, insani, nəhayət real göstərmək üçündür.

Beləliklə, oxucunuza böyük və kiçik, insani detallar verin və nəticədə hekayə tamamlanandan sonra da oxucu üçün uzun müddət dost kimi qalacaq bir xarakter yaratmış olacaqsınız.

Oxu zalı

XS
SM
MD
LG