Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 05:35

Umberto Eco "İblisin İncili"nə baş çəkib


Codex Gigas

-

Bu kitabda İblisin portreti nə gəzir?!

Dünən italyan yazıçı, orta əsrlər üzrə mütəxəssis Umberto Eco Stokkolmda, İsveç Milli Kitabxanasında "Codex Gigas" kitabına baş çəkib.

Oxu zalı xəbər verir ki, yazıçı bu qeyri-adi kitabdan gələcək yazısı üçün qeydlər götürüb.

"Codex Gigas" İsveç Milli Kitabxanasındakı başqa kitablarından seçilir.

Cildi taxtadandır, 620 səhifəsi var, təxminən bir metr hündürlüyündədir, çəkisi 165 kilodur. Orta əsrlərdən əlimizə çatan ən böyük əlyazma hesab olunur.

Amma kitabı başqalarından seçdirən bu xüsusiyyətləri deyil. Kitabdakı İblis portretidir.

“Codex Gigas” 13-cü əsrdə yazılıb. Əvvəlcə indiki Çex Respublikasında "Podlažice" monastırında saxlanıb.

Kitab Əhdi Ətiq və Əhdid Cədidi, o dövrün qrammatik qayda-qanunu haqda mətnləri, həmçinin İblisdən qorunmaq haqda məsləhətləri ehtiva edir.

Bəs bu kitabda niyə İblisin böyük portreti var?

Medievistika deyir ki, o zaman rahiblər yazı üzərində gündə üç saat işləyirmişlər. Bu fakt və kitabda çoxlu naxışlar olduğu nəzərə alınsa, əlyazmanın iyirmi ilə yazıldığı ehtimal oluna bilər.

Ancaq onu tərtib edən, vərəqlərini bəzəyən adamın kimliyi məlum olmadığına görə, camaat belə bir fövqəl-izahat qondarıb.

Guya o vaxt bir rahib "Podlažice" monastırında cəza alıb. Dünyanın ən böyük kitabını bir gecədə yazmaq onun cəzası imiş.

Bunu etmək üçün onun İblislə müqavilə bağlamaqdan başqa yolu qalmayıb. Bir gecədə çox yüksək məhsuldarlığın əvəzində rahib kitabda İblisin böyük poertretini çəkməliymiş.

Bu portretə görə də kitab "İblisin İncili" adını alıb və çoxlu konspirasiya fərziyyələrinə yol açıb.

1618-ci ildə protestantlarla katoliklər arasındakı Otuz illik Müharibədə İsveç Praqanı tutub, bu kitab da başqa kitablarla birlikdə İsveçə aparılıb.

İsveç Kraliçası Kristinanın başqa xalqlardan kitab oğurlamaq və öz ölkəsinin kitabxanasını genəltmək vərdişi varmış.

1697-ci ildə yanğın vaxtı sözügedən kitabı pəncərədən atıblar ki, alovlanmasın. Xeyli zədələnsə də xilas oluna bilib. 1819-cu ildə kitabın zədələnmiş vərəqləri bərpa olunub.

XS
SM
MD
LG