Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:11

Umberto Eco-nun yeni yazısı


Umberto Eco
Umberto Eco

ABŞ-ın Müstəqillik Bəyannaməsində nələr deyilməli idi

-

Fakt budur ki, xoşbəxtlik də axmaqlıq kimi, yaxud, belə deyərdim, xəyalı göylərdə gəzmək hissi kimi keçici, epizodikdir, ömrü qısadır...


Umberto Eco


ABŞ-ın Müstəqillik Bəyannaməsində nələr deyilməli idi

(La Repubblica, Italy)


Bəzən düşünürəm ki, bizi çənginə almış problemlərin çoxu - dəyərlərlə bağlı böhran, bizi şirnikləndirən reklamlara təslim olmağımız, televiziyaya çıxmaqdan ötrü sino getmək, tarixi və fərdi şüurun itirilməsi, kəsəsi, bu tip köşələrdə gileyləndiyimiz bütün məsələlər - bəlkə elə ABŞ-ın 4 iyul 1776-cı il tarixli Müstəqillik Bəytannaməsində sözlərin düzgün seçilməməsi ilə bağlıdır, o bəyannamə ki, orda "bəşər nəslinin möhtəşəm və mütərəqqi taleyi"nə olan mason inamı ilə "bütün insanların Yaşamaq, Azadlıq və Xoşbəxt olmaq haqlarının olduğunu" qeyd edilib.

Bu sənəd haqda danışılanda onun dövlətin əsasını qoyan qanunlarda xoşbəxtlik haqqının ilk dəfə tanınması cəhəti qabardılır, nəinki ondan, əməl edilməli öhdəliklər, yaxud başqa ciddi məsələlər toplusu kimi bəhs edilir və ilk baxışdan, bu, doğrudan da inqilabi bir bəyannamədir. Hərçənd, cəsarət edib deyərdim ki, semiotik səbəblərə görə, o, bəzən ikili anlaşılma hallarına da yol açıb.

Xoşbəxtlikdən bəhs edən kitablar saysızdır, Epicurus-dən*, hətta ondan da əvvəlki müəlliflərdən başlayır, amma sağlam düşüncə mövqeyindən çıxış edərək deyərdim ki, yəqin bizim heç birimiz xoşbəxtliyin əslində nə demək olduğunu doğru-dürüst anlada bilmərik. Əgər bu, insanın daimi bir ruhi halıdırsa, yaxud insanın həyatı boyunca xoşbəxt olması, şübhələrə düşməməsi, kədərlənməməsi, böhranla üzləşməməsi ideyasını ifadə edirsə, onda belə həyat hansısa idiotun, yaxud ən yaxşı halda dünyadan təcrid edilmiş şəkildə yaşayan, heç nəyə can atmayan, şoksuz, narahatlıq görmədən ömür sürən obrazın həyatına bənzərdi - ağlıma ilk olaraq Baucis və Philemon** gəlir. Hətta onların həyatında da, poeziyanın hüdudlarından kənarda təsəvvür etsək, güman ki, bəzi narahatlıqlar olub. Ən azından, zökəm, yaxud diş ağrısı kimi.

______
*Qədim yunan filosofu
**İtalyan şairi Ovid-in (m.ə 43 - m.s 17/18) yunan mifologiyasından götürərək "Metamorfozalar" əsərində istifadə etdiyi qoca ər-arvad obrazı.



Fakt budur ki, xoşbəxtlik də axmaqlıq kimi, yaxud belə deyərdim, xəyalı göylərdə gəzmək hissi kimi keçici, epizodikdir, ömrü qısadır. Bu, körpənin doğulması sevincini yaşamaq, sevən şəxsin, məhəbbətinin qarşılıqlı olduğunu anlaması. yaxud bəlkə də lotereya udmaq, hədəfə çatmaq (Oscar, kubok, çempionluq), lap elə kəndə gedəndə yaşanan an kimidir. Bütün bunlar ani yaşantılardır və çox keçmir ki qorxularımız, kədərimiz, əzablarımız, ən azından narahatlıqlarımız onları üstələyir. Bundan başqa xoşbəxtlik ideyası bizi ilk növbədə özümüzün şəxsi firavanlığımız haqda düşünməyə vadar edir, bəşər nəslinin xoşbəxtliyi məsələsisə az hallarda yada düşür, başqalarının xoşbəxt olmaq çabaları bizi demək olar ki, narahat etmir. çünki başımız öz xoşbəxtlik axtarışlarımıza qarışıb. Hətta kiminsə sevmək xoşbəxtliyi rədd edilmək bədbəxtliyi ilə çulğaşıbsa, bu da bizi çox az narahat edir, çünki öz xoşbəxtlik axtarışlarımızla məşğuluq.
ABŞ Müstəqillik Bəyannaməsinin layihəsi üzərində iş, Thomas Jefferson (sağda), Benjamin Franklin (solda) və John Adams (ortada), rəssam Jean Leon Gerome Ferris (1863–1930)
ABŞ Müstəqillik Bəyannaməsinin layihəsi üzərində iş, Thomas Jefferson (sağda), Benjamin Franklin (solda) və John Adams (ortada), rəssam Jean Leon Gerome Ferris (1863–1930)


Xoşbəxtlik ideyası reklam və istehlak dünyasının əsas anlayışına çevrilib. Burada təklif edilən hər şey xoşbəxt həyata çağırışdır, sızanağa qarşı krem də, paltarı mümkün olmayan həddə qədər ağardan yuyucu toz da, yarı qiymətə satılan kreslo da, qasırğadan sonra ləzzətlə içilən likyor da, ətrafına xoşbəxt ailənin toplaşdığı ət konservi də, ucuz maşın da, liftə başqalarının burunlarından narahat olmadan girməyə imkan verən tompon da.

Biz səs verəndə, yaxud uşağı məktəbə göndərəndə də xoşbəxtlik haqda nadir hallarda düşünürük, amma lazımsız şeyləri almağa gələndə, bəli, hesab edirik ki, xoşbəxtliyə çatmaq haqqımızı bu yolla təmin etmiş oluruq.

Bəs biz nə vaxt başqalarının xoşbəxtliyi məsələsindən narahatlıq keçiririk? (axı biz daşqəlbli vəhşilər deyilik) Bunu o zaman edirik ki, kütləvi informasiya vasitələri aclıqdan əziyyət çəkən qaradərili uşaqların öldüyünü, canına milçəklər daraşan insanların sağalmaz xəstəliklərdən əziyyət çəkdiyini, yaxud sunaminin yaşayış məskənlərini dağıtdığını göstərir. Belə hallarda, biz hətta yardım da etməyə hazır oluruq, ən yaxşı halda mində beş şəklində (italyanların qeyri-kommersiya qurumlarına verdikləri iyanə ümumilikdə ödədikləri vergilərin həcminə nisbətdə bu qədərdir).

Müstəqillik Bəyannaməsində deyilməli idi ki, bütün insanların dünyada bədbəxtliyin səviyyəsini azaltmaq kimi haqları və vəzifələri var, o cümlədən, əlbəttə ki, öz bədbəxtliklərini. Belə olsa idi, bir çox amerikalılar tibbi sığorta haqda qanuna, bu bizim fərdi hüquqlarımıza, bir vergi ödəyicisi kimi firavan yaşamaq haqqımıza ziddir kimi əcaib arqument gətirərək etiraz etməzdilər.

worldmeets.us
Tərcümə: "Oxu zalı"
XS
SM
MD
LG