Keçid linkləri

2024, 03 Mart, bazar, Bakı vaxtı 07:43

Dünya xəbərləri

Təhlükəsizlik xidmətinin şefi işdən çıxarıldı

Vadym Nalyvaychenko
Vadym Nalyvaychenko

Ukrayna parlamenti təhlükəsialik xidmətinin rəhbəri Valentyn Nalyvaichenkonun istefaya göndərilməsinə səs verib.

450 deputatdan 248-i onun işdən azad olunması ilə bağlı prezident Petro Poroshenkonun təklifini dəstəkləyib.

Bütün xəbərləri izləyin

İranda seçkilərdir, saxlananlar var

İranda səsvermə
İranda səsvermə

Martın 1-də İranda parlamentə - Məclisə və Üləmalar Məclisinə seçkilər keçirilir. AzadlıqRadiosunun fars xidməti səsvermənin seçici apatiyası və boykota çağıranlara təzyiqlər fonunda baş tutduğunu yazır.

2022-ci ilin kütləvi etirazlardan bəri ilk dəfədir ölkədə seçki keçirilir. O zaman Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra polisdə vəfat edib və bundan sonra ölkəni etiraz dalğası bürüyüb. Bundan başqa, İranda hazırda iqtisadi şərtlər getdikcə pisləşir, narazılara qarşı repressiyalar artır.

Bir çox iranlılar deyiblər ki, "mənasız" saydıqları seçkilərə getməyəcəklər. Bu seçkinin ölkədə sərt xətt tərəfdarlarının hakimiyyətini daha da möhkəmləndirəcəyi gözlənilir.

Seçici iştirakçılığı

İranda seçici iştirakçılığını müstəqil monitorinq etmək olmur, hökumətin keçirdiyi sorğular isə nadir hallarda açıqlanır.

Dövlətə bağlı bir mərkəzin sızdırılmış sorğusunun nəticəsinə görə, seçkiyə cəmi 30 faiz seçici gedə bilər. Ancaq bu məlumat dərhal təkzib olunub.

2020-ci ildə parlament seçkisində seçici iştirakçılığı rekord az – 42.6 faiz olub.

Ali Dini Lider Ayətullah Əli Xamenei seçkiyə ilk gedənlər sırasında olub. O, iranlıları mümkün qədər tez səs verməyə çağırıb, xəbərdarlıq edib ki, seçkiləri İranın dostları da, düşmənləri də izləyir.

"Dostları sevindirin, düşmənləri ümidsiz edin", - 84 yaşlı Xamenei səs verəndən sonra deyib.

85 milyon əhalisi olan İranda azı 61 milyon nəfərin səsvermə hüququ var. 290 yerlik parlament və Üləmalar Məclisinə 15 min namizəd qeydə alınıb.

Nüfuzlu Üləmalar Məclisi səkkiz illiyə seçilir, İranın ali dini liderini seçir. Xameneinin yaşını nəzərə alanda bu Məclisin rolu daha da qabarır.

Boykot çağırışları

Bir sıra tanınmış xadimlər, o cümlədən Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi seçkini açıq şəkildə boykota çağırıb, onun nəticəsinin öncədən müəyyənləşdirildiyini deyiblər. Keçmiş daxili işlər nazirinin müavini Mustafa Taczadə səsverməyə qarşı çıxıb, ali dini lideri ölkənin böhranlarına laqeydliyinə görə tənqid edib.

Seçkiöncəsi onu boykota çağırdığı iddia olunan bir neçə nəfər saxlanılıb.

Qərbi Azərbaycan vilayətində polis ictimai itaətsizliyə, seçkidə iştirak etməməyə çağıran sosial media səhifələrinə görə 50 nəfərin saxlandığını elan edib. Saxlananların kimliyi açıqlanmayıb.

Almaniya vətəndaşı olan iranlı qadın həbsxanaya qaytarılıb

Nahid Taqavi
Nahid Taqavi

Almaniya vətəndaşı iranlı qadın bir neçə həftəlik tibbi ezamiyyətdən sonra Tehranda həbsxanaya qaytarılıb. Qızı fevralın 29-da bildirib ki, anasının səhhəti sarıdan narahatlıq artır.

69 yaşlı Nahid Taqavi fevralın 28-də "qanunsuz şəkildə və aydın səbəb göstərilmədən" Evin həbsxanasına göndərilib, - Mariam Klaren X platformasında yazıb.

Taqavinin tərəfdarları öncə demişdilər ki, o, onurğaarası yırtıqdan, diabetdən, yüksək qan təzyiqindən əziyyət çəkir. Klarenin sözlərinə görə, anasında son həftələrdə ağrılı göz xəstəliyi yaranıb, "sərt həkim nəzarətində olmalıdır".

Taqavi 2020-ci ildə İranda milli təhlükəsizlik ittihamları ilə saxlanılıb. Yanvarın 9-da o, sərt şərtlərlə tibbi ezamiyyətə buraxılıb. Belə ki, elektron izləmə cihazı taxmalı, Tehrandakı evinin 1 kilometrliyindən uzaqlaşmamalı idi.

Qızı anasının belə şərtlərlə gərəkən tibbi müalicəni ala bilmədiyini söyləyib.

10 il həbs cəzası

İxtisasca memar olan Taqavi 2021-ci ildə "qanunsuz qrupa başçılıq etməkdə" təqsirli bilinib. Vəkili onun 10 il həbsə məhkum edildiyini açıqlayıb. Qadın uzunmüddətli təkadamlıq kamerada saxlanılıb.

Almaniyanın Xarici İşlər Nazirliyi Taqavinin həbsə göndərilməsi qərarını pisləyib, onun səhhətinin qətiyyən nəzərə alınmadığını bildirib.

Nazirlik qeyd edib ki, Taqavi ağır xəstədir, tibbi müalicə almalıdır. Qurum Almaniyanın onun buraxılması üçün "yorulmadan" çalışacağını əlavə edib.

İnsan haqları qrupları, Qərb hökumətləri İranı başqa ölkələrdə həbsdə olan iranlılarla dəyişdirmək üçün xariciləri və ikili vətəndaşları saxlamaqda ittiham edirlər. Tehran isə dəfələrlə bildirib ki, ikili vətəndaşlığı tanımır, üstəlik, xariciləri siyasi səbəblərlə saxladığını da təkzib edir.

Putin: Qərb Ukraynaya əsgər göndərərsə, 'faciəvi' nəticələri olar

Vladimir Putin
Vladimir Putin

Fevralın 29-da Rusiya prezidenti Vladimir Putin rusiyalılara ənənəvi illik müraciətini edir. O, Ukrayna ilə müharibəyə, eləcə də Moskvanın Qərblə münasibətlərinə toxunub, Qərb Ukraynaya əsgər göndərərsə, bunun "faciəvi" nəticələri olacağını deyib.

Putinin müxalifət namizədinin olmadığı, asanlıqla udacağı gözlənən prezident seçkisinə üç həftədən də az qalır.

Ukraynadakı müharibəni əsaslandırır

O, çıxışında deyib ki, Ukraynanın tammiqyaslı işğalı Rusiyanın suverenliyi və təhlükəsizliyinin qorunması üçün lazım idi.

"Bütün sınaqlara, itkilərin acılığına baxmayaraq, adamlar bu seçimə qətiyyətlə yanaşırlar", - Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı başladılan hücumla bağlı deyib.

Prezident parlamentin hər iki palatasının üzvləri, eləcə də digər qonaqlar qarşısında çıxış edir. O, Qərbi Moskvanı zəiflətməklə silahlanma yarışına çəkməyə çalışmaqda ittiham edib.

"Qərb təkcə bizim inkişafımızı ləngitməyə çalışmır; onlara Rusiyanın yerində ölməkdə olan məkan lazımdır", - deyən Putin Qərbin yanıldığını da sözlərinə əlavə edib.

"Bizim də... silahlarımız var"

Bu həftənin əvvəlində Fransa prezidenti Emmanuel Makron deyib ki, konsensusun olmamasına baxmayaraq, heç nə, eləcə də Qərb qüvvələrinin ukraynalıların tərəfində döyüşməyə göndərilməsi istisna olunmur, məqsəd Rusiyanın Ukraynada qələbəsini önləməkdir.

"Onlar Ukraynaya NATO qoşunları göndərməkdən danışırlar. Ancaq biz kontingent göndərənlərin taleyini xatırlayırıq. İndi intervionistlər üçün nəticə daha faciəvi ola bilər. Bizim də onların ərazisini vura biləcək silahlarımız var", - Putin hədələyib.

Rusiyada seçki martın 15-17-də olacaq. Kreml bu seçkidə Putinə və Ukraynanın işğalına dəstəkdə milli birlik göstərə biləcəyinə ümid edir.

Seçkilər Kremlin sərt nəzarəti altında keçirilir.

Ukrayna xüsusi təyinatlıları həlak olub

Ukrayna hərbçisi Qara dənizdəki İlan adasında "İlan adası bizimdir" yazılmış lövhənin yanından keçir.
Ukrayna hərbçisi Qara dənizdəki İlan adasında "İlan adası bizimdir" yazılmış lövhənin yanından keçir.

Ukraynanın cənubundakı Xerson vilayətinin işğal olunan ərazilərində keçirilən əməliyyat zamanı dəqiqləşdirilməmiş sayda bu ölkənin xüsusi təyinatlı əsgərləri həlak olub.

Bu barədə Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin fevralın 29-da yaydığı bəyanatda bildirilir.

Ukraynanın "Suspilne" telekanalı xəbər verir ki, bu ölkənin hərbçiləri Qara dənizin şimalında, işğal olunmuş Xerson sahilləri yaxınlığındakı Tendra dilində möhkəmlənmək istərkən həlak olublar.

Rusiya xəbər agentliklərinin isə sitat gətirdiyi işğalçı rəsmilər bildiriblər ki, "Tendra dilinə enməyə cəhd göstərərkən bir qrup ukraynalı diversant məhv edilib".

"Mash" kanalı azı 20 ukraynalı xüsusi təyinatlının öldürüldüyünü, birinin yaralanaraq əsir düşdüyünü yazıb.

Rusiya dəniz piyadaları vurulub

Ukrayna Rusiya qoşunlarının toplaşdığı yerə zərbə endirib, 19 nəfərin öldüyü xəbər verilir. Bu, son iki həftədə üçüncü belə hücum sayılır.

Ukrayna silahlı qüvvələrinin Baş Qərargahının məlumatına görə, raket zərbəsi Donetsk vilayətindəki Volnovaxa rayonunda Olenovka kəndinə endirilib. Ölənlər arasında bölmə komandirinin müavininin, 12 yaralıdan birinin isə komandir olduğu bildirilir.

Bu zərbə barədə ilk dəfə fevralın 28-də axşam z-bloqerlər yazırdılar. "Dosye Şpiona" Telegram kanalı yazıb ki, dəniz piyadalarının 155-ci briqadasının şəxsi heyəti zərbəyə tuş gəlib.

Dnestryanıdakı separatçılar Rusiyadan 'qoruma' istəyirlər

Moldovanın separatçı Dnestryanı bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları
Moldovanın separatçı Dnestryanı bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları

Moldovanın separatçı Dnestryanı bölgəsinin liderləri Rusiyanı onları "qorumaq" üçün tədbirlər görməyə çağırıblar. Separatçılar Moldovanın qərbyönlü hökumətinin təzyiqi gücləndirərək iqtisadi müharibə həddinə çatdırdığını iddia ediblər.

Belə bir çağırış fevralın 28-də Tiraspolda separatçı regionun lideri Vadim Krasnoselskinin çağırdığı nadir toplantıda səslənib. Toplantı "Dnestryanı Xalq Deputatları Qurultayı" adlandırılıb.

30 il öncə müstəqillik elan edən Dnestryanı bölgəni heç bir legitim dövlət tanımayıb. Dünənki tədbirdə rəsmən Rusiya ilə birləşmə xahişinin olunacağı ilə bağlı spekulyasiya vardı. Bu gün - fevralın 29-da isə Rusiya prezidenti Vladimir Putin ölkəsinin deputatları qarşısında çıxış edəcək.

Toplantıda uzun bir şikayət siyahısı açıqlanıb, ilk öncə Moskvaya, daha sonra beynəlxalq qurumlara Moldovanın iddia olunan təzyiqi, separatçıların hüquqlarının pozulmasından giley-güzar edilir. Bəyanatda separatçı regionda azı 220 min Rusiya vətəndaşının yaşadığı iddia olunur.

Kişineunun reaksiyası

Moldova hökuməti dünənki iclasda səslənən "propaqanda" bəyanatlarını rədd edib. Baş nazirin müavini Oleq Serebrian Telegram-da yazıb ki, "Dnestryanı bölgə bütün vətəndaşlar üçün faydalı olan sülh, təhlükəsizlik və Avropa İttifaqı ilə iqtisadi inteqrasiya siyasətindən yararlanır".

Kişineu hələ tədbir başlamamışdan Tiraspoldakı bütün müzakirələrin "fırıldaq" olduğunu bildirib.

Prezident Maya Sandu daha öncə deyib ki, Moldova dondurulmuş Dnestryanı münaqişəni dinc yolla həll etməyə qərarlıdır, regionun iqtisadi reinteqrasiyası üçün "kiçik addımlar" atılır.

Separatçıların görüşündən bir gün öncə ABŞ-ın elçisi Kristofer Smit (Christopher Smith) Tiraspola gedib, Krasnoselski ilə danışıb. Sonuncu amerikalı diplomata Kişineunun regiona iqtisadi təzyiq göstərəcəyini deyib.

Kişineu və Tiraspol arasında sonuncu dəfə gərginlik Moldova 2022-ci ildə Aİ ilə üzvlük danışıqlarını açmağa dəvət olunanda başlanıb. Moldova yanvarda Dnestryanıya yeni idxal, ixrac rüsumları tətbiq edib ki, bu da separatçı rəhbərlərin etirazına səbəb olub.

Çeçenistana göndərilən qadının yerini öyrənmək istəyirlər

Berlində Seda Süleymanovaya dəstək aksiyası.
Berlində Seda Süleymanovaya dəstək aksiyası.

Dünyanın bir sıra ölkələrində fəallar fevralın 27-də yürüşlərə çıxaraq Rusiya hakimiyyətindən Seda Süleymanovanı tapmağı tələb ediblər. Sözügedən qadın Sankt-Peterburqda saxlanandan və doğma yurdu Çeçenistana göndəriləndən bəri azı 150 gündür ondan xəbər yoxdur. Süleymanova məhz Çeçenistanda məişət zorakılığından qaçıbmış.

Fəallar Rusiyanın Buenos-Ayres, Berlin, Bonn, Varşava, Meksika və Tbilisidəki diplomatik missiyaları qarşısına yığışaraq "Sedanı bizə göstərin", "Namus qətllərinə son", "Seda haradadır?" yazılmış plakatlar qaldırıblar.

Oxşar aksiyalar İtaliyanın beş şəhərində də keçirilib.

Ötən ilin avqustunda Sankt-Peterburqda polis Süleymanovanı və partnyoru Stanislav Kudryavtsevi mənzillərində saxlayıb və polis bölməsinə aparıb. Orada Süleymanovaya deyilib ki, Çeçenistanda zinət əşyası oğurlamaqda şübhəli sayılır. Qadın ittihamı rədd edib.

Seda Süleymanova
Seda Süleymanova

Video yayılıb, amma...

Süleymanova Çeçenistana göndərilib. Çeçenistana getmək və Süleymanova ilə evlənə bilmək üçün islamı qəbul etmiş Kudryavtsevin onu tapmaq cəhdləri boşa çıxıb.

Çeçenistan hakimiyyəti Süleymanovanın orada olduğunu göstərən video yayıb, ancaq sonradan onun yeri barədə heç bir açıqlama verilməyib. Videoda qadın heç bir söz deməyib.

Süleymanova 2022-ci ilin oktyabrında Çeçenistandan çıxaraq "SK SOS" qrupundan kömək istəyib. Dediyinə görə, qohumları onu "yetərincə" dindar olmadığına görə öldürə bilərlər.

İnsan haqları müdafiəçiləri deyirlər ki, Şimali Qafqazdan qaçan qadınların qohumları çox vaxt iddia ərizəsi qaldıraraq onları cinayətlərdə, adətən oğurluqda ittiham edirlər. Bununla da onların saxlanmasını, qohumlarına qaytarılmasını leqallaşdırırlar. Qaytarılan qadınlar isə zorakı rəftarla üzləşirlər.

Məişət zorakılığı on illərdir Rusiyanın Şimali Qafqaz bölgəsində problemdir. Regiondan qaça bilənlər deyirlər ki, zorla qaytarılsalar, cəza, o cümlədən "namus qətlləri" ilə üzləşə bilərlər.

Yerli hakimiyyət orqanları isə adətən pozuntularda ittiham olunanların tərəfini tuturlar.

'Apple' özüyeriyən elektromobil layihəsini dayandırıb

"Apple Car"
"Apple Car"

"Apple" şirkəti özüyeriyən elektrik avtomobili istehsalı ilə bağlı gizli planlarını dayandırıb. 10 ildir davam edən bu plan şirkət tarixində ən ambisiyalı layihələrdən sayılırdı.

Şirkət rəsmiləri fevralın 27-də "Project Titan" adlı layihə üzərində işləyən komandalara xəbər yollayıblar ki, yüzlərlə işçi süni intellekt bölmələrinə yönəldiləcək. AP bunu çoxsaylı məlumatlara istinadla yazır.

2 min işçinin çoxu ixtisara düşə bilər

Özüidarəolunan avtomobil layihəsinin "Apple" şirkətinə milyardlarla dollara başa gəldiyi, layihəyə 2 minədək işçinin cəlb olunduğu bildirilir.

Bəzi işçilərin süni intellekt layihələrinə köçürüləcəyi gözlənilsə də, çoxları ixtisar oluna bilər. Ümumilikdə qərarın neçə işçiyə təsir göstərdiyi bəlli deyil.

"Apple" xəbərə şərh verməyib. Şirkətin avtomobil layihəsini dayandırması xəbərini ilk dəfə "Bloomberg" yayıb, səbəb kimi elektrik avtomobilləri bazarının kiçilməyə başladığı göstərilib.

Dünyanın ən zəngin şirkətlərindən olan "Apple" öz brendi ilə avtomobil buraxardısa, bu, industriyada transformasiya yarada bilərdi, layihə diqqətlə izlənirdi.

Əngəllər

Ancaq təhlilçilər deyirdilər ki, "Apple" şirkətinin öz avtomobilini istehsal etməsinə çox illər var. Şirkətin mühəndisləri illərlə "Apple" avtomobil texnologiyasını ictimai yollarda test ediblər.

Bir məqamda şirkət idarəetmə sükanı, yaxud pedalı olmayan avtomobil düzəltməyə cəhd edib. Ancaq ideya yarımçıq qalıb, çünki mövcud texnologiya ilə bu mümkün olmayıb. Bu barədə "Bloomberg" 2022-ci ilin sonunda yazırdı.

"Apple" heç vaxt özüyeriyən avtomobil planlarını rəsmən açıqlamayıb. Amma təhlilçilər belə maşının qiymətinin 100 min dollar civarında olacağını deyirdilər. Bu, təxminən eyni qiymətə satılan "Tesla" elektromobilləri ilə rəqabət apara bilərdi.

"Tesla"nın icraçı direktoru İlon Mask, (Elon Musk) deyəsən, xəbərə isti yanaşıb, sosial media postunda salamlama emojisi və siqaret şəkli qoyub.

Qəzzada azı 500 min nəfər aclığın bir addımlığındadır

Fələstinlilər Qəzza zolağının Rəfah şəhərində pulsuz yemək üçün növbəyə düzülür.
Fələstinlilər Qəzza zolağının Rəfah şəhərində pulsuz yemək üçün növbəyə düzülür.

Qəzza əhalisinin azı dörddə biri –576 min nəfər aclığın bir addımlığındadır, bütünlükdə əhalinin isə ərzağa ehtiyacı var. Buna bəzi ərzaq maşınlarının atəşə tutulması, talan edilməsi, ac adamlar tərəfindən ələ keçirilməsi səbəb olur. BMT rəsmiləri fevralın 27-də qurumun Təhlükəsizlik Şurasında bu haqda danışıblar.

BMT-nin humanitar ofisi və ərzaq, kənd təsərrüfatı təşkilatları Qəzzanın 2.3 milyonluq əhalisinin ərzaq təhlükəsizliyi böhranı ilə üzləşdiyini, ərzaq və humanitar təchizatların qıtlaşdığı şimalda ictimai asayişin pozulduğunu bildirib.

Uşaqlar çəki itirir

Qurumun humanitar məsələlər üzrə koordinatoru Rameş Racasinqham BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, "vəziyyətin daha da pisləşməsi üçün hər cür imkan var".

Onun sözlərinə görə, Qəzza əhalisinin dörddə birinin aclıq həddində olması ilə yanaşı, anklavın şimalında yaşı ikidən az hər altı uşaqdan biri kəskin pis qidalanma və çəki itirilməsidən əziyyət çəkir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktor müavini Karl Skau qeyd edib ki, bu, dünyada uşaqların ən pis qidalanma səviyyəsidir. O xəbərdarlıq edib ki, "heç nə dəyişməsə, Qəzzanın şimalında aclıq qaçılmazdır".

ABŞ və Avropa İttifaqının terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailin cənubuna hücum edib, min 200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Bundan sonra İsrail Qəzzanı hədəfə alıb. Təl-Əviv bu qruplaşmanı məhv edəcəyini bildirir.

K.Skau BMT-nin anklavın şimalına yardım göndərməyi bərpa etdiyini açıqlayıb. Ancaq o, fevralın 18-19-da göndərilən yüklərin nəzarət-buraxılış məntəqələrində yubanma, atəş, digər zorakılıq, ərzaq talanı ilə üzləşdiyini vurğulayıb.

"Çatdıqları yerdə isə onları ümidsiz ac adamlar ələ keçirib", - o deyib.

İsrail BMT-ni ittiham edir

İsrailin BMT-dəki səfir müavini Brett Miller deyib ki, HƏMAS-la döyüşlərlə eyni vaxtda "bacardıqları qədər dinc sakinlərin qayğısına qalırlar", müxtəlif ölkələrdən və BMT agentliklərindən humanitar yardımın daxil olmasını təmin etməyə çalışırlar.

Millerin sözlərinə görə, 7 oktyabr hücumlarından bəri İsrail 254 min ton humanitar yardımın, o cümlədən 165 min ton ərzağın çatdırılmasını asanlaşdırıb.

"Qəzzada dinc əhaliyə göndərilən humanitar yardımın həcminə qətiyyən limit qoyulmayıb - mən təkrar edirəm, limit yoxdur", - Miller deyib.

O, BMT-ni Qəzzanın şimalına yardım göndərməkdən imtina etməkdə suçlayıb. BMT təmsilçiləri isə deyiblər ki, gözlənən aclıq təhdidini aradan qaldırmaqdan ötrü ilk addım atəşkəsdir, bu zaman humanitar işçilər Qəzzaya daxil ola bilərlər.

Ukrayna qüvvələri Donetskin şərqində daha iki kənddən çıxırlar

Ukrayna əsgərləri Donetsk vilayətinin Çasov Yar şəhəri yaxınlığında Rusiyanın mövqelərinə doğru 2S1 "Qvozdika" özüyeriyən haubitsasından atəş açır.
Ukrayna əsgərləri Donetsk vilayətinin Çasov Yar şəhəri yaxınlığında Rusiyanın mövqelərinə doğru 2S1 "Qvozdika" özüyeriyən haubitsasından atəş açır.

Ukrayna ordusu şərqi Avdeyevka şəhəri yaxınlığında daha iki kənddən çıxdığını bildirir. Bu, qoşunları avadanlıq və sursat qıtlığı ilə çarpışan Ukraynanın itkilərinin artması deməkdir. Rusiya qüvvələri Avdeyevkanı bu ayın əvvəlində tutub.

Ordunun sözçüsü Dmitro Lixoviy fevralın 27-də deyib ki, Ukrayna əsgərləri Avdeyevkadan qərbdə yerləşən Stepovoye və Severnoye kəndlərindən çıxıblar.

"Ötən axşam və gecə Severnoye uğrunda ağır döyüşlər gedib", - Lixoviy söyləyib.

Sözçü Ukrayna qüvvələrinin Avdeyevkadan qərbdə müdafiə mövqelərini möhkəmləndirdiyini bildirib.

Ukrayna tərəfdən daha bir rəsmi açıqlamaya görə, Rusiya qüvvələri cənuba doğru iki istiqamətə, həmçinin Ukraynanın nəzarətində olan Robotino kəndinə doğru irəliləməyə çalışıblar, amma buna nail olmayıblar.

Dövlət Departamentinin çağırışı

ABŞ Dövlət Departamenti fevralın 27-də bildirib ki, Ukraynada döyüş zonasında vəziyyət "həddən artıq ciddidir", çünki Ukrayna ordusunun Rusiya təcavüzünü dəf etməyə yetəcək sursatı yoxdur.

Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib ki, Ukrayna qoşunları əllərində olan silah-sursatla "cəsarətlə" savaşmağa davam edirlər, ancaq ehtiyat saxlamalıdırlar, çünki ABŞ Konqresi hərəkətə keçə bilməyib.

Miller Konqresi Ukrayna ordusu üçün 61 milyard dollarlıq hərbi yardım paketini təsdiqləməyə çağırıb. Hazırda bu layihə Nümayəndələr Palatasındadır.

Palatanın spikeri, keçmiş prezident Donald Trampın müttəfiqi Mayk Conson (Mike Johnson) layihəni səsverməyə çıxarmaqdan imtina edib.

Bayden Consonla görüşüb

ABŞ prezidenti Co Bayden (Joe Biden) və aparıcı demokratlar fevralın 27-də Conson və Konqresdəki digər aparıcı respublikaçılarla görüşərək layihənin qəbuluna çağırıblar.

Ağ evin görüşdən sonra yaydığı bəyanatda deyilir ki, Bayden Ukraynanın son həftələr döyüş zonasında mövqelərini necə itirdiyini müzakirə edib. Prezident yardımın gecikməsinin "dəhşətli" bədəli ilə bağlı xəbərdarlıq edib.

Layihə Senatdan iki həftə öncə keçib. Conson görüşdən sonra deyib ki, Senatın təsdiqlədiyi paketdə ABŞ-Meksika sərhədinin mühafizəsi üçün heç nə nəzərdə tutulmayıb. Respublikaçıların Ukraynaya yardımın qarşılığında istədiyi məhz sərhədlə bağlıdır.

"Ölkə üçün ilkin prioritet sərhəddir, onun təhlükəsizliyidir", - Conson vurğulayıb.

Nümayəndələr Palatası fevralın 28-də hökumətin maliyyələşdirilməsi üzrə razılaşma üzərində işləyəcək, əvvəlki sənədlərin müddəti bitmək üzrədir.

Palatanın milli təhlükəsizlik paketinə martın birinci həftəsindən tez qayıdacağı gözlənilmir.

Müttəfiqlər Ukraynaya silah təchizatı koalisiyası yaradırlar

Fransa prezidenti Emmanuel Makron Qərbin Ukraynaya dəstəyini gücləndirmək məqsədi daşıyan beynəlxalq konfransın yekununda mətbuat konfransı zamanı danışır.
Fransa prezidenti Emmanuel Makron Qərbin Ukraynaya dəstəyini gücləndirmək məqsədi daşıyan beynəlxalq konfransın yekununda mətbuat konfransı zamanı danışır.

Avropa liderləri Ukraynanı orta- və uzaqmənzilli raketlər və bombalarla təchiz etmək üçün koalisiya yaratmaqla bağlı razılığa gəliblər. Məqsəd Kiyevin Rusiya işğalını dəf etmək səylərini dəstəkləməkdir. Açıqlamanı Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) Parisdə qitə liderlərinin samitindən sonra deyib.

Fevralın 26-də gecəyədək uzanan sammitə Almaniya kansleri Olaf Şolts (Olaf Scholz), Polşa prezidenti Andjey Duda (Andrzej Duda), Baltik ölkələrinin liderləri də qatılıblar. Birləşmiş Ştatları Avropa üzrə aparıcı diplomatı Ceyms Obrayen (James O'Brien), Britaniyanı xarici işlər naziri Devid Kemeron (David Cameron) təmsil edib.

"Biz həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin çağırdığı raket əleyhinə müdafiə koalisiyasına yeni təkan vermək qərarına gəldik, bu axşam belə bir doqquzuncu koalisiyanı yaratdıq, dərin zərbələr həyata keçirmək üçün orta- və uzaqmənzilli raket və bomba koalisiyasını", - Makron görüşdən sonra mətbuat konfransında deyib.

Ukrayna Qərb müttəfiqlərinin, əsasən, ABŞ-ın verdiyi müasir silah və sursatdan çox asılıdır. Canlı qüvvə və sursat üstünlüyü olan Rusiya qüvvələri hücumları getdikcə intensivləşdirirlər.

Silahı və canlı qüvvəsi azalan Ukrayna qoşunları son vaxtlar şərqdə bəzi müdafiə mövqelərindən çəkilməli olublar. ABŞ-dan 61 milyard dollarlıq yardım paketi isə, hələlik, respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasından keçməyib.

Makron quru qüvvələri göndərməyi istisna etmir

"Avropa Ukraynaya təşəbbüsü ələ almağa və yardımla bağlı ABŞ tərəfdən qeyri-müəyyənlik olduğu vaxtda birlikdə hərəkətə keçməyə kömək edəcək", - Makron deyib. O əlavə edib ki, sammitə qatılan liderlər arasında daha çox və daha tez hərəkətə keçməklə bağlı geniş konsensus var.

Onun sözlərinə görə, Qərbin Ukraynaya quru qüvvələri göndərməsinə dair konsensus yoxdur, ancaq əlavə edib ki, "məqsədimizə çatmaq üçün heç nə istisna olunmur. Rusiya bu müharibəni qazana bilməz".

Görüşdən sonra jurnalistlərlə ayrıca danışan Duda isə deyib ki, iştirakçılar arasında Ukraynaya Qərb əsgərləri göndərmək ehtimalı ilə bağlı "entuziazm yoxdur".

İştirakçıların dediyinə görə, Avropa ölkələri, o cümlədən Fransa Çexiyanın Aİ-dən kənarda sursat və mərmi alıb Ukraynaya göndərməklə bağlı təşəbbüsünə dəstək artır.

Baş nazir Mark Rutte Niderlandın bu məqsədlə azı 100 milyon avro ayırmağa hazır olduğunu deyib.

Tanınmış iranlılar 'səhnələşdirilən' seçkiləri boykot etməyə çağırırlar

İranlı qadınlar qarşıdan gələn parlament seçkilərində iştirak edən namizədlərin seçki plakatlarının yanından keçir.
İranlı qadınlar qarşıdan gələn parlament seçkilərində iştirak edən namizədlərin seçki plakatlarının yanından keçir.

İranda 300-ə yaxın siyasi, ictimai və mədəniyyət xadimi parlamentə və Üləmalar Məclisinə seçkiləri boykot etməyə çağırır, adamları "layihələndirilən" və "səhnələşdirilən" seçkilərə getməməyə səsləyir.

"İranda seçki institutunun qətiyyətsiz mövqeyi və statusu hətta öncəki seçkilərlə müqayisədə daha da miskinləşib" -275 xadimin fevralın 25-də imzaladığı bəyanatda belə deyilir.

Seçkiyə buraxılmayanlar

Parlamentə və Üləmalar Məclisinə seçki martın 1-nə təyin olunub, potensial namizədlərin əksəriyyəti seçkiyə buraxılmayıb.

Bəyanatda deyilir ki, "islahatların çıxmazı" ölkənin siyasi mənzərəsində dərinləşən böhranı üzə çıxarır. Xadimlər 12-ci çağırış parlamentə buraxılmayan namizədlərin miqyasını da vurğulayır.

Bəyanat müəllifləri bildirir ki, indiyədək nəyin hesabına olursa olsun seçkidə iştirakı həvəsləndirən siyasət faydasız olub, əslində avtoritarizm və siyasi durğunluğun möhkəmlənməsinə xidmət edib.

Zəruri şərtlər

İranın mövcud seçki institutunun ağır vəziyyətini vurğulayan fəallar həqiqi, ədalətli və sağlam seçki keçirmək üçün ilkin zəruri şərtlərdən söz açırlar. Buraya söz azadlığının, müxalifət fəalları və assosiasiyalarının fəaliyyətinin təminatı, mətbuat və medianın işi, seçki proseduru və nəticələrinə müstəqil, qərəzsiz qurumların nəzarəti ilə bağlı tələblər daxildir.

Fəallar deyirlər ki, qarşıdan gələn seçkilərdə bu şərtlər mövcud deyil, ona görə də bu səsvermədə iştirakı gərəkli saymırlar.

Bəyanatda xəbərdarlıq olunur ki, seçki institutu gerçəkdən dirçəldilməsə, İranda siyasi prosesdə iştirak "əlçatmaz" olacaq. Müəlliflər vaxtilə Yaxın Şərqdə ən böyük göl olan Urmiya gölünün taleyini yada salırlar. Hazırda bu göl ilkin miqyasının 1/10-i boydadır.

İsrail ordusu Qəzza sakinləri üçün 'evakuasiya planı' təqdim edir

Rəfah şəhəri, 25 fevral, 2024-cü il
Rəfah şəhəri, 25 fevral, 2024-cü il

İsrail ordusu Qəzza zolağından dinc sakinlərin evakuasiyası üçün plan təklif edib. Bunu baş nazir Binyamin Netanyahunun ofisi fevralın 26-da açıqlayıb. Netanyahu bir gün öncə demişdi ki, cənubdakı Rəfah şəhərinə quru hücumu "total qələbə" üçün vacibdir.

Xarici hökumətlər və yardım təşkilatları belə bir əməliyyatın dinc sakinlər arasında kütləvi itkilərə səbəb olacağından narahatlıq bildiriblər.

Ən azı 1.4 milyon fələstinli - onların çoxu başqa yerlərdən didərgin düşüblər, - Qəzzada İsrailin quru qüvvələrinin girmədiyi bu şəhərə sığınıblar. Burası həmçinin qonşu Misirdən gətirilən, həddən artıq vacib yardımın daxilolma nöqtəsidir.

Fələstinlilər
Fələstinlilər

Doha danışıqları

Bu açıqlamadan öncə Misir, Qətər və ABŞ ekspertlərinin Dohada keçirdiyi danışıqlarda İsrail və HƏMAS radikal qruplaşmasının təmsilçiləri də iştirak ediblər. ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyır.

İsrailin müttəfiqi ABŞ bildirib ki, davam edən vasitəçilik cəhdləri atəşkəs və girovların buraxılması yönündə anlaşma ilə nəticələnib.

HƏMAS-dakı mənbə isə qruplaşmanın İsrail qüvvələrinin geri çəkilməsində təkid etdiyini söyləyib.

Qəzzadakı müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu ilə başlanıb. Hücum zamanı, əsasən, dinc sakinlər olmaqla min 160 adam öldürülüb, 250 nəfər girov götürülüb. Girovlardan 130 nəfər hazırda Qəzzada qalır, onların 31-nin öldüyü güman edilir.

Bu hücuma cavab olaraq İsrailin Qəzzaya başlatdığı zərbələrdə 30 minə yaxın insan, əsasən, qadınlar və uşaqlar həlak olub.

Media məlumatlarına görə, tərəflər hazırda altı həftəlik atəşkəsi, qadın, azyaşlı və xəstə girovların İsrailin saxladığı yüzlərlə fələstinli məhbusa dəyişdirməyi nəzərdən keçirirlər.

Bayden iqlimdən danışanda Putinə ağır söz atıb

ABŞ prezidenti Co Bayden özünün seçkiqabağı tədbirində Rusiya prezidenti Vladimir Putin barəsində ağır ifadə işlədib:

"Bizdə Putin və başqaları kimi elə gicbəsər it uşaqları var ki, biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Amma bəşəriyyət üçün həyati təhlükə - iqlim dəyişikliyidir”.

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə ifadələr Putinə çətin ki toxunsun, amma bu ifadəni işlədənin şəxsiyyətini alçaldır.

Peskov əlavə edib ki, Bayden “Hollivud kovboyu” kimi görünmək istəyib.

İqlim dəyişikliyi həqiqətən də təhlükədir

İqlim dəyişikliyi artıq bir neçə onillikdir ki, Yer kürəsində həyat üçün təhlükə kimi müzakirə olunur.

2023-cü il müşahidələr tarixində ən isti il olub.

Alimlər deyirlər ki, qlobal termperaturun yüksəlməsi quraqlıq, meşə yanğınları, qasırğalar, soyuq və isti hava dalğaları kimi ekstremal hava şəraitlərini və onların intensivliyini artırıb.

Bütün bunlar insanların, heyvanların və bitkilərin məhv olmasına səbəb olur.

Dünya Meteoroloji Təşkilatının məlumatına görə son 50 ildə dünyada 12 minədək təbii fəlakət baş verib.

Bu fəlakətlər nəticəsində iki milyonadək insan dünyasını dəyişib, çox sayda heyvan tələf olub və dünya iqtisadiyyatına 4.3 trilyon dollar ziyan dəyib.

Navalnının xatirəsini yad edən jurnalı Moskvada köşklərdən yığışdırıblar

Moskvada qəzet köşkü
Moskvada qəzet köşkü

Bir nömrəsi qismən müxalifətçi Aleksey Navalnının xatirəsinə həsr olunmuş "Sobesednik" jurnalını Moskvada köşklərdən tamamilə yığışdırıblar. Bunu qəzetin redaksiya heyəti bildirib. Hakimiyyət Kremlin mərhum opponentinin xatirəsinin açıq şəkildə istənilən formada yad olunmasının qarşısını almağa çalışır.

Navalnının fevralın 16-da uzaq Arktikada həbsxanada vəfat xəbəri Rusiyada və dünyada kədər və qəzəbə səbəb olub. Onun nəşinin ailəsinə verilməməsi isə ölümün səbəbləri ilə bağlı şübhələri artırıb. Müxalifətçinin rəsmi ölüm səbəbi "qəfil ölüm" kimi göstərilib.

Rusiyada çap mediası müxalifətçinin ölümünü görməzdən gəlib, amma "Sobesednik" fevralın 21-də birinci səhifədə Navalnının gülümsəyən fotosunu dərc edib, altında "... amma ümid var!" sözlərini yazıb.

Qəzet Navalnının ölümünə Rusiyanın müxtəlif şəhərlərində spontan anım mərasimlərini, ictimai xadimlər, insan haqları fəalları, jurnalistlərin şərhlərini dərc edib. 2021-ci il Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov da fikir bildirib.

"Çox ciddi və qorxulu..."

"Sobesednik"in jurnalisti Yelena Milçanovskaya "SotaVision" Telegram kanalına deyib ki, dərginin bütün nüsxələrinin Moskvada müsadirə olunması səbəblərini redaktorlara deməyiblər.

"Bütün bunlar bizdən ötrü çox ciddi, hətta bir az da qorxuludur", - jurnalist söyləyib. Onun sözlərinə görə, "Roskomnadzor" mediaya nəzarət qurumu Navalnıya həsr olunmuş nüsxəyə onlayn çıxışı da bloklayıb.

Sankt-Peterburqda Aleksey Navalnının xatirəsi anılıb
Sankt-Peterburqda Aleksey Navalnının xatirəsi anılıb

Navalnının xatirəsini yad edənlərə çağırış vərəqəsi gəlib

Sankt-Peterburq şəhərində müxalifətçi Aleksey Navalnının xatirəsinə gül qoyduğuna görə bir neçə sutkalıq həbs olunan altı nəfərə izolyatordan çıxan kimi hərbi komissarlığa çağırış vərəqəsi verilib.

Onlardan başqa, Sankt Peterburqda qeydiyyatda olmayan dörd vətəndaşa da vərəqələr verilib. Bu şəxslər məhz həbsdə ölən siyasətçinin xatirəsini anmaq üçün Peterburqa gediblər.

Ümumilikdə Sankt Peterburqda Navalnı memorialına gül qoymağa görə 200-ə yaxın insan mühakimə olunub, onların çoxuna bir sutkadan 14 sutkaya qədər həbs cəzası kəsilib. Polislərin protokollarda yazdığına görə, saxlananlar "yoldan keçənlərin yolunu kəsiblər".

Müxalifət lideri A.Navalnının həbsdə ölməsi barədə fevralın 16-da xəbər yayılıb. Bundan sonra Rusiyanın onlarla şəhərində insanlar, əsasən, siyasi repressiya qurbanlarının abidələrinə gül dəstələri qoymağa başlayıblar. "OVD-Info" insan haqları layihəsinin məlumatına görə, polis müxalifətçinin xatirəsini yad etmək istəyən azı 350 nəfəri saxlayıb.

Navalnının nəşi hələ də yaxınlarına verilməyib, rəsmi orqanlar bunu təhqiqatın davam etməsi ilə izah ediblər. Siyasətçinin anası bununla bağlı məhkəməyə müraciət edib.

Rusiyanın Ukraynada itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb

Donetsk vilayətində cəbhə xəttində həlak olan rusiyalı əsgərin cəsədi
Donetsk vilayətində cəbhə xəttində həlak olan rusiyalı əsgərin cəsədi

İki il öncə Ukraynanın tammiqyaslı işğalı başlayandan 45 min 123 rusiyalı əsgər öldürülüb. Bunu "Mediazona" və BBC-nin rus xidməti ölənlərin kimliyini müəyyənləşdirməklə üzə çıxarıb.

Araşdırmaya görə, ölümü təsdiqlənmiş şəxslərin üçdə ikisi işğal başlayanda ordu ilə əlaqəsi olmayanlardır. Onlar könüllülər, səfərbərlər, keçmiş məhkumlar və özəl hərbi şirkət döyüşçüləridir.

Ölənlərin 5 min 406 nəfəri səfərbər olunmuş şəxslərdir, onların da 80 faizi müharibənin ikinci ilində həyatını itirib.

Ölü sayı, əsasən, Krasnodar, Sverdlovsk, Başqırdıstan və Çelyabinsk vilayətləri üzrə qeydə alınıb.

Jurnalistlər araşdırmanı mediada çıxan başsağlığıları, qurbanların qohumlarının sosial şəbəkələrdə mesajları, yerli administrasiyaların, eləcə də qəbiristanlıqların məlumatları əsasında aparıblar. Onlar real rəqəmin azı iki dəfə yüksək ola biləcəyini deyirlər.

Rusiyanın Müdafiə Nazirliyi heyət itkisi barədə məlumat açıqlamır, jurnalistlərin yaydığı rəqəmləri də şərh etmir.

Navalnının mühacirətdə olan qardaşı yenidən axtarış siyahısına salınıb

Aleksey Navalnı (solda) və qardaşı Oleq 2015-ci ildə qətlə yetirilən siyasətçi Boris Nemtsovun xatirəsinə mitinqdə selfi çəkdirirlər.
Aleksey Navalnı (solda) və qardaşı Oleq 2015-ci ildə qətlə yetirilən siyasətçi Boris Nemtsovun xatirəsinə mitinqdə selfi çəkdirirlər.

Fevralın 20-də Rusiyanın Daxili İşlər Nazirliyi müxalifətdə olan siyasətçi Aleksey Navalnının kiçik qardaşı Oleq Navalnını dəqiq açıqlanmayan ittihamlar üzrə axtarış siyahısına salıb. A.Navalnının fevralın 16-da Rusiyada həbsxanada vəfat etdiyi açıqlanıb.

Sonuncu dəfə nazirlik O.Navalnını 2022-ci ilin yanvarında axtarışa verib. O zaman penitensiar xidmət rəsmiləri ona 2021-ci ildə COVID-19 qadağasını pozmaq ittihamı ilə kəsilmiş bir illik şərti cəzanı real həbsxana cəzası ilə əvəzləməyi tələb etmişdilər.

2022-ci ilin fevralında Moskva məhkəməsi penitensiar xidmət rəsmilərinin vəsatətini təmin etdi. Ancaq onda O.Navalnı artıq Rusiyadan çıxmışdı. Sonradan bu tələbin icrası təxirə salındı, çünki artıq məhdudlaşdırma müddəti ötmüşdü.

Hazırda O.Navalnının harada olduğu bəlli deyil. 2021-ci ilin avqustunda Moskvada məhkəmə onu koronavirus qadağalarını pozmağa açıq çağırışa görə bir illik şərti cəza kəsib.

Özü və tərəfdarları qərarı siyasi motivli sayıb.

Oleq Navalnı 2 il yarım həbs cəzası çəkib

2014-cü ildə Oleq və Aleksey Navalnı Rusiyanın iki şirkətindən 500 min dollaradək oğurlamaqda, bu pulun bir hissəsini "yumaqda" təqsirli biliniblər. Şirkətlərin biri Fransanın "Yves Rocher" kosmetika şirkətinə bağlı olub.

Qardaşların hər birinə 3 il yarım həbs cəzası kəsilsə də, Alekseyin cəzası şərti olub. O zaman qardaşlar ittihamları rədd edir, işin siyasi motivli olduğunu deyirdilər. Onların iddiasına görə, məqsəd O.Navalnıdan qardaşına qarşı "girov" kimi istifadə etmək, onu siyasi və antikorrupsiya fəaliyyətindən çəkindirmək üçün şantaj etmək olub.

O.Navalnı 2018-ci il iyunun sonunda 2 il yarım həbs cəzasını çəkəndən sonra həbsxanadan buraxılıb.

Onun böyük qardaşı, prezident Vladimir Putinin açıq tənqidçisi A.Navalnı ötən həftə Arktikada həbsxanada vəfat edib. O, həmin həbsxanaya dekabrda köçürülmüşdü. Məhkəmə onun ekstremizm ittihamları ilə cəzasını 19 ilə uzatmışdı. Özü və həmkarları ittihamları siyasi motivli sayıb.

İranda tibb tələbələri arasında intiharlar niyə artır

İran xəstəxanasının həkimləri
İran xəstəxanasının həkimləri

İranda rəsmi IRNA agentliyinin yaydığı müsahibə tibb tələbələri arasında intiharların artdığını üzə çıxarıb. Bu isə İranda tibb cameəsində güclənən böhrana işıq salır.

İran Psixiatriya Assosiasiyasının başçısı Vahid Şariat fevralın 18-də yayılmış müsahibədə deyir ki, İran Tibb Şurası son bir ildə tibb tələbələri arasında 16 ölüm halını qeydə alıb. Ancaq o, sözügedən rəqəmin daha yüksək olduğunu güman edir. Belə ki, Səhiyyə Nazirliyi daha dəqiq və hərtərəfli statistikanı açıqlamır.

"Nazirlikdə daha dəqiq, lap dəqiq statistika var, onu konfidensial sayaraq açıqlamırlar", - o vurğulayıb.

"Nə zaman problem varsa, onlar nəsə etməzdən öncə statistikanı konfidensial edirlər, yaxud onu dərhal təkzib edirlər", - o, sözlərinə əlavə edib.

AzadlıqRadiosunun fars xidməti bildirir ki, tibb tələbələri arasında intihar hallarının artması İrandan tibb işçilərinin kütləvi axını ilə üst-üstə düşür.

Son illər minlərlə iranlı tibb mütəxəssisi ölkədəki dərinləşən iqtisadi böhran, çətin iş şərtləri, sosial və siyasi azadlıqların olmaması səbəbindən İranı tərk edib.

İran mediası 2020-ci ildən bəri 16 minədək həkimin islam respublikasını tərk etdiyini yazır. Bu axın ictimai səhiyyə sektorunda mümkün böhranla bağlı xəbərdarlıqlara səbəb olub.

Səhiyyə işçiləri arasında böyük itkiyə səbəb olmuş koronavirus pandemiyasından sonra axın sürətlənib. İran pandemiyanın dünyada ən çox zərbə vurduğu ölkələr sırasındadır, azı 146 min ölüm qeydə alınıb.

İran Tibb Şurası ölkədə həkimlərin axınını "ciddi böhran" adlandırıb, bunun İranda gələcək tibb peşəkarlarının rifahının qorunmasından ötrü təcili və səmərəli tədbirlərin vacibliyini üzə çıxardığını vurğulayıb.

Tədqiqata görə, orta hesabla 14 min şəxs arasında hər il 13 intihar baş verir. Üstəlik, tədqiqat həkimlər arasında intihar nisbətlərində gender bərabərsizliyini ortaya qoyur. Kişilər 40, qadınlar arasında isə intiharın 130 faiz artığı bildirilir.

Tibb Sistemi Təşkilatı tibb tələbələri üçün stress faktorları kimi iş təzyiqi, gəlir səviyyəsini göstərir.

BMT Əfqanıstanla bağlı toplantı keçirir

Doha Forumu
Doha Forumu

Fevralın 19-da BMT-nin sponsorluğu ilə Qətərin paytaxtında Əfqanıstanla bağlı tədbirdə qadınların hüquqları əsas müzakirə mövzusudur. Toplantıya azı 24 ölkənin xüsusi elçiləri qatılsa da, Taliban təmsilçiləri orada olmayacaq.

Taliban 2021-ci ildə Əfqanıstana nəzarəti ələ alandan sonra beynəlxalq ictimaiyyətin bu ölkədə mümkün iştirakı da Qətərdə götür-qoy ediləcək.

BMT-nin baş katibi Antonio Quterreş Dohada iclasın birinci günü bir neçə ölkə və təşkilatın təmsilçiləri ilə görüşüb.

Əfqan qadınların səsi, nəhayət, eşidiləcəkmi?

Toplantının əsas mövzuları sırasında Taliban idarəçiliyi dövründə qadınların və qızların hüquqları da var. Bunu "Radio Azadi"yə vətəndaş cəmiyyəti və qadın hüquqları fəalı Məhbubə Serac deyib. O, Dohadakı tədbirə Taliban hökumətinə bağlı olmayan digər əfqan təmsilçilərlə birlikdə qatılıb.

Serac deyib ki, onun və digər qadınların səslərinin, nəhayət, eşidiləcəyinə, bu məsələnin sonra da izlənəcəyinə və gerçəkdən kiminsə əfqan qadınların məsələsi ilə məşğul olacağına ümid edir. Əfqanıstanda Talibanın fundamentalist idarəçiliyi altında qadınlar mütəmadi diskriminasiyaya məruz qalırlar.

Qızların altıncı sinifdən sonra məktəbə getməyi qadağan olunub, universitetlər qadınların üzünə qapalıdır, həm hökumət, həm də qeyri-hökumət sektorunda qadınların çalışması yasaqdır. Digər qadağalar da qüvvədədir.

Taliban imtina edib

Taliban rəhbərliyi toplantıya qatılmaqla bağlı dəvəti qəbul etməyib.

Taliban beynəlxalq miqyasda, əsasən, tanınmır. 2021-ci ilin ortasında ABŞ-ın başçılıq etdiyi koalisiya Əfqanıstandan çıxandan sonra bu qruplaşma hakimiyyətə keçib.

Talibanın Xarici İşlər Nazirliyi fevralın 17-də bildirib ki, tələblərinin qəbul olunmaması səbəbindən Doha toplantısına qatılmağı səmərəli saymayıb. Qurum iclaslara Talibandan kənar əfqan təmsilçilərin gözlənən iştirakı ilə bağlı qəzəbini bildirib. Talibanın uzun müddətdir Qətərdə təmsilçilik ofisi var.

BMT bundan öncə oxşar toplantını 2023-cü ilin mayında təşkil etmişdi.

Moskva Avdeyevkada mövqelərini möhkəmləndirir

Ukrayna qüvvələri şəhəri aylarla Rusiyanın hücumundan müdafiə etdikdən sonra fevralın 17-də Avdeyevkadan geri çəkilib.
Ukrayna qüvvələri şəhəri aylarla Rusiyanın hücumundan müdafiə etdikdən sonra fevralın 17-də Avdeyevkadan geri çəkilib.

Ukrayna qüvvələri Avdeyevkadan çıxandan sonra işğalçı Rusiya qüvvələri şəhərdə və ətrafında mövqelərini möhkəmləndirir.

Donetsk vilayətində Ukrayna ordusunun sözçüsü Dmitro Lixoviy fevralın 18-də deyib ki, Rusiya qüvvələri Avdeyevkanın qərbində zərbələr endirməyə başlayıb, Ukraynanın daha çox ərazisini ələ keçirməyə çalışır.

Kiyev sursat istəyir

Bu arada Ukrayna qüvvələrinin sursat çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Bu faktor Kremlin son bir ildən də çox müddət ərzində ilk böyük qələbə çalmasında rol oynayıb. Kiyev Qərb tərəfdaşlarından daha çox sursat istəyir.

Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi general polkovnik Oleksandr Sırski bir gün öncə Ukrayna bölmələrinin Avdeyevkadan çıxdığını elan edib. O deyib ki, məqsəd mühasirəyə düşməmək, hərbçilərin həyatını qorumaq olub.

"Düşmən hücumunu aktiv davam etdirməyə çalışır. Ancaq orada əhəmiyyətli sayda qüvvələrimiz mövqe tutub", - Lixoviy fevralın 18-də Ukrayna televiziyasına deyib.

Ukrayna ordusunun Avdeyevkadan iki km şimalda yerləşən kəndə Rusiyanın 14 hücumunu dəf etdiyini bildirib.

Putin ordunu təbrik edib

Rusiya prezidenti Vladimir Putin fevralın 17-də qoşunlarını Avdeyevkanın tutulması münasibətilə təbrik edib, bunu "vacib qələbə" adlandırıb. Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunun iki ili tamam olur və Putin böyük bir qələbə elan etməyə fürsət axtarır.

Bu arada Ukrayna ordusu Rusiya qüvvələrini Avdeyevkada və yaxınlıqdakı Vesyoloye kəndində səkkiz hərbi əsiri gülləməkdə ittiham edib. Aydın görünməyən videoda rəsmilər Rusiya səngərindəki iki ukraynalı əsgərin yaxın məsafədən bir neçə dəfə Rusiya əsgərinin atəşi ilə öldürüldüyünü bildirir. Ancaq videonun həqiqiliyini, onun çəkildiyi məkanı müəyyənləşdirmək mümkün olmayıb.

Ukrayna rəsmiləri fevralın 18-də bildiriblər ki, son 24 saat ölkənin şərqində Rusiyanın dron və raket zərbələrində azı üç nəfər öldürülüb. Eyni zamanda cənub cəbhəsində Rusiyanın hücumunun qarşısının alındığı xəbər verilir.

İlham Əliyevin Münhen görüşləri...

Münxen Təhlükəsizlik Konfransı. 2023
Münxen Təhlükəsizlik Konfransı. 2023

Fevralın 16-da Münhendə Azərbaycan prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatları prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

AZƏARTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Fevralın 16-da Münhendə İlham Əliyev habelə İsrail dövlətinin prezidenti İsxak Hersoqla da görüşüb.

Rəsmi məlumata görə, söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub.

***

Prezident İlham Əliyev Münhendədir. Bu gün, fevralın 16-da onun Münxendə bəzi görüşlərə başladığı bildirilir.

Fevralın 17-də "Beynəlxalq iqlim diplomatiyasının perspektivləri" mövzusunda panel müzakirələrində digər iştirakçılarla yanaşı, İ.Əliyev də çıxış edəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransının proqramında bildirilir.

Münxen Təhlükəsizlik Konfransı başlanır

Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı başlanır. Konfrans ABŞ-da seçki kampaniyasının qızışdığı, keçmiş prezident Donald Trump (Donald Tramp) ilə hazırda vəzifədə olan prezident Co Baydenin (Joe Biden) yenidən seçkidə rəqib olacağı ehtimalının artdığı, Konqresdə isə ABŞ-ın böyük hərbi yardım paketinin ləngidiyi bir vaxtda keçirilir.

Konfransın açılış günündə ABŞ vitse-prezidenti Kamala Harris çıxış edəcək. Fevralın 17-də isə Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı gözlənilir. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Zelenski ilk dəfədir konfransda fiziki iştirak edir. O, ötənilki konfransa onlayn qoşulmuşdu.

Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəyə çıxarıldığı bu illik forumda dünyanın 50-dək lideri iştirak edir. Rusiya və İran hökumətləri dəvət olunmayıb.

Harris konfransda müttəfiqləri Vaşinqtonun onların təhlükəsizliyinin müdafiəsinə sadiq qaldığına inandırmalı olacaq. Respublikaçılardan prezidentliyə namizədliyə ən çox şansı olan Trampın müdafiəyə yetərincə pul xərcləməyən NATO müttəfiqlərinin Rusiyanın potensial hücumundan qorunması barədə sual qaldırması qalmaqala səbəb olub.

Ağ ev Harrisin Zelenski ilə görüşəcəyini açıqlayıb.

Gözlənir ki, Harris Amerika xalqının Bayden administrasiyasının Ukraynaya yanaşmasına dəstəyi davam etdirəcəyinə inamını bildirəcək.

Albaniyaya səfər etmiş ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) də Münhen konfransında iştirak edəcək.

Putin Baydenə üstünlük verdiyini deyir

Co Bayden/Vladimir Putin
Co Bayden/Vladimir Putin

"Yalnız bir şeyə təəssüflənə bilərik - aktiv əməliyyatları niyə tez başlamadıq" - bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının aparıcısı Pavel Zarubinə Ukraynadakı müharibənin gedişatı ilə bağlı deyib.

Fevralın 14-də axşam yayılan materialda, əsasən, Putinin amerikalı jurnalist Taker Karlsona (Tucker Carlson) qalmaqallı müsahibəsindən bəhs olunur. Fevralın 6-da baş tutan müsahibəni şərh edən Putin Karlsonu "təhlükəli adam" adlandırıb, onun söhbət vaxtı kəskin cavablar eşitməmək üçün bilərəkdən belə bir taktika seçdiyini iddia edib. Putin deyib ki, tamam fərqli suallara "kəskin" cavablar verməyə hazırlaşıbmış, bu, müsahibəyə gərəkən "spesifika" verərdi. Rusiya prezidenti nəticədə tam razı qalmadığını söyləyib.

Seçkini kim udsa...

Rusiya prezidenti ABŞ-da indiki prezident Co Baydenin (Joe Biden), yaxud keçmiş prezident Donald Trampın (Donald Trump) ona daha sərfəli olması haqda suala belə cavab verib: "Bayden. O, daha çox proqnozlaşdırılan adamdır".

Putin deyib ki, noyabr seçkisini kim udarsa, Kreml onunla işləməyə hazırdır. O, seçkidən sonra 82 yaşını tamamlayacaq Baydenin yaşı və səhhəti ilə bağlı suallardan yayınıb.

"Mən cənab Baydenlə üç il qabaq görüşəndə də adamlar onun bacarıqsızlığından danışırdılar, amma mən elə bir şey görmədim", - deyə Putin Cenevrə sammitinə işarə vurub.

"France-Presse" yazır ki, ABŞ-da rəy sorğuları Baydenin yaşı sarıdan güclü narahatlığın olduğunu üzə çıxarır.

Bayden administrasiyası Rusiyanın iki ildir sürən işğalına Ukraynanın mübarizəsinə Qərbi səfərbər etməklə cavab verib.

Fevralın 15-dən Latviyada Rusiya nömrəli maşınlar müsadirə olunacaq

Riqada Rusiya nömrəli avtomobil
Riqada Rusiya nömrəli avtomobil

Fevralın 15-dən Latviyada "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər qüvvəyə minir. Bu isə Rusiya qeydiyyatlı maşınların müsadirəsinə imkan verir.

Belə maşınların latviyalı sahibləri fevralın 14-dək ya onları yerli qeydiyyatdan keçirməli, ya da ölkə ərazisindən çıxarmalı idi.

Rusiya nömrəli nəqliyyat vasitələrinin konfiskasiyasından savayı, onların sahibləri 750 avrodan 2 min avroyadək cərimə də ödəməli olacaqlar. Bunu Latviya daxili işlər naziri Rixard Kozlovskis deyib.

Diplomatik maşınlara, eləcə də Latviya ərazisindən keçən və orada bir sutkadan çox qalmayacaq maşınlara güzəşt ediləcək. Avtomobil sahibi Latviya ərazisindən tranziti öncədən rəsmi saytda bəyan etməlidir.

"Delfi" nəşrinin yazdığına görə, müsadirə olunan avtomobillər həmrəylik əlaməti olaraq Ukraynaya veriləcək.

Latviyada "Yol hərəkəti haqqında" Qanuna ötən ilin noyabrında dəyişikliklər qəbul olunub. Sentyabrda isə Riqa Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan etmişdi. Ötən ilin payızından başlayaraq Rusiya ilə həmsərhəd Avropa İttifaqı üzvləri bu ölkənin maşınlarını ərazilərinə buraxmırlar.

ABŞ Qəzzada altı həftəlik atəşkəslə bağlı plan hazırlayır

İkinci Abdulla və Co Bayden
İkinci Abdulla və Co Bayden

Birləşmiş Ştatlar Qəzza sektorunda döyüşlərin dayandırılması üçün azı altı həftəlik atəşkəslə bağlı danışıqlar aparır. İsraillə HƏMAS radikal qruplaşması arasında daha böyük razılaşma çərçivəsində girovların da azad edilməsi nəzərdə tutulur. Bunu ABŞ prezidenti Co Bayden (Joe Biden) İordaniya kralı İkinci Abdulla ilə Vaşinqtonda birgə brifinqdə deyib.

HƏMAS ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır.

Həm girovlar buraxıla bilər, həm də...

"Biz həm Fələstin, həm də İsrail xalqlarının sülh, təhlükəsizlik və ləyaqəti naminə fəal işləyirik", - Bayden deyib. Onun sözlərinə görə, Qəzzada altı həftəlik atəşkəs, bir tərəfdən, israilli girovların buraxılmasına, digər tərəfdən, Qəzza sektoru sakinlərinə humanitar yardımın artırılmasına kömək edərdi. Baydenin fikrincə, belə müvəqqəti atəşkəs regionda davamlı sülhün qorunması yolunda ilk addım olardı.

Bayden, həmçinin, Qəzzanın cənubundakı döyüşlərdən qaçaraq Misirlə sərhəddəki Rəfah şəhərinə sığınmış dinc sakinləri qorumağa çağırıb. Beynəlxalq humanitar təşkilatlar Rəfaha 1 milyon 300 min fələstinlinin sığındığını deyirlər.

Qəzza zolağının cənubundakı Rəfaha sığınan qadın və uşaqlar çadırların kənarında oturublar.
Qəzza zolağının cənubundakı Rəfaha sığınan qadın və uşaqlar çadırların kənarında oturublar.

ABŞ prezidenti Rəfahda sığınacaq tapmış azı 1 milyon insanın təhlükəsizliyinin təminatı üçün İsraili etibarlı plan olmadan ora quru əməliyyatından çəkinməyə çağırıb.

Aİ-nin bir sıra üzvləri də İsraili Rəfaha basqın etməməyə çağırıb. Misir İsraillə sülh sazişini dayandırmaqla hədələyib.

İkinci Abdulla müharibəni dərhal dayandırmağa çağırıb

İordaniya kralı İkinci Abdulla isə Qəzzadakı müharibəni dərhal dayandırmağa çağırıb. O, Rəfaha hücumu "qəbuledilməz" adlandırıb, ondan sonra humanitar fəlakətin başlayacağını deyib.

İordaniya və digər ərəb ölkələri İsrailin hərəkətlərinə tənqidi yanaşır, Qəzzadakı əməliyyatın dayandırılmasını tələb edirlər.

HƏMAS oktyabrın 7-də İsrailə hücum edib, min 200-ə yaxın insan öldürülüb. 240-250 nəfər girov götürülüb. Onlardan azı 30-nun həlak olduğu güman edilir. Azı 130 nəfər hələ də girovluqdadır.

Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Fələstin tərəfi 30 min sakinin öldürüldüyünü bildirir.

Tacikistanda hakimlərə və dövlət qulluqçularına xarici dil öyrənmək tapşırılıb

Tacikistan hökuməti
Tacikistan hökuməti

Tacikistan prezidenti Emoməli Rəhmon hakimlərə və dövlət qulluqçularına xarici dilləri "dərindən" öyrənmək üçün bir il vaxt verib.

Prezidentin bu tapşırığı fevralın 12-də yeni təyin olunan hakimlərlə görüş zamanı açıqlanıb. Dövlət başçısı qeyd edib ki, hər bir dövlət qulluqçusunun ən vacib tapşırıqlarından biri dövlət dilini ən yüksək səviyyədə bilmək, eyni zamanda iki xarici dili də həmin səviyyədə mənimsəməkdir.

Hökumətin tədbirlər planı varmı

Prezidentin mətbuat xidməti bildirib ki, qoyulan tələblərə əməl olunmaması məmurlara qarşı gərəkən tədbirlərin görülməsi ilə nəticələnəcək.

Ancaq xarici dil öyrənə bilməyən məmurlara qarşı mümkün tədbirlər barədə bir söz deyilmir.

İndiyədək Tacikistanda məmurların xarici dil bilməsi məcburi deyildi.

Bu açıqlamadan sonra bir çoxları sual edirlər ki, hökumətin qoyulmuş vaxt ərzində dil öyrənməyi asanlaşdırmaqdan ötrü hansısa planı varmı.

Bir il ərzində dövlət qulluqçularına xarici dilin öyrədiləcəyi yanaşma və resurslar açıqlanmayıb.

Kiyevin iddiası: Rusiya ordusu Ukraynanın şərqində 'Starlink'dən istifadə edir

Starlink
Starlink

Ukraynanın müdafiə rəsmiləri iddia edirlər ki, ölkənin şərqini tutmuş Rusiya qüvvələri İlon Maskın (Elon Musk) "Starlink" internet xidməti şirkətinin terminallarından istifadə edir.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) fevralın 11-də Telegram-da iki Rusiya hərbçisinin söhbəti olduğunu iddia etdiyi səs yazısını yayıb, bunu "sistematik" istifadənin sübutu adlandırıb.

"SpaceX" nə deyir

"Starlink" terminallarını işlədən "SpaceX" fevralın 8-də X platformasında bildirib ki, Rusiya hökuməti, yaxud ordusu ilə hər hansı əlaqəsi yoxdur, onun xidməti Rusiyada aktiv deyil.

QUR isə bildirir ki, Telegram-da yerləşdirilən səs yazısında Rusiyanın 83-cü hava hücumu briqadası Ukraynanın şərqində terminal quraşdırmağı müzakirə edir.

Ancaq iddia olunan istifadənin, terminalların necə əldə olunmasının detalları açıqlanmayıb. Sözçü Andrey Yusov fevralın 10-da Ukrayna mediasına deyib ki, məsələ sistematik xarakter almağa başlayır.

"Starlink" iki mindən çox peykdən ibarət şəbəkədir, yerdə minlərlə terminalla əlaqədədir. 2022-ci il fevralın sonunda Rusiya Ukraynaya qarşı irimiqyaslı işğala başlayanda internet xidmətində problem yaranıb və ölkədə bu xidmət aktivləşdirilib.

"Starlink"in Ukraynada olması təkcə cəbhə xəttində deyil, Rusiyanın hədəfə aldığı enerji və kommunikasiya infrastrukturunun bərpasında da əvəzolunmazdır.

Maskın ötənilki açıqlaması

Mask ötən il deyib ki, 2022-ci ildə Rusiyanın donanma bazasına Ukraynanın hücumunun qarşısını alıb, belə ki, Moskvanın ilhaq etdiyi Krım yaxınlığında internetin aktivləşdirilməsi ilə bağlı Kiyevin xahişini rədd edib.

2023-cü ilin sentyabrında verilmiş bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenskinin aparıcı müşaviri Mixaylo Podolyakın kəskin qınağına səbəb olmuşdu, bu addımı "nadanlıq və böyük eqo kokteylinin bədəli" adlandırmışdı.

Ötən ilin sonunda Ukrayna Rusiyanın Sevastopolda yerləşən Qara dəniz donanmasına qarşı dramatik plan hazırlamışdı.

Mask isə sentyabrda X-də yazırdı ki, hökumət Sevastopolda “Starlink"i işə salmağı xahiş edib: "Aşkar niyyət Rusiyanın lövbər salmış donanmasının böyük hissəsini batırmaqdan ibarət idi".

"Bu xahişə razılıq versəydim, "SpaceX" böyük bir müharibəyə, konfliktin eskalasiyasına qol qoymuş olacaqdı", - Mask onda deyirdi.

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG