Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Etiraz edirəm, deməli mövcudam!


Mövlud Aydəmir
Mövlud Aydəmir

-

Kiçik şeylərdən başlayın. Özünüzə etiraz edin. Televiziya kanallarından, mənasız şou proqramlarından, sizə təqdim olunan dünyadan qurtulun!..

Mövlud Aydəmir

ETİRAZ EDİRƏM, DEMƏLİ MÖVCUDAM!

Kamyu keçən əsrin ən çox fərqlənən yazıçılarından biri hesab olunur.

İstər şəxsi həyatı, istərsə də əsərləri, qeydləri, onun haqqında müxtəlif fikirlər formalaşdırnış, siyasi və fəlsəfi məktəblər onu fərqli şəkildə mənimsəmişlər.

Ancaq bir məsələdə bütün tərəflər həmfikirdirlər – onun əsərləri yorucu, stabil, adi süjet xəttinə malikdir.

Onun romanlarında insanlar darıxır, özünü sorğu-sual edir, həqiqəti axtarır və zamanla da yorulurlar.

Bu mənada Kamyu çətin oxunan yazıçılardandır.

A.Çexovu bütün oxucular sevərək oxuyur, bəyənir və zövq alırlar. Kamyunu isə hər adam "həzm edə" bilmir.

Bəlkə də Kamyu elə darıxanlar üçün yazıb, yalnız həyatın yeknəsəqliyindən bezənlərə bu qəhrəmanlar məhrəm gəlir. Hərçənd ki darıxmaq, bezmək, yorulmaq, sıxılmaq hər birimizə tanış hisslərdir.

İnsan həyatı yalnız sevgi, dostluq, xəyanət kimi anlayışlarla səciyyələnmir. Bəzi anlar bezginlik, sönüklük, ürəkbulanma kimi hallarla öz təzahürünü tapır.

Qarşılaşdığın həqiqətlər səni məyus edir, haqsızlıqlara, vərdişə çevrilmiş qaydalara, dogmalara boyun əyməyə məcbur olursan.

Monotonluq, stabil həyat tərzi səni sıxır. Elə məhz bu anlarda qəlbini hikkə bürüyür, giley bədənini ağuşuna alır. Kamyu bu anları belə ifadə edir:

“Ciddi bir şey olmasa da içimdə əzginlik hiss edirdim, nə qədər səy göstərsəm də, əhvalım düzəlmirdi. Həkimlərə üz tutdum, baxıb-baxıb dərman yazdılar. Bir az düzəlir, sonra yenidən yorulurdum. Həyat tamını itirmişdi...”

Sən nə istədiyin haqda düşünür, cavab tapmaqda çətinlik çəkirsən.

Özün, planların, ailən haqda fikirləşir, heç cür nəticəyə gəlib çıxa bilmirsən. Cavab isə Kamyuya görə sadədir – üsyan.

Albert Camus
Albert Camus

Kamyu bir digər əsərində qəhrəmanın dili ilə belə deyir: “İnsanlar heç nə etməməyi, ancaq zəruri olanı etməyi lazım bilir və bunun da qüvvələri xaricində olduğunu düşünürlər.

Onlar zamanla mövcud vəziyyətə boyun əyirlər və bunun qaçılmaz olduğunu söyləyirlər".

Kamyu bu halla barışmağın əleyhinədir. O deyir ki, özünüzü sübut etmək istəyirsinizsə, iradənizi toplamalı, öz fikrinizi açıq ifadə etməyi bacarmalısınız.

Kamyu Dekart kimi “Düşünürəm elə isə mövcudam” demir, o, “Etiraz edirəm, deməli mövcudam” deməyi daha üstün tutur. Düşünmək kifayət deyil, düşüncələriniz öz əməlinizdə təzahür etməlidir.

Etiraz edin və öz mövcudluğunuzun fərqinə varın. Kimliyiniz yalnız siz etiraz edən zaman öz təsdiqini tapacaq. Etiraz edin. Gecikməyin.

Bəzən bu üsyan öz şəxsinə, mənliyinə, bəzən isə ətrafına, xarici subyektlərə istiqamətlənir. Maddi və ya mənəvi formada özünü ifadə edir. Ancaq istənilən halda, Kamyunun özünü təsdiq formulu dəqiqdir – “Etiraz edirəm, deməli mövcudam.”

Tarixi baxımdan bir çox fərdi və kütləvi etirazlar mövcud vəziyyəti dəyişməyi bacarmış, əks halda digər hərəkatlara ilham mənbəyi olmuşdur.

Ancaq etirazsiz dünyanın bizə nələr vəd edə biləcəyi hər kəs üçün məchuldur.

Spartak öz ağasına üsyan etməsəydi, gələcək azsaylı qruplar tiraniyanın ölümsüzlüyünə şübhə edərdilərmi?

Fransız xalqı inqilaba yönəlməsəydi, monarxiya devrilərdimi? Bu gün beynəlxaq hüquq tərəfindən mənimsənilən, demokratiya, insan hüquqları kimi anlayışlar bəşəri dəyərlərə çevrilərdimi?

Xalqın mövqeyini ifadə edən parlament kimi institutlar işləklik və səmərəlilik qazanardımı?

Qandi minlərlə insan ilə birgə “Duz yürüşü” təşkil etməsəydi, dünya ictimaiyyətində Hindistan Milli Azadlıq Hərəkatı barədə pozitiv münasibət yaranardımı?

Martin Lüter bərabərlik carçısı olmasaydı, Kennedi administrasiyası Vətəndaş Hüquqları Aktını qəbul edərdimi?

1968-ci ildə Fransada gənclər küçələrə axın etməsəydi, Şarl de Qoll təhsildə islahatlara gedərdimi?

Suallara cavablar müxtəlif ola bilər, ancaq qəbul etməliyik ki, bəşəri, əbədiyaşar ideallar və dəyərlər etirazlar zamanı ortaya çıxır.

Elə isə etiraz edin! Kiçik şeylərdən başlayın. Özünüzə etiraz edin. Televiziya kanallarından, mənasız şou proqramlarından, sizə təqdim olunan dünyadan qurtulun! Oxumağa çalışın, nə olur-olsun nəsə oxuyun.

Sizi anlamayan sistemə, riyakar müəllimə, yaltaq ziyalıya, haqqınızı əlinizdən alanlara etiraz edin! Rüşvət alan polisə, sizinlə maraqlanmayan təhsil sisteminə, sizi aldadan həkimlərə etiraz edin!

Etiraz fərd kimi sizi yüksəldəcək, bizlər öz mənliyimizə qovuşacağıq. Fərd kimi kimlik, kütlə kimi amal qazanacağıq. Tələsin! Gecikənlər üçün Kamyu deyir:

“Dostlar, indi sizlərə həqiqəti bildirəcəm. Qiyamət gününü gözləməyin, qiyamət hər gün baş verir.”

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG