Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:58

“Qaçqına nolub, ə! Qaçqın adamyeyəndi!?”


Rəşid Bərgüşadlı
Rəşid Bərgüşadlı

-

Zoruna döndüyüm oğlan da, uşağı necə qorxutsa yaxşıdır? – “Sakit ol, yoxsa qaçqınlara deyərəm, gəlib səni yeyərlər!”.

Haqq üçünə uşaq səsini azca kəsəntəhər oldu...

Rəşid Bərgüşadlı

97 NÖMRƏLİ MARŞRUTUN SƏRNİŞİNLƏRİ

(novella - özümüz öz dərdimizə gülürük)

Bayaqdan bir “Qazel” xarab olub “20-ci sahə”nin döngəsində ilişib qalmışdı. Üzlərindən əsəb yağan naəlac sərnişinlər yerə tökülüb var-gəl edirdilər.

Özlərini arxadan gələn 97 nömrəli boş mikroavtobusun qabağına atıb, – “Ədə, dayan!” – qışqıraraq maşını saxlatdılar. Tələm-tələsik maşına təpilib qapını çırpdılar, sürücüyə, – “Tez sür, gecikmişik!” – deyib oturacaqları tələm-tələsik tutdular.

Hələ, bir-iki cavan oğlan ayaqüstə qaldı. Sərnişin basabasından sevinən sürücü qaza basdı.

Bibiheybət məscidinin yanından keçəndə elə bil ki, bir uşağı cin vurdu – qəfildən elə bəyirdi ki, hamı çönüb ona baxdı. Uşaq gah sakitləşir, gah da qəfil çimdik yemiş kimi dik atılıb təkrar bağırırdı. Hərdən də toppuş yumruqlarıyla anasının çiynini, sifətini yumruqlayırdı. Anası onu bağrına basıb sakitləşdirir, amma aradan bir az keçmiş yenə də uşağın ciyiltisi camaatın iliyinə işləyirdi.

Uşaq da bir uşaq ola – düsərbaş, qapqara qaraçı balası kimi kir-pasağın içində, saçları pırtlaşıq, sir-sifəti qərtməkli bir oğlan uşağıydı. 3-4 yaşı ancaq olardı. Ağlamaqdan gömgöy göyərəndə bir yaşlı arvad əyildi gəlinə ki, - “Ay bala, bəlkə acdır, ya sancısı var, bəlkə çöpü qalıb..?”. Gəlin də qanrılıb arvada dedi ki, – “Qusmağı gəlir, mədəsi ağrıyır”. İndi yan oturacaqdakıların bir gözü uşaqdaydı ki, – “ Uşaq indi qusar, bir azdan qusar, bircə üst-başımızı batırmasın” ...

Lökbatan körpüsünün yanınadək anası uşağa acıqlanır, elə hey – “Sus, yoxsa əmilər səni döyər!” – tutuquşu kimi eyni sözü təkrarlayıb adamı lap hövsələdən çıxarırdı.

Axırda biçarə gəlin, ayaqüstə durub söykəncəkdən tutan oğlana çöndü ki, – “Əmisi, zəhmət olmazsa uşağa çımxır, bəlkə qorxudan səsini kəsə...”. Zoruna döndüyüm oğlan da, uşağı necə qorxutsa yaxşıdır? – “Sakit ol, yoxsa qaçqınlara deyərəm, gəlib səni yeyərlər!”. Haqq üçünə uşaq səsini azca kəsəntəhər oldu. Amma arxadan təvərə kepkalı bir kişi oğlana hikkəylə, – “Qaçqına nolub, ə! Qaçqın adamyeyəndi!?” – dedi.

Elə həngamə də bundan sonra başladı, həm də nə başladı. Oğlan:

– Əmican, uşağı qorxutmaq üçün dedim...

– Qələt elədin, özü də ataba-atannan! Qorxutmağa başqa bir şey tapa bilmədin?! Hı! Durum indi səni alım əyağımın altına?

Ortası şallı yaşlı nənə də qayıtdı ki, - “Yerini dar eliyirik? Allah başına gətirsin, onda gör qaçqınlıq nədir!”. Qoltuğunda dəftəri olan bir tələbəyəoxşar cavan oğlan isə sadəcə dedi ki, - “Axmaq kopayoğlunun danışığına bir bax!”. Oğlanın gözü tələbəni yedi, təkcə onun cavabını verdi, – “Axmaq sənin dədəndi”. Amma tələbənin yanındakı dostu da ona cavab qaytardı ki, - “Öz dədəndi, ə! Onun dədəsi bilirsən kimdi? Üst-üstə 12 il yatıb çıxıb. Eşitsə ki, ona axmaq deyirsən, sənin nəslini verdi-veran eliyər”... Məsələyə heç aidiyyəti olmayan yanaşı iki cavan oğlan da bir-birini dümsükləyib gülüşürdülər ki, – “Vallah bu oğlanın buynuzu gicişir. Nəsə bir həngamə olacaq, həm də yaman olacaq”.

Oğlan səhv etdiyini anlayıb sülh yaratmaq istədi. Kepkalı kişiyə:

– Dayı, hirslənməyin, burda nə var ki, di üzr istəyirəm!

– Kopayoğlunun adamı, səni mış (yəni siçan) kimi əzərəm, hirslənməyə bundan da betər şey olarmı? Sən bunun yediyi qələtə bir bax! Qaçqın o qədər qorxunc şeydir ki? Sənin kimi biqeyrətlərin ucbatından qaçqın düşmüşük dayna!

Maşın Sahil qəsəbəsinə adlayan körpünün üstünə dönəndə söhbət daha da şişmişdi. Qaçqın kişi ayağa qalxıb oğlanın biləyindən yapışdı. Yumruğunu yuxarı qaldırmışdı ki, sürücü ayağını əyləcə atdığından yerində burulub arxasıüstə səndirlədi. “Sənə şofer deyənin atasına lənət!” – dedi və yanda oturmuş qadının qucağına sərildi.

Qadın:

– Səni oğlan ölmə, kişini niyə vurursan! – elə bildi ki, oğlan kişiyə əl qaldırıb. Qabaqda oturan tələbə yerindən dik qalxıb uşağı qorxudanın üstünə yeridi – “Ə, utanmırsan, baban yaşında kişiyə əl qaldırırsan?!” – deyib oğlanın yaxasından yapışıdı.

– A qardaş, Qurana and olsun ki, mən ona barmağımın ucuyla da toxunmadım. Maşın döngəni burulurdu deyə, səndirləyib yıxıldı. İnanmırsan özündən soruş...

Tələbə sual dolu nəzərlə hələ də arvadın qucağında oturmuş kişiyə baxdı. Arvad kişinin yançaqlarından yapışıb qaldırırdı – “Deyəsən yerin rahatdı, dursana, baldırlarım qırıldı!” – kişini itələdi. Növbəti tormozdan sonra tələbə oğlan da müvazinətini itirib yerində dala-qabağa yelləndi. Üzünü sürücüyə tutub acıqla, – “A kişi, sənə prava verənin dədəsinə lənət, mal peyini daşımırsan ha, bir az yavaş sürsənə!”.

Sürücü heç tövrünü də pozmadan:

– Keç yerində otur, yıxılma! – dedi və yenidən diqqətini dördgözlə yola zillədi.

Oğlan:

– Sən diyəsən bizimlə məzə pıqqıldadırsan ha. Nə qələt elədik maşınına mindik. Yavaş sür bir az, yoxsa hirsimi indi səndən alacağam...

Sürücünün yanında durub pul yığan oğlan acıqla:

– Ağzını təmiz saxla, sən bizə heş zad eliyə bilməzsən! – dedi.

– Bıy! İndi sizi dədə-bala bir-birinizə qatacağam. Sənə dedilər yavaş sür, demək yavaş sürmək lazımdır... – tələbənin dostu pulyığana qıcandı.

Sürücünün başı qarışmış və “Texnikabank”ın qarşısındakı radara az məsafə qaldığını unutmuşdu. Radarı görən kimi ayağını tormoza sıxdı. Bayaqkı oğlanın əli tutacaqdan çıxdı və qabağa tərəf yüyürdü. Amma yarıyolda ayağını yana uzatmış başqa bir oğlanın “badalağına” tuş gəlib üzüquylu yerə sərildi. Oğlan yerindən dik atılıb “badalaq vuran”ın yaxasını bürmələdi – “Mənə badalaq gəlirsən, ə!”. Bircə anda maşın barıt çəlləyinə döndü. Hamı yerindən qalxıb dalaşanları ayırmağa cumdu. Maşın “Rotterdam” küçəsinə çatanda zavallı “badalaq vuran” üzr istəmək istəyirdi ki, sürücü mikroavtobusun əyləcini təzədən basdı. Maşın yerində mıxlandı, hamı yerində ləngər vurdu və nəzərlər indi sürücüyə zilləndi. Sürücü əl atıb oturacağın altındakı təkərsökən lingi götürdü və fırlanıb maşının qapısını açdı. Lingi qaldırıb bağırdı, – “Sizi mənə ürcah edənin.., hamınız basın bayıra! Düşün aşağı görüm!” – hamı lal-dinməz yerə tökülüşdü. Sürücü qapını çırpıb yerinə keçdi, – “Gicbəsər uşağı, dəli yığnağıdır ə bunlar! Di qalın çölün düzündə!” – deyib maşını ağzı Bakıya tərəf döndərib şahə qalxdı. Mikroavtobus gözdən itəndən sonra sərnişinlərdən bir qaqqıltı çıxdı ki, gəl görəsən.

– Deyəsən alındı!

– Özü də necə alındı.., araq pulumuz var!

Onlar artıq istədikləri ünvanın həyətindəydilər. Mədəniyyət klubuna girəndə aparıcı tədbir iştirakçılarına sevincək elan edirdi ki, – “Əziz teatrsevərlər, elə bu dəqiqə mənə çatdırdılar ki, “Bəşir teatrı”nın istedadlı artistləri artıq sarayımıza daxil oldular”...

XS
SM
MD
LG