Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:55

Nə gəldi danış, aç, təmizlə şüuraltını...


Nərmin Kamal
Nərmin Kamal

-

Doktor dedi, gözlərini bu işığa zillə, suallar verəcəyəm, onlara cavab ver. Bir azdan işıq getdikcə öləziyəcək, o öləzidikcə sən də gözlərini yum, amma danışmağa davam elə. Nə gəldi danış, aç təmizlə şüuraltını...

Nərmin Kamal

Londonun kirli-paslı teatrında

Londonun Oxford küçəsində turist dənizini yara-yara üzbəüz səkiyə keçməyə çalışırdım, bu vaxt qoltuğuma reklam kağızı dürtüşdürdülər. Kağızda yazılmışdı: “Psixoanaliz xidməti. Freyd metodu. Yalnız bu gün gələnlərə FREE”, yəni pulsuz. Əcəb.

Bəlkə bu görüş mənim həyatımı dəyişdirəcək, - fikirləşib deyilən ünvana, bir tin qabağa getdim...

Qapıdan girən kimi məni kök bir kişi qarşıladı, adını dedi, sağdakı yarıqaranlıq otağa dəvət elədi.

Otaqda iki dənə yorğan-döşəksiz dəmir çarpayı vardı. Birində qoca arvad uzanmışdı, o biri boş idi. Doktor dedi ki, o qadın yatıb, “Talking cure” (Danışmaqla müalicə) belə tələb edir, o qədər danışıb ki, yuxu aparıb onu.

Mən də öz növbəmdə boş çarpayıya uzandım, çantamı başımın altına qoydum. Dedi, elə olmaz, çantanı yerə qoy, başın altı sərt olmalıdır. Kişi otağı daha da qaranlıq elədi, başımın üstündə bir dənə balaca işıq yandırdı. Snayperlər əsgərlərin yerini bu boyda işıqdan tanıyıb vurarmışlar papiros çəkəndə, ağızlarından.

Doktor dedi, gözlərini bu işığa zillə, suallar verəcəyəm, onlara cavab ver. Bir azdan işıq getdikcə öləziyəcək, o öləzidikcə sən də gözlərini yum, amma danışmağa davam elə. Nə gəldi danış, aç, təmizlə şüuraltını.

Dedi, uşaqlığına aid bu dəqiqə yadına düşən birinci xatirəni danış, tez, fikirləşmədən! Mən də danışmağa başladım.

Dedim, hansısa dövlət idarəsindəyəm. Sovet dövrüdür. Dəhlizdəyəm. Dar uzun dəhlizdir. Növbədə çoxlu adam var. Atamla anam məni burda qoyub içəri giriblər, idarənin yiyəsinin qəbuluna, amma çıxmaq bilmirlər.

Darıxıram. Burda məndən başqa uşaq yoxdur. Hamısı böyük kişilər, qadınlardır. Mən darıxıb divarlara baxıram. Yarıya qədər qəhvəyi dəri üzlük çəkilib divarlara, yarıdan o yana ağdır. Qapılar mebel rəngində, üstünə nömrələr yazılıb. Gah o başa gedirəm, gah bu başa. Dörd yaşım var, deyəsən. Darıxıram. Şairlər it kimi darıxırlar, idarələrdə gözləyən uşaq kimi darıxsınlar.

Atam-anam olan otağın qapısını açmağa qorxuram. Amma növbədə gözləyənlər onu hərdən açıb-bağlayırlar. Mən o fürsətdə tez çatdırıb içəri boylanıram. Atamın şalvarının ucu görünür. Növbəti dəfə açılıb-bağlananda atamın sağ qolunu görürəm. Növbəti dəfə açılıb-bağlananda onların heç biri görünmür. Anamı görməyə çalışıram, görünmür.

Bunları deyib susdum. Doktor dedi, keç o biri yadıma düşənə. Düşünmədən, dərhal, ilk yadına düşən, tez-tez!

- Yenə dövlət idarəsindəyəm, həkim. Tamam başqa idarədir. Dəhliz enlidir, iki geniş pəncərəsi var küçəyə, pəncərənin qabağında iki dənə dəri kreslo. Məndən başqa heç kəs yoxdur. Qapıların üzəri qəhvəyi dəridir, gümüşü düymələr bu dərini sıxıb bir qarışdanbir. Anam məni burda qoyub kabinetə girib. Bir az qapının dalında durub içərini dinləyirəm. Çaqqaçaraq makina səsləri gəlir. Pəncərələrin altındakı soyuq radiatorları sayıram. Sonra mahnı oxumağa başlayıram.

Güclü akustika var. Nə gözəl oxuyuram. Birdən qapı açılır, anam çıxır. Sevinirəm, deyəsən, gedirik. “Yox", anam deyir, "az qalıb, katibə maşinkada yazır bizim ərizəni. Sən mahnı oxuma. Sakit otur”. “Nə?” – mən utanıram. “Səsim gəlirdi içəri?” “Hə, səsin bütün içəridədir.” Çox pis oluram, necə utanıram!

Bunları deyib yenə susdum. Bu vaxt işıq öləziməyə başladı. Doktor dedi: “Uşaqlığına aid tez başqa bir xatirə danış, tez, düşünmədən.”

- "Baksovet”in qəbul otağındayam. Xalamgilə ev verilib İnqilab küçəsində. 10 ildi ev növbəsindəydilər. Daha bir neçə il gözləməliydilər. Amma onlardan istənən pulu verəndən sonra növbə tezləşdirilib. Xalamgil evin ünvanını alıblar, sevinə-sevinə gediblər baxmağa.

Çatıb görüblər evi dünən qaçqınlar tutub. İndi gəlmişik, növbəmizi tezləşdirmək üçün bizdən alınan pulu geri almağa. Mən dəhlizdəyəm. Darıxıram. Burda oturmağa stullar var, tünd qəhvəyi qapılar var. Hər stulda bir az otururam. Məndən əvvəl burda gözləmiş başqa bir uşağın hansısa divarın dibinə, ya bəlkə stulun altına qoyduğu maraqlı bir şeyi axtarıram. Ancaq yoxdur. Bilmirəm nə edim. Darıxıram.

Elə yuxuya gedirdim ki, Doktor çarpayımı dikəltdi, işığı yandırdı, yuxumu qaçırdı və nəzakətlə dedi:

- Qalx, ardımca gəl. Əşyalarını otaqda unutma.

Qurumuş kürəyimi ovxalaya-ovxalaya yatmış qadının çarpayısını keçib dəhlizə çıxdım. Orda küncdə bir balaca masa vardı. Masanın altı dolu oyuncaq, üstü dolu rəngli karandaşlar, rəngləmək üçün şir, dovşan konturları cızılmış albom vərəqləri idi.

“Bunu görürsənmi?” – o, dedi, “Get camaatınıza de ki, bizlər hər idarənin gözləmə zalında uşaqlar üçün belə masalar qoyuruq. Bu isə...”, - o, sol tərəfdəki otağa uzanıb nəsə götürdü, mənə uzatdı:

“Bu isə, Gözləmə Zalında Poeziya adlanan vərəqədir. İngiltərədə “Gözləmə otağında Poeziya” adlı Xeyriyyə Təşkilatı (Poetry in Waiting Room) var. Belə kağızlar çap eləyib paylayırlar idarələrə, klinikalara, banklara, dövlət idarələrinə və başqa yerlərə. Burda çətin bir şey yoxdu. Axı siz niyə əziyyət çəkirsiz?!”

***

Vərəqəni götürüb küçəyə çıxdım. Regent kanalının kənarıyla gəzə-gəzə vərəqədəki 6 şeiri oxudum. Bunların arasında Şekspirin də şeiri vardı, müasir şairlərin də. Poeziya. Mənim damda yaşayan karlsonum (Zamin). Ən gözlənilməz vaxtda, ən gözlənilməz yerdə “tap” eləyib çıxır adamların qarşısına, bürokratların dəhlizlərində oturub növbə gözləyəndə. (Ardı aşağıda)

Elə kanalın kənarıyla gedirdim ki, gördüm camaat, çoxu da uşaqlardı, sahilə bağlanmış bir katerin qabağında növbəyə durur, bilet alıb içəri keçirlər.

Qayıqdan böyük idi, katerdən balaca.

Üstündə yazılmışdı: Kukla teatrı. Mən də bilet alıb katerə girdim.

Yaxşı ki, astma xəstəsi deyiləm, meyitim çıxardı ordan. Yarıqaranlıq, nəmişlik, köhnə əski-üskü iyi, çirkli kuklalar, cındır xalı. Katerin birinci mərtəbəsinə aparan pilləkənlə enib teatr zalına çatdım.

Burda əsl, doğruçu teatrlarda olduğu kimi, maili tamaşaçı zalı, zalda 80-100 adam, aşağıda səhnə, divarlarda köhnə ipli kuklalar asılıb.

Bir qız içəri təzə girənlərə yaxınlaşıb bileti yoxlayır, sonra yer göstərir. Səhnəni görə bilsinlər deyə, uşaqları ayrıca üç cərgədə ard-arda oturdur, böyükləri isə ayrıca. (Ardı aşağıda)

O yaraşıqlı və gözəl geyimli kişilər, qadınlar, uşaqlar bu oturacaqları kirin-pasın yapışqan mərhələsinə qədəm qoymuş teatrda nə gəzirlər?! Bura bizim teatrlardan çox fərqlənir, dövlət bir milyarda təmir eləməyib, büllur çil-çıraqlar asmayıb, aktyorlarına əməkdar artist deməyib, amma içəri tamaşaçıyla zıppazıp doludur. Nədir bunun sirri? Nə göstərəcəklər ki, indi bunlar?

Girişdə də “Həm böyüklər, həm uşaqlar üçün” yazmışdılar, görək...

Nəhayət, lap “doğruçu” teatrlardakı kimi, üç dəfə zəng çalınır, tamaşa başlanır. Səhnədəki görüntüyə, işıqlandırmaya, səsləndirməyə söz ola bilməz. Ən azı, mənim sözüm.

Süjet belədir. Balaca qız rəqs eləyir, bu vaxt dişi laxlayır. Qız dişini çıxardıb nənəsinə göstərmək istəyir. Nənəsi isə meşədə yaşayır. Meşəyə gedən qızın qarşısına canavar çıxır. Qızla canavar orda bir az söhbət edirlər. Sonra canavar qızı qabaqlayıb çatır nənənin evinə.

Yox, nənəni yemir. Öz-özünə danışan, yaddaşı gedib-gələn nənə həmin vaxt özü evdə olmur. Canavar nənənin paltarlarını geyinir, evə çatan qızcığaza özünü nənə kimi təqdim eləyir. Bir azdan əsl, amma yaddaşını itirmiş, kim olduğunu bilməyən nənə evə qayıdır. Qız karıxıb iki nənə arasında qalır.

O, bir az danışır, bu bir az danışır, tamaşa canavarın monoloquyla sona çatır. Canavar artıq yaddaşı özünə qayıtmış nənəyə deyir: “Mən sənin həyatına aşiq oldum. Sənin rahat evdə, isti paltarlarla keçən insan həyatını sevdim, sən olmaq istədim”.

Tamaşa bitir, küçəyə çıxıb havanı qaralmış görürəm. Beləcə, səhər poeziyanı, axşamsa tamaşanı yaşatmağın dövlətsiz, hökumətsiz, təmtəraqsız, sadə, cüzi pul tələb edən nümunəsini gördüm.

Bəs gecə? Gecəysə nə şəhərin gur küçələri, nə Regent kanalı, nə qayıqdakı tamaşa, nə də poeziya vərəqəsi deyil, yenə də dövlət, hökumət idarələrinin qəhvəyi, dolanbadolan dəhlizləri girir yuxuma.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG