Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Nərmin Kamal. Niyə qaranlıqdır


Nərmin Kamal
Nərmin Kamal

-

İngilis poçtalyon bağlamanı evə gətirir, evdə heç kəs olmasa qonşuya təhvil verir. Bizim poçtalyonsa...

...Evdən köhnə qaşıq götürüb düşdüm binanın həyətinə, ölmüş pişiyimi basdırmağa.

Qaşığı torpağa batırdım, batırdım, gördüm torpaq donub.

Qaşığı yerə qoyub getdim çəngəl gətirməyə. Gəldim gördüm, pişik ölüsü yerindədir, qaşıq yoxdur...

Nərmin Kamal

"Oxu zalı" üçün yazır

NİYƏ QARANLIQDIR

Bakıda axşamlar evə qayıdanda blokun qaranlıq olduğunu görüb qorxurdum.

Evdəkilər bloka hər gün işıq salırdılar. Ancaq o, bircə günə yoxa çıxırdı. Onlar başqa lampa salırdılar, yenə kimsə açıb aparırdı.

Bir neçə həftə belə davam edəndən sonra onlardan birini dərin maraq bürüdü, oğrunu güdüb tapmaq qərarına gəldi.

Lampanı salıb qapını bağladı, gecə səhərə qədər gözlükdən keşik çəkmək istəyirdi. Haradasa saat 2-ə qədər dözə bildi, sonra qapını açıb lampaya baxdı, yerindəydi; qapını bağladı, getdi yatmağa. Səhər saat 8-də qapını açıb yuxarı baxdıq: ora boş idi.

Əvvəl elə bilirdim ki, bu məsələ təkcə lampalarla, küçə fənərlərilə bitir, qurtarır, oğru yalnız işıq oğrusudur. Sonra bir bazar günü 26 nömrəli məktəbin qabağında dayanmışdım. Gördüm uzaqdan bir kişi gəlir, boynunda uşaq oturub atasının başını qucaqlayıb. Onlar yaxınlaşdıqca söhbətləri də aydınlaşırdı:

- Hə, 2-dir. Yanında 6.

- İçii, içiii - uşaq əlini məktəbə tərəf uzadıb ağlamağa başladı.

Kişi pilləkənləri üç-üç adlayıb məktəbin qapısından sağ tərəfə vurulmuş lövhəyə çatdı. “2”-ni ordan qopartdı verdi uşağa, 26 nömrəli məktəb oldu 6 nömrəli məktəb.

Hər şey kiməsə lazımdı; gözünə dəyir, xoşuna gəlir, götürüb aparır evinə. Pişiklər üçün iki-üç dənə köhnə nəlbəkidə su qoyursan, dərhal kimsə tapılıb suyu yerə əndərir, nəlbəkini atır çantasına.

Ona görə də fikir verirəm, ağıllı adamlar plastik içki qablarını yarıdan kəsib suqabına çevirirlər.

Hələ bir dəfə evdən köhnə qaşıq götürüb düşdüm binanın həyətinə, ölmüş pişiyimi basdırmağa. Qaşığı torpağa batırdım, batırdım, gördüm torpaq donub. Qaşığı yerə qoyub getdim çəngəl gətirməyə. Gəldim gördüm, pişik ölüsü yerindədir, qaşıq yoxdur.

Ona görə də başqa ölkələrdə qar yağanda səkilərə düzülən papaqları, bir tay əlcəkləri, çətirləri görürəm, gözlərim yaşarır. Axı mən belə görməmişəm. Görməmişəm ki, kim qartopu oynayanda nəyi düşüb itibsə, elə orda da qala, götürüb qoyalar səkiyə.

Belə baxıram ki, Azərbaycanda pəncərələrin qabağına dibçəkdə gül qoymaq ənənəsi bəlkə buna görə yoxdur. Başqasının malına hörmət yoxdur, fərqi nədir, bu güldür, papaqdır, yoxsa lampa.

***

İngiltərədəki poçt xidmətlərindən birinin əməkdaşı
İngiltərədəki poçt xidmətlərindən birinin əməkdaşı

Bu yay təzə başlamışdı, qapı döyüldü, gördüm poçtalyondur. İngiltərədə poçtalyonlar uniforma geyinirlər. Əlində iri bir poçt bağlaması vardı, “posılka”.

Dedi, siz 3 nömrəli qapısınız, bunu 4 nömrə üçün gətirmişəm, evdə yoxdurlar, sizə verim, çatdırarsınız. Elektron imza qurğusu uzatdı, imza atıb bağlamanı aldım. Axşam qonşunun qapısını döydüm, evdə

İngiltərədə bir poçt idarəsi
İngiltərədə bir poçt idarəsi

yox idi. Səhəri gün getdim, hələ gəlməmişdi.

Həmin gün başqa bir poçtalyon gəldi. Dedi, tətil vaxtıdır, qonşunuz 7 nömrə evdə yoxdur, bunu sizə verə bilərəmmi? Razılaşdım. İri bağlamanı alıb imza atdım. Dedi, bu bağlamanı göndərən mağaza sizin ünvanınızı, imzanızı internet səhifəsində saxlayır, qonşunuz bağlamanın taleyini bilmək üçün ora öz sifariş nömrəsini yazaraq daxil olsa, görəcək kimə verilib əmanəti, özü gəlib alacaq sizdən.

İki-üç gündən sonra daha bir poçtalyon gəldi. Nəticədə altı yeşik çaxırı qəbul etdim 6 nömrəli qonşu üçün.

Yeri gəlmişkən, biz yeddi qonşuyuq. Həmin gün evdə ilk dəfə narahatlıq hiss olundu. Dəhlizdə gəzməyə yer qalmadı. Belə qərar verildi ki, bundan sonra qonşular üçün heç bir qutu qəbul etməyək. Ancaq elə səhəri gün mən bu qərarı pozdum. Heç qərar yadıma düşmədi, elə poçtalyon verdi, mən də aldım, çevrilib ayaqqabı qutusu böyüklüyündə bağlamanı o biri qutuların üstünə qoyanda xatırladım.

Bir neçə gün keçdi, “Amazon”dan qonşu üçün üç-dörd kitab qalınlığında qutu gəldi. Bu dəfə poçtalyonu görən kimi qərar yadıma düşdü, ancaq o, “2 nömrəli qonşu” deyən kimi buzum əridi. O qonşunun əri ağciyər xərçəngindən lap təzəlikcə vəfat edib, arvadı trinidadlı, öz qaraşınımızdır, onun necə ağlaması, meyiti aparan sarı təcili yardım maşını yadımdan çıxmayıb. İndi də yəqin qohum-əqrəbasının yanına gedib ovunmağa. Qutunu alıb poçtalyonu yola saldım.

Səhəri gün yenə poçtalyon gəldi, bizim özümüzə “Ebay”dən gələn bağlamanı verdi, getdi. Getməsilə qayıtması bir oldu: “Sizin 4 nömrə evdə yoxdur, bunu da onun üçün imzalaya bilərsinizmi.” Qutuya baxdım, deyəsən, içindəki balaca stol idi, təxmin edirəm, ayaqlarıyla mıxları, şurupları da yanında. Onu da aldım. Axşam biz altı yeşik çaxırı və qalan qutuların hərəsini evin bir küncünə itələdik.

Növbəti poçtalyon gələndə hazır idim. Dedim, özümüz də gedəcəyik, qəbul etmədim. Ancaq bir neçə gündən sonra həyətə girəndə poçtalyonla üzbəüz gəldim. 6 nömrəli qonşu üçün kompüter klaviaturası nazikliyində yüngül bir bağlama götürdüm.

Bir neçə gün sakitlik oldu. Sükutu ilk pozan poçtalyona qətiyyətlə yox dedim. Onda o, məni fakt qarşısında qoydu. Dedi, bir dəqiqə. Məsələ bundadır ki, bizə bu sifarişi verən qonşunuz özü kuryer üçün qeyd qoyub: “Əgər evdə olmasam, 3 nömrəli qonşuya verin”...

Düzbucaqlı, kvadrat, düzbucaqlı kvadrat. Axşam istədik, qutuların hamısını çıxarıb çardağa yığaq. Ancaq onların sahibləri hər an gələ bilərdi. Onda biz təzədən böyük əziyyət bahasına qutuları aşağı düşürməli olacaqdıq.

İyulun axırlarında məsələ ən şiddətli nöqtəyə çatdı. 1 nömrəli qonşu getdiyi, gəzdiyi ölkələrdən iri həcmli əşyalar alıb evinə göndərməyə başladı. O, bunların qonşulardan hər hansı birinə verilə biləcəyini yazırmış sifariş edəndə. Daha bu qədər də ərk etmək olmaz. Dəhlizdəki iki ayaqqabıqoyandan birini çölə çıxardıq, təkrar-emal müəssisəsinə göndərdik, 1 nömrəli qonşunun əşyalarını onun yerinə yığdıq, sonra peşman olduq. Fikrimizdən keçdi ki, bütün qutuları maşına yığıb aparaq poçta təhvil verək, imzamızı geri götürək. Canımız qurtarsın.

Ancaq mümkün deyildi. Hamısı eyni bir poçtdan gəlməmişdi. Cürbəcür göndərənlər, dövlət poçtu, özəl poçt xidmətləri, müxtəlif kuryer xidmətləri. Ağıllı bir adam məsləhət gördü ki, onları açaq. Ancaq biz ona cavab verdik ki, poçt bağlamasını açmaq cinayətdir, azı 470 funt sterlinq cəriməsi var. Sonra dedik ki, sən Altıağaca getsən, orda beş ağac qalar.

Belə-belə, üç aya iyirmi iki əmanət yığdıq. Evə hər gələn qonağa onların tarixçəsini danışmalı olurdum. Hamısı deyirdi ki, biz düzgün etməmişik onları qəbul etmişik, ancaq çıxış yolu göstərə bilmirdilər.

...Ən birinci 4 qayıtdı. O, avqustun ortasında gəldi. Avqustun sonlarına doğru o birilər də gəldilər. Üç günün içində 2 nömrəli qonşudan başqa evinin başına keçdi. Bağlamalar getdi, qonşu evlərdə xırthaxırt kəsildilər, xışhaxış açıldılar.

Qutular gedəndən sonra onların yerində qalan boşluqda oturub yenə Bakı bloklarında qaranlıqdan qorxduğum illəri xatırladım. Evdə oturmuşduq, qapıdan içəri bir kağızın ucunu sivişdirdilər. Açıb gördüm dama-dama dəftərdən cırılmış bir parça vərəqdir, üstünə yazılıb: “3.. nömrəli poçta gəlin”. Baş üstə. Getdim, dedilər, sənə bağlama var, ancaq şəxsiyyət vəsiqənlə gəlməliydin.

Təfərrüata varmalı oldum, dedim, vəsiqəmi bir işədüzəltmə agentliyi girov saxlayıb, əvəzində məni bir yerə işə düzəldib, o iş yerindən maaş alanda iş yiyəsi işədüzəldənə mənim maaşımın yarısını verəcək, ondan sonra işədüzəldən də şəxsiyyət vəsiqəmi qaytaracaq mənə. “Heç olmasa, hardan gəlib, elə-belə üstünə baxa bilərəm?” – mən soruşdum.

Poçt işçisi əlindəki zərflərə ştamp çırpırdı: “Seyfdədir. Olmaz. Nə bilək kimsən.” Ay dolandı, şəxsiyyət vəsiqəm özümə qayıtdı, poçta getdim. Dedilər, qaydaya görə, 2 həftə götürülməsə geri qaytarılır, biz də qaytarmışıq geri.

İngilis poçtalyon bağlamanı evə gətirir, evdə heç kəs olmasa qonşuya təhvil verir. Bizim poçtalyonsa evə də gətirməyə qorxur. Birdən qapını açan ev yiyəsi olmaz, evin qonağı olar, uşağı hazırlaşdırmağa gələn müəllim olar, iynə vurmağa gələn tibb bacısı olar, elçiliyə gələn oğlan adamı olar və bağlamanı mənimsəyər...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG