Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:35

Nərmin Kamal. Bakıda qarışqa da yuvasını tapa bilmir...


Nərmin Kamal
Nərmin Kamal
-

Hərdən mənə elə gəlir ki, bəlkə də coğrafi mühitdir xarakterimizə təsir edir, küləklər şəhəri olduğumuza görə, hər şeyin yerini sürəkli dəyişdirməyə meylliyik...


Nərmin Kamal


QARIŞQA DA YUVASINI TAPA BİLMİR


Gərək ki, 2000-ci il idi. Bakıda güclü zəlzələ olan axşam mən aktyorluq fakültəsini təzəcə qurtarmış qohumumun ad gününü qeyd etmək üçün onların Nəbatət bağının arxasındakı binada yerləşən evlərində yeyib-içmək məclisindəydim.

Gənc aktyorun atası – arxiv idarəsinin işçisi həlim səslə masada ondan iki adam aralıda oturmuş arvadının adını çəkir, arvadı “Yox, bir dəfə dedim yox!” – ötkəm cavab verir, bacısına baxıb başını bulayırdı.

Hamı bilirdi, arxiv idarəsinin işçisi nə istəyir. İki şüşə boşalmış, üçüncünün axırına mənim hesabımla üç barmaq qalmışdı. Divardan nəlbəki boyda saat asılmışdı. Dükanların bağlanmasına düz on dəqiqə vardı. Bu on dəqiqə də keçib getsəydi, araq söhbəti də qurtaracaqdı.

On dəqiqədən sonra biz – məclisdə olanların hamısı bəzilərimiz ayaqyalın, bəzilərimiz ev başmaqlarında Nəbatət bağının arxa uçuq hasarından keçmiş, ağacların altında dayanıb titrəşirdik.

Gənc aktyor telefonundan radionu tutmağa çalışır, zəlzələ haqda xəbər axtarırdı. Qadınlar çaydanın altını söndürüb-söndürmədiklərini müzakirə edirdilər.

Mən “Yenə oldu, hiss elədiz, hiss elədiz?” – deyib camaatı narahat edirdim. Hamı üşüyürdü. Bir cürətli adam olsaydı, göndərərdik paltolarımızı gətirərdi.
Arxiv idarəsinin işçisi təklif etdi ki, ocaq qalayaq. Arvadı yenə yox dedi. O hesab edirdi ki, ağaclar yana bilər, “yanmasa da, bilərlər, sabah qapını döyüb ştraf eləyərlər”.

Mübahisə bu cümlədən başladı.

Gənc aktyor dedi ki, nə ştraf, kimin nə vecinədi bu ağaclar. Ölkə dağılıb gedir. Masada bayaq onun yanında əyləşənlər bu sözləri təsdiqlədilər.

Dedilər ki, əşi, ay xala, istəyirsən bu dəqiqə mişarlayaq hamısını, heç “mıqq” eləyən olmaz. Biri sən, görsən ki, burda ağac kəsirlər, gəlib nəsə deyərsən?! Kəsərəm, vələmir əkərəm. Kim nə deyə bilər?!

Qadınlardan kimsə işarə elədi ki, içiblər, ağızlarını açmayın, susmayacaqlar. Hə, bala, gedin kəsin. Gənc aktyor və onun dəstəsi marginallaşıb qocalardan aralandı. Mənim də qorxum yavaş-yavaş çəkilirdi.

Tezliklə kiminsə təklifilə tamaşa qurmağa başladılar. Yəqin ki, elə Gənc aktyorun təklifilə. Guya dörd qonaq oğlan ağacları kəsənlərdir. Gənc aktyor ağacları kəsənlərin rəisidir.

Mən jurnalist əvvəlcə qocalar tərəfə getməli, ordan ciddi görkəm alaraq gəlməli və deməliydim: “Salam, ağacları niyə kəsirsiz?” Üç qohum qız da Nəbatət bağının qonşuları olub çığır-bağır salmalıydılar.

Mən o tərəfə gedib qayıdanda qızğın iş gedirdi, hamı rola girmişdi. Oğlanlar ağızlarıyla mişar səsi çıxarırdılar. Qızlar özlərini elə unutmuşdular ki, qocalar hətta arada o tərəfdən səsləndilər: “Bir az sakit!”

Mən Gənc aktyora yaxınlaşıb deməli olduğum sözləri dedim. Gənc aktyor rolundan çıxıb dedi ki, mənə yox, ağacları kəsənlərə yaxınlaş, qoy onlar sənə desin
Bakıda kəsilmiş zeytun ağacları
Bakıda kəsilmiş zeytun ağacları
rəisin əmridir, ondan sonra mənim üstümə gəlməlisən...

Tamaşa qocalar bizi evə qayıtmağa çağırana qədər davam elədi. Biz gülüşə-gülüşə pilləkənləri çıxıb evə girdik. Yerə yıxılmış stullar, yarıboş nimçələr, soyumuş yeməklər, boş kompot qrafininin yanında üç barmaq qədər dolu araq şüşəsi, bayat kolbasa qoxusu hamımızı dilxor elədi.

Üstündən bir il keçəndən sonra arxiv idarəsinin işçisi mədə tutmasından, daha bir il keçəndən sonra Gənc aktyor maşın qəzasında öldü.
Və səhnə gerçəkləşməyə başladı...

***

Bu günlərdə Nəbatət bağında böyük ağacları kütləvi şəkildə traktorlarla qazıyıb çıxarıblar, kəsib daşıyıblar. Bizim tamaşamızda olduğu kimi gecə vaxtı kəsiblər.

Mən soruşdum, çox adam deyir ki, ağacların altından yüksək gərginlikli naqillər keçirmiş, həmin yerdə ağaclar yaxşı inkişaf edə bilməzmiş, bağın yeri dəyişdirilsə ağaclar daha yaxşı inkişaf edəcəklər, indiki yerdə isə başqa şey tikilə bilər.

Başqa şəhərlərdəki yaşıllıqlarla müqayisədə Bakıda bir neçə yarpaq var. Bütün Bakı bilir ki, onlar şəhərdə yeganə təbii parkı Nəbatət bağında görə bilirlər. İndi onun sökülüb-dağıdılmasından söhbət gedir.
Bu, çox ciddi hadisədir.

Xarici ölkələrdə elə adamlar var ki, qırx il, əlli il eyni kafenin müştəriləridir. Xudmani gözəl kafelər, restoranlar onillərdir, yüzillərdir öz yerlərində qalıb işlərini görürlər. Hara baxırsansa, üstünə “dörd yüz ildir burada bu işi görürük” yazılmış ət dükanları, “Yeddi yüz ilin yadigarı” xırda pablar, “beş yüz əlli ildən bəri” yazılmış skamyalar. Asan deyil eyni müəssisəni yüzillərlə saxlamaq.

Əgər asan olsaydı, biz də bunu bacarardıq. Bakıda bir yer beş ilin içində gah kafe olur, gah bağlanır, üstündən adı çıxarılır, bir azdan gözəllik salonu kimi açılır, yenə bağlanır, bu dəfə internet-klub olur. İnsanlar yaşada bilməyəcəkləri, yetərincə inanmadıqları müəssisələr açırlar. Açılan gündən onu bağlamaq üçün kənar qüvvələr də işə düşür.

Bəzi kliplər göstərirlər ki, guya qızla oğlan bir-birini sevirlər, həmişə eyni restorana gəlirlər, eyni parkda gəzirlər. Ayrılandan sonra oğlan qayıdır həmin restorana, tənha oturub qızı xatırlayır. Belə kliplərə inanmayın. Əslində o restoran bağlı olmalıdır. Hər şeyin yeri durmadan dəyişdirilir.

Qarışqa yuvasını tapa bilmir.

Pişik çıxdığı aşxananı iyləyə-iyləyə tapıb içəri girə bilmir. O bilmir ki, aşxananı bağlayıblar artıq, yerində iki illik telefon dükanı açıblar.

Hərdən mənə elə gəlir ki, bəlkə də coğrafi mühitdir xarakterimizə təsir edir, küləklər şəhəri olduğumuza görə, hər şeyin yerini sürəkli dəyişdirməyə meylliyik. Kafe, restoran, park kimi şəhər məkan ənənələrini bəlkə buna görə saxlamaq istəmirik.

Amma sonra düşünürəm ki, belə deyil, qərarları fərdlər verir...

Necə ki, mən ciddi görkəm alıb dörd ağackəsən oğlana yaxınlaşdım o gecə. Orda camaat istəmirdi ağaclar kəsilsin, hətta xalq tərəfindən üç qız səs-səsə vermişdi. Ağackəsən dörd oğlandan soruşdum ki, niyə kəsirsiniz. Onlar cavab verdilər ki, rəisin göstərişidir. Üç ayaqyalın qız rəisi də, ağackəsənləri də qovdular ordan. Həmin gecə, Nəbatət bağının ortasında.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG