Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

İzsiz itən məşhur səyyahın 2 kitabı Azərbaycan dilində


-

Alatoran Yayınları seriyasından məşhur Norveç səyyahı Roald Amundsenin iki kitabı çapdan çıxıb – “Mənim həyatım” və “Cənub Qütbü”.

Arktika çöllərinin yorulmaz araşdırmaçısı və Şimal qütbünün fatehi Roald Amundsen “Mənim həyatım” kitabında öz ömür yolundan danışır.

Oxucuların gözü önündə onun uşaqlıq illəri, ilk yürüşləri canlanır, Amundsenin həyatının dəfələrlə ölümcül təhlükələrə məruz qaldığı bütün gözəl səyahətlərinin maraqlı təsviri verilir.

Kitab həm də onunla maraqlı və faydalıdır ki, qütbçünün müvəffəqiyyətinin kökünü açır, öz zamanının texniki imkanlarını, digər alimlərin təcrübəsini və nəzərdə tutulan yerin təbii xüsusiyyətlərini göz önünə alaraq, Amundsenin hər səyahətinə necə düşünərək hazırlaşdığını göstərir.

SƏYYAH HAQDA DAHA ƏTRAFLI

Amundsen ilk dəfə Atlantik okeandan Sakit okeana Şimal-qərb dəniz keçidi ilə birbaşa üzmüşdür.

İlk dəfə Şimal Buzlu okeanını Amerika, Avropa və Asiya sahilləri ilə üzmüş və beləliklə, arktik sularda ilk dünya səyahətini etmişdir. Şimal qütbünə də ilk səyahəti o etmişdir. Şimal Buzlu okean üzərindən dirijabl ilə ilk dəfə Amundsen uçmuşdur. Roald Amundsen Yerin iki qütbündə də olmuşdur. Doqquz dəfə Arktikada və Antarktikada qışı keçirmişdir.

Roald Amundsen təsadüfən qütb araşdırmaçısı olmamışdır. O özü belə yazır: “On beş yaşımdan başlayaraq mənim bütün həyatım təyinatı olan müəyyən bir məqsədə doğru hərəkətdən ibarət olmuşdur.” Əminlik, məqsədyönlülük, yenilməz cəsarət, inadlılıq, işgüzarlıq, qeyri-adi təşkilatçılıq qabiliyyəti, ən əsası öz gücünə inam bu gözəl insanın əsas keyfiyyətlərindən idi. Məsələn, Amundsen inanırdı ki, Şimal-qərb keçidi bir neçə əsr dənizçiləri cırnadan sirr onun tərəfindən açılacaq və o bunu gerçəkləşdirdi.

Roald Amundsen
Roald Amundsen

Ən ağır maneələri aşmaq, qoyulmuş məqsədə doğru can atmaq Roald Amundsenin həyatına xas xüsusiyyətlərdir. İradə və qətiyyət onun xasiyyətinin əsas əlamətlərindəndir. Məhz bu özəlliklər onun təşkil etdiyi bütün qütb səfərlərinin uğurlu olmasını təmin etdi.

Amundsen bütün həyatını qütb araşdırmaçısı olmaq qərarına yönəltmişdi. Hələ gənc çağlarından Roald bədən tərbiyəsi ilə məşğul olmağa başlayır. O, qışda açıq pəncərə qarşısında yatır, əzələlərini möhkəmləndirir, futbol oynayır, xizəklə məşq edir, tərsanədə dülgər işləyirdi.

Qütb araşdırmaçısının əla dənizçi olmasını düşünərək, Amundsen bir neçə il gəmilərdə üzür, şturman sonra isə kapitan rütbəsinə imtahan verir. Sonralar o, uçmağı öyrənir və Norveçdə ilk mülki təyyarəçi adını alır. Gənc Amundsen Adriyen de Jerlaşın antarktik ekspedisiyasında iştirak edir, gözlənilməz və məcburi qışlaq zamanı onun faktiki rəhbərinə çevrilir.

Şimal-qərb keçidi ilə getmək qərarına gələrək o, sələfləri haqqında ədəbiyyat toplayır, faciəvi həlak olmuş Con Franklinin səyahətinin təsvirini xüsusi diqqətlə oxuyur, yerin cazibə qüvvəsi və maqnit müşahidələrinin üsullarını öyrənir.

Beləcə ona lazım olan təcrübə və mətinlik əldə olunur. Amundsen Norveçi şöhrətləndirməklə yanaşı dünya coğrafiya elminə qiymətli töhfə vermək üçün, özünün coşqun arzularını yerinə yetirmək üçün tam hazır olur.

Onun dözümü və mətanəti heyrətamiz idi. Kanada arktik arxipelaqında Qerşel adası yaxınlığında üçüncü qışlaq zamanı bütün dünyanı qələbəsi haqda xəbərdar etmək üçün o, qütb gecəsində İql-Sitiyə qədər 700 km məsafəni xizəklə getmişdir. Bu səfəri zamanı səyahətçi 2750 m. hündürlükdə dağ silsiləsini 50o C-yə çatan şaxtada qət edir. Teleqramı göndərdikdən sonra Amundsen bir az dincəlib geriyə elə həmin çətin yol ilə qayıdır. Bunu yalnız onun kimi dözümlü insan edə bilərdi. Taymır yarımadasının şərq sahilində qışlaq zamanı Amundsen gəmidən yıxılaraq sağ çiynini sındırır. Dözülməz ağrılara baxmayaraq, o, əl hərəkətini bərpa edənədək gimnastika ilə məşğul olur. Sonralar Siatldakı amerikalı həkimlər Amundsenin buna necə nail olduğuna mat qalmışdılar. Onların fikrincə, araşdırmaçının çiyni fəaliyyətdən qalmalı idi.

Gözəl təşkilatçılıq, yaxşı düşünülmə və tədbirlilik Amundsenin hər ekspedisiyasını fərqləndirir və ona ən çətin, demək olar ki, keçilməz çətinlikləri qət etməyə kömək edirdi.

Amerikanın şimal sahilləri boyunca səpələnmiş saysız-hesabsız adalar arasından ensiz dayaz farvaterlə keçmək mümkün olmadığına əmin olaraq, Amundsen “Yoa” kimi kiçik gəmi seçdi və gələcək göstərdi ki, o, haqlı idi.

Amundsen heç kimə etibar etmir və bütün ekspedisiyalarını özü əsaslı surətdə hazırlayırdı. İlk səyahəti üçün “Yoa”nın komandiri itlərin yemini, paltarları, yataq kisələrini və s. şəxsən yoxlayır. Hər şey çox ciddi hesablanır. Ərzaq yeşikləri gəminin anbarına uşaq kubları qutuya yığılan kimi yığıldı. Mis mismarla bərkidilmiş qutular, maqnit xassəsini itirmişdi, bunun üçün də rəsədxana tikintisi üçün yararlı idilər. Neft sisternləri gəmi formasında tikilmişdir. Kiçicik “Yoa”ya düz beş illik ərzaq ehtiyatı yerləşdirilmişdi. (Ardı aşağıda)

Amundsen və komandası cənub qütbünə Norveç bayrağı sancıb. 1911
Amundsen və komandası cənub qütbünə Norveç bayrağı sancıb. 1911

Ekspedisiya zamanı xizəklər, it qoşquları, çadırlar yeni sınaqlara məruz qalır və daim təkmilləşdirilirdi. Axı hər ehtiyatsızlığı, ilk baxışdan kiçicik səhvi Arktika ölümlə cəzalandırır və Amundsen bunu yaxşı başa düşürdü. “Tədbirlilik və ehtiyat ikisi də vacibdir: tədbirlilik – çətinlikləri zamanında görmək üçün, ehtiyat – onları qarşılamağa mükəmməl hazırlaşmaq üçün,“ – o öz kitabında belə yazır.

Artıq dünyaca məşhur araşdırmaçı Cənub qütbünə səfərinə daha mükəmməl hazırlaşır. Qütbə gedən yolda əvvəldən 83o cənub enində ərzaq anbarları yerləşdirir. Hər 8 km-dən bir qar sütunları qurulurdu ki, geriyə yol asan tapılsın. O, yüklərin azalma günlərini dəqiqliklə hesablayır və həmin yükdən azad olan itlər qalan itlər və hətta insanlar üçün qida kimi nəzərdə tutulur. Xizəklərin və taxta qabların çəkisinin azaldılmasına çox diqqət yetirilir. Hər xizəkdə qət edilmiş məsafəni hesablayan xüsusi sayqac (odometrlər) quraşdırılır.

Antarktikanın iqlimi dünyada ən sərt iqlimdir. Burada fırtınalar dayanmadan tuğyan edir. Küləyin sürəti saniyədə 60 metrə bəzən də 100 metrə çatır. Dəhşətli tufanlar adamı yıxır, - 80o C olan şaxtalar xəz paltardan keçib iliyə qədər işləyir. Və budur, üst geyim eskimos geyiminə bənzədilir. Hər bir hissə üzərində ciddi düşünülür: tuman-köynək, ayaqqabı, əlcəklər hətta it qoşqusunun qamçısı.

Amundsenin öz ekspedisiyalarına necə diqqətlə və mükəmməl hazırlaşdığını, təbiət qüvvələrinə necə qalib gəlməsini göstərmək üçün deyilənlər kifayət edər. Amma o, yalnız təbiət güclərini dəf etmirdi. Tanınmış qütbçü hər yeni ekspedisiyanın təşkili üçün lazım olan hər kron uğrunda mübarizə aparırdı. Onun həmişə pula ehtiyacı olub. “Yoa“ ilə ilk səfərində Amundsenin artıq xeyli borcu idi. Borc verənlər pullarının təcili qaytarılmasını tələb edir, məhkəməylə hədələyir, gəminin həbsə alınmasına çalışırdılar. Hazırlıqların bitdiyi vaxt borcun 24 saat ərzində qaytarılmasını tələb edir, əks halda Amundseni dələduzluğa görə həbslə hədələyirdilər. Buna görə də gənc araşdırmaçı ekspedisiya üzvlərini yığıb yağışlı qaranlıq gecədə gizlicə dənizə çıxır. Səhər açılanda “Yoa“ artıq Atlantik okeanın sularında üzürdü.

Amundsen bütün ekspedisiyalarının təşkilində çəkdiyi çətinliklərdən dəfələrlə yazır: “Pul tapmaq cəhdlərində şərəfinə və mənliyinə vurulan zərbələr, araşdırmaçının həyatının faciəsidir.”

Birinci dünya müharibəsi zamanı, Amundsen bir gəmiqayırma kompaniyasının səhimlərini almaqla yeni ekspedisiyası üçün sərmayə toplayır. O, gələcək işini təmin etməkdən ötrü gəlir əldə etmək istəyir. Amma burada da bəxti gətirmir. Müharibədən sonra norveç kronunun məzənnəsi kəskin surətdə düşür və Amundsen yenə də hər yanda kömək axtarmağa məcbur olur.

Təyyarə ilə ekspedisiya hazırlayarkən və həmişəki kimi, maddi çətinlik çəkən Amundsen, ehtiyatsızlıq edib Hammer kimi fırıldaqçıya etibar edir. Nəticə kədərləndirici olur. O kədərlə deyirdi: “Bu ən yaralı, ən təhqiramiz və, açığı, həyatımın ən faciəvi epizoduna gətirib çıxardı.“

Roald Amundsen qəpiksiz qaldı və bankrot elan edildi. Kreditorlar qəzəblə ona hücum edib pullarını tələb etdilər. Amundsen ömrünün sonuna qədər borc qaytarırdı.

Şpitsberqendən uçuşlar və “Norvegiya“ dirijablı ilə transatlantik uçuş amerikalı milioner mesenat Elsvortun maliyə dəstəyi ilə mümkün oldu. Bəşəriyyətə xidmət edən ekspedisiyaları maliyələşdirmək üçün, Amundsen müxtəlif ölkələrdə mühazirə oxuyur, qəzetlərə məqalə yazmağa çox vaxt sərf edir.

Roald Amundsen
Roald Amundsen

Beləliklə, tanınmış qütb araşdırmaçısı ömrü boyu maliyə məngənəsində sıxılmış və yalnız ölüm onu bu sıxıntıdan azad etmişdir.

Çox vaxt Amundseni şöhrətpərəstlikdə, sensasiyaya, idman rekordlarına can atmaqda, həmişə hər yerdə birinci olmaq ehtirasında qünahlandırırlar. Düzünü deyək: o şan-şöhrətə laqeyd deyildi. Hələ gənc yaşlarında o, alman alimi Georq Neymayerə “Şimal-qərb keçidinin kəşfində birinci olmaq“ arzusundan danışır. Amerikalı araşdırmaçı Piri ondan əvvəl Şimal qütbünə çatanda Amundsenin bu fikrə marağı ölür. O yazırdı: “Boynuma alım ki, bu ciddi zərbə idi. Əgər bir araşdırmaçı kimi öz şərəfimi qorumaq istəyirəmsə, bacardıqca tez bu və ya digər sensasiyon qələbə qazanmalıyam.“

Madeyra adasında Funşal körfəzində hamını göyərtəyə toplayıb gözlənilmədən elan edir ki, “ “Fram“ Şimal qütbünə yox Cənub qütbünə yollanacaq“. Sonra P.Skota xəbər göndərir, onunla cənub qütbünün kəşfində yarışmaq istəyir. Bu halda, şübhəsiz, idman həvəsi üstünlük təşkil edirdi.

Səyahətlərini o özü “şanlı“ adlandırır. Hər halda Amundseni rekordlara və şan-şöhrətə aşırı can atmasında günahlandırmaq ədalətli deyil. Birincisi, Roald Amundsen öz fədakar fəaliyyəti ilə qütb araşdırmaları sahəsində yeni parlaq səhifə açmış və hamının rəğbətini qazanmışdır. İkincisi, onun işlərində elmi maraqlar heç də kiçik rol oynamamışdır. Amundsen Şimal Buzlu okean üzərindən transatlantik uçuşu haqda belə yazırdı: “Mənim marağım yalnız macəra eşqindən ilə deyil, həmçinin coğrafiyaşunas və alim arzularından irəli gəlmişdir.” Bu həqiqətən belə idi.

Hələ 1901-ci ildə o “Yoa” ilə Şpitsberqen ilə Qrelandiya arasında səyahətə çıxır. Yolüstü o, Nansen üçün o vaxtlar şimal sularında az məlum olan okeanoqrafik araşdırmaları yerinə yetirir. Nansen bu araşdırmalardan çox razı qalır.

1903–1906-cı illərdə Amundsen dörd yüzillik ərzində heç kimin edə bilmədiyini edib “Yoa” ilə Şimal-qərb keçidindən üzdü. Bu səfər zamanı Amundsen Şimal maqnit qütbü ərazisində müşahidələrə xüsusi yer verirdi. İlk dəfə edilən maqnit müşahidələr elə geniş və dolğun idi ki, alimlər onlar üzərində işləmək üçün düz iyirmi il sərf etdilər. Amundsenə qədər heç vaxt elmə Şimal maqnit qütbündə yer maqnetizmi hadisələri haqqında bu qədər geniş məlumat verməmişdir.

Amundsenin ekspedisiyası xəritəyə yeni adalar və sahillər gətirdi. Məsələn, Lya–Trob körfəzində Xotqard adaları, Şahzadə İnqeborq adaları, Nordenşeld adaları. Markem körfəzindən şimala bir sıra adalar tədqiq olunmuş və Kral Coğrafiya Cəmiyyəti adaları adını almışdır. Xəritəyə Viktoriya torpağının şərq sahili qoyulmuşdur. Eda adası yaxınlığında Simpson boğazında dərinliklərin ölçüsü aparılmışdır.

Bundan əlavə, Norveç universitetinin tapşırığı ilə böyük zooloji kolleksiyalar, Norveç muzeylərinin xahişi ilə isə eskimos məişətinin əşyalarından zəngin kolleksiya toplanmışdır. “Yoa” səyahətdən qayıdan zaman kiçik yaxtanın tryumu balıq ovu ləvazimatları, pal-paltar, məişət avadanlığı, silah və s. ilə dolu olurdu.

Cənub qütbünə səfər zamanı elmi araşdırmalar sistematik xarakter daşımasa da, meteoroloji müşahidələr daimi idi. Bundan əlavə, Amundsenin Antarktik materikdə olduğu zaman “Tram Kit” körfəzində Şimal Buzlu okeana elmi müşahidələr üçün göndərilmişdir.

“Mod” ilə ekspedisiya xeyli elmi material vermişdir. Birinci qışlaq zamanı gəmi yaxınlığında özünəməxsus meteoroloji və maqnit rəsədxanalar quraşdırıldı. Gəmi Nomdan qayıdarkən 1920–1921-ci illərin qışında Asiyanın şərq sahillərində elmi müşahidələrə davam edirdi. Amundsenin yol yoldaşları H.Sverdrup və Vistinq Serdse-Kamen burnundan Krest boğazınadək gəzmiş və zəngin etnoqrafik material toplamışlar. “Mod”un Şimal Buzlu okeandan keçən üçillik səfəri zamanı üzən buzların müşahidələri və onların fiziki xüsusiyyətlərinin öyrənilməsi çox qiymətli töhvə idi.

24 və 25 nömrəli hidroplanların buz üzərinə məcburi enişinə və Amundsenin və onun yoldaşlarının ağır vəziyyətinə gündəlik qida paylarının 225 qr enməsinə baxmayaraq, insanlar var qüvvələri ilə uçuş zolağı tikintisi üzərində çalışırlar. Onlar taqətdən düşsələr də mütəmadi astronomik, metereoloji və okeanoqrafik müşahidələr üzərində işləyirdilər.

“Norvegiya” dirijablı ilə qütb üzərində uçuş zamanı da astoronomik və metereoloji müşahidələr aparılır. Bundan əlavə atmosfer cərəyanı üzərində də müşahidələr aparılır. Uçuş zamanı məlum olur ki, Şimal qütbü ilə Alyaskadakı Barrou burnu arasında torpaq yoxdur. Uçuşdan əvvəl coğrafiyaşunaslar bu məsələyə görə uzun-uzadı mübahisələr aparmışlar.

Həyatının son mərhələsində Amundsen yeni planlar qurur: o Şimali Amerika və Şimali Asiya sahillərində yaşayan xalqların qədim mədəniyyətini öyrənməyə hazırlaşır. Onu etnoqrafiya, arxeologiya və antropologiya məsələləri maraqlandırır.

Roald Amundsenin qütb araşdırmaçısı və alim kimi siması belədir. Buradaca Amundsenin böyük norveç qütb araşdırmaçısı Fritof Nansen ilə münasibətləri üzərində qısaca dayanmaq lazımdır. Nansen gələcək qütb araşdırmaçısının həyatında böyük rol oynamışdır. O, Amundseni Kanada arktik arxipelaqına ekspedisiyanın təşkilində kömək edən insanlara təqdim edir. Şübhəsiz ki, o vaxt tanınmayan gənc qütb araşdırmaçısı özü sərbəst, arktik ölkələrin tanınmış veteranının köməyi olmadan, “Yoa” ilə ekspedisiya təşkil edə bilməzdi. Nansenin bu ekspedisiyasının gələcək uğurlarına xeyir-dua verməsi də böyük rol oynamışdır. Nansenin gənc araşdırmaçıya təsirinin necə böyük olmasını növbəti fakt göstərir. Amundsen yazır ki, nəhayət, Şimal-qərb keçidi alınandan sonra “bir dəqiqəlik Nansenin portreti önündə dayandım, bu an sanki şəkil canlandı və Nansen mənə baxıb başı ilə işarə etdi: “mən bunu bilirdim”. Cavabında mən də başımla işarə etdim və xoşbəxtlikdən gülümsəyərək göyərtəyə çıxdım”.

Şimal Qütbünə ekspedisiyasında Amundsen məşhur “Fram” gəmisindən istifadə edir. “Fram” 1893–1896-ci illərdə Nansen Şimal Buzlu okean buzları arasından üzəndə, H.Sverdrupa isə 1899–1902-ci illərdə xidmət etmişdir.

Şimal qütbünə çıxarkən, Amundsen ləvazimatların çəkisini azaltmaq üçün Nansenin böyük təcrübəsindən istifadə edir. Və şagird öz müəlliminə layiqli qiymətini verir: Şimal qütbünə dağ silsilələrindən keçərkən, onların birinə Fritof Nansenin adını verir.

Amundsenin “Mod” gəmisinin səyahətə hazırlığı zamanı, ərzaqlar Amerikada hazırlanmalı oldu. Orada olan Nansen, yenə də kömək əlini Amundsenə uzadır. Beləliklə, iki tanınmış qütb araşdırmaçısı arasında ömürləri boyu canlı əlaqənin olduğunu görürük.

Amundsenin hava səyahətləri üzərində xüsusi dayanmaq lazımdır. “Mod” ilə Avrasiyanın şimal sahilləri boyu üzərkən, qütb araşdırmaçısı yeni ideyanın əsirinə çevrilir. O arktik problemi aviasiyanın köməyi ilə həll etmək istəyir. Gəmilər tərk edilir. O, sərt Arktika ilə döyüşə təyyarə qanadlarında atılmaq qərarına gəlir. “İlk dəfə mən hava gəmisindən qütb araşdırmaları üçün istifadə etmişəm,” – Amundsen özü belə deyirdi. Amma bu ifadə düzgün deyildi.

İlk dəfə hələ 1897-ci ildə isveç aeronaftı S.Andre idarəolunmaz hava şarında Şimal qütbünə uçmağa cəhd etmişdir. O, Şpitsberqendən qalxmış və sonralar müəyyən edilmişdir ki, qəzaya uğrayaraq qütbə çatmamışdır. Üzən buzlar ilə Andre Belıy adasına çatır və orada iki yoldaşı ilə həlak olur. Roald Amundsen isə yalnız 1922-ci ildə “Yunkers” ilə Şimal Buzlu okeandan uçmaq istəyir. Sınaq uçuşlarında baş verən qəza buna mane olur.

Amundsen ilk dəfə hidroplanla 1925-ci ildə Şpitsberqendə Kinqsbeyadan uçur. Amma bu uçuş uğursuz olur və az qala iştirakçılarının hamısının məhvinə gətirir. İstər-istəməz belə fikir yaranır ki, aviasiyanın o vaxtkı inkişaf səviyyəsində havadan yüngül idarə olunan aparatlar, yəni dirijabllar, daha üstündür. Buna görə də, 1926-ci ildə “Norvegiya” dirijablı ilə Şimal qütbü üzərindən uçuş təşkil olunmuşdu.

Uçuş uğurlu alındı və tanınmış qütbçünün şöhrətpərəst arzuları yerinə yetdi. Amma bu təntənə italyan faşistlərinin siyasi qalmaqalları ilə zəhərləndi. Tezliklə məlum oldu ki, dirijablın komandiri Nobile ABŞ-da mühazirələr edir və qütb üzərindən transatlantik uçuşun ideyasının Mussoliniyə məxsus olduğunu, uçuşun faktiki rəhbəri isə Nobilenin özünün olduğunu deyir. “Mənim həyatım” kitabında Amundsenin italyan polkovniki ilə polemikası qeyri-ciddi və az inandırıcı tərzdə aparılması vacib deyil. Hərdən bu polemika xırda və hətta sadəlövh görünür. Amma fakt faktlığında qalır: faşist mətbuatı, xüsusilə Nobilenin özü hadisələri çox ədəbsizcəsinə dəyişərək, Amundsenin adını ləkələmişlər, “Norvegiya”nın uçuşunu isə italyan faşizminin təntənəsi kimi qələmə almışlar. Lakin italyan faşizmi dünyaca tanınmış qütb araşdırmaçısının qazandığı sonuncu qələbəsini əlindən ala bilmədilər.

Bizə isə Amundsenin kitabına daha bir sonuncu fəsil yazmaq qalır.

“Norvegiya”nın transpolyar uçuşundan sonra Amundsen Norveç paytaxtının yaxınlığında yaşayır. Onun əlli altı yaşı var idi. Qaraqabaq görkəm, yöndəmsiz profil və donqar burnundan çənəsinədək gedən iki dərin qırış onu əyalət evindəki sadə avadanlıqdan kəskin fərqləndirirdi. Təqaüdə getmiş ləyaqətli qütbçünün beynində yeni planlar yaranırdı.

Bu zaman artıq general olmuş Amundseni ədalətsiz olaraq incitmiş düşməni Umberto Nobile “İtaliya” dirijablı ilə yeni hava ekspedisiyası təşkil edir. İtalyanlardan başqa bu uçuşda Amundsenin “Mod” ilə ekspedisiyasında yol yoldaşı olmuş Malmqren və çex alimi professor Bequnek iştirak edir. Nobile Amundsen ilə Yerin hər iki qütbündə olmuş və Amundsenin sadiq dostu Vistinqi də cəlb etmək istəyir. Lakin Amundsenin sədaqətli dostu bu səfərdə iştirak etməkdən qəti imtina edir.

“İtaliya” Arktikada üç uçuş etməli idi: Şimal Torpaq sahillərinə, bir neçə elmi işçi endiriləcək Şimal qütbünə və nəhayət, Qrelandiyaya. İlk uğursuz uçuşdan sonra – dirijabl Şimal Torpaqlarına zəhlətökən külək və duman səbəbindən çata bilməmişdi – 23 may 1928-ci ildə səhər saat beş radələrində Kinqsbeyadan qütbə start verilmişdir. “İtaliya” qütbə 24 mayda gecə çatmışdı, lakin heç kimi tədqiqat üçün düşürməmişdir. Buzlar üzərində iki saat fırlandıqdan sonra, dirijabl geriyə yol alır, amma qatı dumana düşdüyündən kor-koranə uçur. “İtalya”dan radio ilə son məlumat 25 may səhər saat 10 30 da təxminən 80o şimal enliyində və 15o şərq uzunluğunda alınır. Tezliklə dirijabl donmağa başlayır. O sürətlə enməyə başlayır və zərblə buzlara çırpılır. Qondolalardan biri sınır və 10 nəfər qara düşür. Bunlar Nobile, radioteleqrafçı Biadji, meteoroloq Malmqren, professor Bequnek və buza çırpılarkən bir nəfərin həlak olduğu italyan heyyətinin altı başqa üzvü idi. Xoşbəxtlikdən, insanlarla birgə buz üzərinə ərzaq, çadır, akkumulyator, radiostansiya və hətta şəkil çəkən aparatlar da düşmüşdü. Nobilenin əli və ayağı sınmış, başı yarılmışdı. İtalyanlardan birinin ayağı sınmış, Malmqrenin isə əli çıxmışdı. Yüngülləşmiş dirijabl içində qalan altı nəfər ilə qalxır və heç kəs tərəfindən idarə olunmadan cənub-şərq istiqamətində həmişəlik yox olur.

Qəza 25 may 81o14’ şimal enliyində və 25o25’ şərq uzunluğunda baş vermişdi.

Malmqren əlinin çıxmasına baxmayaraq iki italyan – Tsaypi və Mariano ilə Şpitsberqenə piyada gedərkən iki həftə sonra, radioteleqrafçı Biadji radiostansiyanı bərpa edir və bədbəxtlik haqqında xəbər verir. İlk SOS! işarələrini Arxanqelskdən rus radiohəvəskarı Şmidt eşidir. Əlaqə yaranır və 7 iyunda italyan ekspedisiyasının mərkəzi – “Çitta di Milano” gəmisi fəlakətə uğrayan italyanlardan onların koordinatını və yerlərini öyrənir. Onların xilasına müxtəlif ölkələrin gəmiləri hərəkətə keçir.

Nobile Amundsenə çoxlu pisliklər etməsinə baxmayaraq, o, Arktikada çətinə düşən insanların köməyinə atıldı. Lakin Amundsen bunu italyanlardan fərqli olaraq, həyatı bahasına edirdi. O, fransız hərbi hidroplanı “Latam 47”ni heyyəti ilə birgə almağa nail olur. Birinci pilot gözəl təyyarəçi Qilbo, müşahidəçi de Küvervil, mexanik – Brazi, rabitəçi – Balette idi. İkinci təyyarəçi 24 N-li təyyarəni 1925-ci ildə idarə edən norveçli Ditrikson idi. Bunlar hamısı dəfələrlə uzunmüddətli uçuşlar etmiş təcrübəli insanlar idi. Hidroplanın əla uçuş keyfiyyətləri var idi, amma buz üstünə enmək üçün yaramırdı. Amundsen bunları yaxşı bilsə də uçuşdan imtina etmədi. O, təhlükə qarşısından geri çəkilmək istəmirdi və bacarmırdı da.

17 iyulda “Latam” Oslodan şimala start götürdü və artıq səhəri gün tezdən Tromsda idi. Burada Amundsen məlumat alır ki, irəlidə Medveji adası yaxınlığında duman var. İsveç və fin təyyarəçiləri uçuşlarını təxirə salır, Amundsen isə startı dayandırmır. Borc hissi onu irəliyə çağırır!

18 iyul düz saat dörddə “Latam” sudan aralandı, nazik xətt kimi səmada ötəri göründü və şimala boğaza tərəf, oradan da açıq okeana istiqamət götürdü. Propellerlərin gurultusu tezliklə havada əridi. İki saat yarımdan sonra təyyarə ilə əlaqə kəsildi. Altı saatdan sonra Amundsen Şpitsberqenə gəlməli idi, amma bu baş vermədi.

Günlər keçdi. İki həftə də keçdi, amma Amundsendən heç bir xəbər yox idi. Bu müddət ərzində isveç təyyarəsi Nobileni çıxarmışdı. Çuxnovskinin hava kəşfiyyatından sonra, “Krasın” buzqıranı Malmqrenlə birgə çıxan italyanları xilas etdi. Sonra “Krasın” parçalanmış qondoladan tökülən Nobilenin yoldaşlarını buzun üstündən xilas etdi. Hələ də ümüd edilirdi ki, Amundsen və yoldaşları sağdır, haradasa buza enib üçüncü, tapılmayan dəstə ilə birləşib. İki ay yarım keçdi və budur sentyabrın 1-də norveç qəzetlərində bütün dünyaya səs salan teleqram göründü.

Payızda Tromsdan dörd yüz mil aralıda üstünə “Latam” yazılmış mis lövhəcik bərkidilmiş boş benzin bakı tapılmışdır. Yalnız beş il sonra norveç balıqçılarının toruna “Latam”ın metal hissələri düşmüşdü.

Artıq şanlı norveçlinin həlak olmasına heç bir şübhə qalmamışdı. Onun ölümünü necə və harada tapmasına yalnız lal buz parçaları şahidlik etmişdir. Bir şey şübhəsizdir ki, Roald Amundsen Şimali Atlantikanın soyuq suları arasında, yaxud cəsur ömrünün çox hissəsini sərf etdiyi və yaxşı öyrəndiyi ağ səhrada həlak olmuşdur.

Alatoran

XS
SM
MD
LG