Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:42

BMT baş katibliyinə namizəd-Ban Ki-Mun


BMT Təhlükəsizlik Şurasında yeni baş katib vəzifəsinə seçkilərdə Ban Ki-Mun qalib gəlib
BMT Təhlükəsizlik Şurasında yeni baş katib vəzifəsinə seçkilərdə Ban Ki-Mun qalib gəlib
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında BMT-nin yeni baş katibi vəzifəsinə namizəd bəlli oldu. Şurada keçirilən dörd qeyri-rəsmi səsvermədə Cənubi Koreyadan Ban Ki-Mun qalib gəlib. İndi cənab Banın namizədliyi BMT-nin Baş Məclisinə təqdim ediləcək və Baş Məclis onun namizədliyinə səsə verərsə, Ban Ki-Mun yanvarın birindən BMT-nin yeni baş katibi olacaq.

BMT nizamnaməsinə görə, baş katib bu qurumun baş inzibati məmurudur, o, həm də Təhlükəsizlik Şurasının diqqətinə ən vacib məsələləri çatdırmalıdır. Diplomat, inzibatçı və baş icraçı kimi baş katib BMT ideallarının simvolu və dünya xalqlarının mənafelərinin sözçüsü hesab edilir.


Ban Ki-Mum 13 iyul 1944-cü ildə anadan olub. 1970-ci ildə Seul Universitetini bitirib, beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi alıb. 15 il sonra 1985-ci ildə Harvard Universiteti nəzdində Con Kennedi adına Dövlət İdarəetmə Məktəbində magistr dərəcəsi alıb. 2004-cü ilin yanvarından Koreya Respublikasının Xarici İşlər və Ticarət naziri vəzifəsində çalışır. Nazir olmamışdan əvvəl Koreya Respublikasının BMT-dəki nümayəndəliyinin rəhbəri olub. Ailəlidir, bir oğlu, iki qızı var.


Baş katibin seçilmə prosesi isə belədir. Təhlükəsizlik Şurasının tövsiyəsindən sonra baş katibi BMT-nin Baş Məclisi təyin edir. Şura Baş Məclisə namizədlər siyahısından yalnız bir nəfərin namizədliyini tövsiyə edə bilər. Seçilmiş namizəd baş katib olmaq üçün gərək Təhlükəsizlik Şurası üzvlərinin azı doqquz səsini qazansın və Şuranın beş daimi üzvü tərəfindən onun namizədliyinə veto qoyulmasın.


1981-ci ildən Təhlükəsizlik Şurası formal seçkilərdən qabaq qeyri-rəsmi səsvermə keçirməyə başlayıb. Baş katib adətən regional rotasiya əsasında seçilir, düzdür, nizamnamədə bu haqda heç nə deyilmir. Hamı tərəfindən qəbul olunub ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri bu vəzifəyə seçilmir. İndiyədək yalnız kiçik, ya da ortasaylı xalqların namizədləri bu vəzifədə təmsil olunub.


Bəzi ölkələr və vətəndaş cəmiyyətləri deyirlər ki, BMT bas katibinin seçilməsi prosesi qeyri-şəffaf keçirilir, bu işdə veto hüququ olan ölkələrə həddən artıq çox səlahiyyət verilir, bir də bu məsələdə Təhlükəsizlik Şurası Baş Məclisdən daha böyük rol oynayır.


Ban Ki-Mun seçki kampaniyasında dəfələrlə deyib ki, onun üçün əsas məsələlərdən biri Şimali Koreya böhranı olacaq və təyin olunan kimi o, Pxenyana getməyi planlaşdırıb.


Müşahidəçilər deyirlər ki, bir koreyalı kimi Ban Ki-Mun Şimali Koreya ilə sıx münasibətlər qura bilər. Amma, bu faktor ona nüvə böhranının həllində irəliləyişə nail olmağa imkan verəcəkmi-bunu demək çətindir. Məsələn, cənab Ban Amerika ilə Şimali Koreya arasında birbaşa danışıqların keçirilməsinə nail ola biləcəkmi? Amerika indiyədək belə danışıqlardan imtina edib.


Kolumbiya universitetinin Koreyanın müasir tarixi üzrə eksperti Çarlz Armstronq deyir ki, Şimali Koreya məsələsində Ban özünü ehtiyatlı aparmalıdır: «O, gərək çox ehtiyatlı olsun ki, böhranla bağlı Cənubi Koreya hökumətinin mövqeyindən çıxış etməsin. Onun çıxışlarında gərək aydın görünsün ki, o, Cənubi Koreyanın yox, BMT ictimaiyyətinin maraqlarını təmsil edir».


Bəzi ekspertlər narahatdırlar ki, Banın BMT-nin baş katibi seçilməsi Pxenyanın xoşuna gəlməyə bilər və Şimali Koreyanın oktyabrın 9-da nüvə sınağı keçirilməsinin məqsədlərindən biri bu narazılığı ifadə eləməkdir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG