Rusiyanın 13 məntəqəsində köçəri quşlar arasında «quş qripi» xəstəliyinin aşkar olunması Azərbaycanda da narahatlıq yaradıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazov «Azadlıq» radiosuna bildirib ki, Rusiya-Azərbaycan sərhəddində avtomaşınların dezinfeksiyasına başlanıb. Onun sözlərinə görə, köçəri quşların oktyabrda başlanacaq köçüylə bağlı «quş qripi» təhlükəsi arta bilər: «Çünki köçəri quşların marşrutunun myüəyyən hissəsi Xəzər dənizinin qərb sahilindən keçir. Burada onların həm dayanacaq, həm də qışlama yerləri var».
Cənab Şahbazovun sözlərinə görə, yaxın günlərdə köçəri quşlar arasında «quş qripi»nin olub-olmamasını müəyyən etmək üçün monitorinqə başlanacaq: «Monitorinqin nəticəsini müəyyən etmək üçün artıq bizdə diaqnostika qurğusu var. Əgər virus müəyyən olunsa, həmin nəticəni xarici ölkələrdəki laboratoriyalara göndərəcəyik».
DBX rəsmisi bildirir ki, köçəri quşların ovlanmasına qoyulmuş qadağa bu il də qüvvədə qalır. Başqa bir qadağa isə diri ev quşlarının bazarlardakı satışıyla bağlıdır.
Azərbaycan Ovçular Cəmiyyətinin sədri Ramazan İsmayılov isə «Azadlıq» radiosuna bildirib ki, su quşlarının ovlama dövrü oktyabrın 12-də açılacaq: «Su quşlarında aparılan monitorinq nəticəsində onlarda «quş qripi»nin olmadığı müəyyən olunub. Ümid edirik ki, quşların ovlanmasına qoyulan qadağa bu il ləğv olunacaq».
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə «Azadlıq» radiosuna bildirib ki, «quş qripi» təhlükəsi ilə bağlı bütün quşçuluq təsərrüfatları gücləndirilmiş iş rejiminə keçib.
Keçən qış Azərbaycanda da köçəri quşlar arasında «quş qripi» xəstəliyi aşkar olunmuşdu. Virusla bağlı 5 nəfər dünyasını dəyişmişdi.