Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:20

«Quş qripi» riskini artıran amillər


Payız miqrasiyası zamanı Azərbaycana köçəri quşlar Rusiya və Qazaxıstandan uçub gələcək
Payız miqrasiyası zamanı Azərbaycana köçəri quşlar Rusiya və Qazaxıstandan uçub gələcək

Qanuna görə, bazarlarda ev quşlarının və yumurtanın satışı üçün baytarlıq xidmətinin icazəsi lazımdır. Bu ilin əvvəlində Azərbaycanda «quş qripi» xəstəliyi tapılandan sonra isə bu məsələ bir qədər də aktuallaşıb. Amma Bakı bazarlarının birində söhbətləşdiyim satıcı qadın yumurta satmaq üçün icazəni haradan aldığı barədə suala belə cavab verdi: «Televiziyada eşitmişik ki, satmağa icazə var».


Bakı Şəhər Baytarlıq İdarəsinin rəis müavini Vəli Qarayev isə deyir ki, rayondan paytaxta gətirilib bazarda satılan toyuq və yumurta iki dəfə yoxlamadan keçməlidir: «Toyuq əti və yumurta hansı rayondan gətirilirsə, həmin rayonun baytarlıq xidməti arayış verir və təsdiqləyir ki, satışa çıxarılan mal sağlam və qida üçün yararlıdır. Daha sonra mal bazara daxil olanda da bir daha həmin bazardakı baytar tərəfindən yoxlanılır». Azərbaycanda «quş qripi» tapılandan sonra diri ev quşlarının da satışı qadağan edilib. Amma indi bu qadağaya da məhəl qoyan azdır.


Mütəxəssislər isə hesab edirlər ki, köçəri quşların payız miqrasiyasının başladığı bir dövrdə ölkədə toyuq və yumurtanın satışına ciddi baytarlıq nəzarətinin olmaması yenidən «quş qripi» xəstəliyinin insanlara keçməsi riskini artırır.


Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirir ki, önləyici tədbirlər görülməli, xəstəliyin yayılmasına şərait yarada biləcək amillər aradan qaldırılmalıdır. Onun fikrincə, hökumətin «quş qripi»nə qarşı gördüyü tədbirlər adətən gecikmiş olur: «Xaricdən «quş qripi»nə qarşı vaksinlər alınmalıdır. İndiyəcən belə vaksinlər alınmayıb, xəstəlik yayılandan sonra əhalinin həyətindəki toyuqları yığıb yandırmaq və üstəlik də heç bir kompensasiya verməmək «quş qripi» ilə mübarizə sayıla bilməz».


Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəli isə deyir ki, bir neçə ölkə «quş qripi»nə qarşı vaksin hazırladığını bəyan etsə də, hələ ki həmin vaksinlər kifayət qədər sınaqdan keçməyib və ona görə də vaksinə pul xərcləmək tezdir. Amma o, bildirir ki, son aylar ərzində DBX «quş qripi»ylə mübarizə üçün çoxlu sayda müasir avadanlıq alıb: «Bir ədəd «quş qripi»ni aşkarlaya bilən cihaz, 40 dezinfeksiyaedici maşın, 1 səyyar laboratoriya, 300 ton kaustik soda, 200 ton xlorlu əhəng, xüsusi geyimlər, eynəklər və sair alınıb. Əgər xəstəlik baş verərsə, bunlarla onun qarşısını almaq mümkün olacaq».


Yolçu Xanvəli deyir ki, «quş qripi»nin ilkin əlamətlərinin müəyyən edilməsiylə bağlı keçən ay rayon baytarları üçün treninqlər də keçirilib. Virus aşkar edilən ölkələrdən toyuq əti gətirilməsinə və ölkə ərazisində vəhşi quşların ovuna qoyulan qadağa da qüvvədə qalır.


«Quş qripi» xəstəliyi ilk dəfə 1997-ci ildə Cənub-Şərqi Asiyada tapılıb. O vaxtdan bəri bu xəstəlikdən 100 nəfərdən çox insan dünyasını dəyişib. O cümlədən Azərbaycanda bu ilin fevralında aşkarlanan xəstəlik 5 nəfərin ölümünə səbəb olub. Buna insanların xəstə köçəri quşlarla və onların yoluxdurduqları ev quşlarıyla təmasları səbəb olmuşdu. Amma son 3-4 ay ərzində «quş qripi» tapılan ərazilərdə karantin ləğv ediləndən bəri ölkə ərazisində nə xəstə köçəri, nə də ev quşu aşkarlanmayıb. Payız miqrasiyası zamanı Azərbaycana köçəri quşlar Rusiya və Qazaxıstandan uçub gələcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG