«Quş qripi» virusu ilə bağlı Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, həmçinin səhiyyə nazirliklərinin ölkə üzrə avqustun 21-dən başladıqları monitorinq başa çatıb. Məlumatı Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolcu Xanvəli verib. Onun sözlərinə görə, monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, ölkə ərazisində nə çöl, nə də ev quşların arasında «quş qripi» virusunun daşıyıcısı yoxdur. Avqustun 25-də, axşam saatlarında 36 baş çöl quşundan götürülmüş qan və pataloji nümunələr, 1918 baş ev quşundan və ayrı-ayrı broyler fabrikindəki quşlardan götürülən qan nümunələri Bakıya gətiriləcək, ertəsi gün həmin nümunələrin Respublika Baytarlıq laboratoriyasında müayinəsi başlayacaq. Nəticələr sentyabrın 1-nə qədər məlum olacaq.
Monitorinqlər Abşeron yarımadasında, Pirallahı yarımadasında, Dəvəçidə, Salyan rayonunda, Ağcabədidə və Lənkəranda aparılıb. Azərbaycanda «quş qripi» ilə bağlı yoxlamalar bu virusun Rusiyada tapılmasından sonra gücləndirilib. Bundan başqa, sentyabrın axırında köçəri quşların Azərbaycana miqrasiyasının kütləviləşəcəyi gözlənilir.
Azərbaycan «quş qripi» virusu 2006-cı ilin fevralında aşkarlanıb və bu virusa yoluxan beş nəfər dünyasını dəyişib.