Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:44

Maşını harada saxlamalı?


-

Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də Bakıda avtomobillərin park edilməsi, daha doğrusu, maşınların yol kənarlarında park olunmasının qadağan edilməsidir. Tıxacların aradan qaldırılması, piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımından yollardan avtomobillərin yığışdırılması müsbət haldır. Reallıq da var: iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri park etməlidirlər. Sual yaranır: harada park etməli?

İqtisadçı Vüqar Bayramov facebook səhifəsində yazdığı yazıda bu suala cavab axtarıb.

Vüqar Bayramov yazır ki, məsələ yalnız yol nəqliyyatı və ya tıxac ilə bağlı deyil, problemin iqtisadi tərəfləri var.

HƏR GÜN 6 MANAT ÖDƏMƏKLƏ AYDA 120 MANAT

«Problem ondadır ki, şəhərin mərkəzindəki yeraltı avtomobil park yerlərindəki qiymətlər heç əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Əslində, avtomobil park yerlərinin inşasında məqsəd heç də gəlir əldə etmək deyil, Bakıdakı tıxac problemini aradan qaldırmağa töhfə vermək idi. Məhz bu səbəbdən də bu yerlərinin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən park yerlərindən istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu park yerləri avtomobillərini saxlamaq üçün, demək olar, yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa o avtomobili park etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə onun avtomobil park xərci 144 manatadək yüksələcək».

BAKIDAKI QİYMƏTLƏRİ NYU YORK, LONDONLA MÜQAYİSƏ ETMƏMƏLİYİK
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov bildirir ki, müqayisə göstərir ki, şəhərdə avtomobil park xərcləri xeyli yüksəkdir və oradakı qiymətlər əhalinin ödəmə qabiliyyətinə uyğun deyil. Bu da təbii ki, həmin yerlərinin inşasının əsas məqsədə, tıxacın aradan qaldırılmasına tam xidmət etmədiyini deməyə əsas verir: «Aydındır ki, biz Bakıdakı avtomobil park qiymətlərini Nyu York, London kimi iri şəhərlərdəki tariflər ilə müqayisə etməməliyik. Məsələ heç də həmin ölkələrdə orta aylıq əmək haqqının yüksək olmasında deyil, eyni zamanda həmin şəhərlərdə ictimai nəqliyyatın daha modern qurulması ilə bağlıdır. Bu özünü eyni zamanda metroda gediş qrafiklərinin olması və ona əməl edilməsindən başlayaraq digər ictimai nəqliyyat növlərinin sivil və intizamlı şəkildə işləməsində göstərir».

QİYMƏTLƏRƏ YENİDƏN BAXILMASINA EHTİYAC VAR

İqtisadçı bildirir ki, bu baxımdan, Bakıda avtomobil park qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehtiyac var. Şəhərin mərkəzində avtomobil park yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur.

«İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil park yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hal-hazırdakı ödənişsiz müddətdən istifadə imkanları, demək olar, yoxdur. Nəhayət, avtomobil park yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu vətəndaşların daha güzəştli şərtlər ilə bu xidmətdən faydalanmasına imkan verəcək».
XS
SM
MD
LG