Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:27

«Əli çubuqlular» pulu kimə verirlər?


-

Aprelin 16-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


TOVUZUN ƏLİBƏYLİ KƏNDİ İŞĞAL TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

Tovuz rayonunun sərhəd Əlibəyli kəndində vəziyyət gərgindir. Bu barədə bölgədəki mənbələrin «Yeni Müsavat»a verdiyi məlumata görə, son günlər qarşı tərəfin yenidən aktivləşməsi əhalidə ciddi narahatlığa səbəb olub.

Tovuz sakini, Qarabağ döyüşçüsü Etibar Əmiraslanov deyir ki, yerli camaat düşmənə adekvat olmayan münasibətdən narazıdır: «Vəziyyət olduqca gərgindir. Gecə saat 2-də Əlibəylidən evə gəldim. Ermənilər kəndi o şəkildə atəşə tuturlar ki, adamın kəndə yazığı gəlir. Elə bir ev qalmayıb ki, gülləyə tuş gəlməsin. Güllələr hətta mənzillərdəki döşəklərə də girib. Azərbaycan tərəfdən isə erməninin iki gülləsinə bir güllə ilə cavab verirdilər ki, «biz burdayıq». Camaat çox narahatdır, bu vəziyyətə nə vaxt son qoyulacağı barədə sualına heç kimdən cavab ala bilmir. Ən ağrılısı odur ki, elə bil rayonda heç belə hadisə olmayıb, Tovuz rəhbərliyi öz işindədir, Əlibəyli ilə maraqlanan yoxdur. Kəndə bu qədər güllə yağdırıldı, ancaq rayon rəhbərliyi bura gəlmədi».

«LIKE» MƏHBUSU!

Milli Şuranın sədri Cəmil Həsənli «Azadlıq» qəzetində 19 yaşlı bloqqer Elsevər Mürsəlli barədə yazır:
Cəmil Həsənli
Cəmil Həsənli
«Elsevər prezident seçkiləri ərəfəsində bizim apardığımız təbliğat kampaniyasından ruhlanıb facebook səhifəsində Cəmil Həsənlini «like» etmişdi. O, bununla kifayətlənməyib, facebook vasitəsi ilə mənə məktub da yazmışdı və 9 oktyabrda ilk dəfə səs verəcəyini, bu ilk səsi də məhz mənə verəcəyini açıqlamışdı. Bu yazışmaya görə 2013-cü ilin oktyabr ayının 2-də DİN-in Narkotiklərə Qarşı Mübarizə İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi ailəsi ilə birlikdə işdən evə qayıdan Elsevəri öz maşınlarına mindirib onun cibindən «mənşəyi məlum olmayan» 4,2 qram narkotika çıxartdılar. Siqaret çəkməyən, alkoqol istifadəçisi olmayan, natkotikanın rəngini belə bilməyən məsum bir gənc yəqin ki, dünya internet coğrafiyasında «like» üstündə 5 il həbs cəzası almış ilk məhbusdur. «Like» məhbusu! Ölmədik, bu günü də gördük».

«NURÇULUQ» QADAĞAN OLUNSUN!

Qafqaz Müsəlmanları İdarəsi «nur»çuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azərbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb. Bu barədə Modern.az saytına QMİ-nin mətbuat xidmətindən bildirilib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır.

«Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir» deyə R. Dadaşova bəyan edib.

«ƏLİ ÇUBUQLU»LAR PULU KİMƏ VERİRLƏR?

«Azadlıq» qəzeti prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında «əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri» barədəki bəyanatından yazır. «Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər», prezident belə deyib.
«Dünən şəhərin bir neçə ünvanında yerüstü «parkinq»lərdə olduq. Ölkə başçısının təbirincə desək, «əli çubuqlu vətəndaşlar» heç də nəzarətsiz deyillər. Yəni, gündəlik «haqq» verirlər. Kimisi bələdiyyəyə, kimisi «uçastkovı»ya, kimisi də Nəqliyyat Nazirliyinin müfəttişlərinə pul ödədiklərini deyirlər.

Binaların qarşısında, marketlərin önündə, hətta avtobus dayanacaqlarının yaxınlığında belə «parkinq»lər fəaliyyət göstərir. Metronun «28 May» stansiyasının yaxınlığında söhbətləşdiyimiz nəzarətçi deyir ki, onlar pulu «uçastkovı»ya verirlər. «Yer haqqı» kimi, gündəlik 15 manat ödədiyini deyən nəzarətçi onu da qeyd edir ki, bu məbləği ödəməsə, ona işləməyə imkan verməzlər... Bələdiyyələrlə işləyən nəzarətçilərin üzərinə qoyulan «haqq» isə daha çoxdur. Amma burada da məbləğ yerdən asılı olaraq dəyişir. Yaşayış binalarının qarşısında, dükanların önündə də sarı gödəkçəli, qoluna qırmızı lent bağlamış nəzarətçilərə rast gəlmək olar. Bu adamların çoxu pulu «uçastkovı»ya verir.

ŞƏRQİN QAN ÇANAĞI, QORXULU TALİBAN, PAPAQDA BOMBA...

Lent.az-ın əməkdaşı Əfqanıstandan yazır

...Əslində Əfqanıstana getməkdə məqsədimiz ayrı idi. Çoxdan bilirdik ki, bu qədim torpaqlarda Qarabağla bağlı yer adları var. Qarabağ, Qarabağbazar, Qarabağpalan, Qarabağbibi, Əfşar, Əfşar-təpə… Nadir şahın və Qızılbaş imperiyasının mövcud olduğu dönəmlərdə Azərbaycandan buralara köçən soydaşlarımız o vaxtdan Əfqanıstanda məskunlaşıb, yurd-yuva qurublar.

«Taliban bizi 50 il geriyə atdı. Ən azı 50 il. Onların Əfqanıstanda olduğu 5 il dəhşətli bir yuxu kimi gəldi keçdi. Allah bir də bizə belə günlər göstərməsin». Bunu Assoşieyted Press-in Kabildəki ofisinin əməkdaşı Cavid Çayan deyir.

Kabilin mərkəzində, dəbdəbəli «Serena» otelinin qarşısında yerləşən «Herat» restoranındayıq. Gənc sevgililər, yaşlılar, qadınlar kişilər, uşaqlar… deyə-gülə həm şam edir, həm də dincəlirlər.

Zarafatla soruşuram:

- Gülmək də yasaq idi?

- Yox, niyə ki? Evdə gülmək olardı. (Gülür) Amma yavaşca. Əgər qonşu Talibanın adamıydısa və Allah göstərməsin, onlara xəbər versəydi, qanın batardı. Yox, gülməyə görə öldürməzdilər təbii, amma mütləq cəzalandırardılar. Bilirsiz, sizlərə qəribə gələr, təsəvvür edə bilməzsiz... 21-ci əsrdə belə bir rejimdə yaşamaq sadəcə dəhşət idi.

BANKOMATLAR QARŞISINDA NÖVBƏLƏRDƏN NECƏ QURTULMALI

«Exo» qəzeti bankomatlar qarşısındakı növbələrdən yazır. «Hesaba pul oturan kimi Azərbaycan vətəndaşları vəsaiti almaq üçün növbəyə dururlar. Onlar, bir qayda olaraq hesabdakı bütün vəsaiti çıxarırlar. Halbuki, təhlükəsizlik baxımından, həm vətəndaş, həm də banklar üçün pulun hesabda qalması daha məqsədəuyğundur». Bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyir. Bu məqsədlə də, onun fikrincə, ilk növbədə vətəndaşların bilgi səviyyəsini artırmaq lazımdır.

AZƏRBAYCANIN İNNOVASİYALI İNKİŞAFININ BANİSİ

«Azərbaycan» qəzeti rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun məqaləsini dərc edib.

«Ötən əsrin 70-ci illərində Heydər Əliyev respublikamızın inkişaf perspektivlərinin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğu qənaətinə gələrək, bu sahəyə böyük diqqət göstərmiş və bugünkü inkişafın təməlini qoyub... Onun səyi nəticəsində respublikamızda rabitə, elektronika sənayesi, informasiya texnologiyaları, kosmik tədqiqatlar sahəsi formalaşdırılmışdır. «Nord», «Ulduz», EHM kimi elm-istehsalat birlikləri, «Azon», «Büllur», «Peyk» və s. elektron və cihazqayırma zavodları işə salınmışdır. Müxtəlif elmi-tədqiqat institutlarının nəzdində «Kristal», «Registr», «Tellur», «Kibernetika», «Biotex», «Mikroelektronika», «Kaskad» xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başlamışdır. Qeyd edilməlidir ki, belə innovativ müəssislər təkcə Bakıda deyil, həmçinin Naxçıvanda, Mingəçevirdə, Gəncədə, Sumqayıtda, indiki Tərtər və Şirvanda da yaradılmışdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG