Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:05

Nelson Mandela Mossad agentlərindən təlim alıbmış


Nelson Mandela
Nelson Mandela
-
İsrailin dövlət arxivindən yenicə açıqlanmış məxfi sənədlərə görə Cənubi Afrikanın əfsanəvi lideri 1962-ci ildə başqa ad altında Mossad casuslarından təlim və təlimatlar alıbmış.

Rəsmi məktubu açıqlamış Haaretz qəzeti yazır ki, İsrailin xüsusi xidmətləri Efiopiyada Mossad agentlərindən təlim almış Nelson Mandela-nın kimliyini bilməyib.

Cənubi Afrika liderinin ölümündən iki həftə sonra açıqlanmış sənəddə bildirilir ki, Mandela silahlardan və təxribat metodlarından, həmçinin sionizmə rəğbət oyadan təbliğatın aparılmasına dair təlim alıb.

Qəzet yazır ki, Mandela 1962-ci ildə Afrika Milli Konqresinə dəstək qazanmaq məqsədilə bir çox Afrika ölkələrinə səfər edib.

Efiopiyada olarkən Nelson Mandela başqa ad altında İsrail səfirliyinə yardım üçün müraciət edib.

QARA ANAQALLİS

Onun müraciəti barədə məlumat səfirlikdən İsrailə “Qara Anaqallis” ("Black Pimpernel"- bitki adı) kod adı ilə göndərilib.

Haaretz yazır ki, o illərdə Cənubi Afrika mətbuatı Mandelaya belə bir ayama vermişdi.
Sözügedən məktubda deyilir:

“Xatırlayırsınızsa, üç ay bundan əvvəl biz Rodeziyadan David Mobsari adı ilə Efiopiyadakı səfriliyimizə gəlmiş şəxsin məsələsini müzakirə etmişdik. Sözügedən şəxs efiopiyalılardan (oradakı Mossad agentləri məhz belə adlandırılırdılar) cüdo, təxribat və silahlara dair təlimlər alıb”.

Məktubda bildirilir ki, həmin şəxs Haganah yaraqlı yəhudi qruplaşmalarının döyüş təcrübəsi ilə maraqlanırmış. Haganah 1930-40-cı illərdə Britaniyanın Yaxın Şərqdəki işğal qüvvələrinə və Fələstinin ərəb əhalisinə qarşı mübarizə aparırdı.

Məktubda daha sonra qeyd olunurdu ki, Mandela İsrail casuslarını “Şalom” sözü ilə salamlayıb. Məktub müəllifi Mandelanı ziyalı və bir az kommunizmə meylli şəxs kimi tanıdır.

Sənəddən belə başa düşmək olur ki, İsrail kəşfiyyatı Rodeziyadan gəldiyini söyləyən şəxs Cənubi Afrikada həbs olunduqdan sonra onun əsl adının Mandela olduğunu öyrənib.

Qəzet yazır ki, bu məktub dövlət arxivində saxlanıb və bir neçə il bundan əvvəl İsrail-Cənubi Afrika münasibətləri barədə kurs işi yazan bir tələbə tərəfindən aşkar olunub.
İsrailin Xarici İşlər Nazirliyi 1962-ci ildə İsrail rəsmiləri ilə Mandela arasında görüşün yer aldığını təsdiq edib, lakin Mossad və təlim söhbətinin üstündən sükutla keçib.
XS
SM
MD
LG