Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

Fəxri Uğurlu. Çeşid-çeşid tanrılar yaratdıq...


Fəxri Uğurlu
Fəxri Uğurlu
-

Bir zaman İsa peyğəmbərin dediyi kimi: “Mən dünyaya qalib gəldim!”


Uğurlu Fəxri


AZADLIQ

("Əxlaq" silsiləsindən ikinci yazı. 1-ci yazı burda)


Yalnız onun işığında əxlaqsızlıq uça bilməz, yalnız onun işığına bir kölgənin ləkəsi düşməz.

Yalnız ona üz tutanda biz nə istədiyimizi anlayırıq, yalnız ondan qorxanda materiyanın balası, torpağın törəməsi olduğumuzu boynumuza alırıq.

Biz onu sevməsək də, onsuz yaşaya bilməyəcəyimizi bilirik. Tarix boyu bu dünyaya, ömrümüzə dönə-dönə mənasızlıq damğası vursaq da, onun mənasızlığına qol çəkməmişik.

Biz onu sevmirik, çünki o yalnız bizim öz gücümüzə hesablanıb, bizsə min illərdi onu kənardan almağın yollarını axtarırıq.

Biz onu sevmirik, çünki bizim gücsüzlüyümüzü, cılızlığımızı, miskinliyimizi ondan yaxşı bilən, ondan yaxşı göstərən olmaz. Sevgi yalnız onun həniri dəyən yerdə bünövrə salır, ölüm ancaq onun səbəbi olanda ədalət libası geyir.

Tarix neçə min illik günahlarına yalnız Azadlıq axtarışında yanılmalar kimi bəraət qazandıra bilər. Məqsədi də, nəticəsi də onu hədəfə almayan hər cür əməl əxlaqdan qıraqdı.

AZADLIQ VASİTƏ DEYİL, MƏQSƏDDİ. Azadlıq yalnız özü üçün vasitə ola bilər; onun bu cür vasitəyə çevrilməsi nəticəsində siyasi azadlıq anlayışı yaranıb. Bir sıra dahinin siyasi azadlığa şübhəli yanaşması, demokratiyaya inanmaması da, məncə, azadlığın vasitəyə çevrilməsiylə razılaşmamaq kimi başa düşülməlidi. Bu etirazın özündə də əxlaqın dəst-xətti aydın görünür: doğrudan da, bu gün azadlıq deyiləndə istər-istəməz xəyalımızda siyasi azadlığın mənzərəsi canlanır. Bu azadlığa da çoxumuz Mütləq Azadlığın işartısı kimi yox, iqtisadi azadlığın qapısı kimi, can ehtiyaclarının gen-bol ödənməsi, alış-verişin qol-qanad açması yolunda vasitə kimi baxırıq. Çoxumuz çiçəklənən demokratik dövlətlərin vətəndaşlarına daha azad yaşadıqlarına görə yox, daha tox yaşadıqlarına görə həsəd aparırıq...

Siyasi azadlıq fərdin öz imkanları hesabına qazanılmadığına, şəxsi dəyərlərin ifadəsi olmadığına görə, yəni içəridən yox, dışarıdan gəldiyinə görə, əslində, əxlaqa zidd sayılmalıdı. Ancaq görünür, başqa əlacımız yoxdu, bu körpüdən də keçməliyik. Siyasi azadlığı ən azından onda gerçək azadlıqdan nəsə olduğuna görə qəbul eləməyə dəyər; demokratiyanı da ən azından məqsədə totalitarizmdən daha yaxın olduğuna görə qorumağa dəyər. Demokratiyanın məqsəd olmağındansa yəqin heç danışmağa da dəyməz...

Min illərdi biz onu kənardan almağın yollarını axtarırıq. Əvvəlcə çeşid-çeşid tanrılar yaratdıq, alın yazısı, tale haqqında mif uydurduq, bununla da totalitarizmin ideoloji təməlini qoyduq. Söz yox, bu mifləri biz xeyirxah məqsədlə yaratmışdıq, taleyimizi etibarlı əllərə, güclü himayədarlara tapşırıb, əvəzində bəlli qanunlar çərçivəsində öz azadlığımız üçün əbədi zəmanət almaq istəyirdik. Dünya, Tanrı, insan haqqındakı hər bir təsəvvürdə, hər mifdə həqiqətdən nəsə var, ancaq biz həqiqəti əfsanədən arındırmaq yerinə çox vaxt əfsanəni həqiqətdən arıtlayırıq. Nəticədə biz təkcə taleyimizin qorunmasına zəmanət almaqdan məhrum olmadıq, üstəlik, yerüstü ömrümüzün bütövlüyü naminə azadlığımızı girov qoyduq, onu biryolluq itirmək qorxusuyla üz-üzə qaldıq. Ayrı cür ola da bilməzdi. Qıraqdan verilən azadlıq siyasi azadlıqdan o yana gedə bilməz, bu yolla qazanılan azadlıq sonsuzun övladlığa götürdüyü uşaq kimidi: onun özününkü olduğuna nə qədər inanmaq istəsən də, bu məhsulun sənin dəzgahından çıxmadığını, sənin istehsalın olmadığını özünə unutdura bilməyəcəksən...

Bu ağır yenilgidən sonra içimizə çəkilib, kosmosa çıxmağın yeni kanallarını axtarmağa başladıq. Sən demə, can ehtiyaclarını lap azaltmaqla, insan gövdəsindəki ehtiras ocaqlarını söndürməklə xaosdan kosmosa adlamaq olarmış, demə, hər insanın durduğu yerdən harmoniyaya bir qapı açılırmış. Azadlığa aparan daha bir yol – zahidlik belə yarandı. Zahid azadlığı öz içində axtarmaqda, əlbəttə, haqlıydı, ancaq burada da azadlıq vasitəyə çevrilir, səbəblə məqsəd kənarda, hansısa bilinməz məkanda axtarılır. Zahid öz azadlığına məqsəd kimi yox, hansısa qüvvələrin ölçülüb-biçilmiş əməliyyatının daha uğurlu keçməsi yolunda vasitə kimi baxır. O, səbəblə məqsədi özündən qırağa çıxarmaqla əslində özünü, öz iradəsini, biliyini, deməli, həm də azadlığını danmış olur. Ancaq yerdə-göydə biliyin, azadlığın insandan başqa da yiyəsi varmı?

Ulduzları, planetləri qarış-qarış gəzib gəlsək belə bu, bizə bildiyimizdən artıq bilik verməz. Zahid səmimi deyil, o öz niyyətini zorlayır. Niyyətsə əməldən irəlidi; mən bu dünyadan əməllərimizlə yox, niyyətlərimizlə ayrılacağımıza inanıram. Zahid tələsir, dünyanı qabaqlamaq istəyir, di gəl, dünya heç də ona çatmağa can atmır, yanından ötənlərə gülə-gülə dünya eləcə ağır-ağır, yerişini dəyişmədən gedir. O, dayanıb dünyanı gözləməyə məcbur olacaq, çünki bir arzunu, niyyəti, ideyanı gerçəkləşdirməyin neçə yolu varsa, hamısı bu dünyadan keçir. Bu lənətə gəlmiş dünyasız, bu adamlarsız nəyisə təsdiqlə(t)mək, nəyəsə inanmaq olmur.

Demək, zahidin tənhalığı da, əslində, səmimi deyil. Ehtirasların yenilməsi qaçılmazdı, ancaq bu iş təbii şəkildə baş tuta bilər. Zahidliksə niyyətləri zorlamaqla təbiiliyə xələl gətirir (Doğrudan da, yüzillər boyu monastırlarda çürüdülən bakirə qızların hansı azadlığından, hansı əxlaqından danışmaq olar? Sınaqdan çıxmamış təyyarənin uçub-uçmayacağını bilmədiyimiz kimi, təcrübədən keçməyən, dövriyyəyə buraxılmayan əxlaqın da dəyərini bilə bilmərik). Bu yol zahidi öz azadlığının quluna çevirir. BİZİM MƏQSƏDİMİZ AZADLIĞIN QULU YOX, YİYƏSİ OLMAQDI. Azad olmaq qul olmamağın tək yolu, qul olmamaq da Tanrı olmağın ilkin şərtidi.

Siyasi azadlıq ideyasının müəllifləri bu azadlığa ehtiyacı olmayan adamlardı, ancaq siyasi azadlığın qazanılmasına hamıdan çox onlar can atırlar. Xalqların demokratiya şəraitində yaşamağı bu adamların nəyinə gərəkdi? Hər şeydən irəli bu, onların öz əxlaqını təsdiqlə(t)mə üsuludu; yəni sən başqalarını azad görməkdən qorxmursan, azadlığı kimsəyə qısqanmırsan, deməli, öz gücünü həm özün təsdiqləyirsən, həm də milyonlara təsdiqlədirsən. Əxlaqlı adam başqalarını azad görməyincə öz azadlığından ürəyi dolusu həzz ala bilməz; milyonların bu nemətdən məhrum olması onun azadlıqdan gərəyincə yarımasına imkan vermir. Azadlığı xalqa heç olmasa daddırmaqla o, bir yandan öz azadlığının meydanını genəldir, o biri yandan da öz niyyətində, məqsədində haqlı olduğuna inanır, haqqın səmtini düzgün tutduğu barədə arayışı xalqa təsdiqlədir. Xalqların da yanıldığı az olmayıb, ancaq mənə elə gəlir xalq son nəticədə ədalətə xilaf çıxmır.

Beləliklə, milyonların möhürü vurulmayınca onun Allahın taxtına, Tanrı mülkünə varislik hüququnu təsdiqləyən sənədləri əlahəzrət Tarixin notariat kontorunda etibarsız sayılacaq. Buna görə də o, insanlara təsir göstərməyin, ruhların yaddaşını tərpətməyin bütün mexanizmlərini işə salıb kütlələrlə təhlükəli oyuna girir, ataların başı üstündən oğullarla separat müqavilə bağlayır. O, tarixi ləngitməmək üçün özünün yubanmağına razılaşır, bununla həm gücünü, həm də Ədalətini bəyan eləmiş olur. O, Azadlığı tək yemək istəmir, öz azadlığından milyonlara da pay verir, özü də nə qədər pay versə, azadlığı bir o qədər artır. TOTALİTARİZM MİLYONLARLA AZADLIĞIN BİR NƏFƏRƏ TƏHVİL VERİLMƏSİDİ, DEMOKRATİYA İSƏ BİR NƏFƏRİN PAYINA DÜŞƏN AZADLIĞIN MİLYON-MİLYON NÜSXƏDƏ TİRAJLANMASIDI. Bu mənada demokratiya yalnız öz müəllifləri üçün gerçək, mütləq Azadlığa gedən yolda mərhələ sayıla bilər, qıraqdan gələn bir pay azadlıqdan doyanlarsa hələ uzun müddət demokratiyaya son məqsəd kimi baxacaqlar.

Xalqların bir müddət (ola bilsin, bir neçə yüz il) siyasi azadlıq şəraitində yaşaması qaçılmazdı. Mütləq Azadlığa can atanlar bu mərhələdən keçməyin zərurət olduğunu bilirlər. Onlar xalqları yarı yolda qoyub gedə bilməzlər, bayaq dediyimiz kimi, Əxlaq da, özünütəsdiq ehtiyacı da buna imkan verməz. Ancaq bunlardan ciddi bir səbəb də var: yer üzündə heç bir ideyanı təkbaşına gerçəkləşdirmək olmaz. BİR İDEYA ÖZÜNÜ BÜTÜN DÜNYAYA, BÜTÜN XALQLARA TƏSDİQLƏDƏRSƏ, ONUN BAŞI ÜSTÜNDƏN BAXANDA MÜTLƏQ AZADLIĞA GEDƏN YOLLAR GÖRÜNƏRSƏ, O İDEYA GEC-TEZ İNSANLIĞIN HƏYAT TƏRZİNƏ ÇEVRİLƏCƏK. Qalan ideyalar sıradan çıxmağa məhkumdu, həqiqi azadlığa gedən yolun üstündə durmayan ideya cəmi bəşərin əqidəsinə çevrilə bilməz. Bu, insanların, xalqların intuitiv yaddaşından doğan bir sirdi, bu yaddaşa xəyanətin ömrü beşgünlük, sədaqətin ömrü isə sonsuzdu.

Siyasi azadlığa can atma həm də qəribə maraqdan doğur: görək bundan sonra nə olacaq? Adamlar yeməkdən, geyinməkdən, bər-bəzəkli ömür-gündən, eyş-işrətdən, qurulu saat kimi işləməkdən, qaçhaqaçdan, qovhaqovdan, ucuz dərdlərdən, rejimə salınmış sevgilərdən usanıb da bir gün gerçək azadlığın, yer üzünə yendiyimiz andan, tarixin ilk saniyəsindən itirdiyimiz Azadlığın xiffətini çəkəcəklərmi? Torpağın təcavüzüylə devrilmiş Əxlaqımız bir gün öz səltənətinə dönüb qanuni hakimiyyətinə yiyə dura biləcəkmi, öz haqqını alacaqmı?..

Mənə elə gəlir həqiqət demokratiyanın zirvəsindən də tam aydın görünməyəcək, biz gerçək azadlığa yetişmək üçün başqa mərhələlərdən də keçməli olacağıq. Demokratiya bir sistem kimi, həyat tərzi kimi köhnəlməyə başlayanda insanın yolunda əngələ çevriləcək, o zaman biz ondan qurtulmağın yollarını axtaracağıq. Demokratiya totalitarizmin törəməsidi, söz yox, totalitarizm olmasaydı, biz demokratiyaya da ehtiyac duymazdıq. Ancaq bu gün demokratiya, plüralizm totalitar-ehkamçı düşüncəni taxtdan salmağın tək variantı olduğuna görə insanın tək çıxış yoludu. Demokratiya totalitarizmin süqutundan doğmuş bir zərurətdi, ona müqavimət göstərmək tarixi ləngitmək cəhdindən başqa bir şey deyil. Bu cəhddə bulunanların sonuncu nəsli yer üzündə son illərini yaşamaqdadı, çox keçməz onların faciəli ölüm xəbəri totalitarizmin xatirə lövhəsi kimi yerin yaddaşından asılar; yubanmağa vaxtı olmayan dünya onları təkərləri altında qoyub keçəcək. Totalitarizmin təməlləri insan psixologiyasının arxeoloji qatlarına gömüləndən sonra bəşər hamılıqla Azadlığın siyasi azadlıq mərhələsini də geridə qoyacaq...

...Yer üzündə bir nəfər Mütləq Azadlıq yiyəsi olanacan Tarix sona çatmayacaq. O Bir Nəfər sizin taleyinizin də yiyəsi olacaq, ruhların ixtiyarı onun əlinə keçəcək. O gələcək, gəlib sizin – sizi deyirəm, boyu ürəyinə çatmayanlar! – sizin yetim qalmış dərdlərinizə, yuvası dağılmış sevgilərinizə yiyə duracaq. Dərdiniz, sevginiz gedəndən sonra sizdən heç nə qalmayacaq. Siz onu sevməsəniz də, ona təslim olacaqsız, çünki getməyə özgə yolunuz, mənziliniz olmayacaq. Bütün yolların son ucu gedib ona calanacaq, sizin ona gedən yoldan başqa yolunuz qalmayacaq. Onun sizdən güclü olduğunu bildiyinizə görə siz onu heç vaxt sevməmisiz, onu daşqalaq eləmisiz, çarmıxa çəkmisiz, tonqalda yandırmısız. İndi o, necə peşman olduğunuzu görür. Daha onu çağırmağa, ondan yardım diləməyə üzünüz qalmayıb. Di gəl, ayrı əlac da yoxdu!

Elə beləcə susmağınız yaxşıdı, o sizi sözsüz də başa düşür. O gəlir. O gələcək, sizi yenə bağışlayacaq, çünki ona verdiyiniz işgəncələrin gerçək səbəbini bilir: siz Azadlığı ona qısqanırsız.

Bir yandan da başqa yolunuz yoxdu, siz yenə ona doğru getməlisiz. O sizdən qisas almayacaq, yenə sizi qanadının altına alıb şirin nağıllar danışacaq. Bu tarixi burda qoyub ayrı tarixə keçməmişdən yer üzünə öz qələbəsini elan eləyəcək. Bir zaman İsa peyğəmbərin dediyi kimi: “Mən dünyaya qalib gəldim!”

Bakı, 1993

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG