Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 19:00

Fəxri Uğurlu. Beyin iflici


Fəxri Uğurlu


BEYİN İFLİCİ

Mən Şoloxovun "Sakit Don" epopeyasını lap erkən yaşlarımda, demək olar, uşaqlıqdan yeniyetməliyə adladığım çağlarda oxumağa başlamışdım.

Qriqori Melexovun həyatı, xarakteri, psixologiyası, eli-obası, el-obasının adəti, məişəti, kəndi, kəndinin təbiəti mənə o qədər doğma görünmüşdü ki, özlüyümdə "Sakit Don"u dünyanın ən gözəl kitabı, onun müəllifini də yer üzünün ən böyük yazıçısı elan eləmişdim.

Di gəl, oz rəyim mənə bəs eləmirdi, mən dünyanın ən gözəl kitabını oxuduğuma tam əmin olmaqdan ötrü bu fikri başqalarının dilindən eşitmək, daha doğrusu, qopartmaq istəyirdim.

Yadımdadı, romana təkcə sosialist düşərgəsində yox, dəmir pərdənin o üzündə – kapitalist aləmində də böyük dəyər verilməsini eşidib bilməyim mənim məftunluğumu bir az da artırırdı; bunun üstünə müəllifin Nobel mükafatı laureatı olduğunu da gəlsək (bəllidi ki, bu mükafatı kommunist ideologiyasının məddahına, bolşevizmin kor-koranə təbliğatçısına heç kim verməzdi), mənim sevgimin miqyasını təsəvvür eləmək çətin olmaz.

Deyilənlərlə yanaşı, məni Şoloxovun şəxsiyyəti, şöhrətin zirvəsindəykən çəkilib doğma

İndi Azərbaycan cəmiyyəti başsız-beyinsiz bədəni xatırladır. Bu bədən, onun instinktləri adına beynəlxalq ictimaiyyət, dünya birliyi, nə bilim, daha nələr… deyilən o kənar başın komandasıyla vaxtında hərəkətə gətirilib vaxtında tormozlandırılmasa, bu millət hər an ən ağır fəlakətlərə ürcah ola bilər.


kəndində oturması da heyran qoyurdu, Stalinin bıçağı altından onun necə salamat çıxdığına (şübhəsiz, burda rəhbərin böyük yazıçıya və onun əsərinə şəxsi rəğbəti də az rol oynamamışdı) heyrətlənirdim.

Soljenitsının adını da elə bu vaxtlar eşitdim. Onun sürgünlərdə olduğunu, antisovet mövqeyinə görə ölkədən qovulduğunu, dissident yazıçı kimi Nobel mükafatı aldığını bilməyim məndə bir sətrini belə oxumadığım bu əyilməz yazıçıya istər-istəməz qiyabi rəğbət oyatdı, ancaq Soljenitsının xarici radiostansiyaların efirindən Şoloxovun ünvanına hədyanlar söylədiyini, onu guya "Sakit Don"un əvvəlini hansısa ölmüş zabitin çantasından oğurlamaqda suçladığını eşidəndə özümdən asılı olmadan dissident yazıçının xəyalımdakı obrazına ləkə düşdü, mənim cavan, idealist, maksimalist şüurumda Soljenitsının bir az qısqanc, bir az da xəbis surəti yarandı (necə deyərlər, sovet rejimini, lap Şoloxovun özünü də bəyənmirsən, yaxşı eləyirsən, daha "Sakit Don"u niyə gözdən salmağa çalışırsan…).

Aydın məsələdi, totalitar rejimin qanunları işini görmüşdü: öz yurdunu canından artıq istəyən, öz xalqının yaralı taleyini ürəyinin qanıyla yazan iki böyük yazıçının arasına birini süfrənin başında oturdub o birini qapıdan qovmaqla təfriqə salmışdı, o təfriqənin çatları imperiyanın ucqarında yaşayan bir yeniyetmə ədəbiyyat həvəskarının beynini də bölüb keçmişdi… Əlbəttə, Soljenitsının qaldırdığı məsələ çözələnə bilərdi, çözülməliydi də; ancaq hər hansı normal müzakirə bir ölkədə, bir mühitdə, bir masa qırağında, mütəxəssislərin, mətnşünasların, ədəbiyyat bilicilərinin iştirakıyla keçirilə bilərdi, daha okeanın o tayından bu tayına hədyan göndərməklə yox. Di gəl, okeanın o tayıyla bu tayı, iki dünya arasında bircə qarış neytral torpaq, nifrət ideologiyasıyla zəhərlənməmiş, yaxud o zəhərə qarşı peyvənd olunmamış bircə addım yer qalmamışdı ki, oturub belə məsələləri çözəsən. Rejim istədiyinə çatmışdı: birini rəsmi, o birini rəsmiyyətdən kənar, birini faydalı, o birini ziyanlı, birini arzuolunan, o birini arzuolunmaz elan eləməklə bir millətin faciəsini yazan bir məqsədli, bir məramlı iki böyük yazıçını qarşı-qarşıya qoyub, dünyanın ən parlaq ziyalılarını yetirmiş cəmiyyətlərdən birinə – Rusiya ziyalı mühitinə düşmənçilik toxumu səpmişdi…

…Son on-on iki ilin Azərbaycan cəmiyyəti o zamankı dünyanın (miqyası daraltmaq istəsək, keçmiş sosialist düşərgəsinin, sovet cəmiyyətinin də deyə bilərik) bir balaca təhrif olunmuş modelinə bənzəyir. Bizim ölkəmizdə də iki dünyanın, iki düşüncə, iki həyat tərzinin, iki əxlaqın, bir sözlə, xeyirlə şərin davası gedir. Mən heç vaxt o sadəlövh fikirdə olmamışam ki, bir düşərgədə olanlar son nəfərinə kimi xeyiri, o birilər hər nəfəriylə şəri təmsil eləyir; mən xeyirlə şərin fəlsəfi mənasına dalmıram (onda söhbətimiz tamam başqa məzmun alar), fərdi keyfiyyətlərin çözülməsi fikrindən uzağam, mən ictimai-siyasi xeyirdən-şərdən danışıram: yəni cəmiyyətin azad həyatına, millətin qalxınmasına təkan verən Qərb dəyərləri, dövlətçiliyin Avropa modeli, cağdaş demokratik idarəçilik üsulu, bir də buna qarşı çıxanlar. Ayrı-ayrılıqda fərdlərin hər birinin ümidinə qalsaydı, heç bir xalq, heç bir cəmiyyət irəli gedə bilməzdi, hətta sovet imperiyası da dağılmazdı, çünki orda da əhalinin tam əksəriyyəti miskinlik, yaltaqlıq, köləlik girdabında çürüyürdü, satqınlıq, saxtakarlıq dövlət səviyyəsində mükafatlandırılırdı. Millətin taleyini ən çoxu onun iki-üç faizi həll eləyir, qalan əhali
Mixail Şoloxov
Mixail Şoloxov
yaranmış şəraitə uyğun yaşamaq yollarını axtarıb tapmaqla məşğul olur. Həmin iki-üç faizin adına ziyalı deyirlər. Ziyalı yaxşı mütəxəssis demək deyil – yaxşı mütəxəssis Hitlerin, Stalinin yanında da nə qədər desən vardı; ziyalı xeyirlə şərin davasında birmənalı şəkildə xeyirin tərəfini tutan adamdı – bu mövqe onun özunün, ailəsinin, qövmünün zərərinə olsa belə. Bu, cəmiyyətin nüvəsi, bəşəriyyətin beyni deməkdi, dünyanın taleyini belə adamlar həll eləyir. Beləsi alim də ola bilər, siyasətçi də, kənd müəllimi də ola bilər, fermer də…

Mən bayaq Azərbaycan cəmiyyətini keçmiş vaxtlarla müqayisə eləyəndə "təhrif olunmuş" kəlməsini işlətdim. Məsələ burasındadı ki, o vaxtlar istər imperiyanın təsiri altında olan torpaqlarda, istərsə də imperiya çəpərindən içəridə, o cümlədən Azərbaycanda güclü ziyalı mühiti, ayıq-sayıq ziyalı düşərgəsi vardı. Soljenitsınları, Brodskiləri sürgün eləyən, bir çoxlarını ölkə içində dissidentə çevirən, istedadları əyyaşlığın, intiharın qapısınacan qovan Kreml rejimi nəticədə özünün başa keçirdiyi Şoloxov kimi, Tvardovski kimi «rəsmi» dahilərin yaratdığı, yönəltdiyi, ən azı təsir göstərdiyi yeni nəsil ziyalıların, həm istedadlı, həm də patriot bir nəslin əlində aciz qaldı.

Şişirtmədən deyə bilərəm ki, SSRİ-ni o nəsil dağıtdı.

O prosesin dalğası Azərbaycanı da vururdu. 80-ci illərin sonuna qədər ölkədə güclü ziyalı institutu vardı. İstər hansısa jurnal ətrafında toplansın, istər çayxanada, istər universitet fakültəsində yaransın, istər akademiya dəhlizlərində – əsas məsələ o institutun harda yaranmağı yox, o institutun yaranmağıdı. Ayrı-ayrı ziyalı adamlar – cəmiyyətin sağlam, işlək hüceyrələri birləşib beyin mərkəzlərini yaradır, o mərkəzlər də özlüyündə cazibə qüvvəsinin, gözəgörünməz sinir tellərinin hesabına bir-birinə yan alıb indiyəcən olmamış bir şeyi – ictimai orqanizmin görən, düşünən və danışan mərkəzini, cəmiyyətin beynini əmələ gətirir. Bəli, bizim də belə bir başlı-beyinli cəmiyyətimiz vardı. O cəmiyyətin nüvəsini hərəkətə gətirən aydınlar 60-70-80-ci illərdə millətin özünüdərki, oyanışı uğrunda çox böyük işlər gördülər, xalqı 88-ci il inqilabına hazırladılar, sonralar inqilabın avanqardı olası on minlərlə adamın beynini mayalandırdılar, bir parası hətta öz yetirmələrinə qoşulub küçələrə çıxdı, xalq hərəkatının önündə getdi…

İmperiyanın dağılması, yeni dövlətlərin yaranması böyük bir ictimai-siyasi prosesə yekun vurduğu kimi o prosesi hərəkətə gətirən, daha çox milli azadlıq, müstəqil dövlət ideyasıyla ortaya çıxan müstəmləkə ziyalılarının missiyasına da son qoydu.

Bundan sonra tamam yeni bir keyfiyyətdə, yeni məzmunda, yeni missiyayla ortaya çıxmaq lazımıydı, ancaq bizim ziyalıların tam və mütləq çoxluğu buna hazır deyildi. Yeni dövrə uyğunlaşmağa, yeni missiyayla ortaya çıxmağa kiminin savadı, dünyagörüşü, kiminin əxlaqı, kiminin də təpəri çatmırdı. Tutaq ki, 70-ci illərdə xan Arazdan, Savalandan, o taylı-bu taylı Vətəndən yazdığı şeirləri əldən-ələ gəzən, on minlərlə oxucunun qəlbini yerindən oynadan, gözünü yaşardan, dilində əzbər olan şair indi heç kimin yadına düşmürdü, daha onun dərdi köhnəlmişdi. İctimai iyerarxiya pilləsində öz yerini qəfildən itirib kəlləmayallaq quyunun dibinə düşən şair indi o quyudan başqa yolla çıxmağa, özünü bir özgə üsulla yada salmağa məcburuydu: indi o, əvvəlkindən daha məkrli bir rejimin göstərdiyi yerdə oturmalıydı, oturdu da. Sən bir işə bax ki, on illər boyu çap olunmağın, azad sözün, azad mətbuatın qəhrini çəkən, hansısa bir gönüqalın, boynuyoğun senzorun, bir KQB çuğulunun qabağında əyilib-qalxan şair indi o yasaqlı-qadağalı günlərin həsrətini çəkir, qəzet bolluğundan, söz azadlığından gileylənir, dövləti, hökuməti bu azadlığa, bu bolluğa sədd çəkməyə çağırır; guya bundan sonra mətbuatda zəif yazıların nəşrinə, söyüşlərə, hədyanlara son qoyulacaqmış!.. Bu təfəkkürün yiyəsi yeni dövrdə çiyninə hansısa müqəddəs bir missiya götürə bilərdimi? Götürə bilməzdi, götürə bilmədi də.

Bəli, bizim şair on illərlə arzusunda olduğu, qurmağa can atdığı yeni dünyanın əlində beləcə həlak oldu. Vaxtında qırağa çəkilmək üçün ciddiliyi, öz içində eşələnib lağım
İosif Brodskinin Moskvadakı heykəli
İosif Brodskinin Moskvadakı heykəli
atmaq üçün müdrikliyi, yeni dövrün məntiqini tutmaq üçün savadı çatmadığından o, toplumun gözündən düşüb rüsvay oldu. Cəmiyyətin on illər boyu formalaşmış nüvəsi, beyni belə dağıldı. Cəmiyyət beyin iflici mərəzinə mübtəla oldu.

İndi Azərbaycan cəmiyyəti başsız-beyinsiz bədəni xatırladır. Bu bədən, onun instinktləri adına beynəlxalq ictimaiyyət, dünya birliyi, nə bilim, daha nələr… deyilən o kənar başın komandasıyla vaxtında hərəkətə gətirilib vaxtında tormozlandırılmasa, bu millət hər an ən ağır fəlakətlərə ürcah ola bilər. Mən demək istəmirəm ki, bizim ölkəmizdə daha ziyalı qalmayıb; yox, bu torpaqda indi də çox dəyərli aydınlar, öz vətəndaş məsuliyyətini, vətəndaş qeyrətini heç vaxt qatlayıb qırağa qoymayan alimlər, şairlər, bəstəkarlar, müğənnilər, müəllimlər… var, dünyanın hardan gəlib hara getdiyini dərk eləyən kişilər var. Ancaq hər biri öz orbitində, öz oxu dövrəsində fırlanan bu kişiləri bir araya gətirib bir qalaktikanın sakinləri kimi bir ahənglə fırlanmağa həvəsləndirən cazibə qanunu, o qanunu işə salan mexanizm, bir sözlə, ziyalı institutu yoxdu bu ölkədə. 93-cü ildən bu torpaqda yerini bərkidən köhnə-yeni avtoritar rejim ölkədə sağlam, müstəqil ziyalı toplumunun yaranmaması üçün əlindən gələni əsirgəmədi. Tanınmış ziyalıların əksəri tox yaşayış, dinc həyat, şöhrət ordeni, fəxri xiyabanda abad qəbir (guya qiyamət günü Allah orda yatan ölüləri hamıdan qabaq yuxudan qaldıracaq) uğrunda ruhunu iblisə satdı. Adlı-sanlı aydınların az bir bölüyü də köpüklənə-köpüklənə ölkəni ağzına alıb tüğyan eləyən şər selinin özüylə gətirdiyi dəhşətli epidemiyaların qabağından qaçıb küncə qısnana-qısnana bir də baxdı ki, müxalifətin cazibə dairəsinə düşüb; onların da adını qoydular müxalifət ziyalıları (guya ziyalı iqtidarda da ola bilərmiş…). Rejimə qulluq göstərməyə abır-həyası yol verməyən, rejimə qarşı çıxmağa təpəri çatmayan bir paraları da biganəlik məhlulunda əriyib itdilər. Avtoritar rejim hətta bir-birinə düşmən kəsilən ziyalıları da ayrı-ayrılıqda bəsləyib öz yanına çəkməyə, onları qiyabi surətdə öz ətrafında birləşdirməyə nail oldu. On illərlə dostluq, yoldaşlıq eləmiş, çörək kəsmiş sənət adamları rejimin birbaşa və ya dolayı təhrikləriylə, siyasi mülahizələrlə bir-birilərinə qənim kəsildilər. Belə ölkədə ziyalı mühiti necə yaranaydı, ziyalı institutu nə cür formalaşaydı?

Yeni ziyalı nəslinin ortaya çıxması üçünsə nə bir yol qoyulmuş, nə də toplaşmağa bir ocaq, bir mətə qalmışdı. Yeni mühit, tutalım, hansısa qəzet-jurnal redaksiyasının, yaxud hansısa televiziyanın, özəl universitetin, yaxud ictimai təşkilatın ətrafında yarana bilərdi, ancaq gəlin görək, bu ölkədə tək bircə müstəqil universitet və ya televiziya varmı? Çap məhsullarının mütləq çoxluğu rejimin çirkli, qanlı pullarıyla qidalanır, az bir qismi də müxalifətin hansısa qanadının siyasətini – o siyasət çox qüsurlu, çox zərərli olsa belə – sözsüz müdafiə eləyir; sözün gerçək mənasında müstəqil, ziyalı qəzetsə ən qısa müddətdə təqib və maliyyə burulğanına düşüb qəzaya uğramağa məhkumdu. İctimai təşkilatlar da eləcə – demək olar, hamısı hansısa siyasi qurumun əlavəsi, üçüncü eşelonu kimi yaranır, onun cazibə dairəsində də işini görür. Bir neçə il bundan qabaq nüfuzlu ziyalıların iştirakı və təşəbbüsüylə Aydınlar Birliyi adlı təşkilat da yaranmışdı. Təşkilatın sıralarında həm müxalifətçi, həm heç bir siyasi asılılığı olmayan, həm də dövlət qulluğunda çalışan, necə deyərlər, hökumət çörəyi yeyən dəyərli aydınlar birləşmişdi. Ancaq elə əvvəldən görünürdü ki, quruma gerçəkdən bir nüfuzlu ziyalı mətəsi yaradıb orada təmsil olunmaq, cəmiyyətdə hər kəsə öz yerini göstərmək iddiasıyla yox, qısır siyasi ambisiyalarıyla gələnlər, hansısa siyasətbaz dəstənin tapşırığıyla dal qapıdan dürtülənlər də var. Belələrindən ötrü ziyalılıq onların dediklərini təsdiqləməkdən başqa bir şey deyil, belələrinin ziyalıya münasibəti avtoritar rejimin münasibətindən heç nəylə fərqlənmir. Nəticədə cəmiyyətin hər şeydən çox ehtiyac duyduğu bir ideya özunə düz-əməlli qəlib tapmamış, boyuna biçilən formaya düşməmiş cılız, bisavad siyasətbazların çəkişmə meydanına çevrildi, onların kinli ambisiyalarının badına getdi. Qızınmağa, od götürməyə bir ocaq axtaran gerçək ziyalı yenə də quru yurdda qaldı.

Əlbəttə, milli burjuaziyası, azad sahibkarı, halal pulu olmayan ölkədə nə müstəqil televiziya, nə müstəqil universitet, nə də müstəqil ziyalı institutu formalaşa bilər. Ona görə də avtoritar rejimin öz qanlı əllərini millətin nüvəsinə aparmasıyla barışmayan, biganəliyi özünə rəva bilməyən ziyalının bircə yolu qalır: müxalifətin məskun olduğu "qan çanağı"na çəkilmək. Hərçənd o, ən ideal müxalifətdə də özünü suda balıq təki
Andrey Platonov
Andrey Platonov
duya bilməz. Doğrudu, müxalif partiyalarda, onların rəhbər strukturlarında da çox dəyərli ziyalılar var, ancaq sabah cəmiyyətdə ədalət tərəzisinin qurulması onlardan ötrü bugünkü qədər sərfəli olmayanda onların özlərini necə aparacağı hələ bəlli deyil.

Sözümdən elə çıxmasın ki, bizim ölkədə mənəvi-əxlaqi atmosfer yaratmaq üçün yetərincə ziyalı var, sadəcə, onları bir araya gətirməyə yer tapılmır. Elə buradaca demək istəyirəm ki, mən Azərbaycanda ziyalı institutunun yaranmamasına görə bütün səbəbi-suçu hakim rejimdə axtarmaq fikrindən uzağam. Əgər son on-on iki ildə bu ölkədə şərin həmləsinə duruş gətirə bilən, iblisin yaydığı mənəviyyat epidemiyasına yoluxmamaq üçün ruhunda ilahi immunitet gəzdirən yetərincə təpərli ziyalı olsaydı, dediyimiz o mühit də, o institut da öz-özünə yaranardı. Bu halda, necə deyərlər, kəmiyyətin keyfiyyətə keçməsi prosesi baş verərdi, onlarla aydının yarada bilmədiyini yüzlərlə, minlərlə ziyalı yaradardı. Uzağa getməyək, yüz il bundan irəliki Azərbaycanı yada salaq. Mən o çağları ölkəmizin intibah dövrü adlandırardım. Bakıdan, Gəncədən, Şuşadan, Şamaxıdan, Naxçıvandan… su içib bir mərkəzə axışan nəhəng bir millətçi-yurdsevər-demokrat ziyalı ordusunun ortaya çıxması özüylə yeni dəyərlər meydana gətirdi: əsərlər yazıldı, qəzetlər, jurnallar dərc olundu, siyasi nəzəriyyələr, partiyalar yarandı, bütün Şərqdə ilk professional musiqi əsərləri bəstələndi, ilk kinofilmlər çəkildi, bugünəcən tayı-bərabəri olmayan uşaq ədəbiyyatı, tərcümə ədəbiyyatı örnəkləri qələmə alındı, dərsliklər çapdan çıxdı, teatr sənəti inkişafın zirvəsinə yaxınlaşdı, nəhayət, Şərqdə ilk demokratik dövlətin ideoloji təməli qoyuldu. Təkcə Şuşa kimi kiçik bir dağ şəhərinin o dövrdə yetirdiyi ziyalıları sayıb qurtarmaq mümkün deyil. O zamanlar kommunikasiya imkanları indikindən müqayisəyə gəlməz dərəcədə zəif olsa da, nəhəng ziyalı ordusunun işığı ölkənin ən ucqar kəndlərinə də düşürdü.

Bəlkə o dövrdə aclıq, türmə, qorxu yoxuydu, bəlkə o kişilər arvad-uşaq yerinə it-pişik saxlayırdılar, bəlkə o zaman haram pul, müftə qazanc indiki qədər şirin deyildi?.. O çağların Azərbaycanıyla indiki Azərbaycanı müqayisə eləyəndə bəşər təfəkkürünün inkişafında, dünya ruhunun gəlişməsində misilsiz rol oynamış, kişi əhalisinin hər üç nəfərindən biri filisof olan qədim yunan xalqıyla indiki Yunanıstan əhalisinin fərqi gözümün qabağına gəlir: indiki yunanlar qədim yunanlara nisbətdə nədilərsə, biz də yüz il bundan qabaqkı Azərbaycan cəmiyyətinə nisbətdə oyuq. Elə bil ölüb getmiş bir xalqın yurdunda yaşayırıq…

…Bu günlərdə məşhür polyak publisisti, dissident Yozef Matskeviçin Mixail Şoloxova 1955-ci ildə yazdığı bir məktubu oxudum. Məktub müəllifi yazıçını "Sakit Don"a sonradan, 1954-cü ildə elədiyi hansısa düzəlişlərə görə qınayır, onu çox təsirli bir tərzdə, inandırıcı dəlillərlə bu gözəl əsərə qıymamağa, romanın əvvəlki variantını bərpa eləməyə çağırır. Sözün düzü, mən orda hansı düzəlişlərdən söhbət getdiyini, oxuduğum variantın redaktədən əvvəlki, yoxsa sonrakı versiya olduğunu da bilmirəm. Məktubdan bircə şey aydın olur ki, yazıçı kommunist-bolşevik rejiminin basqısı altında kitaba əl bulayıb, romanı yaralayıb. Matskeviçin məktubu fikrimi uzaqlara apardı: bəlkə də Şoloxov böyük və həqiqətsevər yazıçılar içində Stalinin bıçağı altından ciddi xəsarət almadan çıxmış yeganə qələm adamıdı (bu məsələdə rəhbərin şəxsi rəğbətiylə yanaşı onun kazak xarakterinin də rolu az olmayıb). O Stalinin ki, Qorkinin oğlunun qətlinə fərman verib özünü axşam gəzintisinə çağırırdı. O Stalinin ki, onun dövründə əsilli-köklü nəsildən olan kübar təbiətli professor oğlu Bulqakov miskin bir otağın küncündə həkimsiz-dərmansız, kimsəyə gərək olmayan dilənçi kimi can verirdi (sonralar, 60-cı illərdə ilk dəfə çap olunan "Master və Marqarita" romanı sürətlə bütün yer üzünə yayılacaq və dünya ədəbiyyatına ən çox təsir eləyən kitablardan sayılacaqdı). O Stalinin ki, onun dövründə, deyilənə görə, Platonov ədəbiyyat institutunun həyətini süpürürmüş və sovet yazıçılarının rəsmi lideri Fadeyev onunla rastlaşanda hərdən "Can"ın müəllifinin cibinə xərclik də basırmış (indi hər kəsə bəllidi ki, nəinki Fadeyev, bütövlükdə onun komandanlığı altında olan sovet ədəbiyyatı Platonovun ayağının altını süpürməyə də layiq deyil). Bəli, bu baxımdan Şoloxov yaxşı qurtarıb. Ancaq günün birində onu da sındırıblar – Şoloxov kimi kökü torpağın ən dərin laylarına işləyən əyilməz palıdı!..

…Fikrim uzaqlardan öz yurduna qayıdanda bizim ziyalılara son on-on iki ildə üz verən bədbəxtlik mənə çox gülməli göründü. Baxdım ki, mən onların cılız şəxsi faciələrindən böyük fəlakət düzəltmək istəyirmişəm. Dəyməz. Şoloxov kimi nəhəngi büdrədən dünya bu miskin, zavallı varlıqları gündə neçə yol desən yeyər də, qaytarar da. Şoloxov da büdrəyibsə, onda bu – Məşədi İbad demiş – bisavadlardan, daha doğrusu, bisəbatlardan nə umasan…

8 sentyabr
2005

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG