Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

“Avropa Komissiyası bəzi məqamları dəqiqləşdirməyib”


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ECRİ hesabatından narazıdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının (ECRİ) Azərbaycan üzrə hesabatına dair açıqlama yayıb. Məlumatda bildirilir ki, komitə belə bir hesabatın hazırlanmasını insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir.

Lakin Dini Komitə bəyan edir ki, bu sənəddəki bəzi məqamlar dəqiqləşdirilmədən verilib.

Hesabatda qeyd olunur ki, bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, hüquq-mühafizə orqanları tərəfindən onlara təzyiqlər olunur. Lakin komitənin açıqlamasında birmənalı olaraq bildirilir ki, Azərbaycanda din sahəsində heç bir ayrı-seçkiliyə yol verilmir:

“Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır”.

HƏLƏ HEÇ BİR DİN İCMA MƏHKƏMƏ QƏRARI İLƏ LƏĞV EDİLMƏYİB

Komitə bəyan edir ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra qeydiyyat qaydaları daha da sadələşdirilib. Qeydiyyat üçün vətəndaşdan minimal sayda və toplanması asan olan sənədlər tələb olunur. Dini qurumların qeydiyyatdan keçmə prosesində heç bir süründürməçiliyə yol verilmir: “2009-cu ilin sentyabr ayından, yəni yenidən qeydiyyat prosesinə başlanılandan sonra heç bir dini icma məhkəmənin qərarı ilə ləğv olunmayıb. İndiyədək 30 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib və onlara imtinaya əsasları haqqında məlumat göndərilib”.

İcmalda qeyd edilmiş digər iradlarla (polisin dini mərasimə müdaxiləsi, dindarların tutulub saxlanılması) əlaqədar bildirilir ki, belə hallar yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, yaxud dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək düzgün deyil.

QANUNU POZAN DİNDAR OLSA DA, CƏZALANDIRILMALIDIR

“Qanunu pozan şəxsin cəzalandırılması labüddir. Ölkə qanunvericiliyi dini inancından asılı olmayaraq, şəxslərin qanun və məhkəmə qarşısında bərabərliyini bəyan edir. Həmçinin, qanuna görə, heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bilməz”.

Komitədən təəssüflə bildirirlər ki, hesabata salınan bəzi informasiyalar etibarlı olmayan mənbələrdən alınıb, dərindən yoxlanılmayıb.

AVROPA KOMİSSİYASI: “DİNİ İCMALARA QARŞI POLİS MÜDAXİLƏSİ İLƏ MÜBARİZƏ APARILMALIDIR”

Xatırladaq ki, ECRİ hesabatında əvvəllər qeydiyyatı olan bəzi dini icmaların təkrar qeydiyyatdan keçə bilmədiyi vurğulanıb. Və Azərbaycan səlahiyyətli qurumlarına tövsiyə edilib ki, onlar İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin presedent hüquqlarını nəzərə alaraq hazırda qeydiyyat gözləyən dini icmaların qeydiyyatı prosedurlarını tamamlasın.

Hesabatda həmçinin qeyd olunub ki, Azərbaycanda dini icmaların onların adına qeydiyyatda olmayan məkanlarda keçirdikləri görüşlərə polis müdaxiləsi və iştirakçıların polis tərəfindən həbs olunması, fərdi istifadə üçün nəzərdə tutulan dini ədəbiyyatların gömrük rəsmiləri və polis orqanları tərəfindən müsadirə edilməsi və hətta bəzi hallarda polis tərəfindən müəyyən müsəlmanların saqqallarını qırxmağa məcbur edilməsinə rast gəlinir. Hətta bəzən KİV-lərdə müəyyən icmalarla bağlı həssas və ləkələyici məlumatlar verilir. Buna görə də, ECRI bir daha tövsiyə edir ki, səlahiyyətli qurumlar bəzi dini qrupların üzvlərinə qarşı dini qeyri-tolerantlıq halları, xüsusilə polis və yerli idarə orqanları tərəfindən təhqir və KİV-də təhrikçi çıxışlara qarşı səmərəli mübarizə aparmaq üçün öz səylərini gücləndirsinlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG