Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:30

Cəlal Əliyevin 16 milyonluq iddiası ilə məhkəmə qapalı gedir


Cəlal Əliyev
Cəlal Əliyev
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində prezidentin əmisi Cəlal Əliyevin keçmiş şərikləri Sədiyar Zeynalov və sonuncunun ailə üzvləri ilə qarşılıqlı iddialarına baxılır. Məhkəmə çəkişməsinin predmeti «Sahibtac», «Azinvest Ko» və «Ayrza» müəssisələrinin əmlakıdır. Cəlal Əliyev müəssisələrin ləğv olunmasını, dəyəri milyonlarla ölçülən əmlakının ona verilməsini, üstəlik 16 milyon nağd pul ödnilməsini tələb edir.

JURNALİSTLƏR "QEYRİ-MƏQBUL" SAYILDILAR

Fevralın 3-də hakim Şərafət Məmmədovanın sədrliyi ilə növbəti məhkəmə iclası keçirildi. Ancaq kütləvi informasiya vasitəsi nümayəndəsinin məhkəmə iclasının gedişatını izləməyə gəlməsi iddiaçılardan biri Cəlal Əliyevin nümayəndələrini qane etmədi.

Məhkəmə iclası başlanan kimi Cəlal Əliyevin nümayəndələrindən biri Hüseyn Bayramov vəsatət qaldırdı ki, məhkəmə zalında oturanların şəxsiyyətləri aydınlaşdırılsın və kənar şəxslər zaldan çıxarılsınlar. Əliyevin digər vəkili Rasət Miriyev də kənar adam saydıqları jurnalistlərin belə bir məhkəmə iclasında iştirakını məqbul hesab etmədiyini deyərək vəsatəti dəstəklədi. O, səhmdarlar arasında olan iqtisadi mübahisənin qapalı məhkəmə iclasında müzakirə edilməsini istədi.

PREZİDENTİN ƏMİSİNİN BİZNESİ HAQQINDA XƏBƏR AİLƏ SİRRİDİR?

Sədiyar Zeynalovun vəkili Rüstəm Zülfüqarov isə vəsatətin əsassız olduğunu dedi: “Hesab edirəm ki, bu vəsatət təmin oluna bilməz. Qanunvericilikdə hansı hallarda məhkəmə prosesində kənar şəxslərin iştirak etməsi və etməməsi, zaldan çıxarılması göstərilib, burda ailə sirri yoxdur, açıq məhkəmə prosesidir, buna görə ictimai şəxlər də iştirak edə bilərlər. Bu prosesdə nəinki bir nəfər mətbuat nümayəndəsi, yüzlərlə mətbuat nümayəndəsi gəlib iştirak edə bilər”.

Sədiyar Zeynalov da məhkəmə iclasının açıq keçirilməsini və Cəlal Əliyevin nümayəndələrinin vəsatətinin təmin olunmamasını xahiş etdi.

Cəlal Əliyevin nümayəndəsi Hüseyn Bayramovun “əgər məhkəmə iclası qapalı elan edilməzsə, o zaman biz məhkəmə zalından çıxacağıq” deməsindən sonra hakim yerində müşavirə keçirərək məhkəmə iclasını qapalı elan etdi.

Beləliklə də, Cəlal Əliyevin keçmiş ortaqlarına qarşı 16 milyon manatlıq iddiasının ictimailəşməsinin qarşısı alındı.

“BEYNƏLXALQ KONVENSİYA POZULUB”

Vəkil Fuad Ağayev deyir ki, məhkəməni qapalı keçirmək qərarında istinad etdiyi Mülki Prosessual Məcəllənin 10.2-ci maddəsində dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır.

Ancaq vəkil hesab edir ki, Mülki Prosessual Məcəllənin bu maddəsi İnsan Hüquqları və Söz Azadlıqları Hüquqları Haqqında Konvensiyanın 6-cı maddəsnə ziddir: “Həmin maddədə göstərilir ki, demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə xüsusi hallarda mətbuat və ya ictimaiyyət məhkəmə iclaslarına buraxılmaya bilərlər. İndi özünüz görün, burda kommersiya sirri məsələsi var ya yox, bizim hakimin əsaslandığı maddə özü beynəlxalq konvensiyaya ziddir”.

MƏHKƏMƏ DİVARLARI ARASINDA SİRLƏR

Hüquqşünas Namizəd Səfərovunsa hesab edir ki, Cəlal Əliyevlə keçmiş şərikləri arasındakı məhkəmə çəkişməsi sırf mülki mübahisədir, Kommersiya məsələsinin də Mülki Prosessual Məcəllənin 10.2-ci maddəsinə istisna kimi salınması o demək deyil ki, iki biznesmen arasındakı mülki mübahisəyə qapalı iclasda baxılmalıdır. Çünki bu mübahisə hər hansı bank sirri daşımır.

O ki qaldı hakimin çıxardığı qərara, hüquqşünasın fikrincə, məqsəd prezidentin əmisi tərəfindən gələcəkdə udula biləcək məhkəmə prosesindəki qanun pozuntularının ört-basdır edilməsidir:

“Bu məhkəmə baxışı başqa sözlə desək, milyonlar uğrunda olan mübahisədir. Əlbəttə, vəzifəli şəxslərin, o cümlədən prezidentin yaxın qohumunun tutduğu mövqedən istifadə edərək kommersiya fəaliyyəti ilə, digər iqtisadi fəaliyyətlə məşğul olması əslində cəmiyyətdə qəbulolunmazdır. Bu gün bu proses sübut edir ki, bu ailə, o cümlədən prezidentin əmisi kommersiya ilə, istehsalla, mülkiyyət toplamaqla məşğuldur”.

Namizəd Səfərov hesab edir ki, Cəlal Əliyevin vəkilləri prezidentin əmisinin öz mövqeyindən istifadə edərək ortağına qarşı etdiklərinin məhkəmə divarlarından kənara çıxmasını istəmirlər.

PREZİDENTİN ƏMİSİ 15 FAİZƏ ŞƏRİK İMİŞ?

Cəlal Əliyevin keçmiş ortaqlarından biri, Sədiyar Zeynalovun həyat yoldaşı Şəhla Zeynalova eyni məhkəmədə akademikə və onun qızı İzzət Əliyevaya qarşı qarşılıqlı iddia qaldırıb. İddiasında göstərib ki, «Sahibtac» Məhdud Məsuliyyətli Cəmiyyət onun və həyat yoldaşı Sədiyar Zeynalovun nizamnamə kapitalındakı payı 50 faiz olmaqla təsis edilib. Firmanın adı da onların övladının adı ilə bağlı olub.

1992-ci ildən ofis biznesi və hüquqi xidmət göstərilməsi ilə məşğul olmağa başlayıblar. 1994-cü ildə bir neçə şirkət yaradıblar. Onların arasında «Sahibtac» və «Ayrza» MMC-lər də olub. “Sahibtac MMC tərəfindən 1995-ci ildən 2002-ci ilədək şəhərin müxtəlif mərkəzi küçələrində 7 ofis binası tikilib.

1997-ci ildə Sədiyar Zeynalov Cəlal Əliyevlə tanış olub. Ofis biznesi ilə məşğul olduqlarını biləndə Cəlal Əliyev Sədiyar Zeynalova birgə işləməyi təklif edib. Həmin ildə Cəlal Əliyevin mərhum həyat yoldaşı da «Sahibtac»a təsisçi kimi daxil olub. Cəlal Əliyevin həyat yoldaşı rəhmətə gedəndən sonra vərəsəlik hüquqları ona və qızına keçib.

Birgə ortaqlıqları dövründə cəmiyyətin bu günə sahib olduğu bütün əmlakların 85 faizi Zeynalovlar ailəsinin, 15 faizi isə Cəlal Əliyevin vəsaitləri hesabına yaradılıb və əldə edilib. Ancaq indi Cəlal Əliyev əmlaklara tam sahib çıxmaq istəyir. Hələ üstəlik Zeynalovlardan 16 milyon manat da tələb edir.

Bunlar tərəflərdən birinin dedikləridir. Amma vəkillərinin təkidi ilə məhkəmədən çıxarıldığımız üçün bu mübahisədə Cəlal Əliyevin arqumentlərinin nə olduğunu öyrənə bilmədik.
XS
SM
MD
LG