Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 10:21

Gecikmiş etiraf...


Onun xatirəsini ildə üç dəfə anmaq borcumuz var. Yaratdığı Cümhuriyyətin doğuluş günündə -28 mayda, Ankarada üç dəfə «Azərbaycan» deyibən haqq dünyasına qovuşduğu gündə - martın 6-da və doğulduğu gündə - yanvarın 31-də.

Qalan günlər onsuz da xatirəsi həmişə qəlbimizdədir, ruhu başımızın üstündədir. 125 illik yubileyini rəsmi Bakı gözardı etsə də... Yubileylə bağlı kitabları Bakıdan çox Moskvada çıxsa da...

AzadlıqRadiosunun «İz» proqramı bu dəfə böyük öndəri doğum günündə «Gecikmiş etiraf kimi...» kitabının müəllifi jurnalist Nəcibə Bağırzadə ilə anmağa qərar verdi.

- Nəcibə xanım, Məhəmməd Əmin Rəsulzadənin və doğmalarının ömür yolunu, həyat hekayəsini anlatmaq istəyi sizdə haradan doğdu?

Rəsulzadənin Ankarada Əsri məzarlığında qəbri
- Mən Azərbaycan radiosunda çalışdığımdan Məhəmməd Əmin Bəyin nəvəsi Rais bəylə bir sıra verilişlər hazırlamışdım. Bilirsiniz ki, Rais bəyin atası Azər bəy də rəssam olub. Ona həsr olunmuş verilişlərim olub. Həmçinin Seyid Hüseyn, Ümmügülsüm xanım, Oqtay Sadıqzadə də həmin nəsildən olan adamlardır, onlarla bağlı da silsilə verilişlər vermişəm. Və mən bu insanların taleyini yazmağı özümə bir borc bildim.

- Niyə kitabınızın adını «Gecikmiş etiraf kimi» qoydunuz?

- Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda Demokratik Cümhuriyyətin banisi oldu. Təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk Demokratik Cümhuriyyət yaradıcısıydı. Təəssüf ki, Şərqdə çox önəmli hadisə olan Cümhuriyyət az yaşadı. Dünyanın siyasi müstəvisində hadisələr elə cərəyan edirdi ki, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilməzdi. Amma M.Ə.Rəsulzadə özü bu barədə deyirdi ki, bizim məqsədimiz o oldu ki, bu millətə azadlığın tamını dadızdırdıq. Bilirsiniz ki, azadlıq elə bir duyğudur ki, onu bir dəfə taleyində yaşayan insan heç bir məşəqqətlərə, sürgünlərə, zindanlara baxmayaraq, günlərin birində o azadlığı yenidən dadmaq istəyəcək. Uzun illər M.Ə. Rəsulzadə Azərbaycanda qərib oldu, adı yasaq oldu. O adamların hər biri əziyyətlər gördü, sürgünlər çəkdi, aclıq, ölüm, səfalət...Təsəvvür edin ki, bu nəsildən yeganə bir insan Azər bəydir ki, onun məzarı Azərbaycandadır və babası ilə bir yerdə - Novxanıda basdırılıb. Çoxlarının məzarı yoxdur. Misalçün, böyük oğlu Rəsulu güllələdilər, dənizə atdılar, məzarı bilinmədi. Seyid Hüseyni güllələdilər, atdılar Xəzər dənizinə. Rais bəyin anasının məzarı Qazaxıstanda qaldı. Bu adamların heç birinə Azərbaycanda torpağa tapşırılmaq qismət olmadı. Azər bəyin məzarının üstündə bu sözlər yazılıb: «Məhəmməd Əminin nəslindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu...». Siz «xoşbəxtliyə» baxın, bu ailənin təskinlik tapdığı «səadətə» baxın! O üzdən, mənə elə gəlir ki, biz nə eləsək də, onlar üçün gecikmiş etiraf kimi olacaq. Çünki onlara nə doğmalarını, nə itirilmiş gəncliklərini qaytara biləcəyik. Biz kitabın təqdimatını keçirəndə, Füruzə xanımı da ora dəvət etmişdik—Rəsulzadənin qız nəvəsini. O çox xəstə idi və təəssüf ki, biz onu itirdik.

- Nəcibə xanım, mən indi anladım, niyə kitabın adı «Gecikmiş etiraf kimi»dir... Etiraflara başlayaqmı?

Rais Rəsulzadənin babasının heykəli önündə Azadlıq Radiosuna müsahibəsi
- Başlayaq! Demokratik Cümhuriyyət Şərqdə Azərbaycanı tanıtdı. Ümumiyyətlə, biz xoşbəxt millətik. Şərqdə yazılan ilk opera bizim adımızla bağlıdır. Yenə Şərqdə ilk opera yazan qadın bəstəkar da bizdən çıxıb - Üzeyir bəyin tələbəsi Şəfiqə Axundova . M.Ə.Rəsulzadə çox gənc yaşlarından siyasi fəaliyyətə başlayıb. Yaratdıqlarını, yazdıqlarını oxuyanda, adama qəribə gəlir ki, bu cavan, 17-18 yaşlı gənc bütün bunları necə düşündü? Müsavat partiyasını yaratdı, əmisioğlu Məhəmməd Əli Rəsulzadə də iştirakçısı oldu. Partiya yaratmaq önəmli deyil, amma milli ideologiya yaratmaq, düşüncə formalaşdırmaq, insanların şüurunda azadlıq toxumunu cücərtmək önəmlidir. Bax, M.Ə.Rəsulzadə bunu bacardı. Bütün yaradıcılığı ilə, ədəbi fəaliyyəti ilə, publisistikası ilə, parlamentdəki çıxışları ilə. Mühacirət həyatında belə bir an Azərbaycansız yaşamadı! Azərbaycan sevgisindən uzaq qalmadı. Ən əsası, Azərbaycan uğrunda mübadilədən çəkilmədi!

- M.Əmin Bəy Azərbaycandan gedəndən sonra ailəsindən, yaxınlarından xəbərdar ola bildimi?

- O məktublar yazırmış ailəsinə. Ara-sıra imkanı qədərincə maddi yardım da edirmiş. Təbii ki, mühacirətdə idi, sıxıntılar vardı... Amma sonralar bunlara da qadağa qoyuldu və ara kəsildi. Azər bəy İranda əsgərlikdə olanda, ona xəbər verirlər ki, atanızla sizi görüşdürmək istəyirik. Hansısa bir məkana gələrsiniz. Amma Azər bəy getmir. Çünki bu təxribat ola bilərdi. O vaxt DTK-nın əməkdaşları onu dolaşdırıb incidə bilərdilər. Sonradan bu hadisəni Məhəmməd Əmin Bəyə çatdırırlar. O söyləyib ki, Azər düz eləyib gəlməyib. Rais bəy deyir, atam o hadisələr barədə danışmağı sevmirdi. Çünki divarların da qulağı vardı. İnsanların sındığı, sındırıldığı, mənəvi dəyərlərin itirildiyi bir zaman idi. Nə yaxşı ki, sürgünlər, zindanlar, mənəvi sıxıntılar insanların içindəki o insanlığı məhv edə bilmədi.

- Nə qədər acı da olsa, yenə ötən əsrin 20-ci illərinə qayıdaq... Nələr yaşandı ailəsində, qohumlarında Əmin Bəy mühacirət edəndən sonra?

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Firuzə Məmmədova
- Onlar hamısı sürgünə göndərildilər. Böyük oğlu Rəsulu burda güllələdilər. Həyat yoldaşı -Ümbülbanunu, anası- Maral xanımı və uşaqları Qazaxıstana sürgün etdilər. Anası elə yolda dünyasını dəyişdi--ilk itirdikləri Maral xanım oldu. Sonra Ümbülbanu xanım dünyayla vidalaşdı. Orada onlar qeyri-insani şəraitdə yaşayırdılar. Ac-susuz. Bu adamlara heç kəs bir parça çörək vermək istəmirdi. Çörək bir yana, salam da vermək istəmirdilər. Hamı sürgün olunmuşlar idi. Biləndə ki, bunlar Məhəmməd Əmin Bəyin qohumlarıdırlar, salam da vermirdilər. Bax, belə sıxıntılar, məhrumiyyətlər içində yaşadılar. Firuzə xanımın anası Lətifə xanım evin içində, əgər buna ev demək mümkündüsə, qızı İşvə ilə bir yerdə donub öldü. Firuzə xanım ondan sonra uşaq evinə düşdü. Kitabı yazanda, mən onunla görüşdüm. Ağlaya-ağlaya, göz yaşları içində xatirələrini mənimlə bölüşdü. Mənə elə gəlirdi ki, üstündən o qədər illər keçməyib. Xanımın yaddaşında o illər elə oyaq idi ki... Uşaq Evində tullantı sümükləri onlara necə yedirdiklərini, sevincləri alınmış uşaqlar kimi necə yaşadıqlarını dünən olmuş kimi xatırlayırdı. Sonradan bəraət alsalar da, bu yaşananların heç biri izsiz keçmədi. Zaman başqa zaman idi. Amma çox təəssüf ki, zaman bir çox dönəmlərdə elə cahillərə işləyir...

- Rəsulu güllələdilər. Bəs Azər?

- Sürgünə gedəndə 17-18 yaşları var idi. İstedadlı bir gənc idi. Gözəl tar çalmağı var idi. Keçirilən tədbirlərdə həmişə «Bayatı-Şiraz» çalarmış. Buradan gedəndə, onlara çox az şey götürməyə icazə vermişdilər. O da tarını götürüb aparmışdı. Rəssam idi, gözəl şəkillər çəkirdi, rəsmxətdən dərs deyirdi. Yaxşı foto çəkməyi var idi. Mən kitabda da yazmışam ki, zamanın başqa dönəminə düşsəydi, Azər bəy başqa bir ömür yaşayardı...Qazaxıstanda yaxşı dərs dediyi üçün «Əməkdar müəllim» adı vermək istəyiblər, ancaq «xalq düşməninin» oğlu olduğu üçün verməyiblər. 1955-ci ilin martında Məhəmməd Əmin Bəyin ölümü dünyaya yayılanda, Azəri DTK-ya çağırıb rəsmi şəkildə məlumat verirlər. Azər xəbəri «sakitcə» qarşılayır. Onların Türkiyəyə getmək «təklifini» də qəbul etmir. Və evə gəlib hönkür-hönkür ağlayır...1956-cı ildə ilk dəfə icazəsiz Bakıya dönəndə, Krasnovodska çatan kimi geyimli-kecimli özünü suya atır Azər. Xəzərin sularını öpməkçün... İçindəki həsrəti soyutmaqçun... Bakıda bir vaxtlar yaşadıqları evi ,bir də indiki «Nizami» metrosunun yerindəki baba mülklərini ziyarət edərmiş. Vaxtilə qonşuları olmuş uşaqlıq dostu Mehdi Hüseynzadəni xatırlayarmış...

- Sadıqzadələrin başına nələr gəldi?

Məhəmməd Əmin Rəsulzadənin ailəsi
- Dediyim kimi, Seyid Hüseyni burada güllələdilər. Onun oğlu Oqtay Sadıqzadə, bilirsiniz ki, xalq rəssamıdır. Qızı Qumral xanım sonralar doğmaları haqqında bir neçə kitabın müəllifi oldu. Hamısı istedadlı, köklü-köməcli, ziyalı bir nəsil idi bunlar. Görünür, həm də buna görə məhv etmək istəyirdilər. Oqtay müəllimin anası—Ümmügülsüm xanımı sürgünə göndərdilər. 8 ildən sonra dönsə də, Bakıda yaşamağa icazə vermədilər. Bir müddət Şamaxıda yaşadı və orda da dünyasını dəyişdi. İstiqlal şairi Ümmügülsüm xanım , bilirsiniz ki, Məhəmməd Əmin Bəyin əmisiqızı idi, həm də ömür yoldaşının bacısı. Gözəl şeirlər yazırdı...

- Bilirəm, bir dəfə «İz» proqramında Rais bəy onun bir şeirini bizə oxuyub kövrəlmişdi... «Gül dərmədim, düşdüm çəmən ayrısı. Sürgünəm, düşkünəm, Vətən ayrısı...»

- Əmisi oğlu Məhəmməd Əli bəy də «Müsavat»ın yaradıcılarından biri idi. Məhəmməd Əmin Bəylə birgə parlamentdə də çalışdı. Sonra o da mühacirət həyatı yaşadı. Mühacirət dövründə onun da gördüyü işlər oldu. Təəssüf ki, o da ömrünü Türkiyədə başa vurası oldu. Məzarı İstanbuldadır. Bakıda həyat yoldaşı Raziyə xanım, 3 oğlu qalmışdı. 37-də onları da sürgün edirlər. Oğlanlardan biri itkin düşür. Biri müharibədən orden-medalla qayıtdığı üçün 46-cı ildə anasını Bakıya gətirə bilir. Məhəmməd Əli bəy doğmaları ilə ancaq 70-ci illərdə əlaqə qurur, məktublaşır. Türkiyəyə gedən professor Abbas Zamanovun vasitəsi ilə. Ancaq görüş baş tutmur. M.Əli Rəsulzadə 1982-ci il fevralın 3-də 100 yaşın tamamına iki gün qalmış dünyasını dəyişir. Və daha bir Rəsulzadə qəriblikdə məzara tapşırılır... Kitabda Firuzə xanım haqqında ayrıca bölmə var. İndi Firuzə xanım aramızda yoxdur, amma dedikləri, xatirələri bu yazılarda yaşayır. Düşünürəm ki, onunla görüşməyim taleyin bir qisməti imiş.

- Onun 125 illik yubileyinin Vətəndə qeyd olunması sizi razı saldımı?

- Yox, elə insanlar var ki, bir millətin millət kimi var olmasında, onun imzasının imzalar içində olmasında böyük önəm daşıyır. M.Ə.Rəsulzadə belə insanlardandır, nadir şəxsiyyətlərdəndir, bizim qürur yerimizdir. Düşünürəm ki, çox yüksək səviyyədə qeyd olunmalıdır. Demək olar ki, sükutla keçirilməsi ürək ağrıtdı. Çünki bu, bizim tariximizdir, millətimizin tarixidir. Və O bizə başucalığı gətirən şəxsiyyətlərdən biridir.

S.İ. Nəcibə xanım, çox sağ olun. 1954-cü ildə Məhəmməd Əmin Bəyin 70 yaşı olanda Krım tatarlarının məşhur ziyalısı Cəfər Seyid Əhməd Krımər yubiley münasibəti ilə ona bir məktub göndərir. Məktub bu sözlərlə bitir: «Bir gün həyatınızı yazacaq bəxtəvər bir türk gənci, yaxud da şəxsiyyətinizi canlandıracaq bir türk sənətkarı ömrünüzün hər dövrünü qavrayıb anladıqca, «Nə xoşbəxtəm ki, bu yaşamağa dəyər səhifələri canlandırıram» deyə sevinəcəkdir». Bax, bu səhifələri canlandırdığınız üçün sizə təşəkkür edirik.
XS
SM
MD
LG