Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:09

İstirahət hüququn pozulur? 102-yə zəng et


Bakıda binalar tikiləndə də, söküləndə də səs-küyü ətrafdakıları narahat edir
Bakıda binalar tikiləndə də, söküləndə də səs-küyü ətrafdakıları narahat edir
Azərbaycan vətəndaşlarının istirahət hüququnun təmini üçün yetərli şərait varmı? İstirahət hüququ necə və haralarda pozulur, pozulanda nələr etmək olar, kimə müraciət edib, hüququ necə bərpa eləmək olar?

Bütün bu suallara “İnternyus-Azərbaycan” və AzadlıqRadiosunun birgə layihəsində- “Hər kəsin haqqı var” verilişində “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılovun, Daxili İşlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və qəhrəmanlarımızın yardımıyla cavab axtarırıq.

"İSTİRAHƏT HÜUQUYLA BAĞLI QANUNLAR VAR, AMMA RİAYƏT EDİLMİR"

"Hər kəsin haqqı var" verilinin qonağı vəkil Aslan İsmayllov deyir ki, hər bir sahədə olduğu kimi istirahət, ekoloji təmizliklə bağlı sferada da Azərbaycan qanunları beynəlxalq standartlara uyğundur:

Hüquqşünas Aslan İsmayılov
“Əgər qanunlara riayət edilsə, Azərbaycanda istirahət haqlarının pozulması ilə müraciət edənlərin sayı sıfıra bərabər olar. Konstitusiyada, qanunlarımızda istirahət hüququ, ekoloji təhlükəsizlik, sağlam ətraf mühitdə yaşamaq hüquqlarımız var. Sadəcə qanunlarda nəzərdə tutulmuş bu normalara heç yerdə əməl olunmur.


MİSAL 1
TİKİNTİLƏR İSTİRAHƏT HÜQUQUNU POZURSA...

Bir vaxtlar Bakı şəhər meriyası məhz vətəndaşların istirahət hüququnun pozacağını əsas gətirib, müxalifəti şəhərin mərkəzində aksiya keçirməyə icazə vermirdi. Amma bu gün hətta gecələr də aparılan tikintilər, yük maşınlarının səsi və başqa səs-küylə də bu hüququ pozulur.
Bakının lap mərkəzində, Ü. Hacıbəyov küçəsində bu səs-küylər səhər tezdən başlayır və axşama qədər davam edir. Hətta, bəzən yaxınlıqdakı tikintilərdə də gecələr də səs-küylü işlər (məsələn, dirəklərin vurulması, yüklərin boşaldıması) davam edir.

Bütün bu işlərin təmir və abadlığa xidmət etdiyi bildirilsə adamlar səs-küydən, həm də toz-torpaqdan narazıdırlar:
- “İstirahət hüququmuz pozulur, başqa heç yerə gedə bilmirik bura bizim iş yerimizdir, elə məcburuq belə də işimizi davam etdirək”.
- “Gecələr tikintinin səs-küyündən yata bilmirik, amma neyləyək, başqa yerə köçə bilmərik ki...”

Burada təmir-tikinti işlərini aparanlar ətrafda yaşayanların rahatlığını pozduqlarını bilirlər, amma deyirlər işi necəsə görməlidirlər:
- “Biz üzrxahlıq edirik, amma adamlarda bizi başa düşməlidir ki, biz onlar üçün çalışırıq. Prezidentimiz bu yoldan keçib gedir məcburuq ki, bunu təmir edək ki, binalar yaxşı görünsün”.

"TƏMİRİ UZADIRLAR Kİ, YEYİNTİ ÇOX OLSUN"

Aslan İsmayılov hazırda bu cür halların onun öz iş yerində də müşahidə etdiyini deyir. Onun sözlərin görə, Nizami küçəsində yerləşən ofis binasında apreldən etibarən təmir aparılır:
Bakı şəhərindəki Montin parkı 2008-ci ildə təmirə bağlanmışdı


“Maşınlarla qum, çınqıl, sement tökülüb qalıb ortalıqda, əhali qumu ayağı ilə küçəyə dağıdır. Şikayət edirəm, iş icraçıları az qala mənə minnət qoyurlar ki, binanızı təmir edirik. Amma onlar bilməlidirlər ki, bizim binanı öz dədələrinin pulu ilə yox, vətəndaşların ödədiyi vergini hesabına təmir edirlər, vəsaitin də yarısını mənimsəyirlər. Müraciət edirəm, fikir vermirlər, təmiri uzadırlar. Çünki təmir işləri nə qədər uzansa, yeyinti işləri bir o qədər çox olur”.


"SƏS-KÜYLƏ BAĞLI PREZİDENTİN FƏRMANINI DA VECLƏRİNƏ ALMIRLAR"

Aslan İsmayılov bildirir ki, səs-küylə bağlı xüsusi normalar mövcuddur. Bu normalar bir neçə ay əvvəl prezident fərmanı ilə təsdiqlənib. Amma riayət edən yoxdur.

“Əhaliyə qarşı sayğısız davranırlar. Bir firma küçəyə daş töküb yolu kəsir. İş icraçıları əhalinin yol keçmək, dincəlmək haqqını tanımalıdır, texniki təhlükəsizlik qaydalarına riayət edilməlidir. Amma bunların heç biri olmur. Təəccüblüsü odur ki, əhali tərəfindən bu haqda dövlət orqanlarına müraciət edəni yoxdur”.

İSTİRAHƏT HÜQUQU POZULANLARA POLİS MƏSƏLƏHƏTİ

Daxili İşlər Nazirliyindən Ehsan Zahidov bildirir ki, kiminsə istirahət hüququ pozulanda bu haqda 102 nömrəli telefona zəng edib xəbər verməlidir. Sonra şikayətlə bağlı araşdırma aparılır, ölçü götürülür, onun nəticəsi barədə həmin adama məlumat verilir.Amma Ehsan Zahidov onu da deyir ki, vətəndaşlardan istirahət hüququnun pozulması və ya səs-küylə bağlı şikayətlər demək olar ki, olmur.

İstirahət hüuqu pozulan 102-ni yığıb, polisə şikayət eləsin, ölçü götürək...


Vəkil Aslan İsmayılovsa deyir ki, polisin hansısa tikinti işini dayandırmaq imkanı yoxdur. Ona görə də bu sahədə polisə şikayət etmək faydasızdır. Bununla bağlı məhkəməyə müraciət etmək haqqı var.

MİSAL 2
OLAN İSTİRAHƏT YERLƏRİ DƏ YOXA ÇIXIRSA...

Tikintilər bir yana qalsın, əvvəllər mövcud olan istirahət imkanları da sakinlərin əlindən çıxmaqdadır. Söhbət həyətlərdəki uşaq meydançalarından, həyətlərarası parklardan gedir.

Bakı sakini Mürsəl belə istirahət yerlərinin yox dərəcədə olduğundan şikayətlənir:
- “İtalyanskiy dvorik deyirdilər, besedkalar var idi. O tipli istirahət yerləri demək olar yoxdur. Həmin yerlərdə ya qarajlar, ya supermarketlər tikilib. Ya da binalar o qədər sıxdır ki, nəinki böyüklər, heç uşaqların da dincəlməsinə yer yoxdur. Hətta oturmağa da bir yer yoxdur. İndi Bakı əhalisinin kütləvi şəkildə dincəlməsi çətin olur Ancaq qalır bulvar və Torqovi.”

İCRA HAKİMİYYƏT DEYİR "NORMATİV YOXDUR"

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Nuranə Mərdanova bildirir ki, həyətlərdə istirahət üçün ərazi ayrılması haqqında əvvəllər normativ olub. İndi isə belə bir normativin olub-olmadığından xəbəri yoxdur. Deyir ki 3 ilə yaxındır bu işlərlə Dövlət şəhərsalma və memarlıq idarəsi məşğul olur:
- “Normativ var idi. 100 faiz var idi Amma indi bizdə 2 ildə çoxdur komitə yaradılıb, xəbərimiz yoxdur”.

Şəhər İnkişafı mərkəzinin rəhbəri Fuad Cəfərli isə deyir ki, "heç həmin idarənin – Şəhərsalma Komitəsinin də əlində səlahiyyət yoxdur. Çünki, bu məsələni tənzimləyəcək qanunlar qəbul edilməyib".

CƏZASIZLIQ ÜZÜNDƏN MƏMURLAR BİLİR Kİ, "HƏR ŞEYİ SATMAQ OLAR"

Vəkil Aslan İsmayılov isə məmurların özlərini də qanunlardan bixəbər olmaqda günahlandırır. Onun sözlərinə görə, “Ətraf mühitin mühafisəzi haqqında” qanunun 43-cü maddəsində şəhərsalma və başqa yaşayış məntəqlərinin tikintisi üçün ekoloji tələblər qoyulub. Burda göstərilir ki, belə məntəqələrin layihələşdirilməsi və tikintisində məişət tullantılarının yığılması, emalı, istifadəsi və basdırılması həyata keçirilməlidir. Təbiətdən istifadə etmək qaydalarına gəlincə, qanun meşə, park, yaşıllıq zonalarının yaradılmasını da tələb edir”.

Aslan İsmayılovun fikrincə, “Əvvəllər məmurlar bilirdilər ki, parkı satmaq olmaz, uşaqların istirahət zonasını ləğv etmək olmaz. Son illərdəki cəzasızlıq mühitində məmurlar başa düşdülər ki hər şeyi satmaq olar. Sabah Azadlıq meydanında da böyük bir tikili qaldırsalar, təəccüblənmərəm”.

İCTİMAİ QINAQ OLMAYAN YERDƏ BELƏ OLUR

Aslan İsmayılov əmindir ki, məsələnin həlli üçün ən əsas vətəndaş təpkisi, ictimai qınaq olmalıdır. Yoxsa belə məmələkətdə məmur heç vaxt yaxşı işləməyəcək:
- “Əgər Skandinaviya ölkəsində də xalq səsini çıxarmayan, gözü qırpıq, başı aşağı olsa, ordakı məmurlar da bizimkilərin törətdiyi özbaşınalıqları edəcəklər”.

Sənin istirahət hüququn pozulurmu? Pozulanda nə edirsən və faydası olubmu? Təcrübəni paylaşmaq üçün şərhini yaz ►

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG