Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:31

«İnzibati icraat haqqında» qanun niyə qüvvəyə minmir?


Hüquqşünas deyir ki, qanun işləyəndən sonra inzibati sahədə baş verən bütün mübahisələrə inzibati məhkəmələrdə baxılacaq
Hüquqşünas deyir ki, qanun işləyəndən sonra inzibati sahədə baş verən bütün mübahisələrə inzibati məhkəmələrdə baxılacaq
Korrupsiya ilə mübarizə proqramının da tərkib hissəsi olan və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan «İnzibati icraat haqqında» qanun 2005-ci ildə qəbul olunub. Amma bu qanun hələ də qüvvəyə minməyib.

Hüquq sistemində islahat kimi qələmə verilən bu qanunvericilik aktları niyə gecikir?

Bu qanunlar qəbul olunarsa, Azərbaycan vətəndaşlarının hansı imkanları yaranacaq?

AzadlıqRadiosu və «İnternyus-Azərbaycan»ın birgə layihəsi «Hər kəsin haqqı var»ın bu həftəki mövzusu «İnzibati icraat haqqında» qanun, İnzibati İcraat Məcəlləsi və inzibati məhkəmələrdir.

«ŞİKAYƏTİMİZƏ BAXAN YOXDUR»

Bakının Yasamal rayonu, Zivər Əhmədbəyov küçəsi 63 ünvanında yaşayan ailələr qonşuluqdakı tikinti işlərinə görə çətin vəziyyətə düşdüklərini deyirlər. Sakinlər bildirirlər ki, evlərinin düz arxasında çoxmərtəbəli binanın tikintisinə başlandığından ağır texnikanın yaratdığı səs-küydən otura bilmirlər. Hətta iddia edirlər ki, tikinti işləri başlanandan sonra evlərinin divarlarında çat əmələ gəlib. Müxtəlif ünvanlara etdikləri müraciətlərə isə hələ ki cavab verən olmayıb:

ARAYIŞ
  • «İnzibati icraat haqqında» qanun 2005-ci il oktyabrın 21-də prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Qanunun tətbiqi zamanı yaranan mübahisələri tənzimləyən İnzibati Prosessual Məcəllə qəbul edilmədiyindən qanun qüvvəyə minməyib.
«Bizi narahat edirlər, neçə illərdir həmin ərazini alıblar. Milli Məclisə də şikayət etmişik, ancaq şikayətimizə baxan yoxdur. Evimizin arxasında gecə-gündüz maşınlar, traktorlar işləyir, evdə oturmaq olmur».

BAKI SAKİNLƏRİNİN DƏRDİNƏ ƏLAC «İNZİBATI İCRAAT HAQQINDA QANUN»DUR, AMMA...

Yasamal sakinlərinin bu şikayətləri cavabsızdır. «İnzibati icraat haqqında» qanunun icrasına başlanandan sonra isə bu kimi şikayətlər cavabsız qalmayacaq.

Təxminən 4 il əvvəl qəbul edilən «İnzibati icraat haqqında» qanunda nəzərdə tutulan inzibati mübahisələrə məhkəmədə baxılmasının, həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edəcək İnzibati Prosessual Məcəllə qüvvəyə minməyib. Bu qanun vəzifəli şəxsin məhz vətəndaşa xidmət etməli olduğunu, üstəlik, hər hansı qərar verərkən yalnız qanuna söykənməli olduğunu nəzərdə tutur.

Hüquqşünaslar hesab edirlər ki, bu qanun vətəndaşların dövlət orqanlarının qanunsuz qərar və hərəkətlərindən müdafiə imkanını genişləndirəcək. Amma qanunun səmərəliliyini artırmaq üçün təkcə məcəllənin qəbulu bəs etmir. Bunun üçün bir sıra texniki-təşkilati xarakterli məsələlər həll olunmalıdır. Məsələn, inzibati məhkəmələr yaradılmalı, onlara hakimlər təyin olunmalıdır.

«MƏHKƏMƏ MÜSTƏQİL OLARSA, VƏTƏNDAŞLARIN HAVA ALMAQ HÜQUQU DA QALDIRILA BİLƏR»

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, indi rayon məhkəmələri cinayətdən tutmuş boşanmaya qədər bütün məsələlərə baxır və bu baxımdan da onların prosesi daha yaxından bilməsi indiki məhkəmə sistemində mümkün deyil. İnzibati icraatda bu məsələlərin daha konkret olacağını deyən hüquqşünasa görə, yenə də hər şey məhkəmə müstəqilliyindən asılı olacaq:

«Amma qaldı ki, kiminsə evinin yanında yüksək mərtəbəli binanın məhkəmə qərarıyla sökdürülməsi və ya bina tikilməsi qərarını verənlərin təzminat-kompensasiya ödəməsi məsələsinə, bu, məhkəmə müstəqilliyi ilə bağlı məsələdir. Məhkəmə müstəqil deyilsə, elə bir qərar verməyə qorxacaq. Məhkəmə müstəqil olarsa, onda vətəndaşın hava almaq hüququ da, nə bilim binalararası məsafəyə görə yanlış qərar verənlərin məsuliyyətə cəlb olunması məsələsi də qaldırıla bilər. Misal üçün Fransada, İtaliyada idarə hüquq məhkəmələri var ki, onlar inzibati məsələlərə baxırlar. Onlar hətta Nazirlər Kabinetinin qərarlarını zaman-zaman dayandırır və ya ləğv edirlər».

Ələsgər Məmmədliyə görə, indi qanunverici, məhkəmə hakimiyyəti orqanı və ya Vəkillər Kollegiyasına qarşı iddialar demək olar ki, qəbul edilmir:

«Amma inzibati icraat haqqında» qanuna görə, bu, konkret olmalıdır. Çünki Konstitusiyanın 60-cı maddəsi hakimiyyətin üç qolunun hərəkət və hərəkətsizliyindən vətəndaşın məhkəməyə müraciət etmək hüququnu tanıyır».

«İNZİBATİ İCRAAT HAQQINDA» QANUN BU SAHƏDƏ KORRUPSİYANIN QARŞISINI ALMAQ İQTİDARINDADIR»

Bakıdakı 4 saylı hüquq məsləhətxanasının vəkili Elçin Usubov isə deyir ki, «İnzibati icraat haqqında» qanunun qüvvəyə minməsi köklü inzibati hüquq islahatlarını nəzərdə tutur. Hüquqşünasın dediyinə görə, qanun işləyəndən sonra inzibati sahədə baş verən bütün mübahisələrə inzibati məhkəmələrdə baxılacaq: «Vətəndaşın bu sahədə hüququ pozularsa, məsələn, tikintiyə başlamaq üçün icazə almasında və ya ictimai iaşə müəssisə açmaq üçün icazə almasında müvafiq səlahiyyətli dövlət orqanları ilə mübahisəsi yaranarsa, bu münasibətlərin şərti adla desək inzibati məhkəmələr tərəfindən həll olunması nəzərdə tutulur. Bu qanun qüvvəyə minəndən sonra vətəndaşların qanunsuz elan olunaraq evlərinin sökülməsi, bunun qarşılığında onlara kompensasiya verilib-verilməməsi kimi məsələlərə də birbaşa inzibati məhkəmələrdə baxılacaq».

Elçin Usubov qeyd edir ki, «İnzibati icraat haqqında» qanunun hazırda işlək olmamasına səbəb təkcə İnzibati Prosessual Məcəllənin qüvvəyə minməməsi deyil:

«Hətta bu qanun dərhal qüvvəyə minsəydi belə, bu istiqamətdə yaranan mübahisələri bu qanunun ruhuna uyğun, müəyyənləşmiş prinsiplər əsasında həll etmək iqtidarında olan məhkəmələr olmadan bu islahat sadəcə natamam olardı»

Elçin Usubov hesab edir ki, «İnzibati icraat haqqında» qanunda bu sahədə korrupsiyanın qarşısını almaq üçün də kifayət qədər müddəalar var:

«Qanun olduğu kimi tətbiq olunacaqsa, dövlət orqanları ilə təmasda olan şəxslər, vətəndaşlar üçün həddən artıq imkanlar yaranacaq. Amma bütün bunların məhkəmələr tərəfindən necə tətbiq olunacağını gözləmək lazımdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG