Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:26

«Küçədəyəm, «zato» pul qazanıram»


Ayla yeməyini rus kilsəsində yeyir, aradabir pullu hamamda çimir
Ayla yeməyini rus kilsəsində yeyir, aradabir pullu hamamda çimir
9 yaşlı Ayla məktəbə getmir, bəzən heç evdə də gecələmir. Hər gün Xarici İşlər Nazirliyinin qarşısındakı maşınlara xidmət etməklə gündə 20 manat qazanır. Bu pulu yığmasa, evə getmir. «Küçədəyəm, «zato» pul qazanıram»-deyən Ayla yeməyini rus kilsəsində yeyir, aradabir pullu hamamda çimir. Deyir ki, anası onun üçün meyvə almır, pulları ancaq özü üçün dönər almağa sərf edir.

UŞAĞIN MÜDAFİƏSİ İLƏ DÖVLƏT MARAQLANMALIDIR

«Hər kəsin haqqı var» proqramının qonağı olan Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov deyir ki, Bakıda bu cür halların sayı az deyil:

«Düzdür, 5 il əvvələ nisbətən belə uşaqların sayı azdır. Amma hələ də var və bunu etiraf etmək lazımdır. Burda ailə ilə yanaşı dövlət qurumlarının da günahı var. Əgər ailə başçısı onları atıb gedibsə, uşağın müdafiəsi ilə dövlət maraqlanmalıdır. BMT-nin Uşaq Hüquqları Konvensiyasına görə, uşaq hüquqlarının müdafiəsi və təminatı birbaşa dövlətin məsuliyyətidir».

Ombudsman Elmira Süleymanova deyir ki, Azərbaycanda uşaq hüquqlarının kütləvi şəkildə pozuntusu əsasən qaçqınlarla əlaqədardır:
Ombudsman deyir ki, uşaq hüquqlarının kütləvi şəkildə pozuntusu əsasən qaçqınlarla əlaqədardır


«Bundan sonra yoxsulluq, uşaqlara qarşı zorakılıq, uşaq alveri, uşaq əmiyindən istifadə edilməsi kimi problemləri saymaq olar. Demək olmaz ki, belə hallar kütləvi şəkildə baş verir. Lakin bu sahəyə hələ də çox böyük diqqət lazımdır».

Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova da hesab edir ki, Azərbaycanda hələ də uşaq problemləri ilə bağlı çox vacib məsələlər qalır:

«Hazırda ölkədə 3144 əlilliyi olan uşaq, 6670 himayədarlıq əsasında ailələrdə tərbiyə alan uşaqlar var. Dağlıq Qarabağ münaqişəsi nəticəsində və digər ölkələrdən Azərbaycana qaçqın kimi gələn insanların arasında uşaqların sayı 35 faiz təşkil edir».

«MEXANİZMLƏR ÇOX KÖHNƏLİB»

Nabil Seyidov deyir ki, Azərbaycanda 3 milyon uşağın problemlərini Qarabağ münaqişəsinə bağlamağın vaxtı keçib:

«Sadəcə Azərbaycanda uşaqların hüquqlarının müdafiəsinin təminatı üçün mexanizmlər çox köhnəlib».

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi mexanizmlərindən biri də ailələrə sosial müavinətlərin verilməsidir. Lakin Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda bu müavinətin məbləği çox azdır.

İsveçdə 16 yaşına qədər bütün uşaqların səhiyyə xərcləri dövlətin üzərində olur. İsveçdə yaşayan azərbaycanlı rejissor Rahim Sadıqbəyli deyir ki, uşaqlar üçün ödənilən müavinət onların aylıq təminatına bəs edir, hələ artığı da qalır.

Fransada yaşayan azərbaycanlı müəllimə Mehri Müqəddəm isə övladı üçün hələ o anadan olmazdan əvvəl 800 avro yardım alıb. Uşaq doğulandan sonra da 3 yaşına qədər hər ay təxminən 202 avro ödənilir. Və ananın, atanın işləyib-işləməməsindən asılı olaraq bu məbləğdə artımlar olur. M.Müqəddəm deyir ki, xeyli ailələr elə 3-4 uşağı üçün aldıqları müavinətlərin hesabına işləmədən də dolana bilirlər.

Azərbaycanda da uşağı olan ailələrlə birdəfəlik müavinət verilir. Amma yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq bu məbləğ cəmi 50 manat təşkil edir. Özü də uşağın böyüməsinə hökumətin göstərdiyi yardım elə bununla da bitir. Çünki əvvəllər hər uşaq üçün ailəyə ödənilən 1 manat 80 qəpiklik yardım 2006-cı ilin yanvarın 1-dən etibarən ləğv olundu və aztəminatlı ailələrə ünvanlı sosial yardım verilməyə başladı.

Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Natiq Məmmədov uşaqlara görə verilən məbləğin o qədər də az olduğunu hesab etmir:

«Son 2 ildə bu məbləğ 4,5 dəfə artıb müxtəlif həddə çatıb. Elə ailələr var ki, çoxuşaqlı ailədir, amma maddi vəziyyəti normaldır. Onlara nəyə görə verək axı bu pulu?»

«Hər kəsin haqqı var» verilişinin qonağı olan Nabil Seyidov deyir ki, əslində Azərbaycanda da uşaqların hüquqlarının müdafiəsi üçün yaxşı qanunlar var. Problem yalnız onların tətbiqi ilə bağlıdır:

«Mövcud mexanizmlər işləmir, yenisi ilə tam qurulmayıb. Bunun ucbatından da Azərbaycanda problemlər tam həll olunmur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG