Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:17

«Hakimlərin cəzalandırılması müsbət hadisədir»


Aslan İsmayılov
Aslan İsmayılov
«Mən gedirəm prezidentin qəbuluna. Nə lazımdır orada deyəcəm. Mənim artıq məhkəməyə ümidim qalmayıb».

Bu, Astara rayon sakini Allahverdi Xəyalovun dedikləridir. Ümumiyyətlə isə «Azadlıq» radiosuna Azərbaycan məhkəmələrindən narazılıq edənlər çoxdur.

9 HAKİM İNTİZAM MƏSULİYYƏTİNƏ CƏLB EDİLİB

Ədliyyə naziri Fikrət Məmmədov isə Məhkəmə Hüquq Şurasının son iclasında bildirib ki, korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 9 hakim intizam məsuliyyətinə cəlb edilib. Şuradan ANS PRESS-ə verilən məlumatda bildirilir ki, iclasda bu sahədə Baş Prokurorluqla əlaqəli fəaliyyət üzrə tədbirlər də müzakirə edilib. Fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər nöqsanlara görə, Bakının Yasamal rayon Məhkəməsinin hakimi Tahir İsmayılova, Səbail rayon Məhkəməsinin hakimi Fuad Hüseynova, Şirvan Yerli İqtisad Məhkəməsinin hakimi Elxan Əmirəliyevə töhmət verilib. Yasamal rayon Məhkəməsinin hakimi Abbas Rzayevə isə irad tutulub. Qanunvericiliyin tələblərini pozduğuna görə, 1 hakim barədə intizam icraatı başlanılıb.

«HAKİMLƏRİN CƏZALANDIRILMASI MÜSBƏT HADİSƏDİR»

Vəkil Aslan İsmayılov deyir ki, hər bir halda hakimlərin cəzalandırılması müsbət hadisədir. Çünki əvvəllər hakimlərə qarşı münasibətdə bir cəzasızlıq mühiti var idi. İndi əgər hakim irad, töhmət formasında cəzalandırılırsa deməli, növbəti nöqsana yol verdikdə onun geri çağırılması məsələsi qoyulacaq. Artıq hakim özü də bunu anlayır:

«Hakimin geri çağırılması üçün əvvəl o intizam qaydasında cəzalandırılmalıdır. Bu baxımdan hakimə töhmət verilməsi, irad tutulması o deməkdir ki, artıq gələn dəfə nöqsana yol verdikdə geri çağırılacaq. Çünki hakim intizam qaydasında cəzalandırılmadan onun geri çağırılması mümkün deyil».

Arzu Abdullayeva
İnsan hüquqları müdafiəçisi Arzu Abdullayeva isə hesab edir ki, hüquq-mühafizə sisteminə aid olan digər orqanlarla müqayisədə Ədliyyə Nazirliyi daha çox islahatlara meylli qurumdur. Onun başçısının hakimlərin cəzalandırılması məsələsinə diqqət çəkməsi özü də təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Ancaq hüquq müdafiəçisinin sözlərinə görə, ümumilikdə bu sistemdə korrupsiya halları daha çox baş verir. Azərbaycanda hakimlərin fəaliyyəti, korrupsiya halları o həddə gəlib çatıb ki, hansısa məhkəmə ədalətli qərar çıxaranda hamı buna təəccüblənir:

«Tamamilə bəlli və qəbul olunmuş, xalqın təfəkkürünü formalaşdıran adi bir fikir var ki, əgər məhkəməyə düşürsənsə əlin cibində olsun».

Arzu Abdullayeva hesab edir ki, hakimlərin öz fəaliyyətlərini ədalət üzərində, qanuna əsaslanaraq qurması üçün dövlət proqramı və hökumətin istəyi olmalıdır. Əks təqdirdə mübarizə ciddi nəticə verməyəcək.

«KORRUPSİYA AYRI-AYRI ADAMLARIN NƏFSİ MƏSƏLƏSİ YOX, BİR SİSTEM HALIDIR»


Hüquqşünas Erkin Qədirliyə görə isə, korrupsiya ayrı-ayrı adamların nəfsi məsələsi yox, bir sistem halıdır. Ona görə də ayrı-ayrı adamların cəzalandırılması ilə korrupsiya problemini həll etmək mümkün deyil. Məhkəmə də bir sistemdir və onu bütövlükdə möhkəmləndirmək lazımdır.

Erkin Qədirli deyir ki, ayrı–ayrı hakimlərin cəzalandırılması o halda fayda verir ki, sistem özü ədalətli olur və dürüst çalışır. Ancaq Azərbaycanda hələ ki, bu belə deyil.
XS
SM
MD
LG