Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:27

«Məndən Heydər Əliyevin minnətdarlığının əvəzini çıxırlar»


«Azərbaycanda haqqında cinayət işi açılan və ilk döyülən jurnalist mən olmuşam»
«Azərbaycanda haqqında cinayət işi açılan və ilk döyülən jurnalist mən olmuşam»
İyunun 30-da Abşeron rayon məhkəməsində «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun vəkillərinin son çıxışı olacaq və hökm oxunacaq. Dövlət ittihamçısı jurnalistə üç il şərti cəza istəyib. M.İsmayıloğluna qarşı cinayət işi onun bağ evinin qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Məhkəmə prosesi bir ildən çoxdur davam edir.

-Sizi niyə məhkəməyə veriblər?

-Guya ki, qonşunun küçəyə zibil atan qulluqçusunu döymüşəm. Axı mən niyə qonşunun qulluqçusunu döyməli idim. Əgər dalaşmaq idisə ev sahibiylə dalaşardım, qulluqçu ilə nə işim vardı.

-Vaxtilə Prezidentin İcra Aparatının orqanı olan «Xalq qəzeti»nin baş redaktoru olmağınız sizə kömək etmədimi?

-Xeyr. Mən sizə bir şeyi xatırladım. Azərbaycanda haqqında cinayət işi açılan və ilk döyülən jurnalist mən olmuşam.

O vaxtlar Heydər Əliyev Naxçıvandan mənə zəng edib deyirdi, möhkəm ol, axıracan dayan. 1995-ci ildə Heydər Əliyev çıxışlarının birində dedi ki, mənim həyatımın ən ağır günlərində iki insan mənə təmənnasız və heç bir şeylə müqayisə olunmayan köməklik göstərib - onun biri Əjdər Xanbabayevdi onu qətlə yetirdilər, ikincisi isə Mahal İsmayıloğludur. İndi mənə qarşı törədilənlərin hamısını Heydər Əliyevin mənə o vaxtkı minnətdarlığının əvəzi sayıram.

-Bu əvəzi sizdən kim çıxır?


-Ondan sonrakılar.

-Konkret bilirsinizmi kimlər?


-Təbii bu işin quramasının başında mənim elə «Xalq qəzeti»ndən işdən getməyimin səbəbkarı Ramiz Mehdiyev dayanır, sifariş də ondan gəlib. Bəlkə prezidentin nə baş verdiyindən obyektiv şəkildə xəbəri yoxdur.

-Bəs, iqtidar qəzetinə necə rəhbərlik edirdiniz?

- Mən açığını deyim jurnalist işləyə bilmədim. Çox çalışdım ki, iqtidar qəzetlərində mövcud olan o, heç bir müqayisəyə gəlməyən standartı sındıra bilmədim. Başdan ayağa stenoqram çap eləmək, bayağı bir qəzet buraxmaq mənim təbiətimə tamam zidd idi. Bir Allah şahiddir, mən sona qədər mübarizə apardım ki, belə qəzet buraxmaq olmaz. Sonra gördüm ki, bu cür işləmək mümkün deyil. Gördüm bu jurnalist adına yaraşan iş deyil və ona görə də çıxdım getdim.
İndi «Yeni Müsavat» qəzetində yazdığım bir köşə yazısından aldığım həzzi «Xalq qəzeti»ndə illər boyu işlədiyim müddətdə ala bilmirdim.

-Amma o vaxt yəqin ki, «Xalq qəzeti»ndə işləyəndə indikindən imkanlarınız qat-qat yaxşı idi?

-Xeyr əzizim, səmimi deyim ki, mən qəzetdə 6 il yarım işlədim. Kiməsə elə gələ bilərdi ki, 6 il yadım işləmək həyati təminat yaradır. Amma mən işdən çıxanda vur-tut cibimdə 140 «şirvan» pulum var idi.

-Bəs o qəzetə sizi bağlayan hansı qüvvə idi?

-Hər-halda mən qəzetçi idim. Mən 1995-ci ildə gedəndə hadisələrin qaynar vaxtı idi, ölkə təlatümdən yeni çıxırdı. Mən elə bilirdim ki, nəyisə eləmək üçün imkanlar yaranır, artıq bir yeni dövrə, yeni həyata qədəm qoyuruq…

-Mahal müəllim, peşman deyilsiniz ki, Heydər Əliyevə və ya hakimiyyətə etdiyiniz xidmətlərə görə?

-Peşman demək azdır. Mən o illəri həyatımın itirilmiş illəri sayıram. «Aydınlıq» qəzetindən sonra 6 il yarım çərçivəyə girib yaşamaq böyük əzab idi.

Mən Heydər Əliyevə üç dəfə müraciət elədim. Mən çox qısa bir müddətdən sonra başa düşdüm ki, mən tamamilə səhv eləmişəm və heç nəyi də dəyişmək gücündə deyiləm. Əliyev məni başqa işlə təmin edəcəyini dedi və qalmağımı məsləhət gördü. Sonuncu dəfə 2002-ci ildə gördüm mümkün deyil və ərzəmi yazıb çıxdım.

-Bəs Heydər Əliyev sizə hər hansı bir vəzifə təklif etmişdimi?

-Etmişdi, amma hər dəfə Ramiz Mehdiyev baryerini keçə bilmirdim.

-Sirr deyilsə Heydər Əliyev sizə hansı vəzifəni təklif etmişdi?

-Vallah o mənə həmişə qəribə suallar verirdi. Deyirdi misal üçün kompyuter haqqında bildiklərini mənə yaz. Mən də yazıb göndərirdim. Konkret demirdi gəl səni o sahəyə keçirim.

-Demək sizi rabitə naziri qoymaq istəyirmiş?

-Yox, konkret demirdi. Amma mən bilirdim onun müəyyən niyyətləri var. Bir dəfə də şöbə müdiri olmağımı istədi, onda da Ramiz Mehdiyev baryerini keçə bilmədim. Bir də sözün düzü mənim Prezident Aparatında işləmək həvəsim yox idi. Bilirdim ki hansı tərəfə dönsən çərçivəyə dirənirsən. Oradan kənarda iş arzulayırdım, o da alınmadı.

-Üzləşdiyiniz problemlərlə bağlı İlham Əliyevə müraciət etmişdiniz?

-Xeyr. İlham Əliyev özü də gözəl bilir ki, 90-cı illərin əvvəllərində mən «Aydınlıq» qəzetində o vaxt təqiblərə məruz qalan Heydər Əliyevi heç bir umacağı olmadan müdafiə etmişəm. Bunu bir jurnalist borcu saymışam. Ən azından bunların hamısından onun xəbəri var. Bu məsələlərdən xəbərdar ola-ola mən ona nə müraciət edim, ondan nə istəməliyəm?

Siz təsəvvür edirsiniz, mən «Aydınlıq» qəzetində işləyəndə elə olurdu ki, H.Əliyev gündə mənə üç-dörd dəfə Naxçıvandan zəng edirdi. Ölkədə baş verən hadisə və prosesləri öyrənirdi və bu da onun ətrafında olan adamların gözünün qarşısında baş verib.

-Mahal müəllim, indi işləriniz necədir?

- Xəstəyəm durumum çox pisdir. Ürəyimdən təkrar cərrahiyə əməliyyatı olunmalıyam. Amma ölkədən çıxmağıma qadağa qoyublar. Hətta beynəlxalq təşkilatlar mənim əməliyyat olunmağıma kömək etmək istəsələr də, ölkədən çıxmağıma qadağa qoyulub.

-İndi yazmırsınız, bəs necə dolanırsınız?

-Ancaq ikinci qrup əlil kimi aldığım pensiya ilə yaşayıram. Kommunal xərclər də imkan vermir ki, o pulu elementar dolanışığa sərf edib.

-Nə qədər pensiya alırsınız?

-270 manat.

-Ailədə neçə nəfərsiz?

-Beş nəfər.

-İndi hakimiyyətdə lap yaxın dostlarınız varmı?

-Vaxtilə yaxın olduğum dostlarım var, onlar nəyinki heç zəng eləmirlər, hətta neçə dəfə xəstəxanaya düşdüm, əməliyyat olundum, heç onda arayıb-axtaran olmadı. Məni ən çox təəccübləndirən o idi ki, bizim Heydər Əliyevlə olan şəxsi münasibətlərimizi bütün incəliklərinə kimi bilənlərdən biri də məhz onun oğlu İlham Əliyev idi. Amma o bilə-bilə Ramiz Mehdiyev və öz şəxsi prinsiplərini güdən adamların mənə qarşı belə ucuz kampaniya qurulmasına imkan verdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG