Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

«İstəyirsən məhkəmə təyyarədə keçirilsin, onun ədalətə nə dəxli var?»


Ali Məhkəmənin yeni binası
Ali Məhkəmənin yeni binası
«Ali Məhkəmənin yeni binası ən müasir avadanlıqlarla təmin edilib. Həmin texnologiyaların tətbiqi, audio və video təchizat mühakimə olunanların iclas zalına gətirilmədən, izolyatordan birbaşa dindirilməsinə imkan verir. İstənilən məhkəmə prosesi onlayn rejimdə KİV nümayəndələrinə və aidiyyatı qurumlara təqdim edilə bilər».

Bu, Ali Məhkəmənin yeni binasının açılışı ilə bağlı rəsmi dövlət agentliyi olan AzərTAc-ın məlumatıdır.

Bu kimi müasir avadanlıqlara rəğmən hələ ki, Ali Məhkəmənin telefon sistemi tam qurulub başa çatdırılmayıb. Ali Məhkəmə əməkdaşlarının «Azadlıq» radiosuna dediyinə görə, bu səbəbdən hələ məhkəmə əməkdaşları mobil telefonlarla danışırlar.

Bu öz yerində. Bəs Ali Məhkəmənin yeni binaya köçməsi məhkəmə sistemində müsbətə doğru hansısa dəyişikliklərə səbəb olacaqmı?

Paytaxt Bakıda söhbətləşdiyim adamlar hesab edir ki, məhkəmələrin mahiyyəti onun inzibati binasıyla yox, çıxardığı qərar və hökmlərlə ölçülür. Həmsöhbətlərimə görə, məhkəmə uçuq bir daxmada, aşıq hava altında da keçrilə bilər, əsas odur ki, həmin məhkəmənin çıxaracağı qərar, hökm ədalətli olsun:

- Necə hesab edirsiz, Ali Məhkəmənin yeni bina ilə təmin olunması məhkəmə sistemində hansısa dəyişikliklərə səbəb ola biləcəkmi?
- Vallah inanmıram. Özün bilmirsən bura Azərbaycandır.
- Belə inamsızlıqlar nə ilə bağlıdır?
- İnamsızlıq deyəndə ki, biz həmişə belə görmüşük. Necə olub elə də olacaq, bəlkə o yeni bina ilə bağlı vəziyyət daha da pisləşəcək.
- Yox mən də hesab edirəm ki, yeni bina məhkəmə sisteminə təsir etməyəcək. O qədər yeni bina tikilib, Bakıda, ölkədə nə dəyişib ki?
- İstəyirsən məhkəmə təyyarədə keçirilsin, onun ədalətə nə dəxli var? Məhkəmə harda olursa-olsun ədalətli qərar qəbul eləməlidir.

«Tolerantlıq» Araşdırmalar Birliyinin rəhbəri Azər Rəşidoğluna görə, məhkəmələrin yeni binalarla təmin olunması müsbət haldır, amma bundan da əsas ədalətli və müstəqil məhkəmə sisteminin yaradılmasıdır. A.Rəşidoğlu deyir ki, bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın ən korrupsiyalaşmış ölkə kimi göstərilməsinin əsas səbəblərindən biri elə məhkəmə sistemindəki korrupsiya ilə bağlıdır:

«Ancaq indiyə qədər korrupsiyaya görə, nə bir hakim, nə bir prokuror, nə bir polis əməkdaşı həbs edilməyib. Bütün bunların baş verməyəcəyi halda hansısa bir binanın rənginin dəyişdirilməsi, məhkəmə salonlarında hansısa kompyuterin yerləşdirilməsi, onun qırmız, sarı və yaxud yaşıl rənglənməsi əhəmiyyətsiz məsələdir. Əsas məsələ indiki məhkəmə sisteminin tamamilə dəyişdirilməsi, adamlar arasında az qala ədalətsizlik, inamsızlıq simvoluna çevrilən məhkəmələrdə islahatlara nail olmaqdır».

Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında bir daha vurğulayıb ki, Ali Məhkəmə ədalət sarayı olmalıdır. O sözügedən məhkəmədə ədalətli qərarların qəbul olunmasının vacibliyini qeyd edib. İlham Əliyev deyib ki, hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevsə hesab edir ki, ədalətli məhkəmə araşdırmaları standartlarına təsir edən amillər içərisində məhkəmələrin texniki təchizatı, normal məhkəmə binalarının olması mühüm rol oynayır. Amma ədalətli məhkəmə qərarları çıxarılmayacaqsa buna ehtiyac yoxdur:

«Amma bütün bununla yanaşı əgər Ali Məhkəmənin hakimlərinin çıxardığı qərarlar mahiyyət etibarilə ədalətli olmayacaqsa, onda bütün bunların qara qəpiklik qiyməti olmayacaq».

Hüquqşünas hesab edir ki, ədalətli məhkəmə qərarlarının verilməsi üçün ən önəmlisi siyasi iradənin olmasıdır:

«Təkcə hər şey binaların yaxşı olmasıyla, texniki təchizatla və digər məsələlərlə bağlı deyil, həm də ilk növbədə siyasi iradə lazımdır».

Bu baxımdan da İ.Əliyev hesab edir ki, Ali Məhkəmənin yeni və möhtəşəm binaya köçməsilə məhkəmə sistemindəki problemlər həll olunmayacaq.
XS
SM
MD
LG